Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-124/2022 01.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Məmmədova Nərmin Nəzər qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “magistral su və kanalizasiya xətlərinin üzərində və qanunla müəyyən edilmiş mühafizə zonalarında inşa edilmiş tikililərin sökülərək mühafizə zonasının boşaldılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 iyul 2018-ci il tarixli, 2(004)-362/2018 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı “magistral su və kanalizasiya xətlərinin üzərində və qanunla müəyyən edilmiş mühafizə zonalarında inşa edilmiş tikililərin sökülərək mühafizə zonasının boşaldılması” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən ünvan 1 ünvanından keçən İddiaçı ASC-yə məxsus diametri 500 mm olan magistral su xəttinin və diametri 300 mm olan kanalizasiya xəttinin mühafizə zonasında inşa edilmiş özbaşına tikilinin əvəzi ödənilmədən sökülməsi, mühafizə zonasının boşaldılmasının təmin edilməsi və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən ünvan 2 ünvanından keçən ASC-yə məxsus diametri 500 mm olan magistral su xəttinin və diametri 300 mm olan kanalizasiya xəttinin mühafizə zonasında qanunvericiliyin tələbləri pozulmaqla özbaşına tikili inşa edilməklə qüvvədə olan qanunvericiliyin tələbləri kobud surətdə pozulmuşdur. Həmin özbaşına tikilinin inşası nəticəsində diametri 500 mm olan magistral su xəttinə və diametri 300 mm olan kanalizasiya xəttinə vaxtlı-vaxtında texniki xidmət göstərilməsi qeyrimümkün olmuşdur ki, bu da potensial təhlükə mənbəyi olmaqla qəza hadisələrinin baş verməsinə, bədbəxt hadisələrə və su itkisinə, onların vaxtında və operativ şəkildə qarşısının alınmasına ciddi maneələr yaradır, eyni zamanda, bu hallar müvafiq mühəndis kommunikasiya qurğularının zədələnməsi və suyun tərkibinə kənar mənfi təsir riskini artırmış olur. Bu isə öz növbəsində əhalinin gigiyenik təhlükəsizliyi üçün risk yaradır, istehlakçıların həyat və sağlamlığına ziyan dəyməsi riskini artırır. Odur ki, iddiaçıya məxsus diametri 500 mm olan magistral su xəttinin və diametri 300 mm olan kanalizasiya xəttinin mühafizə zonasında inşa edilmiş tikili, statusuna görə Mülki Məcəllənin 180-cı maddəsi ilə müəyyən edilən özbaşına tikili olduğuna görə sökülməli, kanalizasiya xətlərinin qanunla müəyyən edilmiş sanitar mühafizə rejimi təmin edilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 iyul 2018-ci il tarixli, 2(004)-362/2018 saylı qətnaməsi ilə iddia təmin olunmamışdır. İddiaçı qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, ləğv olunması, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 29 yanvar 2020-ci il tarixli, 2(103)-102/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 28 iyul 2020-ci il tarixli, 2(102)-3887/2020 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti - əsasən iddia ərizəsində göstərilən dəlillərlə əsaslandırılmış, əlavə olaraq birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozlması ilə çıxarılması, cavabdeh tərəfindən su kəmərinin qanunla müəyyən edilmiş sanitar mühafizə rejimi pozulması, bununla əlaqədar ona dəfərlərlə xəbərdarlıq məktubları göndərilməsinə baxmayaraq, pozuntunun aradan qaldırılmaması, magistral borular cavabdehə məxsus tikilinin yerləşdiyi ərazidən (altından) keçdiyi üçün su kəmərinə hər hansı nəzarətin qeyri-mümkün olması, işlə bağlı keçirilmiş ekspertiza nəticəsində tikilinin magistral kəmərlərin mühafizə zonasına düşübdüşməməsinin müəyyən edilməsinin mümkün olmaması, lakin məhkəmə tərəfindən təkrar ekspertiza keçirilməməsi və s. göstərilmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə uyğun eyni məzmunda izahat vermiş və məhkəmə kollegiyasından şikayətin təmin olunmasını xahiş etmişdir. Suallara cavab olaraq, həmçinin bildirmişdir ki, sözügedən torpaq sahəsinin və oradakı mübahisəli tikilinin cavabdehin adına rəsmiləşdirilməsi ilə barədə məhkəmə qərarı və bununla bağlı digər inzibati aktlar onların maraqlarını toxunmur, buna görə də həmin qərarları mübahisələndirmək niyyətində deyillər. Hesab edirlər ki, qeyd olunan ünvanda cavabdeh tərəfindən tikinti işləri aparılarkən iddiaçının razılığı alınmalı olsa da, cavabdeh bununla bağlı ASC-yə hər hansı müraciət etməmiş, nəticədə su kəmərlərinin mühafizə rejimini pozmaqla qanunsuz tikili inşa etmişdir. Ona görə də, həmin özbaşına tikili əvəzi ödənilmədən sökülməli, iddiaçının sərəncamında olan mühafizə zolağı boşaldılmalıdır. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin o, hazırkı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, iddiaçının sökülməsini tələb etdiyi tikili tərəfindən bələdiyyə qərarı əsasında icarəsinə verilmiş torpaq sahəsində 2009-cu ildə inşa olunmuş, bundan sonra həmin tikilinin onun adına rəsmiləşdirilməsi məhkəmə qərarı əsasında icra hakimiyyətinə həvalə olunmuş və sonuncu tərəfindən də müvafiq qərar qəbul edilmişdir. Göründüyü kimi, sözügedən obyekt özbaşına tikili olmamaqla, qanuni əsaslarla inşa edilmişdir. Həmçinin, tikinti zamanı iddiaçının əməkdaşları tərəfindən də hər hansı etiraz daxil olmamış, eyni zamanda o, həmin ərazinin kanalizasiya xəttinin mühafizə zonasında olmasını bilməmişdir. Belə olan halda isə, qanuni əsaslarla ona məxsus olan tikilinin əvəzi ödənilmədən sökülməsi qanunsuz və ədalətsizdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia aşağıdakı əsaslarla rədd olunmalıdır. Belə ki, işdə olan 29.07.2017-ci il tarixli “mühafizə zonasının pozulması haqqında” aktda qeyd olunmuşdur ki, həmin tarixdə Yasamal rayonu, Yeni Yasamal-2, ev 7 ünvanında cavabdehə məxsus qeyri-yaşayış obyektinin su və kanalizasiya şəbəkələrinə "xxxx" ASC-nin aktda adları göstərilmiş nümayəndələri tərəfindən texniki baxış keçirilən zaman qeyd olunan obyektin Cəmiyyətə məxsus diametri 500 mm olan magistral su xəttinin və diametri 300 mm olan kanalizasiya xəttinin mühafizə zonasında tikildiyi müəyyən olunmuşdur (iddiaçı tərəfindən bununla bağlı həm də plan-sxem təqdim edilmişdir). “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 70-ci maddəsinin “a” bəndinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsinin rəsmi (yazılı) icazəsi olmadan su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının ətrafında müəyyən olunmuş ərazilər hüdudlarında, həmçinin su kəmərləri və kanalizasiya sistemlərinə aid olan magistrallardan, boru kəmərlərindən və digər texniki qurğulardan 5 metrdən az olan məsafədə hər hansı torpaq və tikinti işlərini yerinə yetirmək qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.08.2003-cü il tarixli, 109 nömrəli qərarı ilə təsdiq edilmiş “Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi Qaydaları”nın 6.1.2-ci bəndinə əsasən, hidrotexniki qurğuların təhlükəsizliyi üzrə təsnifatından asılı olaraq onların ətrafında mühafizə zonalarının ölçüləri kanallar, kollektorlar, magistral sunəqledici kəmərlər və tunellər boyu onların suburaxma qabiliyyətindən asılı olaraq aşağıdakı kimi qəbul edilir: 1) 10 kub. m/san qədər olduqda - 10 m; 2) 10-30 kub. m/san olduqda - 25 m; 3) 30-50 kub. m/san olduqda - 60 m; 4) 50 kub. m/san-dən artıq olduqda - 100 m. məsafədə. Hazırda iddiaçı qeyd olunanlara əsasən cavabdeh tərəfindən ünvan 1 ünvanından keçən Cəmiyyətə məxsus diametri 500 mm olan magistral su xəttinin və diametri 300 mm olan kanalizasiya xəttinin mühafizə zonasında özbaşına tikili inşa edildiyini bildirərək, həmin tikilinin əvəzi ödənilmədən sökülməsini və mühafizə zolağının boşaldılmasını tələb edir. Cavabdeh isə, iddiaya etiraz edərək, qeyd olunan ünvanda tərəfindən inşa edilmiş tikilinin özbaşına olmadığını, bələdiyyə qərarı əsasında onun icarəsinə verilmiş torpaq sahəsində inşa edilməklə, qanuni qüvvəyə minmiş məhkəmə qərarı və inzibati orqanın inzibati aktı (sərəncam) əsasında adına rəsmiləşdirildiyini bildirir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin əsasında duran halların yoxlanılması məqəsədilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Daxil olmuş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Məhkəməsinin 1473 saylı, 30 aprel 2018-ci il tarixli ekspert rəyinə əsasən ünvan 3 ünvanında yerləşən cavabdeh tərəfindən inşa olunmuş tikilinin (qeyri-yaşayış sahəsi) İddiaçı ASC-yə məxsus diametri 500 mm olan magistral su və diametri 300 mm olan kanalizasiya boru kəmərlərinin mühafizə zonasına (üzərinə) düşüb-düşməsinin müəyyən edilməsinə dair tədqiqat aparılıb rəy verilməsi mümkün deyildir. Belə ki, rəyin tədqiqat hissəsində qeyd edildiyi kimi İddiaçı ASC-nin nümayəndələri tədqiq olunan ərazidə qeyri-yaşayış sahəsinə yaxın olan məsafədə qazıntı işlərinin aparılmasının qeyri-mümkün olduğunu göstərərək, obyektin yaxınlığında qazıntı işlərini aparmamışlar. Bu səbəbdən də, iddiaçının iddia etdiyi yeraltı su və kanalizasiya boru kəmərlərinin mübahisəli qeyri-yaşayış sahəsinə nisbətdə hansı məsafədə keçməsini və digər texniki göstəricilərini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Məhkəmə qeyd olunanlara əsaslanaraq, bu qənaətə gəlmişdir ki, iddiaçı tələbini yetərincə əsaslandıra bilmədiyindən iddia rədd edilməlidir. Kassasiya instansiya məhkəməsi, rayon məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşan əvvəlki apellyasiya icraatında qəbul edilmiş qətnaməni ləğv edərkən, 28 iyul 2020-ci il tarixli qərarında göstərmişdir ki, apelyasiya kollegiyası iddiaçının iddia tələbini əsaslandıran hər hansı sübutu məhkəməyə təqdim etməməsini qeyd etsə də, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsinə mühafizə zonasının pozulması barədə akt, plan sxem və fotoşəkil əlavə edilmiş, məhkəmə həmin sübutlara qiymət verməmişdir. Digər tərəfdən apelyasiya kollegiyası əldə edilmiş ekspert rəyinə və Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 25970 saylı, 04 dekabr 2019-cu il tarixli «məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında» məlumatına istinadən, iddiaçının sübutların məhkəmə qaydasında toplanmasına təşəbbüs göstərmədiyini qeyd etsə də, işdən görünür ki, iddiaçı tərəfindən iş materiallarına mühafizə zonası ilə əlaqəli sxem əlavə edilmiş, lakin həmin ekspert həmin sxem üzrə hər hansı tədqiqat aparıb rəy verilməsinə nail olmamışdır. İşə baxan apelyasiya məhkəməsi bu hala əhəmiyyət verməmiş, həqiqətə nail olunması üçün məhkəmə araşdırmasını tam həyata keçirməmişdir. MPM-in 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyasının göstərişləri ilə bağlı hazırki apellyasiya baxışı zamanı iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuşdur. Daxil olmuş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/3707-10/3736 saylı, 05 noyabr 2021-ci il tarixli rəyinə əsasən, cavabdehə məxsus tikilinin ünvan 2 ünvanından keçən İddiaçı ASCyə məxsus diametri 500 mm olan magistral su xəttinin üzərində inşa olunması nəzərə alınaraq, həmin tikilinin diametri 500 mm olan magistral su xəttinin mühafizə zonasında yerləşdiyi müəyyən olunmuşdur (sxem tərtib olunmaqla). Göründüyü kimi, iş üzrə əvvəllər keçirilmiş ekspetizalar nəticəsində rəy verilməsi mümkün olmasa da, yeni apellyasiya baxışında əldə edilmiş ekspert rəyinə əsasən cavabdehə məxsus tikilinin İddiaçı ASC-yə məxsus diametri 500 mm olan magistral su xəttinin üzərində inşa olunmaqla, onun mühafizə zonasında yerləşdiyi müəyyən olunmuşdur. Odur ki, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmamışdır. Ona görə də, iddiaçı tərəfindən tələbin əsası kimi istinad edilən halların (cavabdehə məxsus tikilinin ona məxsus su və kanalizasiya xəttinin mühafizə zonasında inşa edilməsi barədə) sübuta yetirilməməsi ilə iddianın rədd olunması barədə gəldiyi qənaət qanuni və əsaslı sayıla bilməz. Bununla belə, Kollegiya hesab edir ki, iddiaçı aşağıdakılara əsasən qeyd olunan tikilinin əvəzi ödənilmədən sökülməsini tələb etməkdə haqlı deyildir. Belə ki, qanuni qüvvədə olan məhkəmə qərarından və digər sənədlərdən (1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında olmuş 2 inz(81)-113/2012 saylı inzibati iş və həmin işdə olan hüquqmüəyyənedici sənədlər, Yasamal Rayon İcra Hakimiyyətinin inzibati aktı və s.) görünür ki, Yasamal bələdiyyəsinin 12.01.2001-ci il tarixli, 36 saylı qərarı ilə ünvan 2 ünvanının yaxınlığında yerləşən ümumi sahəsi 48 kv.m. olan torpaq sahəsinin Cavabdeh icarəyə verilməsi qərara alınmış və bununla bağlı aralarında 10.10.2011-ci il tarixdə torpaq icarə müqaviləsi bağlanmışdır. Bundan sonra, Cavabdeh tərəfindən həmin torpaq sahəsində iki boksdan ibarət qeyri-yaşayış sahəsi (maşın yuma obyekti) inşa olunmuş və onların adına rəsmiləşdirilməsi ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətinə müraciət olunmuşdur. İcra Hakimiyyətinin imtinasından sonra Cavabdeh orqana qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31 yanvar 2012-ci il tarixli, 2 inz(81)-113/2012 saylı qərarı ilə iddiası təmin edilərək, sözügedən qeyri-yaşayış sahələrinin Cavabdeh adına rəsmiləşdirilməsi vəzifəsinin Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Qərar qanuni qüvvəsini almış və onun icrası haqqında Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən 07.03.2012-ci il tarixli, 50 saylı sərəncam verilmişdir. Qeyd olunan sərəncama əsasən, hər birinin sahəsi 24 kv.m. olan iki ədəd xidməti boksdan ibarət qeyri-yaşayış sahəsinin mövcud vəziyyətində Cavabdeh adına sənədləşdirilməsi, qeyri-yaşayış sahəsinin texniki pasportunun hazırlanması və sonuncunun adına qeydiyyatdan keçirilərək çıxarışın verilməsinin DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsindən xahiş edilməsi və sərəncamın surətinin həmin idarəyə göndərilməsi qərara alınmışdır. Göründüyü kimi, iddiaçı mübahisə predmeti torpaq sahəsinə özbaşına yiyələnməmiş, bələdiyyə qərarı əsasında ona ayrılmış torpaq sahəsində mübahisəli qeyriyaşayış sahəsini inşa etmiş, həmin qeyri-yaşayış sahəsinə hüquqları səlahiyyətli inzibati orqanlar tərəfindən verilmiş inzibati aktlar və qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında təsdiqlənmiş və keçən uzun müddət ərzində oradan maşın yuma obytekti kimi istifadə etmişdir. Həmin hüquq məyyənedici sənədlər isə qüvvədə olmaqla, mübahisələndirilməmişdir (həmin sənədlər tanış olması üçün iddiaçının nümayəndəsinə təqdim olunmuş və münasibət bildirilməsi üçün məhkəmə baxışı təxirə salınmış, lakin iddiaçının nümayəndəsi həmin sənədləri mübahisələndirmək niyyətlərinin olmamasını bildirməklə iddianın əsaslı olmasını, bu səbəbdən də apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir). Qeyd edilənlər ona dəlalət edir ki, sözügedən tikili özbaşına tikili olmayıb cavabdehin əmlak hüquqlarının bir hissəsidir (iddiaçın isə tələbinin əsası kimi tikilinin özbaşına olmasını, bu səbəbdən də əvəzi ödənilmədən sökülməli olmasını və s. bildirir). İddiaçı cavabdeh tərəfindən istər torpaq sahəsinin əldə olunması zamanı, istər orada mübahisəli tikilinin inşası zamanı, istərsə də oradan istifadəyə başladığı andan etibarən torpaq sahəsindən qanunsuz istifadə ilə bağlı hər hansı xəbərdarlıq və s. bu kimi məlumatlandırmanın edilməsinə dair sübut təqdim etməmişdir. Həmçinin qeyd edilməlidir ki, mübahisəli tikili hazırkı məqamda daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış olmasa belə, cavabdehin həmin daşınmaz əmlaka istər məhkəmə qərarı, istrsə də inzibati orqanların verdiyi inzibati aktlar sayəsində qanuni əmlak hüquqları mövcüddur. Tikili, cavabdehin qanuni sahibliyində və istifadəsində olduğundan o, həm milli qanunvericilik, həm də Avropa Məhkəməsinin president hüququna görə həmin tikiliyə münasibətdə mülkiyyət baxımından «qanuni gözləntiyə» malikdirlər. Avropa Məhkəməsinin president təcrübəsinə, həmçinin 1 saylı Protokolun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və ya «əmlak» anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyri maddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür. Mülkiyyət hüququna müdaxiləyə haqq qazandırmaq üçün həmin müdaxilənin qanuni məqsəd daşıdığının bəyan edilməsi kifayət deyildir. Məsələn, «Sporronq və Lonnrot İsveçə qarşı» məhkəmə işində Məhkəmə müdaxiləyə haqq qazandırılmasının aşağıdakı mühüm prinsipini ifadə etmişdir: - «… Məhkəmə müəyyən etməlidir ki, cəmiyyətin maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa riayət edilibmi… Bü cür tarazlığa riayət edilməsi bütövlükdə Konvensiyaya xas olan cəhətdir və 1 saylı Protokolun 1-ci maddəsinin quruluşunda da öz əksini tapıb» «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa Məhkəməsinin presedent hüququna əsasən, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə xas olan «ədalətli balans» prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır («Broniovski Polşaya qarşı» iş üzrə 2004-cü il 22 iyun tarixli Qərar, §148, 150; «Skordino İtaliyaya qarşı» iş üzrə 2006-cı il 29 mart tarixli Qərar, § 93). «Marks Belçikaya qarşı» işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. «Mançini İtaliyaya qarşı» işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. Mülki Məcəllənin (bundan sonra, MM) mülkiyyət hüququnun anlayışını və məzmununu müəyyən edən 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. MM-in 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 21 dekabr 2012-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (Konstitusiya Məhkəməsi Plenumunun “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair” 2020-ci il 27 avqust tarixli Qərarı). Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, sözügedən qeyriyaşayış sahəsi iddiaçıya məxsus su xəttinin mühafizə zonasına düşdüyü təqdirdə belə, həmin torpaq sahəsi və orada inşa olunmuş tikili (mübahisəli qeyri-yaşayış sahəsi) iddiaçının qanuni sahiblik və istifadəsində olduğundan onun əvəzi ödənilmədən, özbaşına tikili adı ilə sökülməsi və mühafizə zonasının boşaldılması barədə tələbin qanuni və faktiki əsası mövcud deyildir. İddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra bilməmiş, sübutetmə yükünü həyata keçirə bilməmişdir. MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddianı başqa əsasla (yuxarıda qeyd edilmişdir) rədd etsə də, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmamış, mübahisəli daşınmaz əmlakın statusunu dəqiq müəyyən etməmiş, buna uyğun maddi hüquq normalarını tətbiq etməmişdir. Beləliklə, Kollegiya, qeyd olunanlara əsasən bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq, iddianın yuxarıda sadalanan əsaslarla rədd olunması barədə yeni qətnamə qəbul olunmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi həmin qətnamənin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 385.1 və 385.1.4-cü maddələrinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin, məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə icraatı zamanı 200 manat ekspertiza xərci (məhkəmə xərci) mövcud olmuşdur ki, həmin məhkəmə xərci iddiaçıya aid edilməlidir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı “magistral su və kanalizasiya xətlərinin üzərində və qanunla müəyyən edilmiş mühafizə zonalarında inşa edilmiş tikililərin sökülərək mühafizə zonasının boşaldılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 iyul 2018-ci il tarixli, 2(004)-362/2018 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 iyul 2018-ci il tarixli, 2(004)- 362/2018 saylı qətnaməsi ləğv edilsin, iddia təmin olunmasın. Məhkəmə xərci İddiaçı ASC-yə aid edilsin. İddiaçıdan aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə (ekspertiza xərclərinə dair bildirişlərə əsasən xərcin keçiriləcəyi hesab – X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********0000003944, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-124/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-124/2022
01.02.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver