Məhkəmə qərarları › İş №2(103)-1238/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1238/2025

07.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1238/2025 07.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-4995/2024 nömrəli qətnaməsindən Cavabdeh İB-nin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçıya aid olan, Maştağa qəsəbəsi, Ax.M.Əbdülkərim küçəsi, ev 109A ünvanında (abonent kodu: **********00280) təbii qazdan istifadə ilə bağlı hesablanmış 3.110,4 manat məbləğində borc silinsin. Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia təmin olunsun, həmin ünvan üzrə 3.110,4 manat borc silinsin. Qətnamədə məhkəmə xərclərinə dair məsələ də həll olunub. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Cavabdeh tərəfindən iddiaçıya aid olan ünvanda qazdan istifadə ilə bağlı xx.xx.2024-cü il tarixli ******* nömrəli akt tərtib edilib . Aktda qeyd olunub ki, abonent təbii qazdan sayğacdankənar qeyri-qanuni istifadə edir. Daha sonra həmin akta əsasən xx.xx.2024cü il tarixdə cavabdeh “Dəymiş ziyanın bərpasına dair” tələbnamə tərtib edib, dəymiş zərərin (itirilmiş qazın) əvəzi kimi iddiaçıya 3.110,4 manat borc hesablayıb. Həmin borc abonentin saldosunda 2024-cü ilin ilin yanvar ayı üçün “qalıq və aktlar” bölməsində qeyd edilib. İddiaçının qazdan sayğacdankənar istifadə etdiyini sübutetmə yükü cavabdehin üzərinə düşür, lakin cavabdeh bunu sübut edə bilmir. Birinci, Cavabdeh İB-nin imkanı olub ki, qazdan sayğacdankənar istifadə faktını (qanunsuz çəkilən qaz xəttini və s.) video-audioyazı ilə qeydə alsın, lakin bunu etməyib. İkinci, birinci instansiya məhkəməsində icraat zamanı qaz xəttinə sayğacdankənar qoşulma faktının olub-olmadığının müəyyən edilməsi üçün ekspertiza təyin edilib. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3/3-16-16/2-3/1077 nömrəli rəyinə görə, tədqiqata təqdim edilən, həmin ünvandakı qaz sayğacı və ona bərkidilmiş giriş-çıxış borusunda (hal-hazırda və əvvəllər) hər hansı kənar müdaxilə nəticəsində yarana bilən zədə, iz (qaynaq izi) və əlavə xətt aşkar edilmədi. Beləliklə, məhkəmə AR Mülki Məcəlləsinin 21, 1096 və 1097-ci maddələrinin və AR Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və AR Mülki Prosessual Məcəlləsinin 372, 384-392ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-4995/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar