Məhkəmə qərarları › İş №2(103)-12336/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-12336/2021

22.12.2021 · Müqavilələrin ləğv edilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi zərərin ödənilmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-12336/2021 22.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli qərardadından İddiaçı MTK tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, müəyyən e t d i: İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi, maddi və mənəvi ziyanın tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı Mənzil Tikinti Kooperativi ilə Cavabdeh arasında 08.05.2013-cü il tarixdə bağlanmış ünvan 1 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 13-cü mərtəbə ümumi sahəsi 178.4 kv.m olan 78 saylı mənzilinin (yeni 84 nömrəli mənzil) izolə olunmuş 4 otaqdan ibarət olub bir pay kimi verilməsinə dair müqavilənin ləğv edilməsi, onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi, dəymiş maddi ziyanın əvəzi olaraq 12.000 manat, mənəvi ziyanın əvəzi olaraq 5000 manat pulun Cavabdeh tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı sözügedən qətnamədən apellyasiya şikayəti vermişdir. Nərimanov Rayon Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli qərardadı ilə (hakim V.Quliyev, iş N 2(005)-4391/2021) şikayət geri qaytarılmışdır. İddiaçı qərardaddan şikayət vermiş və şikayəti onunla əsaslandırmışdır ki, apellyasiya şikayəti “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 09.07.2021-ci il tarixli 363-VİQD nömrə Qanunu ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əlavə edilmiş apellyasiya şikayəti formasına tam uyğun hazırlanmışdır. Apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin bütün tələblərinə əməl olunmuş və bütün zəruri məlumatlar əks olunmuşdur. Məhkəmənin qərardadından göründüyü kimi məhkəmə ümumi formada yazır ki, güya apellyasiya şikayəti verilərkən forma və məzmuna riayət edilməmişdir. Lakin məhkəmə nöqsanın konkret nədən ibarət olmasını göstərməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli qərardadı ilə verilmiş şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyərək, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4391/2021 saylı 27.10.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərkən, forma və məzmuna riayət edilməmişdir. Belə ki, apellayasiya şikayətində istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar qeyd olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 361.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı. 361.2. Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. 361.3. Şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. 361.4. Apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəf şikayətində göstərdiyi halları sübuta yetirə bilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: İddiaçı MTK-nın şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar