Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1235/2023 05.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “borcun silinməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Xəzər Rayon Məhkəməsinin 2(003)-2500/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Təzə sahə (abunə kodu **********00015) əsassız hesablanmış 6091,58 manat borcun silinməsini “Azərqaz” İstehsalat Birliyinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Xəzər Rayon Məhkəməsinin 2(003)-2500/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Apellyasiya şikayətinin dəlilləri
3. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin şikayətinin əsas dəlili onlar tərəfindən kifayət qədər sübutlar təqdim edildiyi halda, iddiaçı tərəfindən qaz sayğacına əlavə qoşulmanın yoxlanılması üçün rayon məhkəməsi tərəfindən iş üzrə ekspertiza təyin edilməməsi ilə bağlıdır. Bu səbəbdən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
4. Məhkəmə Kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti ilə razılaşmayaraq, ekspert rəyi ilə də iddiaçı tərəfindən əlavə qoşulmanın olmadığını təsdiq edildiyini, bu səbəbdən apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
5. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
6. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:
7. Abonent saldosundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Təzə sahədə yerləşən yaşayış evi üzrə **********00015 nömrəli abonent kodu İddiaçı adına qeydiyyatdan keçmişdir.
8. Abunə kodu **********00015 olan Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Təzə sahə ünvanında yerləşən ünvana aktlar əsasında 6094,08 manat borc hesablanmışdır.
9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1235/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə hazırkı mülki iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş, ekspert qarşısında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi təzə sahə olaraq qeydə alınmış ünvanda (abunə kodu **********00015) qaz sayğacından kənar qeyri-qanuni qaz xətti qoşulmasının olub-olmamasının müəyyən edilməsi sualı qoyulmuşdur.
10. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli məlumatından görünür ki, eksperizanın keçirilməsinin metodoloji baxımdan mümkün olmamasına görə ekspertizadan imtina edilmiş, eyni zamanda məişət kommunikasiya xətlərinin və ya sayğacların üzərində hər-hansı müdaxilə izinin olub-olmaması, izlərin yaradılma üsulu, səbəbi və xarakteri ilə bağlı sualların həll edilməsi üçün məhkəmə trasoloji ekspertizanın təyin edilə bilməsi qeyd edilmişdir.
11. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1235/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə icraat təzələnmişdir.
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1235/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə hazırki iş üzrə məhkəmə trasoloji ekspertizası təyin edilmiş, ekspert qarşısında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi təzə sahə olaraq qeydə alınmış ünvanda (abunə kodu **********00015) qaz sayğacın üzərində hər-hansı müdaxilə izinin olub-olmaması, izlərin yaradılma üsulu, səbəbi və xarakteri müəyyən edilməsi sualı qoyulmuşdur.
13. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 3-16-16/2-3/981 nömrəli 04 avqust 2023-cü il tarixli tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən qaz sayğacının üzərində gözlə görünən sınma, qırılma və aralama izləri müşaahidə edilməmiş, sayğacın yuxarı hissəsində olan metal bərkidicinin üzərində olan qəlibin sıxılması nəticəsində əks olunmuş plomb olduğundan tamlığı pozulmamışdır. Təqdim edilən qaz sayğacının üzərində plombun üzərində zədə olmadığından sayğaca müdaxilə edilməyib.
14. Məhkəmə Kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil bildirmişdir ki, ekspert rəyinəndə göründüyü kimi sayğaca heç bir müdaxilə edilməmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi
15. Maddə 18. Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir.
16. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunu
17. Maddə 3. istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununu
18. Maddə 21.1. Müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»
19. 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
20. 4.6. qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.
21. 4.7. sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
22. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
23. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Tətbiq edilən prosessual hüquq normaları:
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
27. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
28. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
29. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
30. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
33. 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
34. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
35. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
36. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
37. Belə ki, cavabdehin şikayətinin əsas dəlili onlar tərəfindən kifayət qədər sübutlar təqdim edildiyi halda, iddiaçı tərəfindən qaz sayğacına əlavə qoşulmanın yoxlanılması üçün rayon məhkəməsi tərəfindən iş üzrə ekspertiza təyin edilməməsi ilə bağlıdır.
38. Cavabdehin apellyasiya şikayətinin həmin dəlilinin yoxlanması üçün Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1235/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-trasoloji ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 3-16-16/2-3/981 nömrəli 04 avqust 2023-cü il tarixli tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən qaz sayğacının üzərində gözlə görünən sınma, qırılma və aralama izləri müşaahidə edilməmiş, sayğacın yuxarı hissəsində olan metal bərkidicinin üzərində olan qəlibin sıxılması nəticəsində əks olunmuş plomb olduğundan tamlığı pozulmamışdır. Təqdim edilən qaz sayğacının üzərində plombun üzərində zədə olmadığından sayğaca müdaxilə edilməyib.
39. “Qazdan istifadə Qaydaları”na əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
40. Məhkəmə kollegiyası rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, aktda qeyd edilən pozuntunun törədilməsində iddiaçının təqsiri sübut olunmadığından, fiziki şəxs olan istehlakçıların sayğacları kənar müdaxilələrdən qorunmaq üçün qaz paylayıcısı tərəfindən müvafiq örtüklə örtülməli olduğundan və fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı özü daşdığından cavabdehin hesabladığı borc məbləğini iddiaçıdan tələb etməsi əsassızdır.
41. MPM-in 77.1-ci mddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. MPM-nin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və iş üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən qanunla müəyyən olunmuş qaydada əldə edilmiş məlumatlar sübut hesab olunur. Həmin məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, eləcə də işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2).
43. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Beləliklə, cavabdeh tərəfindən tərtib edilmiş aktın qəbul edilməsi üçün əsas olmuş halları aktın və hesablanmış borcun doğruluğunu sübut etmək vəzifəsi bu aktın qəbul etmiş orqanın üzərinə düşdüyündən və həmin aktın qəbul edilməsi üçün əsas olmuş hallar, eləcə də həmin halların mövcudluğu (qaz sayğacının klapanının işlək vəziyyətdə olmaması və s. halların - iddiaçının hərəkət və hərəkətsizliyi nəticəsində baş verməsi, iddiaçının təqsiri üzündən baş verməsi) cavabdeh tərəfindən sübuta yetirilmədiyindən, həmçinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 3-16-16/2-3/981 nömrəli 04 avqust 2023-cü il tarixli tarixli ekspert rəyinə əsasən, təqdim edilən qaz sayğacının üzərindəki plombun üzərində zədə olmadığından sayğaca müdaxilə edilmədiyi təsdiq edildiyindən, apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. Nəticə:
45. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
47. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməli, ekspertiza tədqiqatının dəyəri cavabdehdən tutulmalıdır.
48. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Xəzər Rayon Məhkəməsinin 2(003)-2500/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi cavabdehin apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Cavabadeh Cavabdeh İB-dən ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş manat) manat alınaraq X1, Kod: 210005, VÖEN **********, Müxbir hesab: AZ41NABZ********************, SVİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov