Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1243/2025 04.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə (açar sözlər:əsassız borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X5 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi barədə mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 noyabr 2024-cü il tarixli, 2(011)-6873/2024 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh apellyasiya şikayətlərinə əsasən mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.30 noyabr 2020-ci il tarixli ******* saylı “Təbii X4nın pozulması haqqında” aktından görünür ki, “mənzildə sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə aşkarlandı. Dəymiş ziyan hesablansın və ödənilsin” nöqsanı qeyd edilmiş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir.
2. Cavabdeh İB-nin 30 noyabr 2020-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamədən görünür ki, istehlakçı İddiaçı məxsus abonent koduna (**********00000) 30 noyabr 2020-ci il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 8856 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur.
3. “Təbii X4nın pozulması haqqında” 30 sentyabr 2019-cu il tarixli ******* saylı aktdan görünür ki, İddiaçı məxsus **********00000 abonent kodu üzrə “laboratoriyanın 30 noyabr 2019-cu il tarixli 29/1710-01915-1 saylı rəyinə əsasən 1202AQ**********4 nömrəli sayğacın xətaları təyin edilə bilmədi, dəymiş ziyan hesablansın və ödənilsin” nöqsanı qeyd edilmişdir.
4. Cavabdeh İB-nin 30 sentyabr 2019-cu il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamədən görünür ki, istehlakçı İddiaçı məxsus **********00000 abonent koduna xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 1728 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur.
5. 01 avqust 2024-cü il tarixli “Abonent Saldosu”ndan görünür ki, İddiaçı məxsus **********00000 saylı abonent hesabına “Qalıq və aktlar” bölməsi üzrə 09/2019-cü il tarixə 172,80 manat, 11/2020-ci il tarixə 885,60 manat və 05/2020-ci il tarixə ödəniş qrafasında - 618, qeyri-ödəniş qrafasında -621 manat göstərilmişdir.
6. 01 avqust 2024-cü il tarixli Gasrep sənədindən görünür ki, Maştağa qəsəbəsi, Sabir küçəsi, bina 0140, mənzil 0000, üzrə abonent İddiaçı, həmin ünvan üzrə abonent kodu **********00000-dır, abonentə 12/2012 tarixi üzrə 820,2 manat borc yazılmış, 04/2020 tarixinə qalıq borcu 621 manat olmuşdur.
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İB-i tərəfindən onun ünvanına əsassız olaraq hesablanmış 1678 manat 80 qəpik borc məbləğinin **********00000 saylı istehlakçı hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ona məxsusdur. Həmin ünvanda iddiaçı öz ailə üzvləri ilə birlikdə yaşayır. Ona məxsus yaşayış evinə Cavabdeh İB-nin əməkdaşları tərəfindən qaz sayğacı quraşdırılıb və o istifadə etdiyi təbbi qazın pulunu sayğacın göstəricilərinə əsasən ödəyib, heç bir borcu olmayıb. 30 sentyabr 2019 və 30 noyabr 2020-ci il tarixlərində cavabdehin əməkdaşları tərəfindən onun ünvanına xəbəri olmadan iki ədəd “Təbii X4nın pozulması haqqında” ******* və ******* saylı aktlar, aktlara müvafiq olan tələbnamələr tərtib edilmişdir. 30 sentyabr 2019-cu il tarixli ******* saylı akta əsasən guya o qaz sayğacına müdaxilə etməyi səbəbindən 172 manat 80 qəpik və 30 noyabr 2020-ci il tarixli ******* saylı akta əsasən guya o təbii qazdan sayğacdan kənar əlavə xətt vasitəsilə istifadə etməyi səbəbindən 885 manat 60 qəpik və bundan əlavə heç bir akt və tələbnamə tərtib edilmədən 2020-ci ilin may ayına 621 manat həcmində mənfiyə işləyən qaz həcmi hesabına əsassız olaraq borc kimi qeyd edilmişlər. Cəmi 1678 manat 80 qəpik borc məbləğinin **********00000 saylı istehlakçı hesabına qeyd etmişlər.
9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 noyabr 2024-cü il tarixli, 2(011)- 6873/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunaraq İddiaçı **********00000 saylı abonent koduna Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üzrə hesablanmış 1058,40 manat borc silinməsi qət edilmişdir.
10. Qətnamə onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən evə quraşdırılmış **********00000 abonent kodlu qaz sayğacı İddiaçı adınadır, o həmin ünvanda yaşayır və təbii qazdan qaz sayğacı vasitəsilə istifadə edir, sayğaca baxış keçirilən zaman “xx.xx.2020-ci il tarixli ******* saylı akta əsasən fərdi evdə “X4”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur” əsası ilə akt tərtib olunmuş və həmin aktlar nəticəsində abonentin – iddiaçının **********00000 saylı abonent hesabına “Qalıq və aktlar” qrafasında 09/2019 tarixi üçün 172,80 manat, 11/2020 tarixi üçün 885,60 manat borc hesablanmış, həmçinin 05/2020 tarixi üzrə ödəniş qrafasında “-618 (-621)” manat yazılmışdır, iddiaçı həmin məbləğin silinməsini tələb edir. Bununla belə, Akt əsasında 09/2019 tarixə yazılmış 172,80 manat və 11/2020 tarixə 885,60 manat borc məbləği ilə bağlı iddiaçı tərəfindən sayğaca müdaxilə olunmasına, təbii qazdan sayğacsız istifadə edilməsinə dair hallar, sayğacda yaranmış nasazlıqla bağlı iddiaçının təqsirini sübut edən hallar, həmçinin 05/2020 tarixi üzrə ödəniş qrafasında yazılmış “-618(-621)” manat borcun əsassız olmasına dair hallar iş materiallarından görünmür və bu hallara dair cavabdeh tərəfindən də hər hansı sübut təqdim edilməmiş, belə hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir Məhkəmə qeyd edir ki, əvvəla, iddiaçıya məxsus mənzildə quraşdırılan sayğaca baxış keçirilən zaman sayğaca müdaxilə edilməsi əsası ilə akt tərtib edilsə də, Aktlar əsasında “Qalıq və aktlar” qrafasında 09/2019 tarixi üçün 172,80 manat 11/2020 tarixi üçün 885,60 manat borc məbləği ilə bağlı iddiaçı tərəfindən sayğaca müdaxilə olunmasına dair hallar, sayğacda yaranmış nasazlıqla bağlı iddiaçının təqsirini sübut edən hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir, ikincisi, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni Cavabdeh İB daşıyır, üçüncüsü, qanunvericiliyə uyğun olaraq, istehlakçının qazın talanmasında təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyətinə malik olan orqan (qurum), cinayət təqibi orqanı və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb edə bilər. Məhkəmə, 620,4 manat məbləğində borcun silinməsi ilə bağlı qeyd edir ki, həmin məbləğ iddiaçının abonent hesabına əvvəlcədən yazılmış qalıq borcu olmaqla, onun öz borcudur və həmin məbləğin silinməsi üçün heç bir əsas yoxdur. Buna görə də, iddia tələbi həmin hissədə əsaslı deyildir. Belə olan halda fiziki şəxs olan istehlakçıların qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, o cümlədən, sayğaca müdaxilədə iddiaçının təqsiri müəyyən edilmədiyindən, iddia tələbi təmin edilməli, cavabdeh tərəfindən iddiaçının hesabına (abonent kodu: **********00000) itirilmiş qazın bərpası məqsədilə yazılmış 1058,40 manat məbləğində borc silinməlidir.
11. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 560-cı, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə, “X4nın” 4.8, 5.2-ci bəndlərinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
12. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməklə iddianın tam təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir
13. Şikayətin dəlillərinə görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən «X4»nın 2.2.2-ci bəndinə əsasən, istehlakçı tərəfindən istifadə olunmuş qazın qaz sayğacının göstəricisinə əsasən dəyərinin tam ödənilməsini ondan tələb etmək paylayıcının hüququdur. Təqdim edilmiş sayğacların saldoları, aktlar, fotoşəkillər sübut qismində araşdırılmamış, onlardan istifadə edilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədə göstərilən dəlillər işin faktiki və həqiqi hallarına tam uyğun olmadığından, işin faktiki və həqiqi halları məhkəmə tərəfindən tam, obyektiv və hərtərəfli araşdırılmadığından məhkəmə tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. İddiaçı tərəfindən sübut qismində sənədlər təqdim edilmişdir, lakin cavabdeh tərəfdən qanunsuz qoşulmanı həyata keçirməsini təsdiq edən halları sübut edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Abonent saldosu düzgün araşdırılmamışdır. Belə ki, məhkəmə 2020-ci ilin may ayında yazılmış 621 manatı ötən illərin debitor borcu kimi dəyərləndirmir və bu səbəbdən silinməsi haqqında qərar qəbul edə bilməmişdir. Halbuki məhkəmə qətnaməsi ilə iddiaçı tərəfindən silinməsi tələb olunan 1678,80 manat borcdan Qətnamə ilə silinməsi qət edilmiş 1058,40 manat çıxılanda silinməmiş qalıq borc məbləği 620,40 manat təşkil etməkdədir. Yəni 621 manat təşkil etmir. Halbuki məhkəmə məhz 621 manat borcun ötən illərin debitor borcu kimi hesab etmişdir. Məhkəmə iş üzrə hər-hansı ekspertiza keçirilməmiş və hakim öz şəxsi mülahizəsi əsasında hesablama aparmışdır. Hətta məhkəmənin gəlmiş olduğu qənaəti belə əsas götürsək, qeyd edilən borc məbləğinin 3 ildən artıq iddia müddəti keçmişdir. Belə ki, 621 manat borc abonent saldosundan da, görünür ki, 2020-ci ilin may ayında cədvəldə qeyd edilmiş və 2023-cü ilin may ayında müddəti bitmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə görə müqavilələr üzrə və 373.3-cü maddəsinə görə isə vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddətləri üç ildir.
14. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməklə iddianın təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Şikayətin dəlillərinə görə, istinad etdiyi müvafiq maddəyə əsasən bildirir ki, Cavabdeh əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun hazırlanmış aktlar iddiaçı tərəfindən birliyə vurulmuş zərərləri sübut edir. Bildirmək istəyir ki,Cavabdeh əməkdaşları tərəfindən hazırlanmış aktlar qanunvericiliyin tələblərinə uyğun hazırlanmışdır və bir nüsxəsi abonentə təqdim edilmişdir və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə olaraq bildirmək istəyirəm ki, əməkdaşları tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdə açıqaşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Tərəfindən təqdim olunmuş sübutlara, yəni aktlara hərtərəfli və tam baxılmayıb və hakim təqdim etdiyi sübutları nəzərə almamış və qətnamə qəbul edərkən lazımi qaydada əsaslandırmamışdır. Məhkəmə mülki işi araşdırarkən istehlakçının təbii qazdan istifadə etsə də ödənişin ödənilməməsini və ya istifadə olunmuş təbii qazın nədən qeydə aklına bilməməsini araşdırmamışdır. Halbuki bu deyilən meyarlar araşdırlsa abonentin Azəriqaz İB-yə dəymiş ziyanı öz təsdiqini tapmış olardı. Məhkəmə işin hərtərəfli araşdırlması üçün qanunvericliyin tələblərinə uyğun olaraq müvafiq prosessual hərəkətləri həyata keçirə bilərdi və bununla da qətnamə qanunvericliyin tələblərinə uyğun olmuş olardı. Məhkəmə, qətnaməsində borcun silinməsini təmin etsə də, amma buna əsas gətirməmişdir. Məhkəmə iddiaçının sübuta söykənməyən mülahizəsini əsas götürmüşdür. Həmçinin, qeyd etmək istəyir ki, hakim iddianı nəyə görə və hansı sübutlara əsaslanaraq təmin etdiyini öz qərarında tam bildirməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. İddiaçının nümayəndəsi X3 cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə etdiyini bildirdi.
18. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.
Tətbiq edilən hüquq
19. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
20. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 13.8. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Maddə 13.9. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə” qaydaları: Maddə 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; Maddə 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; Maddə 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; Maddə 6.6. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir; Maddə 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir;
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
23. İddiaçı apellyasiya şikayəti ilə qətnamənin ləğv edilərək iddianın tam təmin edilməsi, cavabdeh isə apellyasiya şikayəti ilə qətnamənin ləğv edilərək iddianın rədd edilməsi tələb etdiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
Apellyasiya instansiyasın məhkəməsinin mövqeyi
24. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
25. Məhkəmə kollegiyası şikayətin Cavabdeh İB-nin əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun hazırlanmış aktların cavabdeh tərəfindən birliyə vurulmuş zərərləri sübut etməsi barədə dəlili ilə razılaşmır.
26. Belə ki, iddiaçının qanunsuz qoşulma faktınının təsdiqi kimi istinad etdiyi aktlardan müəyyən edilir ki, həmin aktlar cavabdeh tərəfindən imzalanmamış, aktların hazırlanmasına hal şahidləri cəlb edilməmiş, hər iki akt iddiaçının əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmişdir. Həmçinin, iddiaçı “X4”nın 6.5 və 6.7-ci bəndlərinin tələblərinə əməl etməyərək, qaz xəttinə qanunsuz qoşulma aşkar edilən kimi qaz paylayıcısı olaraq qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmamış, dəymiş ziyanın ödənilməsi ilə bağlı tədbir görməmişdir.
27. Belə olan halda, qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərinə riayət edilmədən birtərəfli qaydada tərtib edilmiş aktlar mötəbər sübut kimi qəbul edilə bilməz.
28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin aktlar tərtib olunarkən çəkilən fotoşəkillərin də qanunsuz qoşulma faktını təsdiq etməsi barədə dəlilləri ilə də razılaşmır.
29. Ona görə ki, həmin fotoşəkillərin nə vaxt, hansı ünvanda çəkilməsi, qanunsuz qoşulma faktını hansı formada əks etdirdiyi, əgər həqiqətən aktların tətibi zamanı çəkilmişsə hansı fotoşəkilin hansı aktın tərtibi zamanı çəkildiyi və s. hallar müəyyən edilmədiyindən müstəqil sübut kimi qanunuz qoşulma faktını müəyyən edə bilməz.
30. İddiaçının apellyasiya şikayətinin dəlilini abonent saldosunun məhkəmə tərəfindən düzgün araşdırılmaması və 621 manat borcun əsassız olaraq silinməməsi təşkil edir.
31. Bununla bağlı birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, 01 avqust 2024-cü il tarixli Gasrep sənədindən də göründüyü kimi, həmin məbləğ iddiaçının abonent hesabına əvvəlcədən yəni 2020-ci ilin aprel ayına yazılmış qalıq borcu olmaqla, onun öz borcudur və həmin məbləğin silinməsi üçün heç bir əsas yoxdur.
32. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin olunması ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətlərinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətləri təmin edilməməlidir.
33. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 noyabr 2024-cü il tarixli, 2(011)- 6873/2024 nömrəli qətnaməsindən Cavabdeh və İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 noyabr 2024-cü il tarixli, 2(011)- 6873/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.