Məhkəmə qərarları › İş №2(103)-1250/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1250/2020

06.02.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1250/2020 06.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Elşən Cələddin oğlu Kazımovdan ibarət tərkibdə, Kərimova Aytən Nadir qızının katibliyi, İddiaçı,onun nümayəndəsi-vəkil Şahverənov Eynulla Qüdrət oğlunun, Cavabdeh X3, onun nümayəndəsi-vəkili Quliyev Mahir Xəlil oğlunun, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X10, Cavabdeh2 və üçüncü şəxslər 52 saylı notariat kontoru, DƏDRXİ-nin Abşeron Rayon Ərazi İdarəsi və Bakı şəhər Ərazi İdarəsinə qarşı etibarnamənin, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqavilələri əsasında verilmiş çıxarışların ləğv edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 oktyabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-6073/2019 saylı 14 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, X5, Cavabdeh2 və üçüncü şəxslər Bakı şəhəri 52 saylı notariat kontoruna, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Abşeron rayon Ərazi İdarəsinə və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı etibarnamənin və bağlanmış bütün əqdlərin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1, X5, Cavabdeh2 və üçüncü şəxslər Bakı şəhəri 52 saylı notariat kontoruna, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin Abşeron rayon Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun tərəfindən Cavabdeh1 Bakı şəhəri 52 saylı notariat kontorunda verilmiş 25.09.2015-ci il tarixli (reyestr nömrəsi 7E-15204) etibarnamənin ləğv edilməsi, bağlanmış bütün əqdlərin, verilmiş çıxarışların etibarsız hesab edilməsi və bununla bağlı yaranmış bütün hüquqi nəticələrin ləğv edilməsi, 10 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı, Cavabdeh1 ilə təsadüfən tanış olmuş, münasibətləri dostluğa çevrilmiş, cavabdeh tez-tez iddiaçının ailəsi ilə yaşadığı ünvan 1 ünvanında yerləşən mənzilə qonaq gəlməyə başlamışdır. O, özünü işgüzar şəxs kimi göstərmiş, hətta bir dəfə bankdan iddiaçıya kredit lazım olmuş, cavabdeh tez bir zamanda kreditin əldə olunmasına köməklik göstərmişdir. Onun bacarıqlı olduğunu nəzərə alaraq, həyat yoldaşı ilə məsləhətləşərək yaşadığı ünvanda yerləşən mənzilin dövlət qeydiyyatına alınması ilə bağlı çıxarışın alınması ilə əlaqədar onlara köməklik göstərməsi üçün cavabdehə müraciət etmişlər. Cavabdeh problem olmadığını və bu məsələnin tezliklə həll edəcəyinə söz vermiş, iddiaçı mənzillə bağlı müvafiq sənədləri cavabdehə təqdim etmişdir. İddiaçı fərdi yaşayış evini torpaq sahəsi də daxil olmaqla 2004-cü ildə almışdır və bugünə kimi həmin mənzildə yaşayırlar. Cavabdeh tezliklə iddiaçının ailəsi ilə yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair hüquqların dövlət qeydiyyatına haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almağa köməklik göstərmişdir. Çıxarışın alınması ilə bağlı Xırdalan şəhərinə getmiş, sənədi alanda çıxarışın müvafiq bəndində Abşeron rayonu, X26 ərazisi, Musa Nağıyev küçəsi, ev 8 yazıldığını görmüş, iddiaçı hazırda Zəfəran sovxozunun olmadığını, Bilgəh qəsəbəsinin Sabunçu rayonuna aid olduğunu cavabdehə bildirmiş, lakin cavabdeh ona sənədin düz olduğunu, bu ərazilərin hələ də Abşeron rayonuna aid olduğunu bildirmiş, qeyd etmişdir ki, səhv olsaydı dövlət qurumu bu sənədi verməzdi. Bir müddət sonra iddiaçıya özünün və qızının xəstəliyi ilə əlaqədar iddiaçıya pul lazım olmuş, onun və qızının gözlə bağlı problemi olduğu üçün təcili əməliyyata ehtiyacları olmuş, bununla bağlı İrana getməli idilər. Bu məqsədlə iddiaçı cavabdehə tanış olduğu bankdan 20 000 manata yaxın kredit götürməsini xahiş etmiş, cavabdeh kredit almaqla bağlı iddiaçıya köməklik göstərməsinə razılıq vermişdir. Lakin, vaxt keçməsinə baxmayaraq, kreditin alınması ilə bağlı cavabdehdən bir xəbər çıxmamışdır. İddiaçı bu barədə cavabdehdən soruşmuş, cavabdeh heç bir narahatçılığa ehtiyac olmadığını bildirmişdir. Cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək iddiaçıya demişdir ki, bankda kreditin verilməsi dayandırılıb, 1-2 aya verəcəklər, kreditin miqdarı çox olduğundan bank araşdırma aparır. Lakin bir gün cavabdeh iddiaçıya 29000 manat kredit götürəcəyini, iddiaçıya gözünün əməliyyat olunması üçün nə qədər lazımdırsa pul verəcəyini, yerdə qalan pulu isə cavabdehin özünün istifadə edəcəyini bildirmişdir. Lakin, kreditin götürülməsi üçün bankdan təminat istəyirlər. Cavabdehin adına əmlak olmadığı üçün iddiaçının evinin təminat göstərilməsini istədi. Bunun üçün isə onun adına etibarnamə lazım olduğunu bildirdi. Sabah pulun qaytarılmasında problem yaşanmasın deyə bunu istədiklərini bildirdi. İddiaçı cavabdehə pulu onun adına götürülməsini bildirmiş, lakin cavabdeh ona bildirmişdir ki, bankda onu tanıdıqlarına görə pulu yalnız cavabdeh özü götürə bilər. Münasibətlərini nəzərə alaraq iddiaçı buna etiraz etməmiş, 25.09.2015-ci ildə Bakı şəhəri 52 saylı notariat kontoruna gedərək orada Cavabdeh1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzilə iddiaçının adından çıxış etmək hüquqlarını 1 illik müddətinə ona həvalə etmişdir. Səhəri gün bank nümayəndələrindən heç kəs mənzilə baxış keçirmək üçün gəlməmiş, səbəbini soruşduqda cavabdeh bildirmişdir ki, kreditin verilməsi bir az gecikir, narahat olmasın. 10 gün sonra cavabdeh iddiaçıya bildirmişdir ki, bankda məsələlər hələ də uzanır, ona da pul lazımdır, bu baxımdan evi 29000 manata ona yaxın olan Rusiyadan gələn dostu X5 girov kimi verəcək. Bankda məsələlər həll olunduqdan sonra evi girov qoyub bankdan kredit alaraq 29000 manatı Mübariz Mikayılova qaytaracaq. Bu məsələ ilə bağlı narahat olmağa dəyməz, Mübariz onun dostudur. Yenə də iddiaçı buna etiraz etməmişdir. Lakin bu pulu iddiaçı uzun müddət gözləməli olmuş, bir gün qonşu onlara bir məktub vermiş, məktubda qeyd edilmişdir ki, mənzil ona satılmışdır. Səhəri gün iddiaçı işlədiyi yerdə Mübariz Mikayılovla və onun yanında gələn şəxslə görüşmüşdür (bu şəxs gələcəkdə evinin üçüncü alıcısı olacaqdı). Danışıqlar zamanı məlum olmuşdur ki, cavabdeh iddiaçının mülkiyyətində olan mənzili etibarnamə əsasında Mübariz Mikayılova ailəsinin razılğı olmadan satmışdır. Cavabdeh iddiaçının telefonlarına cavab vermir, yaşadığı ünvanda da yoxdur. Mübariz iddiaçıya bildirmişdir ki, cavabdehi tapsın, ona mənzil lazım deyil, pulunu istəyir. İddiaçı Mübarizə bildirmişdir ki, niyə mənzili görmədən, baxmadan almışdır. O, mənzilin şəkillərini gördüyünü bildirmişdir. Daha sonra məlum olmuşdur ki, Mübariz mənzili Cavabdeh2 satmışdır. Həmin şəxs də iddiaçını və həyat yoldaşını mənzildən çıxarılma tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmənin 13 may 2019-cu il tarixli qərarı ilə iddiaçının və ailəsinin yaşadıqları fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilmiş, məişət şəyaları ilə birlikdə evdən çıxarılması, evin boşaldılması ilə bağlı qərar qəbul edilmişdir. Hazırda mülki işlə bağlı iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Qeyd olunan ərazi Bilgəh Bələdiyyəsinə aid edilən torpaq sahəsidir. İddiaçı öz ailəsi ilə birlikdə 2004-cü il tarixdən həmin mənzildə qeydiyyatdadır və qeydiyyatdan çıxmamışlar. Necə ola bilər ki, qeydiyyatda olduqları mənzil iddiaçının və ailə üzvlərinin razılığı olmadan əvvəlcə Mübriz Mikayılova, daha sonra Cavabdeh2 satılmışdır. Alqı-satqı zamanı saxta arayışlardan istifadə olunaraq, bu ünvanda heç kimin yaşamadığı bildirilmişdir. Cavabdeh və Mikayılov Mübariz sənədləşmə işlərini həyata keçirərkən ünvan 3 ünvanından istifadə etmişlər. Əslində isə Bilgəh qəsəbəsində belə bir ünvan yoxdur. Cavabdehlər mənzili görmədən alqı-satqı etmişlər. Bu baxımdan İddiaçı tərəfindən Cavabdeh1 Bakı şəhəri, 52 saylı notariat kontorunda 25.09.2015-ci il tarixli etibarnamənin ləğv edilməli və bağlanmış bütün əqdlər, verilmiş çıxarışlar etibarsız hesab edilməli və bununla bağlı yaranmış bütün hüquqi nəticələr ləğv edilməlidir. Beləliklə, Cavabdeh1 onu və ailəsini aldadaraq külli miqdarda pul əldə etmək məqsədilə ünvan 4 ünvanda yerləşən mənzili qanunsuz olaraq satmışdır. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, məhkəmədən İddiaçı tərəfindən Cavabdeh1 Bakı şəhəri, 52 saylı notariat kontorunda 25 sentyabr 2015-ci il tarixli 7E-15204 reyestr nömrəli verilmiş Etibarnamənin və bağlanmış bütün əqdlərin; İddiaçı ilə (etibarnamə əsasında Cavabdeh1) X10 arasında bağlanmış 19 oktyabr 2015-ci il tarixli ( 4ə-2872 reyestr nömrəli: AN-İ N 0527201) Daşınmaz əmlakın alqı-satqı müqaviləsi, Azərbaycan Respublikası əmlak Məsəslələri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Abşeron rayon Ərazi İdarəsi tərəfindən verilmiş 30 aprel 2018-ci il tarixli (Seriya RX, N 1282818), ********** saylı dövlət qeydiyyat nömrəli çıxarışın; X10 ilə Cavabdeh2 Məmmadqulu oğlu arasında bağlanmış 12 dekabr 2018-ci il tarixli (4ə-3856 reyestr nömrəli; AN-İ N 0749417) Daşnmaz əmlakın alqı satqı mülqaviləsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Abşeron rayon Ərazi İdarəsi tərəfindən verilmiş 03 yanvar 2019-cu il tarixli (Seriya RX, N1440493), ********** saylı dövlət qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi va bununla bağlı yaranmış bütün hüquqi nəticələrin ləğv edilməsi; İddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumunun Cavabdeh1 tutulması barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı vəsatətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsini üçüncü şəxs qismində işə cəlb edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 sentyabr 2019-cu il tarixli qərardadı ilə İddiaçı vəsatəti təmin edilmiş, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi üçüncü şəxs işə cəlb edilmişdir İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilməmişdir. İddiaçı Dadaşov X16 rayon Məhkəməsinin 14 oktyabr 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməməsini, işə birtərəfli baxılmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi və digər əsasları göstərməklə, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə Cavabdeh1 və üçüncü şəxslər 52 saylı notariat kontoru, DƏDRXİ-nin Abşeron Rayon Ərazi İdarəsi və Bakı şəhər Ərazi İdarəsinin səlahiyyətli nümayəndələri kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini, apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş edən iddiaçının, şikayəti qəbul etməyərək təmin olunmamasını xahiş edən cavabdehlərin izahatlarını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, Sabunçu rayon Məhkəməsinin 14 oktyabr2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşdə olan AR ƏMDK yanında DƏDRX-nin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX setiyalı ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 9 tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınmışdır (qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********95- 10301), qeydiyyat tarixi 26.02.2013). İş materiallarında olan 25.09.2015-ci il tarixdə Bakı şəhəri 52 saylı notariat kontorunun xüsusi notariusu X11 tərəfindən təsdiq olunmuş (reyestrdə 7E-15204 nömrəsi ilə qeyd edilmiş) Etibarnamənin məzmunundan görünür ki, ünvan 5 ünvanında qeydiyyatda olan İddiaçı Cavabdeh1 etibarnamə üzrə aşağıda qeyd olunan səlahiyyətlər vermişdir: Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən 26.02.2013-cü il tarixli 54 nömrəli reyestr kitabının 63 nömrəli vərəqində qeydiyyata alınmış, ********** qeydiyyat nömrəsi, reyestr nömrəsi **********95- 10301 olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ona məxsus olan Abşeron rayonu, Bilgəh qəsəbəsi, Musa Nağıyev küçəsində yerləşən 8 nömrəli fərdi yaşayış evi üzərində məhdudiyyət və yüklülük olubolmaması barədə arayışı, Forma 2 arayışı alıb, gələcəkdə sərəncam verməyi, satmağı, bağışlamağı, ipoteka qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi etibar edir. Etibarnamə 1 il müddətinə verilmiş və 25.09.2016-cı il tarixədək qüvvədə olmuşdur. İş materiallarında olan İddiaçı ilə X10 arasında bağlanmış 19.10.2015-ci il tarixli 4Ə/2872 reyestrdə qeyd edilmiş alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş arxiv sənədlərinin surətindən görünür ki, müqavilə satıcı İddiaçı əvəzinə Bakı şəhəri 52 saylı notariat kontorunda 25.09.2015-ci il tarixdə verilmiş 15204 reyestr nömrəli etibarnamə əsasında nümayəndəsi Cavabdeh1 ilə X10 tərəfindən imzalanmışdır. Müqaviləyə əsasən, satıcı ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 84.8 kv.metr, yaşayış sahəsi 42.4 kv.metr, yardımçı sahəsi 42.4 kv.metr olan 2 otaqlı fərdi yaşayış evini alıcının mülkiyyətinə verir. Satıcı daşınmaz əmlakı 29000 manata satdı, alıcı isə həmin qiymətə aldı. İş materiallarında olan “Forma 2” saylı Arayışın surətindən görünür ki, həmin evdə İddiaçı (1972), X19 (1985), X6 (2005), X20 (2007), X12 (1947), X15 (1975) və X7 (1971) yaşayış yeri üzrə qeydiyyatdadırlar. İş materiallarında olan AZ-İ 070949 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X21 24 oktyabr 2003-cü ildə rəsmi nikaha daxil olmuşlar. Nikahdan sonra arvada “Dadaşova” soyadı verilmişdir. İş materiallarında olan, X7, X15, X13, X19 notariat kontoruna yazdıqları ərizələrində qeydiyyatda olduqları ünvan 7 ünvanında yerləşən İddiaçı məxsus olan fərdi yaşayış evinin ipoteka (girov) qoyulmasına, satılmasına və ya bağışlanmasına etirazlarının olmamasını bildirmiş, həmin ərizələr 08.08.2015-ci ildə Bakı şəhəri 17 saylı notariat kontorunun dövlət notariusu X8 tərəfindən təsdiq edilmişdir. İş materiallarında olan, xəzinə mədaxil orderindən görünür ki, 19.10.2015-ci il tarixdə 29000 (iyirmi doqquz min) manat məbləğində pul vəsaiti X10 tərəfindən təhvil verilmiş, Cavabdeh1 tərəfindən alınmışdır. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX-nin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX setiyalı ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 9 tam mülkiyyət hüququ üzrə X3 adına qeydə alınmışdır (qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********5-10301), qeydiyyat tarixi 30.04.2018). İş materiallarında olan satıcı X10 ilə alıcı Cavabdeh2 arasında 12.12.2018-ci il tarixdə bağlanmış və Abşeron rayonu 1 saylı notariat kontorunda təsdiq olunmuş (reyestrdə 4Ə-3856 nömrə ilə qeyd edilmişdir) Daşınmaz əmlakın alqı-satqı Müqaviləsinin surətindən görünür ki, satıcı ünvan 8 ünvanı ərazisində mülkiyyətində olan fərdi yaşayış evini 60 000 manata satmış, alıcı isə həmin qiymətə almışdır. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX-nin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmi RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Abşeron rayonu, X26 ərazisi, Musa Nağıyev küçəsi ev 8 tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydə alınmışdır (qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********95-10301), qeydiyyat tarixi 03.01.2019). İş materiallarında olan Abşeron rayon Məhkəməsinin 13.05.2019-cu il tarixli, 2(012)- 1580/2019 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və X14 qarşı mənzildən çıxarılma tələbinə dair iddiası təmin olunmuş, cavabdehlərin iddiaçının xüsusi mülkiyyətində olan ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evinə olan istifadə hüquqularına xitam verilməsi və onlara məxsus məişət əşyaları ilə birlikdə evdən çıxarılmaları, evin boşaldılaraq iddiaçıya təhvil verilməsi qət edilmişdir. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, İddiaçı Cavabdeh1 verdiyi etibarnamədə ünvan 5 ünvanında qeydiyyatda olan İddiaçı Cavabdeh1 mülkiyyət hüququ əsasında ona məxsus olan Abşeron rayonu, Bilgəh qəsəbəsi, Musa Nağıyev küçəsində yerləşən 8 nömrəli fərdi yaşayış evi üzərində məhdudiyyət və yüklülük olubolmaması barədə arayışı, Forma 2 arayışı alıb, gələcəkdə sərəncam verməyi, satmağı, bağışlamağı, ipoteka qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etmək səlahiyyəti vermiş, sonuncu həmin etibarnamədən çıxış edərək mübahisəli mənzili X5 29000 manata satmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 359.1-ci maddəsinə görə əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Həmin Məcəllənin 362.1 və 362.2-ci maddələrinə görə bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 144.1-ci maddəsinə görə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. O, təsdiqlədiyi müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 144.2-ci maddəsinə görə sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. Göründüyü kimi, qanunvericilik əqdin təmsilçi vasitəsilə də bağlana bilməsini nəzərdə tutmuş və Cavabdeh1 həmin vaxt İddiaçı tərəfindən ona verilmiş qüvvədə olmuş etibarnamə əsasında mülkiyyət hüququ ilə cavabdeh X2, alqı-satqı müqaviləsi notariat qaydasında təsdiqlənmişdır. Bu baxımdan, qeyd edilən alqı-satqı müqaviləsi qanunla nəzərdə tutulmuş qaydada bağlanmışdır və onun etibarsızlığı üçün iddiaçının dəlilləri – cavabdehəmülkiyyətində olan fərdi yaşayış evinə dair alqı-satqı müqaviləsinin bağlanması üçün deyil, həmin fərdi yaşayış evinin ipoteka qoyularaq bankdan pul götürülməsi üçün səlahiyyət verməsi – əsasızdır. Məhkəmə hesab edir ki, iddiaçının aldadılmasının nədən ibarət olması işin halları ilə müəyyən olunmur. Azərbaycan Respublikasının Mülki Məcəllənin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh1 onun etibarnamədən sui-istifadə etməsi nəticəsində alqı-satqı müqaviləsinin bağlanması barədə qənaətə gəlməsi də düzgün deyil. Belə ki, iş materiallarından görünür ki, həmin fərdi yaşayış evində yaşayış üzrə qeydiyyatda olan şəxslər Bakı şəhər 17 saylı notariat kontorunda yazdıqları ərizələrində fərdi yaşayış evinin satılmasına etiraz etməmələri barədə öz iradələrini ifadə etmişlər. Bundan başqa, məhkəmə iclasında İddiaçı nə üçün iddia etdiyi kimi Cavabdeh1 mülkiyyətində olmuş fərdi yaşayış evinin yalnız ipoteka qoyulması ilə bağlı səlahiyyət verməməsi, eyni zamanda fərdi yaşayış evinin bağışlanması, satılması ilə bağlı səlahiyyətlərini verməsini, yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərin fərdi yaşayış evinin yalnız ipotekaya qoyulması barədə iradə ifadələrini bildirmələrini izah edə bilməmişdir. Göründüyü kimi, etibarnamə ilə iddiaçı cavabdehə əmlak üzərində sərəncam vermək səlahiyyətini vermiş və həmin əmlakın satılması iddiaçının iradə ifadəsinə uyğun olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi ilə razılaşaraq, hesab edir ki, İddiaçı adından Cavabdeh1 ilə digər cavabdeh X10 arasında bağlanmış və 19.10.2015-ci il tarixdə Abşeron rayon 1 saylı notariat ofisinin xüsusi notarisu tərəfindən təsdiq edilmiş AN-İ ******* saylı alqı-satqı müqaviləsi bağlanan zaman Cavabdeh1 İddiaçı adından çıxış etmək səlahiyyəti olmuş və qanunvericilik normalarına uyğun olaraq alqısatı müqaviləsi bağlanmış və notariat orqanı tərəfindən təsdiq edilmişdir. Eyni zamanda X10 ilə Cavabdeh2 arasında bağlanmış və 12.12.2018ci il tarixdə Abşeron rayon 1 saylı notariat ofisinin xüsusi notarisu tərəfindən təsdiq edilmiş AN-İ ******* saylı alqı-satqı müqaviləsi qanunvericilik normalarına uyğun olaraq alqı-satı müqaviləsi bağlanmış və notariat orqanı tərəfindən təsdiq edilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, istər İddiaçı etibarnamə əsasında fərdi yaşayış evinin mülkiyyətçisi adından çıxış edərək X5 satması barədə daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, istərsə də həmin fərdi yaşayış evinin X10 tərəfindən Cavabdeh2 Məmməd oğluna satılması barədə alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslardan heç biri hazırki işdə mövcud deyil.Əksinə, həmin alqı-satqı müqavilələri üzrə alıcılar tərəfindən fərdi yaşayış evinin dəyərinin tam ödənilməsi, əmlakın mülkiyyətçisi və mülkiyyətçinin adından çıxış edən nümayəndənin səlahiyyəti ilə bağlı cavabdeh X4 hər hansı şübhənin olmaması, bu səbəbdən cavabdehlərin vicdanlı əldə edən olması kimi hallar işin materialları ilə müəyyən edilir. Bundan başqa, alqı-satqı müqavilələri bağlanarkən iddaçının fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış hüquq olmuş, həmin vaxt reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olmuş və əldə edən şəxs kimi cavabdeh X3, sonradan Cavabdeh2 bu qeydin məzmunu ilə bağlı hər hansı şübhəsi də olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 140-cı maddəsinə görə də reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Göründüyü kimi, Mülki Məcəllənin 140-cı maddəsində də əqdin həqiqi sayılması üçün reyestrdəki əldə edən şəxsin xeyrinə olan qeydə dair etirazın reyestrə daxil edilməməsi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bilməməsi əsas şərtdir. Başqa sözlə, əqd o vaxt həqiqi sayılmır ki, bu qeydə dair etiraz reyestrə daxil edilmiş olsun və ya əldə edən şəxs qeydin qeyridəqiq olmasını bilmiş olsun. Hazırki işdə isə əqdin həqiqi olmaması üçün Mülki Məcəllənin 140-cı maddəsində müəyyən edilən hallar yuxarıda qeyd edildiyi kimi mövcud deyil. Məhkəmə kollegiyası qeyd edir ki,hazırki halda İddiaçı tərəfindən Cavabdeh1 25.09.2015-ci il tarixdə verilmiş etibarnamənin, həmin etibarnamə əsasında İborahim X1 arasında bağlanmış alqı-satqı müqaviləsinin və M.K.Mikayılovla Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqavilələrinin etibarsızlığı üçün heç bir əsas olmadığı üçün alqı-satqı müqaviləsi əsasında alınmış çıxarışın ləğv edilməsitələbi də əsassızdır. Belə ki, qeyd edilən tələblər əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsindən doğan tələblərdir və hazırki halda əmlakın alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi əsassız olduğundan və təmin edilmədiyindən, ondan doğan tələblərin də təmin edilməsi istina olunur. İşin hallarından görünür ki, iddiaçı etibarnamənin verilməsini qəbul etmişdir, lakin aldadıldığını, yanıldığını iddia edir, belə olan halda isə etibarnamənin verilməsi və onun əsasında müvafiq hərəkətlərin edilməsi işin mübahisəsiz haldır. İddiaçının hüququnun pozulduğunu bildiyi gün məhz etibarnamənin verildiyi gündür. İddiaçı isə həmin müddətdən 4 il sonra hazırkı tələbi irəli sürmüşdür. Digər tərəfdən qeyd edilməlidir ki, iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim olunmuşdur. Hətta belə ərizənin təqdim olunmaması halında belə müddətin tətbiq etdilməsi mümkündür. Məhkəmə kollegiyası qeyd edir ki, əqdlərin etibarsızlığı ilə bağlı müəyyən olunmuş müddət iddia müddəti deyil, kəsici müddətdir, kəsici müddətin tətbiq edilməsi ilə bağlı isə ərizənin verilməsi mütləq deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və yaxud bilməli olduğu vaxtdan hesablanır. Həmin Məcəllənin 354-cü maddəsin əsasən əhmiyyətsiz əqdin etibarsızılığının nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin məcəllənin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə ttulmuş hal istisna olmaqla, maraqlı şəxsin əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib Əhmyyəti yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu anadan bir ay ərzində mübahisə edilə bilər. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, iddiaçı əqdin etibarsızlığına dair fərqli əsaslardan çıxış edir, bir halda aldadıldığını, digər halda isə ev satılarkən həmin evdə yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərin evin satılmasına razılıq verməməsini göstərir. Bu baxımdan məhkəmə qeyd edir ki, iddiaçı həmin əsasların hər biri üçün qanunla müəyyən olunmuş müddətləri də ötürmüşdür. Qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi iddiaçının subyektiv hüququnun pozulması nəticəsi düzgün hesab edilsə belə, yenə də iddia müddətini ötürməsi səbəbindən iddia təmin edilə bilməzdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hal-hazırda hazırkı iddia tələblərinin təmin olunması üçün hüquqi əsaslar olmadığından, iddia ərizəsini təmin etməməklə birrinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçıtərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçurayon Məhkəməsinin hazırkı iş üzrə 14 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar