Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1231/2025 19.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: borcun silinməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7424/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ramanaq qəsəbəsi, 2-ci sahə ünvanında yerləşən fərdi yaşayış evi üzrə **********00079 saylı abonent kodu ilə qeydiyyata alınmışdır. xx.xx.2024-cü il tarixdə tərəflər arasında “Qaz paylayıcı ilə məişət qaz qurğusu isitfadəçisi arasında qazın alqı-satqısı müqaviləsi” bağlanmışdır.
2. Abonent saldosona əsasən iddiaçının yaşadığı fərdi yaşayış evinə sayğac sonuncu dəfə xx.xx.2023-cü il tarixdə quraşdırılmışdır. Təbii qazdan istifadə qaydalarının pozulması barədə cavabdehin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə ******* saylı akt tərtib edilmiş, aktda abonentin sayğacdan kənar xətt vasitəsilə təbii qazdan qeyriqanuni istifadə edilməsinin aşkar edilməsi barədə qeyd aparılaraq, Bakı Regional Qazın Satışı Departamenti tərəfindən itirilmiş qazın bərpası məqsədilə hesabat aparılmış və qaz itkisinin 60480 m3 olması müəyyən edilmişdir.
3. İddiaçının adına olan abonent saldosunun “qalıq və aktlar” bölməsində onun 2022-ci ilin noyabr ayı üzrə 7257,60 manat məbləğində borcunun olması qeyd olunmuşdur.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh tərəfindən ona yaşadığı fərdi yaşayış evinin abonent koduna əsassız hesablanmış 7257,60 manat mələğində borcun (abonent kodu: **********00079) silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, yuxarıda qeyd edilən ona məxsus fərdi yaşayış evinə dair cavabdehlə aralarında xx.xx.2024-cü il tarixdə AK- 05292/08-24 saylı müqavilə bağlanmış və qaz xətti üzərində G-4 markalı qaz sayğacı quraşdırılmışdır. xx.xx.2022-ci il tarixdə ona məxsus fərdi yaşayış evinin qaz xəttinə baxış keçirilmiş, baxış zamanı sayğacdan qeyri-qanuni istifadə olunması barədə ******* saylı akt tərtib edilərək 7257,60 manat dəymiş ziyan hesablanmışdır. Akt tərtib edilərkən ona məlumat verilməmiş, iştirakı və imzası olmadan akt tərtib edilmişdir. Fərdi yaşayış evində 1 ədəd İran sobası, 1 ədəd qaz plitəsi və 1 ədəd qənaətçi su qızdırıcısı olduğu halda, cavabdeh dəymiş ziyanı dəmir soba, QSSQ və PQ-4 qaz cihazına görə aparmışdır.
6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7424/2024 saylı xx.xx.2024cü il tarixli qətnaməsi ilə (hakim Pərviz Zamanlı) iddianın qismən təmin edilməsi, Cavabdeh tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci sahə unvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********00079) dair İddiaçı hesablanmış 6964,80 manat məbləğində borcun silinməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdehndən 89,65 manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3, 1.4, 2.5, 4.6, 4.7, 4.8-ci bəndlərinə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3, 18, 26-cı maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2, 448.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin, apellyasiya şikayətinə etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən Cavabdeh nümayəndəsi X2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, zərərin əvəzinin ödənilməsin itələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. İstinad etdiyi müvafiq maddəyə əsasən bildirir ki, Cavabdeh əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun hazırlanmış aktlar iddiaçı tərəfindən birliyə vurulmuş zərərləri sübut edir. Qaz paylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Cavabdeh əməkdaşları tərəfindən hazırlanmış aktlar qanunvericiliyin tələblərinə uyğun hazırlanmışdır və bir nüsxəsi abonentə təqdim edilmişdir və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə olaraq Cavabdeh əməkdaşları tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdə açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Bilərəkdən (qəsdən) qaz qurğu sahibindən icazəsiz qaz alan cavabdeh şəxs, qaz qurğusu sahibinə vurmuş zərərin əvəzini ödəmək vəzifəsi daşıyır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Təqdim olunmuş sübutlara – yəni, aktlara hərtərəfli və tam baxılmayıb və hakim sübutları nəzərə almamış və qətnamə qəbul edərkən lazımi qaydada əsaslandırmamışdır. Məhkəmə mülki işi araşdırarkən istehlakçının təbii qazdan istifadə etsə də ödənişin ödənilməməsini və ya istifadə olunmuş təbii qazın nədən qeydə alına bilməməsini araşdırmamışdır. Halbuki bu sadalanan meyarlar araşdırılsa abonentin Azəriqaz İB-yə dəymiş ziyanı öz təsdiqini tapmış olardı. Məhkəmə işin hərtərəfli araşdırılması üçün qanunvericliyin tələblərinə uyğun olaraq müvafiq prosessual hərəkətləri həyata keçirə bilərdi və bununla da qətnamə qanunvericliyin tələblərinə uyğun olmuş olardı. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iddiaçıdan sübut təqdim edilməsini tələb etməmiş və sübutsuz işə baxaraq əsassız qətnamə qəbul etmişdir. Məhkəmə qətnaməsində borcun silinməsini təmin etsə də, buna əsas gətirməmişdir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Belə ki, məhkəmə iddiaçının sübuta söykənməyən mülahizəsini əsas götürmüşdür. Həmçinin, hakim iddianı nəyə görə və hansı sübutlara əsaslanaraq təmin etdiyini öz qərarında tam bildirməmişdir. Hakim iddianı nə səbəbdən qismən təmin etdiyini tam və sübutlarla əsaslandırmadığına görə işə yenidən baxılaraq, iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə qətnaməsi iddiaçının izahatına və məhkəmənin qanuna söykənməyən mülahizəsinə dayanmaqdadır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
11. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı və cavabdeh tərəf məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçı və cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin
12. 21.1-ci maddəsində göstərilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
13. 21.2-ci maddəsinin tələbinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
14. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
15. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
16. 560.3.5.2-ci maddəsinə əsasən istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın
17. Qazpaylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir (1.3).
18. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir (1.4).
19. Özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır (3.4.1).
20. Qaz qurğularında avtomatlaşdırılmış təhlükəsizlik və tənzimləmə vasitələrini ləğv etmək, nasaz qaz avadanlıqlarından, xüsusilə onlarda qaz sızması aşkar edildikdə qazdan istifadə etmək (3.4.4).
21. 4.2.-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
22. 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.
23. 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
24. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
25. 6.5-6.7-ci bəndlərinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qazpaylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallara adan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarım bəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktlar rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 89.1. Yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.
30. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
31. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
34. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etsə də, qətnamə iddia tələbinin təmin olunan hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7424/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
36. Kollegiya qeyd edir ki, zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, zərərvuran şəxsin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir.
37. Kollegiya hesab edir ki, cavabdeh qanuniliyi mübahisələndirilən istifadəçinin sayğacdan kənar xətt çəkilməsi yolu ilə təbii qazdan qeyri-qanuni istifadə etməsinə görə tərtib edilmiş aktlar əsasında itirilmiş qazın bərpasına görə zərərin yaranmasını iddia etsə də, iş üzrə halların məhkəmədə tədqiq olunması zamanı tələb edilən 6964,80 (altı min altı yüz altmış dörd manat, səəksən qəpik) manat məbləğdə borcunun yaranmasına dair əsaslı və mötəbər sübutları cavabdeh məhkəməyə təqdim edə bilməməmişdir. Qanunvericilikdə bu cür aktların qəbul olunması üçün əsas olan halları sübut etmək vəzifəsi aktı qəbul etmiş orqanın üzərinə qoyulmuşdur. Cavabdeh təşkilatın istinad etdiyi halları, yəni zərərin hesablanmasına səbəb olmuş aktın qəbul edilməsi üçün əsas olmuş halları və aktın doğruluğunu sübut etmək vəzifəsi prosessual qanunvericiliyin tələblərinə əsasən aktı tərtib etmiş orqanın üzərinə düşür ki, iddiaçı tərəfindən qəbul edilməyən hallar sübuta yetirilmədiyindən həmin akt üzrə hesablanmış zərər də əsaslı hesab edilə bilməz.
38. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, qanunvericiliyin tələblərinə əsasən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Hazırki işdən isə müyyən edilir ki, həmin aktlar tərtib edilərkən bir nüsxəsi qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim edilməsi barədə cavabdeh tərəfindən hər hansı bir sübut təqdim edilməmişdir.
39. Qeyd edilənlərə əsasən, kollegiya bir daha bildirir ki, hesablanmış borc məbləğinin qismən silinməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi düzgün olmuşdur.
40. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, cavabdeh təşkilatın istinad etdiyi halları, yəni zərərin hesablanmasına səbəb olmuş aktın qəbul edilməsi üçün əsas olmuş halları və aktın doğruluğunu sübut etmək vəzifəsi prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehin üzərinə düşür ki, iddiaçı tərəfindən qəbul edilməyən hallar sübuta yetirilmədiyindən həmin akt üzrə hesablanmış zərər də iddiaçıdan tutula bilməz.
41. Belə ki, sözügedən akt üzrə dəymiş ziyanın bərpasına dair tələbnamədə Fərdi yaşayış evində PQ4, QSSQ və dəmir sobadan ibarət qaz işlədicilərinin olduğu qeyd edilərək, onlara qaz sərfi nəzərə alınaraq hesabat aparılsa da, iş materialları ilə müəyyən olunmuşdur ki, fərdi yaşayış evində adıçəkilən qaz işlədicilərindən yalnız dəmir soba və dördgözlü deyil, ikigözlü qaz piltəsi mövcud olmuşdur. Belə ki, iddiaçı sayğacdan kənar xətt vasitəsilə istifadə etdiyi müddətdə yalnız dəmir soba və ikigözlü qaz piltəsinin mövcud olmasını, sonradan qaz sayğacının quraşdırılmasını və hər ay sayğacdakı göstəricilərə uyğun ödənişləri etməsini bildirmişdir. Digər qaz işlədicilərinə gəldikdə isə, cavabdeh həmin qaz işlədicilərinin də mövcud olması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bu səbəbdən sayğacdan kənar təbii qazdan istifadə edilməsi nəticəsində dəymiş zərər hesablanarkən, iddiaçının da etiraf etdiyi kimi, hesabat dövrü 90 gün, eləcə də dəmir sobanın və ikigözlü qaz piltəsinin istehlak gücü nəzərə alınmalıdır.
42. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının kənar xətdən istifadə etməsi nəticəsində hesablanmış borc xx.xx.2022-ci il tarixli hesabat üzrə ümumikdə isə 292,80 manat (0,4 m3 x 12 saat x 90 gün = 432 m3 ; 1,4 m3 x 12 saat x 90 gün = 1512 m3 ; 1200 m3 x 0,10 manat = 144 manat, 744 m3 x 0,20 manat = 148,80 manat; 144 manat + 148,80 manat = 292,80 manat) müəyyən olunduğdan, təbii qazdan kənar xətt vasitəsilə istifadə nəticəsində qaz sərfiyyatına görə cavabdeh tərəfindən hesablanmış 6964,80 manat məbləğində borcun tələb edilməsi əsassızdır.
43. “Qazdan istifadə Qaydaları”nın müddəlarının tələblərindən görünür ki, istehlakçılar olan məişət abonentlərinin qaz sayğacı ilə təchiz edilməsi onların özləri tərəfindən deyil, müvafiq dövlət orqanı tərəfindən həyata keçirilir. Bunun üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti quraşdırılmalı olan qaz sağaclarının tipini təsdiq etməklə, onların dövlət reyestrini və sertifikatlaşdırılmasını həyata keçirir, bundan sonra istehlakçı ilə qaz paylayıcı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyət sərhəddini müəyyən edilməsi barədə akt tərtib edilməklə məişət qaz istehlakçıları sayğacla təmin edilirlər. Bütün qeyd edilən tədbirlər yerinə yetirildikdən və istehlakçılar sayğacla təmin edildikdən sonra istehlakçılarla qazın alqı-satqısı barədə müqavilənin bağlanması öhdəliyi də “Qazdan istifadə Qaydaları”na əsasən qaz paylayıcının üzərinə qoyulur. Lakin cavabdeh tərəfindən iddiaçı ilə aralarında nə qazın alqı-satqı müqaviləsi, nə qazpaylayıcı şəbəkənin balans mənsubiyyət sərhəddini müəyyən edən aktı (balans mənsubiyyəti sərhədi - qaz paylayıcısı tərəfindən qazın istehlakçıya çatdırılma məntəqəsində qaz paylayıcısı və istehlakçı arasında müqavilə ilə qazpaylayıcı şəbəkənin balans mənsubiyyətini müəyyənləşdirən ayırma nöqtəsidir) təqdim edilməmişdir.
44. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı bir daha qeyd edir ki, cavabdeh tərəfindən quraşdırılmış sayğacdakı pozuntu halının məhz istehlakçı tərəfindən yol verilmiş hərəkətlə bağlı olmasına dair heç bir sübut təqdim olunmamışdır. Apellyasiya şikayətində istinad olunan Azəriqaz İB-nin əməkdaşları tərəfindən hazırlanmış aktlar istehlakçının təqsirli hərəkətinə dair sübut kimi qəbul edilə bilməz.
45. Kollegiya apellyasiya şikayətinin dəlillərinə ümumilikdə qiymət verərək qeyd edir ki, apellyasiya şikayətində göstərilənlər işin halları ilə təkzib olunduğundan apellyasiya şikayəti təmin edilə və məhkəmənin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
46. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
48. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
49. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7424/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.