Məhkəmə qərarları › İş №2(103)-1234/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1234/2024

25.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1234/2024 25.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: təbii qazın təchizatı, təbii qazdan istifadə qaydalarının pozulması, əsassız hesablanmış borc) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, Cavabdeh İB-nin nümayəndəsi X6 iştirakı ilə İddiaçı Cavabdeh İB-nə qarşı “əsassız hesablanmış borcun ləğv edilməsi, məcburiyyət qarşısında ödədiyi vəsaitin, vəkilin göstərdiyi hüquqi yardıma görə ödədiyi pulun və dövlət rüsumunun əvəzinin xeyrinə tutulması” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 noyabr 2023-cü il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. ünvan 1 torpaq sahəsi xx.xx.2006-cı il tarixində mülkiyyət hüququ üzrə X4 adına qeydiyyata alınmışdır.

2. X7 27 noyabr 2021-ci il tarixdə X2 şəhərində ölmüşdür.

3. ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsinə dair İddiaçı xx.xx.2022-ci il tarixdə “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir.

4. ünvan 1 bağ sahəsi İddiaçı adına xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır.

5. ünvan 1 bağ sahəsində yaşayış evi mövcud deyildir.

6. Abonent kimi X4 göstərildiyi ünvan 2 ünvanına xx.xx.2022-ci il tarixdə “Zenner G4T Smart” tipli qaz sayğacı quraşdırılmışdır.

7. Sözügedən ünvana dair abonent saldosuna görə, abonent kodu **********00070 olan X7 2019-cu ilin sentyabr ayından təbii qazın istehlakçısıdır.

8. Cavabdeh İB-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktıda göstərilmişdir ki, abonent kodu **********00070 olan İlham Bağırov təbii qazdan sayğacsız qeyri-qanuni istifadə edir.

9. Cavabdeh İB-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktıda göstərilmişdir ki, abonent kodu **********00070 olan İlham Bağırov təbii qazdan sayğacsız qeyri-qanuni istifadə edir.

10. Cavabdeh İB-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktıda göstərilmişdir ki, abonent kodu **********00070 olan İlham Bağırov təbii qazdan sayğacsız qeyri-qanuni istifadə edir.

11. xx.xx.2022-ci il tarixli akt əsasında abonent kodu **********00070 olan İlham Bağırova 362,88 manat borc hesablanmışdır.

12. Abonent kodu **********00070 olan İlham Bağırovun adına tərtib olunmuş abonent saldosundakı məlumatlara görə, 2019-cu ilin sentyabr ayından 2022-ci ilin iyun ayına qədər abonent barəsində aktlar tərtib olunmuş, abonentə həmin aktlar əsasında ümumilikdə 10 853,28 manat borc hesablanmışdır.

13. 12 may 2023-cü il tarixdə Cavabdeh İB-nin hesabına **********00070 saylı abonent kodu üzrə 10 000 manat ödəniş edilmişdir.

14. Abonent kodu **********00070 olan İlham Bağırovun adına tərtib olunmuş abonent saldosundakı məlumatlara görə, həmin abonentə hesablanmış 10 853,28 manat borca görə 10 854 manat ödəniş həyata keçirilmişdir.

15. İddiaçı ilə X5 arasında xx.xx.2023-cü il tarixdə alqı-satqı müqaviləsi bağlanmış, İddiaçı Bakı şəhəri, Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsi,Şüvəlan bağ massivi, 33/375 saylı bağ sahəsini Hüseyn Hüseynova 200 000 manata satmışdır.

16. İddiaçı xx.xx.2022-ci il tarixdə 4 saylı vəkil bürosuna hüquqi yardım göstərilməsi üçün 510 manat ödəmişdir. Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

17. İddiaçı (iddiaçı) Cavabdehnə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehin nümayəndələri tərəfindən 31 mart 2022-ci tarixdə təbii qazdan istifadə qaydalarının pozulması haqqında X7 barəsində tərtib edilmiş 31 mart 2022-ci il tarixli ******* nömrəli aktın etibarsız hesab edilməsi və qazdan sayğacsız istifadəyə görə həmin akt əsasında dəymiş ziyanın bərpasına dair hesablanmış 10 850,28 manat ödənişin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

18. İddiaçı sonradan iddia tələbini dəqiqləşdirilmiş, cavabdehin nümayəndələri tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında X7 barəsində tərtib edilmiş aktlara görə dəymiş ziyanın bərpasına dair hesablanmış 10 850,28 manat tələbin əsassız hesab edilərək ləğv olunması, tərəfindən məcburiyyət qarşısında cavabdehə ödənilmiş 10 850 manatın, vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 510 manatın, dövlət rüsumu üçün ödənilmiş 162 manatın, ümumilikdə 11 522 manatın cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

19. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şüvəlan bağ massivi 33/375 ünvanında yerləşən 0,12 ha bağ sahəsi Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin Bakı şəhər Ərazi İdarəsindən verilmiş ********* Qeydiyyat nömrəli xx.xx.2006-cı il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən Çıxarış”a əsasən atası X4 mülkiyyətində olmuş, atası 27 noyabr 2021-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində vəfat etmiş və bu barədə Moskva 31 saylı VVAQ orqanı tərəfindən ölüm haqqında şəhadətnamə verilmişdir. Atası Rusiya Federasiyasının vətəndaşı olduğundan ailəlikcə Moskva şəhərində yaşamışlar. Atası orada işləmiş, uzun müddət - təxminən 2018-ci ildən vəfat edənə qədər çox nadir hallarda qısa müddətə (bir-iki günlüyə) Bakıya gəlmiş, məzuniyyət vaxtlarında Türkiyədə, onun yanında və ya digər xarici ölkələrdə müalicə və istirahətdə olmuşdur. Atasının vəfatından sonra Moskva şəhər notariusunda açılmış vərəsəlik işi üzrə o, qanun üzrə vərəsə kimi tanınmış və bu barədə 6/2022 saylı vərəsəlik işi üzrə ona 31 may 2022-ci il tarixli “Rusiya Federasiyasından kənarda yerləşən əmlaka qanun üzrə vərəsəlik hüququnun təsdiq edilməsi barədə” 77AD ******* saylı şəhadətnamə verilmişdir. Qanun üzrə vərəsə kimi atasının vəfatından sonra müvafiq qanunvericiliyə uyğun olaraq 2 saylı Bakı “Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən atasından miras qalmış ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinə dair “Qanun üzrə vərəsəlik hüququ haqqında” xx.xx.2022-ci il tarixli şəhadətnamə verilmiş, həmin şəhadətnamə əsasında torpaq sahəsi onun mülkiyyətinə keçmiş, adına xx.xx.2022-ci il tarixli çıxarış verilmişdir. Bağ sahəsinə mülkiyyət hüququna dair çıxarış alarkən ona məlum olmuşdur ki, bağın yerləşdiyi torpaq sahəsində onlara aid hər hansı bir tikili olmadığı halda atasının barəsində cavabdehin müvafiq qurumunun əməkdaşları tərəfindən əssassız olaraq “Sayğacsız təbii qazdan qeyri-qanuni istifadəyə görə” akt tərtib edilərək külli məbləğdə ödəniş tələb edilir. Məsələ ilə bağlı araşdırma apararaq müvafiq sənədləri əldə etdikdə məlum olmuşdur ki, atasının vəfatından xeyli müddət sonra istehlakçı qismində ünvan Xəzər rayonu, Şüvəlan bağları, bağ sahəsi ev 2, mənzil 7, abonent kodu **********00070 göstərilməklə Cavabdeh Bakı X10 Departamentinin Xidmət- 1 qrup nümayəndələri tərəfindən 31 mart 2022-ci il tarixdə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt tərtib edilərək göstərilmişdir ki, “istehlakçıya məxsus qeyri-yaşayış (yaşayış) sahəsində təbii qazın uçotu və qazdan istifadə qaydasına riayət olunması yoxlanılıb və müəyyən edilmişdir ki, abonent sayğacsız təbii qazdan istifadə edir”. Ona görə də tələb edilib ki, dəymiş ziyan hesablansın və ödənilsin. Həmin akt BRQSD-in rəisi tərəfindən təsdiq edilmiş və onun əsasında Deportamentin “İtirilmiş qazın dəyərinin hesablanması” komissiyası tərəfindən 31 mart 2022-ci il tarixdə dəymiş ziyanın bərpasına dair hesablama aparılmış, abonentəistehlakçıya 2019-cu ilin sentyabr ayından 2022-ci ilin iyul ayı da daxil olmaqla 18 360 m3 təbii qaz sərfiyyatına görə 10 853,28 ödəniş hesablanmışdır. Qeyd edilməsi zəruridir ki, bağ sahəsi uzun illər bundan əvvəl hasara alınmış və orada tərəfindən hər hansı bir tikili inşa edilib istifadə olunmamışdır. Uzun müddət baxımsız qalan torpaq sahəsində evsiz insanlar özləri üçün bir sığınacaq düzəltmişlər. Bağ sahibi olaraq X7 ilə Cavabdeh arasında təbii qazdan istifadəyə görə “qaz sayğacının quraşdırılması və istismarı” barədə hər hansı bir müqavilə olmamışdır. Tikili olmadığı halda qazdan istifadəyə görə müqavilə bağlanıla bilməzdi. Cavabdeh Bakı X10 Departamentinin Xidmət-1 qrup nümayəndələri tərəfindən tərtib edilmiş 31 mart 2022-ci il tarixli aktda göstərilir ki, istifadəçi X7 aktı imzalamaqdan imtina etmişdir. Halbuki, akt tərtib edilən vaxtda istehlakçı kimi göstərilən atası X7 4 aydan artıq idi ki, dünyasını dəyişmişdi. Eyni zamanda qeyd edilməlidir ki, cavabdeh orqanın səlahiyyətli nümayəndələri və qurumu tərəfindən tərtib edilmiş abonentin saldosu adlanan cədvəldə ünvan kimi ünvan 6 tərkibi, 4 gözlü qaz cihazından (PQ-4) istifadə edildiyi göstərilmişdir. Həmin cədvələ görə, qazdan istifadənin hesablanması sentyabr 2019-cu ildən başlanmışdır. Halbuki, həmin orqanın nümayəndələri tərəfindən X3 əsasən hər ay istehlakçılara qazın paylanması üzrə qaz xətti və qaz sayğacına baxış keçirilməklə istifadə edilmiş qazın ödənişinə və qazdan istifadənin qanunvericiliyin tələblərinin uyğun olub-olmamasına nəzarət edilir. Necə ola bilər ki, 3 il müddətində qazdan qanunsuz istifadə aşkar edilərək tədbir görülməsin və qanunsuz qaz xətti ləğv edilməsin?.

20. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi iddianı müdafiə edərək, izahatında bildirmişdir ki, akt yazılmış ünvanda yaşayış evi olmamış, həmin ünvana qazın verilməsi ilə bağlı iddiaçı və ya onun mərhum atası tərəfindən müqavilə bağlanmamış, habelə həmin ünvana sayğac belə quraşdırılmamışdır. Buna baxmayaraq cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinə dair aktlar tərtib edilmiş və ondan 10 853,28 manat tələb olunmuşdur. İddiaçı da torpağın alqı-satqısını baş tutması üçün həmin cəriməni ödəmişdir.

21. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı qazın verilməsi ilə bağlı Cavabdeh İB ilə müqavilə bağlamamış, buna görə də onun belə bir iddia qaldırmaq hüququ yoxdur.

22. Yerində müayinə keçirən məhkəmə müəyyən etmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şüvəlan bağ massivi 33/375 ünvanında yerləşən 0,12 ha bağ sahəsində yaşayış evi tikilməmişdir.

23. Birinci instansiya məhkəməsinin 04 noyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh İB-dən 10 854 (on min səkkiz yüz əlli dörd) manatın, vəkilin göstərdiyi hüquqi yardıma görə iddiaçı tərəfindən ödənilmiş 510 (beş yüz on) manatın və 162 (yüz altmış iki) manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

24. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

24.1. Yerli müayinə zamanı müəyyən edilmişdir ki, iddiaçının bağ sahəsi hasara alınmış, həmin ərazidə heç bir fərdi yaşayış evi inşa edilməmiş və mübahisələndirilən qaz sayğacının qoşulmasına dair iz aşkar olunmamışdır. Halbuki, Cavabdeh tərəfindən 22 iyun 2022-ci il tarixdə bağ sahəsinin hasarının küçə hissəsində “Zenner” markalı smart tipli qaz sayğacı quraşdırılmasına dair iddiaçının iştirakı və imzası olmadan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 22 iyun 2022-ci il tarixli ******* akt tərtib edilmişdir. 24.2. Habelə cavabdeh həmin bağ sahəsində heç bir tikili olmadığı halda qazdan sayğacsız qeyri-qanuni istifadəyə görə dəfələrlə aktlar tərtib etmiş, habelə cavabdeh orqanın səlahiyyətləri nümayəndələri və qurumu tərəfindən tərtib olunmuş abonent saldosunda ünvan ünvan 7ibi, PQ-4 qaz cihazından istifadə olunması göstərilmişdir. 24.3. Mülki işdən görünür ki, 2019-cu ilin sentyabr ayından başlayaraq iddiaçı barəsində akt tərtib edilərək sayğacsız təbii qazdan qeyri- qanuni istifadə edilməsi qeyd edilmiş, belə olduğu halda, bunun qarşısını almaq üçün hər hansı tədbir görülməyərək yalnız akt tərtib olunmaqla faktiki olaraq qazın talanmasına şərait yaradılmışdır. Lakin yerli müayinə zamanı məhkəmə tərəfindən qeyd edilən ünvana baxış keçirilən zaman həmin ünvanda qaz sayğacının olmadığı, habelə bundan qabaq da həmin ünvana sayğacın quraşdırılmasına dair heç bir iz müəyyən edilməmişdir. Ümumiyyətlə həmin ünvana dair aktlar tərtib edilən zaman heç bir fərdi yaşayış evi inşa edilməmiş və orada yaşayış olmamışdır. Belə olan halda istehlakçıya qazdan istifadə etmədiyi təqdirdə 10 853,28 manat borcun yazılmasını məhkəmə ağlabatan hesab etmir. Bu onun göstəricisidir ki, Cavabdeh təbii qazın talanmasının qarşısını almaq kimi vəzifələrini həyata keçirmək istiqamətində konkret tədbirlər görməyərək əsassız aktlar tərtib etmişdir. Qeyd edilən halların araşdırılması məqsədi ilə məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixli xüsusi qərardad qəbul edilmiş və Cavabdeh İB-nin əməkdaşlarının əməllərində cinayət əlamətlərinin olub-olmamasının yoxlanılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir. 24.4. Məhkəmə iddia tələbinin “təbii qazdan istifadə qaydalarının pozulması haqqında X7 barəsində tərtib edilmiş aktlara görə dəymiş ziyanın bərpasına dair hesablanmış 10 850,28 manat tələbin əsassız hesab edilərək ləğv edilməsi” hissəsinə münasibətdə bildirir ki, iddia tələbi bu hissəsi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, mülki işin materiallarından müəyyən edilmişdir ki, iddiaçı 2023-cü ilin may ayında 10 854 manat məbləğində pulu Cavabdeh İB-yə ödəmişdir. Göründüyü kimi iddiaçı tərəfindən artıq həmin tələb təmin edilmiş, yəni həmin borc ödənilmişdir. Həmin tələb təmin edildikdən sonra belə bir tələbin də əsası qalmamışdır. 24.5. İddia tələbinin “vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 510 manatın cavabdehdən tutulmasına” dair hissəsi əsaslı olduğundan, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121 -ci maddəsinə əsasən təmin edilməlidir.

25. Gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 448.2-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”na, “Qaz təchizatı haqında” Qanunun 6-cı maddəsinə istinad etmişdir.

26. Həmin qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin sübutlara düzgün qiymət vermədiyi, iddiaçının təbii qazdan qeyri-qanuni yolla istifadə etdiyinin sübuta yetirildiyini nəzərə almadığı, maddi hüquq normalarını düzgün tətbiq etmədiyi, iddiaçının müvafiq iddia tələbini irəli sürməyə subyektiv hüququnun olub-olmadığını araşdırmadığı arqumentləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinə qarşı etiraz

27. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, izahat

28. Cavabdeh İB-nin məhkəmə iclasında iştirak edən nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, iddiaçı (nümayəndəsi) isə məhkəməyə gəlməmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

29. Maddə 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

30. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

“Qaz təchizatı” haqqında Qanun

31. Maddə 13 (bənd 8). Qaz paylaycısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylaycısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylaycısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

32. Maddə 13 (2022-ci ilin may ayından qüvvədə olan 8-1-ci bənd). Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”

33. Bənd 4.2. Qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir.

34. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

35. Bənd 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

39. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

42. Kollegiya qeyd edir ki, hazırki apellyasiya baxışının həddini qətnamənin iddianın qismən təmin olunması ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnamədən iddiaçı şikayət verməmiş, cavabdeh isə faktiki olaraq qətnamənin qeyd olunan hissəsini mübahisələndirmişdir. Bu o deməkdir ki, iddia tələbinin təmin edilməmiş hissəsi hazırkı apellyasiya baxışının predmeti deyildir.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

43. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə və müvafiq əsaslandırma ilə razılaşır.

44. Nəzərə alınmalıdır ki, tələb olunan borcun real, həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğu sübuta yetirilməlidir və bu halda sübutetmə yükü təchizatçının üzərinə düşür. Məhz cavabdeh, hesablanmış borcun həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğunu sübuta yetirməlidir. Kollegiya hesab edir ki, aktlara əsasən hesablayıb tələb etdiyi məbləğ baxımından cavabdeh bunu sübut edə bilməmişdir.

45. Həmçinin müəyyən olunmuşdur ki, iddiaçıya aid torpaq sahəsində yaşayış evi yoxdur, həmin torpaq boş sahədir, aktlar vəfat etmiş şəxsin barəsində tərtib olunaraq onun aktı imzalamaqdan imtina etdiyi göstərilmişdir - bu xüsusatlar isə aktlarda göstərilən halın düzgünlüyünə şübhə yaradır.

46. Eyni zamanda nəzərə alınmalıdır ki, cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə (§ 32) əməl olunmamış, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli aktlar tərtib edilərkən onların bir nüsxəsi həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələbinə uyğun olaraq nə iddiaçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), nə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), yaxud cinayət təqibi orqanına təqdim edilməmiş, beləliklə də iddiaçının (istehlakçının) qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən olunmamışdır.

47. İşin hallarından açıq-aşkar görünür ki, iddiaçı torpaq sahəsini digər şəxsə satdığı gün, alqı-satqının baş tutması üçün məcburiyyət qarşısında qalaraq cavabdehin hesabına əsassız hesablanmış 10 854 manat borc məbləğini köçürmüşdür.

48. Birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən hissədə qətnamənin ləğvi üçün əsas deyildir.

49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6720/2023 saylı iş üzrə 04 noyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş Dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid olunsun. Qətnamədən Cavabdeh İB tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar