Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-12390/2021 29.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı Cavabdeh1 Fərux oğluna, Cavabdeh4, Cavabdeh2 və Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “əqdlərin etibarsız hesab edilməsi, qeydiyyatın və çıxarışın ləğv olunması” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli qərardadından İddiaçı nümayəndəsi (vəkili) tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 (üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər arasında bağlanmış 03.06.2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda iddiaçı, iddianı təmin tədbiri barədə ərizə də təqdim edərək, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış və torpaq sahəsinin özgəninkiləşdirilməsinin cavabdehlərə qadağan edilməsi və həmin əmlakların üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını istəmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (məhkəmə) 19.08.2021-ci il tarixli qərardadı ilə ərizə qismən təmin olunaraq sözügedən əmlakların özgəninkiləşdirilməsinin cavabdehlərə qadağan edilməsi qərara alınmışdır. Həmin qərardaddan Cavabdeh1 nümayəndəsinin verdiyi şikayət məhkəmənin 23 noyabr 2021-ci il tarixli qərardadı ilə təmin olunmuş, qərardad ləğv edilərək İddiaçı iddianın təmini tədbirinin tətbiqinə dair ərizəsi rədd olunmuşdur. Qeyd olunan qərardaddan iddiaçının nümayəndəsinin verdiyi şikayət məhkəmənin 08 dekabr 2021-ci il tarixli qərardadı ilə təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət belə əsaslandırılmışdır ki, iddia tələbləri cavabdehlər arasında daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair əqdlərin etibarsızlığını ehtiva edir və daşınmaz əmlak gələcəkdə özgəninkiləşdirilərsə və ya həmin əmlakda (torpaq sahəsində) yeni tikililər inşa edilərsə, iddiaçının hüquqlarının qorunması mümkün olmayacaq, yaxud əhəmiyyətli dərəcədə çətinləşəcəkdir. Məhkəmə nəzərə almamışdır ki, iddia tələbləri əqdin etibarsızlığını ehtiva etdiyindən, əqdlər etibarsız hesab edildikdə, həmin əqdlərin predmeti olan daşınmaz əmlak əvvəlki vəziyyətə qaytarılmalıdır, müvəqqəti təminat tədbiri tətbiq edilməyəcəyi təqdirdə isə əmlakın geri qaytarılması mümkün olmayacaqdır. Eyni zamanda məhkəmə, müddətin ötürülməsini nəzərə almadan cavabdehin şikayətinə baxmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinə əsasən, maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə, müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunun mənasına görə müvəqqəti təminat tədbirləri, cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilən prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə müvəqqəti təminat tədbiri institutu, iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da, ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya əhəmiyyətli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. Mülki Prosessual Məcəllənin 158.1.2 və 158.1.3-cü maddələrinə görə, müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək, həmçinin mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək növündə iddianı təmin etmə tədbirləri görülə bilər. Kollegiya hesab edir ki, göstərilən növdə iddianı təmin tədbirlərinin tətbiqinə dair ərizələr o halda təmin oluna bilər ki, işə mahiyyəti üzrə baxılarkən mübahisə obyektinin qorunması MPM-nin 157.2-ci maddəsində göstərilən məqsədlər baxımından zəruri olsun. Bu mənada nəzərə almaq lazımdır ki, iddiaçının iddiası mübahisəli əmlaklara dair cavabdehlər arasında bağlanmış əqdlərin etibarsısız sayılması barədədir və iddiası təmin olunacağı təqdirdə əmlak ilkin hüquqi vəziyyətinə, yəni Cavabdeh4 mülkiyyətinə qayıdacaqdır. Mübahisələndirilən əqdlərin bağlandığı dövrə qədər iddiaçının əmlaklar üzərində hər hansı hüququ mövcud olmadığından, hazırda Cavabdeh2 mülkiyyətində olan əmlakın özgəninkiləşdirilməsinə qadağa qoyulmaması iddiaçının hüquqlarının qorunmasını mümkünsüz edən vəziyyətin ortaya çıxmasına səbəb ola bilməz. Digər tərəfdən qeyd olunmalıdır ki, müvəqqəti təminat tədbirlərinin tətbiqi üçün ərizəçi iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutlar təqdim etməli və özünün müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəsini həmin sübutlara istinadla əsaslandırmalıdır. Yəni qanunvericilik tələb edir ki, birincisi, ərizədə iddia tələbinin əsaslılığına dair ilkin sübutlara istinad olunmalıdır, digər tərəfdən isə həmin ilkin sübutlar iddia tələbinin kifayət qədər əsaslılığına dəlalət etməlidir. Başqa sözlə qanunverici "kifayət qədər" ifadəsindən istifadə etməklə ilkin sübutlarla bağlı standartı da yüksək tutmuşdur. Bu isə onu tələb edir ki, ilkin sübutların mövcudluğu ilə bağlı məsələyə qiymət verilərkən həmin sübutların iddia tələbinin əsaslılığına adi deyil, kifayət qədər dəlalət etmiş olması nəticəsinə gəlmək mümkün olmalıdır. Beləliklə, müvəqqəti təminat tədbirlərinin tətbiqinə dair ərizələrin zərurilik meyarı baxımından qiymətləndirilməsi ona imkan verir ki, belə tədbirlərin görülməsi ilə əlaqədar hər hansı əsaslandırma aparılmadan və iddianın əsaslılığına dair ilkin sübut təqdim edilmədən verilən ərizələrin təmin edilməsi mümkün deyildir. Bu baxımdan nəzərə almaq lazımdır ki, iddiaçının ərizəsində görülməsi xahiş edilən müvəqqəti təminat tədbirinin zərurilik meyarları da kifayət qədər əsaslandırılmamışdır. Həmçinin qeyd edilməlidir ki, iş materiallarından tərəflər arasında uzun müddətdir məhkəmə çəkişmələrinin getdiyi, İddiaçı Fərrux oğlunun Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 qarşı bənzər predmetli iddia ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində də iddia qaldırdığı, həmin işə baxılarkən də eyni məzmunlu təminat tədbirinin görülməsini istədiyi, həmin məhkəmə tərəfindən görülmüş müvafiq tədbirlərin sonradan ləğv edildiyi və ləğv qərardadının Bakı Apellyasiya Məhkəməsi tərəfindən qüvvədə saxlanıldığı aydın olur; eləcə də iş materiallarından görünür ki, İddiaçı Fərrux oğlu əsassız varlanmaya görə Cavabdeh1 və Cavabdeh4 qarşı Bakı şəhəri Səbail Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, həmin məhkəmənin 18 iyun 2021-ci il tarixli qərardadı ilə işə mahiyyəti üzrə baxılıb qurtaranadək iddianı təmin etmə tədbiri kimi ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsi ilə bağlı hərəkətlərin qadağan edilməsi qərara alınmış, həmin qərardaddan Cavabdeh2 tərəfindən verilmiş şikayət məhkəmənin 23 iyun 2021-ci il tarixli qərardadı ilə təmin edilmiş və qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsinə qoyulmuş qadağa götürülmüş, həmin qərardad apellyasiya instansiyası tərəfindən dəyişdirilmədən saxlanılmış, Səbail Rayon Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə isə iddia tələbi rədd edilmişdir. Beləliklə, mübahisəli qeyri-yaşayış və torpaq sahəsinin üzərinə həbs, yaxud hər hansı qadağaların qoyulması ilə bağlı məhkəmələr tərəfindən artıq iki dəfə mövqe bildirilmiş və həmin məsələyə hüquqimüəyyənlik gətirilmişdir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi əsassız olaraq iddiaçının iddianı təmin tədbirinə (müvəqqəti təminat tədbirinə) dair ərizəsinin təmin edilməli olduğu qənaətinə gəlmiş, bununla belə cavabdehin şikayətini təmin edərək həmin mövqeyini dəyişməklə qanuni qərar qəbul etmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin olunmasın. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2263/2021 saylı iş üzrə 23 noyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-12390/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-12390/2021
29.12.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver