Məhkəmə qərarları › İş №2(103)-1240/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1240/2023

07.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1240/2023 07.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 MMM-yə və «Cavabdeh2» Şirkətinə qarşı iş üzrə (Açar sözlər: «maddi ziyanın ödənilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə4, Cavabdeh1 MMC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4092/2022 saylı, 14 noyabr 2022ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. İddiaçı ilə "xxxx" MMM arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 195A nömrəli malın alqısatqısı haqqında müqaviləyə əsasən"xxxx" MMM «Cavabdeh2 X5 xDrive25d (M-Paket)» markalı, WBACV410X09G28082 ban №-li Tünd göy metal rəngli, Universal tipli, 2021-ci il buraxılışlı avtomobil İddiaçı verməyi, İddiaçı isə avtomobili qəbul edib əvəzində onun müqavilə ilə müəyyənləşdirilimiş qiymətini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3-cü bəndinə əsasən alınan avtomobilin qiyməti 73000 Avro müəyyən edilmişdir, ƏDV qiymətə daxildir. Müqavilənin 5-ci bəndinə əsasən satıcı alıcıya təhvil verdiyi malın keyfiyyətinə və ya fasiləsiz istismarına 4 il müddətinə və ya 200.000 km (hər hansı birinin tez başa çatmasından asılı olmayaraq) təminat verir. Zəmanət müddəti malın alıcıya təhvil verdiyi gündən hesablanır.

2. Cavabdeh1 MMM tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ĞRĞ/1 seriyalı 225633 nömrəli malların təhvil-qəbul aktına əsasən Cavabdeh1 MMM tərəfindən «Cavabdeh2 X5 xDrive25d» markalı, WBACV410X09G28082 ban №-li avtomobili (qiyməti 150.680 manat) İddiaçı təhvil verilmişdir.

3. Cavabdeh1 MMM tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli satış çekinə əsasən avtomobilin alınması üçün 150.680 (ƏVD 22.985,08 manat ilə) manat məbləğində pul ödənilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı cavabdehlər Cavabdeh1 MMM-yə və «Cavabdeh2» Şirkətinə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 26579,5 manat (15635 USD) maddi ziyanın, əlavə xərclədiyi 3000 manat, cəmi 29579,50 manatın alınaraq xeyrinə barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiada göstərilir ki, iddiaçı xx.xx.2021-ci il tarixli 195A saylı malın alqı-satqısı barədə müqaviləyə əsasən cavabdeh «İmprotex» Motors» MMC-dən «Cavabdeh2 X5 XDRİVE25D (M PAKET)» markalı tünd göy rəngdə avtomobili nağd olaraq 150680 manat (150680 x 1,7=88635,29 USD) ödəyərək almışdır. 2022-ci ilin yanvar ayında yolda hərəkət halında ikən avtomobil sönmüşdür. Cavabdehə zəng edərək problemi bildirmişdir. Cavabdehə avtomobili evakuatora qoyaraq gətirməsini bildirmişdir. İddiaçıda avtomobili evakuatora qoyaraq cavabdehin ünvanına gətirmiş və problemin həlli üçün onlara təhvil vermişdir. 8 gündən artıq müddət ərzində avtomobilsiz qalması yetmirmiş kimi cavabdehdən dəfələrlə zəng etməsinə baxmayaraq da heç bir məlumat əldə edə bilmirdi. Daha sonra cavabdeh tərəfindən avtomobilin motor hissəsində zavod qüsuru çıxdığı üçün motorun dəyişdirilməli olduğu iddiaçıya bildirilmişdir. Razı olmadığı üçün eyni marka modelə aid yeni avtomobil və ya ödədiyi məbləğin tam şəkildə ona qaytarılmasını şifahi olaraq tələb etmişdir. Motordakı qüsurla bağlı yazılı məlumat verilməsini tələb etməsinə baxmayaraq, iddiaçıya heç bir məlumat verilməmişdir. Nəticədə çarəsiz qaldığı üçün motorun və qüsurlu çıxan digər detalların yeniləri ilə əvəz olunması ilə razılaşmaq məcburiyyətində qalmışdır. Təxmini bir aydan sonra gələn yeni motor və digər detallar avtomobilə yığıldıqdan sonra avtomobil iddiaçıya təhvil verilən gün avtomobili idarə etdiyi anda avtomobildən qeyri-adi bir səs gəldiyini eşitmiş və avtomobili saxlamış və ön hissəsinə yaxınlaşdığı anda maşından qeyri-adi iy gəldiyini hiss etmişdir. Daha sonra avtomobildən tüstü duman çıxdığını görmüşdür. Yenidən eyni gün avtomobili evakuatora qoyaraq cavabdehin ünvanına gətirmiş və problemin həlli üçün onlara təhvil vermişdir. Artıq cavabdehə və maşına etibarı itdiyi üçün eyni marka modelə aid yeni avtomobil və ya ödədiyi məbləğin tam şəkildə ona qaytarılmasını tələb etmişdir. Uzun danışıqlardan sonra «may ayında sizin maşını sataq, may ayının sonunda gələrək avtomobillərdən sizə eyni marka modelə aid yeni avtomobil verək» deyilmişdir. İddiaçıya başqa çıxış yolu qalmadığı üçün yenidən razılaşmışdır. Lakin avtomobil satıldıqdan sonra iddiaçıya avtomobili 73000 dollara satıldığı bildirildi. Halbuki iddiaçı o avtomobil üçün 88635,29 USD ödəmişdir. 15635 USD ziyan dəymiş olmasına baxmayaraq, hələ bu azmış kimi ona yeni maşının verilməsi üçün iddiaçıdan 6900 avro əlavə pul tələb edilmişdir. Yəni, yeni avtomobil almasına baxmayaraq həm avtomobilsiz qalmış, bir neçə ay içərisində 15635 USD-dən çox ziyan dəymiş olmuş, hələ üstəlik yeni avtomobil verilməsi üçündə 6900 avro pul tələb edilmişdir.Qeyd olunan maşına kuza qoruması üçün şəffaf plyonka ilə bağlı tərəfindən 3000 manat əlavə vəsait xərcləmişdir. Bununla bağlı müxtəlif vaxtlarda cavabdehlə danışıqlar aparmasına baxmayaraq bir nəticə əldə edə bilmədiyi üçün Almaniya ofisinə şikayət ərizəsi ünvanlamışdır. Lakin buna baxmayaraq onlardan da iddiaçını qane edəcək heç bir cavab gəlməmişdir.

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4092/2022 saylı, 14 noyabr 2022-ci il tarixli qətnaməsi (hakim Ramin Xəlilov) ilə iddia tələbi təmin edilməmiş və məhkəmə xərcləri iddiaçıya aid edilmişdir.

7. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətində göstərir ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən iddiaçı Cavabdeh1 MMM-dən tünd göy metal rəngli, 2021-ci il buraxılışlı «Cavabdeh2 X5 xDrive25d (M-Paket)» markalı avtomobil 150.680 manata (73.000 Avro) almışdır. İddiaçı 6 aya yaxın müddətdə maşını istifadə etmiş və istifadə müddət ərzində avtomobilində qüsur yaranmışdır. Yaranmış qüsurla bağlı qarantiya müddəti çərçivəsində iddiaçı Cavabdeh1 MMM-yə müraciət etmiş, qarantiya şərtləri çərçivəsində avtomobilin motor hissəsi yenisi ilə əvəz olunmuş və avtomobildə olan nöqsan aradan qaldırılmışdır. Bir müddət sonra avtomobildə yenidən nasazlıq yaranmış, iddiaçı həmin gündə yenə də "xxxx" MMM-yə müraciət etmiş və cavabdeh tərəfindən yenidən yaranmış nasazlığı aradan qaldırılmışdır. Bundan sonra, iddiaçı həmin avtomobilin satılması üçün ona köməklik göstərilməsi ilə əlaqədar cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçıya potensial müştəri tapılaraq iddiaçıya təklif edilmiş, 2022-ci ilin aprel ayında iddiaçı ilə avtomobilin yeni alıcısı arasında razılaşma əldə olunmuş və onların arasında avtomobilin alğı-satqısı baş tutmuşdur. Hazırda iddiaçı avtomobili satarkən dəyərindən aşağı olmasını və dəyən zərərin ödənilməsini istəyir. Cavabdeh «Cavabdeh2» Şirkəti hazırki tələb üzrə cavab verməli olan şəxs hesab edilə bilməz. Belə ki, alğı-satqı müqaviləsi «Cavabdeh2» Şirkətinin rəsmi nümayəndəsi Cavabdeh1 MMM ilə bağlanmışdır və məsuliyyəti həmin şirkət daşıyır. Bu səbəbdən, cavabdeh «Cavabdeh2» Şirkəti hazırki tələb üzrə subyektiv cavabdehlik daşımadığı üçün, iddia tələbi ona aid olan hissədə əsassızdır. İddia tələbinin 26.579,5 manat (15.635 ABŞ dolları) məbləğində maddi ziyanın ödənilməsi hissəsi üzrə qeyd etmişdir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı ilə onun avtomobilin yeni müştərisi arasında razılaşma könüllü surətdə əldə olunmuş, iddiaçı könüllü qiymətini razılaşdırılaraq, alğı-satqı müqaviləsi bağlamışdır. (bunun əksini sübut edən heç bir dəlil məhkəməyə təqdim edilməmişdir). İddiaçı avtomobil üçün dəymiş ziyanın 15.635 ABŞ dolları təşkil etməsini iddia etsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı avtomobilin dəyərinin 26.579,5 manat (15.635 ABŞ dolları) aradakı fərqin istənilməsi bugünkü gün ağlabatan deyildir. Avtomobilin ona zərər dəymiş olsa da belə, onu qüsurları nəticəsi satmış olsa da belə, həmin qeyd olunan aradakı fərq avtomobilin ümumi bazar qiymətinə əmsalının göstəricisinə uyğundur, çünki avtomobil satış vaxtdan təxmini 1 ilə yaxın müddət istifadəsində olmuş və həmin müddət ərzində avtomobil də 20.000 km yaxın istifadə olunmuşdur. Avtomobilin 88.635,29 ABŞ dolları alıb 73.000 ABŞ dolları satmağı, aradakı fərq 15.635 ABŞ dolları olması ağlabatan məbləğdir. Yəni iddiaçı yeni avtomobil alıb, istifadə edib və istifadə müddətində avtomobilin bazar dəyəri orta hesablama ilə 15-20% aşağı düşməsi kəskin fərq yaratmır. İddiaçı avtomobildə yaranmış nasazlıqlara görə Cavabdeh1 MMM arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 195A nömrəli alğı-satqı müqaviləsini mübahisələndirməmişdir. İddiaçı mülkiyyətində olan avtomobilin qiyməti ilə razılaşmış, avtomaşının yeni alıcısı ilə müstəqil şəkildə alğı-satqı müqaviləsi bağlayaraq maşını satmışdır və satdıqdan sonra aradakı fərqi Cavabdeh1 MMM-dən tələb edilməsi əsassızdır. Bu səbəbdən, iddia tələbi 26.579,5 manat (15.635 ABŞ dolları) məbləğində maddi ziyanın ödənilməsi hissəsi əsassızdır və təmin edilməməlidir. İddiaçı cavabdeh tərəfindən onun avtomobilin satılmasını və yeni avtomobil ilə əvəz edilməsini göstərsə də, bu halları təsdiq edən sübutları məhkəməyə də təqdim edə bilməmişdir. İddia tələbinin əlavə xərclədiyi 3000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması hissəsi üzrə qeyd etmişdir ki, iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Belə ki, qeyd olunan 3000 manatlıq avtomobilə üst örtüyünün çəkilməsi üçün xərclənən vəsait iddiaçının könüllü davranışı əsasında həyata keçirilmiş və avtomobilini satarkəndə sonuncu satıcı ilə bu barədə razılaşma əldə etməli idi. İddiaçının əlavə xərclədiyi 3000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması hissəsi ilə bağlı hər hansı bir səbəbli əlaqə müəyyən edilmədiyindən iddia bu hissədə əsassız hesab edilməli və təmin edilməməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş edərək şikayətində göstərir ki, həqiqətən də avtomobili iddiaçı öz istəyi ilə satdığını bir anlıq ehtimal etsə belə, istehlakçı “Cavabdeh2” aldığını, mühərrikindən istehsal qüsuru olduğunu təmirdən sonra yenidən tüstülədiyini və bu səbəblə avtomobilin 23000 manat daha ucuz qiymətə satıldığını normal qəbul edib satıcı və istehsalçının heç bir məsuliyyətinin olmadığı nəticəsini çıxartmaq sadə məntiqə sıxmadığı kimi, vicdan daşıyan heç bir insanın da qəbul etməyəcəyi bir nəticədir. Maraqlıdır ki, birinci instansiya məhkəməsi bu halı normal qəbul etmişdir. Bu faktın özü belə, sözügedən qətnamənin ləğvi üçün əsas olub, məhkəmənin maddi hüquq normaları düzgün tətbiq etmədiyini aşkar göstərməkdədir. Bütün bu faktları normal qəbul edən birinci instansiya məhkəməsi iddiaçının iddiasını təmin etməmiş və əsas olaraq bildirmişdir ki, iddiaçı öz istəyi ilə avtomobili satmışdır.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

9. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə4 apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi.

10. Məhkəmə iclasında Cavabdeh1 MMC-nin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə.442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 587.2.1. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin. Maddə 624.1. Alıcıya lazımi keyfiyyətli olmayan mal satıldıqda, əgər malın qüsurları satıcı tərəfindən qabaqcadan bildirilməyibsə, alıcı öz seçimi ilə tələb edə bilər ki: keyfiyyətsiz mal lazımi keyfiyyətli malla əvəz edilsin (maddə 624.1.1); alış qiyməti mütənasib surətdə azaldılsın (624.1.2); malın qüsurları təxirə salınmadan əvəzsiz qaydada aradan qaldırılsın (624.1.3.); malın qüsurlarının aradan qaldırılmasına çəkilmiş xərclərin əvəzi ödənilsin (maddə 624.1.4). Maddə 1096.1 və 1096.2. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

12. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 7.1. İstehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan lazımi keyfiyyətli mala dəyişdirməyi, satış qiymətini uyğun məbləğdə azaltmağı, malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini, malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini, müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini tələb etmək hüququna malikdir. Maddə 4. Qüsurlu mal lazımi keyfiyyətli, eyni modelli (markalı, tipli və i. a.) mala dəyişdirilərkən qiymət dəyişərsə, istehlakçı qiymət fərqini ödəmir. Qüsurlu mal lazımi keyfiyyətli, eyni əlamətləri olan, lakin başqa modelli (markalı, tipli və i. a.) mala dəyişdirilərkən qiymətlər dəyişdikdə, malın dəyəri göstərilən malın alındığı vaxt qüvvədə olmuş qiymətlər əsas götürülməklə yenidən hesablanır.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

14. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

15. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

17. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edilmədiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

18. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən, qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

19. Əvvəla iddanın faktiki əsası (faktiki hallar) təmin edilməyən hissədə tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

20. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa), iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə yuxarıda qeyd olunan maddi hüquq normaları iddia tələbinin qanuni əsası kimi nəzərdə tutula bilər. Ancaq iddia ilə bağlı faktiki hallar mübahisələndrilən hissədə həmin normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayılmır.

21. Əvvəla, maddi zərər vurulması üçün cavabdeh iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməli və iddiaçı bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. İddiaçının mülkiyyətində olmuş avtomobili cavabdehdən aldığı qiymətdən fərqli, yəni aşağı qiymətə üçüncü şəxsə alqı-satqı müqaviləsi əsasında satması ona həqiqətən də cavabdeh tərəfindən zərər vurulduğu qənaətinə gəlmək üçün əsas vermir. Çünki, bu faktla cavabdeh tərəfin hərəkətləri yaxud hərəkətsizliyi arasında birbaşa səbəbli əlaqə mövcud deyildir.

22. Avtomobilin şikayətdə göstərilən, yəni alış qiymətindən 23000 manat aşağı qiymətə satılması nəticəsində iddiaçıya zərər dəyməsi də inandırıcı və ağlabatan deyildir. Çünki, həmin avtomobil 8 aya yaxın iddiaçı tərəfindən istismar olunub 20000(iyirmi min) km. həddində məsafə qət etmişdir. Bu cür vəziyyətdə avtomobil bazarında olan avtomobilin alqı-satqısı ilə bağlı mövcud münasibətlər, mübahisə predmeti olmuş avtomobilin istismar müddəti və qət etdiyi məsafə və.s hallar nəzərə alınmaqla qiymət fərqinin olması labüd idi. Buüna görə də iddiaçı da avtomobilin üçüncü şəxsə aldığı qiymətdən aşağı qiymətə satılması nəticəsində ona zərər dəydiyini düşünməklə yaxud zənn etməklə haqlı olmamışdır. Əlbətdə ki, ağlabatan mühakimə də heç bir halda avtomobilin qeyd olunan müddətdə istismar olunduqdan sonra ilk dəfə alındığı qiymətə satılmasının mümkün olmasını istisna edir. Ona görə də iddiaçının deliktə görə məsuliyyət daşımalı olduğunu ehtimal etdiyi cavabdehə qarşı bu cür iddia irəli sürməsi yanlış olmuşdur. 23.İddiaçı mübahisə predmeti olmuş avtomobili üçüncü şəxsə satdıqdan sonra Mülki Məcəllənin 587 və 624-cü maddələrinə istinad edib hazırki iddianı irəli sürməkdə də haqlı olmamışdır. Çünki, qeyd olunan normalara əsasən iddianın əsaslı olmasından o zaman söhbət gedə bilərdi ki, həmin avtomobil iddia irəli sürülən zaman iddiaçının mülkiyyətində və istifadəsində olmuş osun. Ancaq iddiaçının avtomobili üçüncü şəxsə satdıqdan sonra, yəni avtomobil artıq onun mülkiyyətində olmadığı dövrdə qeyd olunan maddələrdə nəzərdə tutulan əsaslarla cavabdehə qarşı tələb irəli sürməkdə də haqlı olmamışdır.

24. İddiaçı mübahisə predmeti olmuş avtomobili üçüncü şəxsə satdıqdan sonra Mülki Məcəllənin 587 və 624-cü maddələrə istinad edərək hazırki iddianı irəli sürməkdə həm də ona görə haqlı olmamışdır ki, iddianın faktiki əsası kimi göstərdiyi hallarla bağlı artıq həmin normaların verdiyi imkandan faydalanmışdır. Başqa sözlə avtomobil mülkiyyətində və istifadəsində olan zaman onda yaranmış qüsurla bağlı Mülki Məcəllənin 587.1.2 və 624.1.3-cü maddələrindən nəzərdə tutulmuş əsasla, yəni öz seçimi ilə avtomobildə yaranmış qüsurların ağalabatan müddətdə və ya təxirə salınmadan əvəzsiz qaydada aradan qaldırılmasını cavabdehdən tələb etmişdir. Cavabdeh də zəmanət müddəti ərzində baş verdiyinə görə həmin qüsuru tam yeni orijinal detallarla aradan qaldırmış, faktiki olaraq əlavə xərc çəkmişdir. Hətta cavabdeh tərəf qüsurun aradan qaldırıldığı dövrdə biznes etikasına uyğun olaraq iddiaçını müvəqqəti avtomobillə təmin etdiklərini də göstərir, iddiaçı isə bu faktın həqiqi olduğunu təkzib etmir. Deməli, iddiaçı həmin qüsurların aradan qaldırılması üçün hər hansı bir xərc çəkmədiyi üçün Mülki Məcəllənin 587.1.3 və 624.1.4cü maddələrində nəzərdə tutulmuş əsasla da hansısa xərcin əvəzinin ödənilməsini tələb edə bilməzdi.

25. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın rədd olunması həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan pis niyyətlə sui-istifadə etməsin yaxud hüququn verdiyi imkandan istifadə edərkən qanunvericiliyin imperativ və dispozitiv şərtinə əməl etsinlər. Əks halda mülki hüquqda alqı-satqı münasibətləri, müqavilə azadlığı, müqavilənin dispozitiv şərtləri institutlarının yaranmasına da zərurət və əsas olmazdı. 26.Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4092/2022 saylı, 14 noyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

27. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4092/2022 saylı, 14 noyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar