Məhkəmə qərarları › İş №2(103)-1235/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1235/2022

24.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1235/2022 24.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6478/2021 saylı, 01 noyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6478/2021 saylı, 01 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 472,40 AZN (dörd yüz yetmiş iki manat, qırx qəpik) borc və 20 AZN (iyirmi manat) ödənilmiş dövlət rüsumu İddiaçı Azərbaycan X1 şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ**********0000002944, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN AZ50İBAZ********************) bank hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş edərək şikayətində göstərir ki, qeyd etməyi özünə borc bilir ki, yaşadığı ünvan 1 ünvanının təyinatı əhali yox, qeyri əhali- yəni ofis kimi fəaliyyət göstərir. Buna görə istehlakçı tərəfindən istehlak qazın tarifində dəyişiklik edilərək hesablanmışdır. Daha sonra isə, 2020-ci ildə yenidən dəyişiklik edilərək bildirilmişdir ki, əslində bu ünvanın təyinatı ofis deyil, yaşayış sahəsidir. O, isə bu müddət ərzində, yəni 2016-2020-ci illər arasında qazın qiymətini 2 qat ödəmiş, bunun da səbəbi mülkiyyətin təyinatını yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə dəyişdirilməsi olmuşdur. Bu müddət ərzində ödədiyi toplam vəsait təxminən 320 manat civarındadır. 2020-ci ildən isə ondan alınan ödəniş qanunsuz olmuşdur. Çünki, məhkəmə artıq ödədiyi 320 manatı 472.20 manatdan çıxmayaraq, xidmət haqqının müvafiq qaydada azaldılmasını nəzərə almamışdır. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, iddiaçı apellyasiya şikayətinə etiraz təqdim edərək göstərmişdir ki, iddia tələbi yalnız istifadə edilmiş, lakin dəyəri ödənilməmiş, təbii qaza görə borcun cavabdehdən məcburi qaydada tutulması haqqındadır. Etiraza abonentin saldosu əlavə edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən qənaətini belə əsaslandırmışdır ki, cavabdeh yaşadığı mənzilində təbii qazdan istifadə etmiş və nəticədə onun iddiaçı təşkilata 472,40 AZN borcu yaranmışdır. Cavabdehə edilmiş xəbərdarlığa baxmayaraq, borcu ödəməkdən boyun qaçırmışdır. Hazırda iddiaçı tərəfindən 472,40 AZN məbləğində borc cavabdehdən tələb edilir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdikləri dəlillər qətnamənin mübahisələndirdiyi hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Belə ki, apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni iddianın tam təmin edilməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayətləri üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası (faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından iddianı tam təmin etməklə birinci instansiya məhkəməsinin nəticəsi düzgün olmuşdur. Əvvəla, cavabdehin şikayətində göstərdikləri dəlillər öz təsdiqini tapmır. Belə ki, cavabdeh mübahisələndirdiyi hissədə qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını, konkret olaraq “İstehlakçıların Hüquqlarının Müdafiəsi Haqqında” Qanunun 9.3-cü maddəsinin, Mülki Məcəllənin 527.1-ci maddəsinin və Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin pozulduğunu göstərsə də qeyd olunan normaların pozulması işin halları ilə təsdiq olunmur. Belə ki, “İstehlakçıların Hüquqlarının Müdafiəsi Haqqında” Qanunun 9.3-cü maddəsi icraçının işdə(xidmətdə) başqa qüsurlara yol verməsinə görə xidmət haqqının azaldılmasını da nəzərdə tutur. Ancaq cavabdeh istehlak etdiyi qaza görə 320 manat artıq ödəniş etməsinə dair məhkəməyə heç bir sübut təqdim etmədiyindən qət olunan məbləğ 320 manat çıxılaraq azaldıla bilməz. Bundan əlavə, Mülki Məcəllənin 527.1-ci maddəsində öhdəliyə qarşılıqlı əvəzləşdirmə yolu ilə tamamilə və ya qismən xitam verilməsi nəzərdə tutulsa da yenə də cavabdeh həmin maddənin tələbinə görə istehlak etdiyi qaza görə 320 manat artıq ödəniş etməsinə dair məhkəməyə sübut təqdim etməlidir. Bu cür sübut təqdim edilmədiyindən tələb edilən məbləğin 320 manat hissəsinə qarşılıqlı əvəzləşdirmə yolu ilə qismən xitam verilə bilməzdi. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Cavabdeh göstərir ki, məhkəmə təqdim olunmuş faktları obyektiv və hərtərəfli baxmadan qətnamə qəbul etmiş, ancaq, ilk növbədə hansı faktları təqdim etdiyini göstərmir. İddiaçının təqdim etdiyi faktlar isə iddianın əsaslı olduğunu təsdiq və sübut edir. Cavabdeh isə heç bir fakt təqdim etmədiyi halda 320 manat artıq ödədiyini bəyan edərək bunun əvəzləşdirilməli olduğunu düşünür. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6478/2021 saylı, 01 noyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar