Məhkəmə qərarları › İş №2(103)-1233/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1233/2023

03.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1233/2023 03.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Fuad Babayevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi barədə” iddiasına dair mülki iş üzrə Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh İB-nin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçıya aid olan, ünvan 1 ünvanında (abonent kodu **********00020) təbii qazdan istifadə ilə bağlı iddiaçıya hesablanmış 1.719 manat borc silinsin. Qətnamə ilə qət olunub ki, iddia təmin olunsun, 1.719 manat borc silinsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Cavabdeh İB-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Abonentin saldosundan görünür ki, cavabdeh iddiaçıya 1.719 manat borc hesablayıb (iş v. 8). Bu borc cavabdehin əməkdaşlarının tərtib etdiyi xx.xx.2022-ci il tarixli, ******* nömrəli akta əsasən hesablanıb (iş v. 36). Aktda qeyd olunub ki, abonent təbii qazdan sayğacsız qeyri-qanuni istifadə edir. Lakin bu hal təsdiq olunmur. Birinci, cavabdeh qazdan sayğacsız istifadə etmədiyini bildirir. İkinci, aktda cavabdehin imzası yoxdur və ya aktın imzalanmaq üçün cavabdehə təqdim edilməsi, cavabdehin isə aktı imzalamaqdan imtina etməsi sənədləşdirilməyib. Üçüncü, cavabdeh fotoşəkil təqdim edib (iş v. 38, 39). İddiaçı bildirir ki, fotoşəkil onun evinə aid deyil. İddiaçı isə fotoşəkilin iddiaçının evinə aid olduğunu təsdiq edən sübut təqdim etməyib. Bundan başqa, həmin fotoşəkil iddiaçının evinə aid olduğu təqdirdə, qazdan sayğacsız istifadəni təsdiq edən sübut sayılmayacaq. Çünki foşəkildən görünür ki, sayğac mövcuddur, sayğacdan kənar qaz xətti (borcu) isə yoxdur. Beləliklə, məhkəmə Mülki Məcəllənin 21, 1096 və 1097-ci maddələrinin göstərişlərinə, habelə Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na və “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar