Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1250/2021 18.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi X4 iştirakı ilə İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, həmin Xidmətin 1 saylı Bakı Ərazi İdarəsinə və “Hərracların Təşkili üzrə Auksion Mərkəzi”nə qarşı “hərracın etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (Xidmət), həmin Xidmətin 1 saylı Bakı Ərazi İdarəsinə (İdarə) və “Hərracların Təşkili üzrə Auksion Mərkəzi”nə (Mərkəz) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mərkəz tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, “AB” y/ş, 6 saylı binanın zirzəmisində yerləşən 17,5 m2 sahənin satılmasına dair keçirilmiş hərracın və onun nəticələrinin etibarsız hesab edilməsi, eləcə də İdarə tərəfindən verilmiş Seriya RX ******* nömrəli xx xxxx 2019-cu il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, xx xxxxxx 2009-cu il tarixdə Dövlət X9 üzrə Dövlət Komitəsinin sədr müavini ilə “Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında” 8950 saylı icarə müqaviləsi bağlamış, müqaviləyə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, 6 saylı binada (registr N-***-*******8-002) yerləşən, ümumi sahəsi 17,5 m2 təşkil edən qeyri-yaşayış sahəsi ona icarəyə verilmiş, həmin ərazi anbar kimi istifadə olunmuş, 2018-ci ilin mart ayına kimi icarə müqavilələrinin vaxtı artırılmışdır. 2018-ci ilin mart ayında müqavilənin vaxtı başa çatmış, müqavilənin müddətinin artırılması üçün etdiyi müraciətə, qeyri-yaşayış sahəsinin hərraca çıxarılacağı və bu barədə ona xəbər olunacağı cavabı verilmişdir. Lakin uzun müddət keçsə də heç bir xəbər gəlməmiş, bir müddət əvvəl isə ona məlum olmuşdur ki, Əmlak Məsələləri Dövlət Komitəsi sahənin uzun müddət istifadəçisi kimi ona heç bir xəbərdarlıq etmədən hərrac təşkil edərək qeyri-yaşayış sahəsini X2. Həmin sahəyə bitişik 6 nömrəli binanın zirzəmisində ona məxsus qeyri-yaşayış sahəsi var və hərracda satılan sahənin giriş-çıxış qapısı mövcud olmadığından yalnız onun mülkiyyətində olan ərazidən keçməklə ora daxil olmaq olur. Qeyri-yaşayış sahəsinin alqı-satqısı ilə bağlı keçirilmiş hərraclarda satın almaqda üstünlük hüququna malik olmasına baxmayaraq bu hüququ pozulmuş, əmlakın satılması barədə ona yazılı bildiriş verilməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv, iddia tələbinin isə təmin edilməsini xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmadığını, sübutlara düzgün qiymət vermədiyini, maddi hüquq normasını düzgün tətbiq etmədiyini, illərdir istifadəsində olan əmlakın ona xəbər verilmədən başqa şəxsə satılmasının qanunverciliyin pozuntusu olduğunu nəzərə almadığını irəli sürmüşdür. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmiş, işə baxılmasının yeri və vaxtı barədə xəbərdar edilmiş İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, həmin Xidmətin 1 saylı Bakı Ərazi İdarəsinin və “Hərracların Təşkili üzrə Auksion Mərkəzi”nin nümayəndələri, həmçinin apellyasiya baxışı zamanı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində prosesə cəlb olunmuş X7 isə məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. İşin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına görə, Bakı şəhəri, Suraxanı qəsəbəsi, AB yaşayış sahəsində yerləşən 6 saylı binanın zirzəmisindəki 16,7 m2 sahəsi olan qeyriyaşayış sahəsi iddiaçının xüsusi mülkiyyətindədir; həmin sahəyə bitişik, dövlət mülkiyyətində olan 17,5 m2 ölçülü qeyri-yaşayış sahəsi isə xx.xx.2009-cu il tarixdən etibarən eyni tarixli icarə müqaviləsi əsasında iddiaçının istifadə və sahibliyində olmuş, müqaviləyə əsasən o, Dövlət X9 üzrə Dövlət Komitəsinə icarə haqqı ödəmişdir. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, iddiaçının icarəsinə verilmiş sözügedən qeyri-yaşayış sahəsi xx.xx.2019-cu il tarixdə 1750 manat qiymətlə hərraca çıxarılmış, Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən həmin əmlakla bağlı keçirilmiş hərracda göstərilən qiymətə X3 hərracın nəticələri haqqında eyni tarixli 04/02 saylı protokol tərtib olunmuş, xx.xx.2019-cu il tarixdə isə əmlakın adı çəkilən şəxsə satılmasına dair Əmlak Məsələləri Dövlət Komitəsi ilə onun arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Birinci instansiya məhkəməsi, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri tərəfindən xx xxxxxx 2017-ci il tarixdə verilmiş 14 saylı Sərəncamla “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2000-ci il tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi haqqında Əsasnamə”yə və "Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi Qaydaları”na uyğun olaraq sərəncamın əlavəsində göstərilmiş əmlakların 100 % dəyəri ilə icarəçilərə satın alınması üçün təklif edilməsini, həmin əmlaklara, o cümlədən İddiaçı icarəyə verilmiş qeyri-yaşayış sahəsinə aid bağlanmış icarə müqavilələrinin xx xxxxxx 2017-ci il tarixdən etibarən qüvvədən düşməklə sözü gedən əmlakın 3500 manata İddiaçı təklif edilməsinin qərara alındığını, əmlakın ona satılması məqsədilə xx xxxxxx 2017-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmasına baxmayaraq, onun 30 gün ərzində əmlakın dəyərini ödəmədiyini, beləliklə də cavabdehlərin heç bir prosedur pozuntuya yol vermədiyini vurğulamaqla müvafiq nəticəyə gəlmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi həmin nəticəyə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmaması və sübutlara düzgün hüquqi qiymət verməməsi səbəbindən gəlmiş, bununla həm də qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmamasına yol açmışdır. Belə ki, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sonradan özəlləşdirmək şərti ilə icarəyə verilmiş dövlət əmlakının satın alınması Dövlət Proqramında və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydaya müvafiq olaraq həyata keçirilir. “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın 4.6.4-cü maddəsinə görə, icarə müəssisəsinin struktur bölməsinin ayrıca özəlləşdirilməsi haqqında qərar həmin bölmənin ayrıca fəaliyyət göstərməsi, onun texnoloji cəhətdən müəssisə ilə bağlılığı, ərazi baxımından ayrılmasının mümkünlüyü və s. bu kimi amilləri nəzərə almaqla Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən qəbul edilir. Bu qərar qəbul edildikdə icarəyə götürülmüş əmlak 100% dəyəri ilə icarəçiyə təklif olunur. İcarəçilər icarəyə götürdükləri əmlakı almaqdan imtina etdikdə həmin əmlak İİ Dövlət Proqramında nəzərdə tutulmuş qaydada özəlləşdirilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2000-ci il tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi haqqında Əsasnamə”nin 18-ci bəndində də yuxarıda göstərilən qayda müəyyən olunmuşdur. “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi Qaydaları”nın 4.2.1-ci bəndinə görə də icarəçi tərəfindən icarəyə götürülmüş qeyri-yaşayış sahələri ilk növbədə 100 faiz dəyəri ilə icarəçiyə təklif olunur. İcarəçi həmin sahəni almağa razılıq verdikdə onunla Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi arasında alqı-satqı müqaviləsi bağlanılır. İcarəçi, ona müvafiq təklif edildikdən 1 ay ərzində həmin qeyri-yaşayış sahəsini 100 faiz dəyəri ilə almaqdan imtina etdikdə və ya bu müddət ərzində alqı-satqı müqaviləsi bağlamadıqda, obyekt Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən “Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı Qaydaları”na müvafiq olaraq özəlləşdirilir. Həmin Qaydaların 4.2.2-ci bəndinə görə isə, icarə obyekti (qeyri-yaşayış sahəsi) bu bəndin 1-ci abzasında göstərilən hallarda özəlləşdirmə üçün açıq elan edildikdə və icarə müqaviləsi ləğv olunduqda mülkiyyət münasibətləri Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və “İcarə haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq həll edilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2000-ci il tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı Qaydaları”nın 1.2-ci bəndinə görə, hərraclar vasitəsi ilə dövlət əmlakının, habelə torpaq sahələrinin satışı özəlləşdirilən əmlak barəsində alıcıdan hər hansı bir şərtin yerinə yetirilməsi tələb olunmadan özəlləşdirmədə alıcı kimi tanınan fiziki və hüquqi şəxslərin mülkiyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada özgəninkiləşdirilməsidir. Bu zaman əmlak üzərində mülkiyyət hüququ hərracın gedişində maksimum qiymət təklif etmiş alıcıya verilir. Alıcı əmlakın hərrac dəyərini pulla ödəyir. Qaydaların 2.1-ci bəndinə görə, satıcı hərraca hazırıq mərhələsində hərrac gününə ən azı 30 (otuz) gün qalmış hərrac haqqında məlumatın Satıcının rəsmi mətbu orqanı olan “Mülkiyyət” qəzetində dərc olunmasını təmin edir. Qaydaların 6-cı bəndinə görə isə, özəlləşdirmə əqdləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və hallarda etibarsız hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə görə, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Şərh edilənlərdən də göründüyü kimi, icarəyə verilmiş dövlət əmakının özəlləşdirilməsi zamanı ilkin olaraq əmlak 100 faiz dəyəri ilə icarəçiyə təklif olunur; sonuncu icarəyə götürdüyü əmlakı almağa razılıq verdikdə, məhz onunla alqı-satqı müqaviləsi bağlanır və o, 30 (otuz) gün ərzində əmlakın dəyərini ödəyir; əks halda isə - yəni, o (icarəçi), əmlakı almaqdan imtina etdikdə və ya həmin təklifi aldığı andan 30 (otuz) gün ərzində əmlakın dəyərini ödəmədikdə əmlak hərraca çıxarılır və ya müəssisə ilə birlikdə özəlləşdirilir. Bu zaman hərracların keçirilməsi barədə keçmiş icarəçiyə ayrıca məlumat verilməsinə zərurət qalmır, yəni, keçmiş icarəçi də əmlakı almaq istəyən başqa şəxslər kimi hərracla bağlı ümumi elanı izləməlidir. Keçmiş icarəçi keçirilən hərracda (hərraclarda) iştirak etmək və obyekti ümumi əsaslarla (hərracda qalib gəlməklə) əldə etmək hüququnu özündə saxlayır. Bu baxımdan kollegiyanın qənaətinə görə, hazırkı mübahisənin düzgün həlli üçün hərracların keçirilməsi barədə iddiaçıya məlumat verilib-verilməməsi deyil, hərraca çıxarılmamışdan öncə əmlakın alınması üçün ona (iddiaçıya) təklif olunub-olunmamasının yoxlanılması mühüm əhəmiyyət kəsb edir. Kollegiya həmçinin qeyd edir ki, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” – “məhkəmə hüququ bilir” prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeləri hakim üçün heç bir halda məcburi deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında da göstərilmişdir ki, “apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır”. Bu kontekstdə kollegiya nəzərə alır ki, iddia tələbi mübahisəli əmlaka dair keçirilmiş hərracın nəticələrinin (hərracın nəticəsində bağlanmış hərrac protokolunun və alqı-satqı müqaviləsinin, habelə hərrac qalibinə verilmiş çıxarışın) etibarsız hesab edilməsi barəsindədir və bu mənada yuxarıda qeyd olunan prinsipə görə sözügedən hərracın qanunvericiliyin tələblərinə uyğun keçirilibkeçirilmədiyini müəyyənləşdirmək bilavasitə məhkəmənin vəzifəsidir. Ümumiyyətlə, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İşin müəyyən olunan hallarından görünür ki, mübahisəli qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi ilkin olaraq iddiaçıya təklif olunmadan, onun əmlakı almağa razılığının olubolmadığı aydınlaşdırımadan sözügedən əmlak hərraca çıxarılmışdır. İddiaçı ilə əmlakın alqısatqısına dair müqavilə bağlandığı, lakin onun 30 gün ərzində əmlakın dəyərini ödəməməsi səbəbilə əmlakın hərraca çıxırıldığı barədə birinci instansiya məhkəməsinin qənaətinə münasibətdə kollegiya qeyd edir ki, birincisi, məhkəmənin istinad etdiyi xx.xx.2017-ci il tarixli sənəd iddiaçı tərəfindən imzalanmadığından onu müqavilə kimi qiymətləndirmək mümkün deyildir; digər tərəfdən, əmlakın ilkin olaraq iddiaçıya təklif olunmasına dair cavabdehlər tərəfindən ümumiyyətlə heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Kollegiya xüsusilə qeyd edir ki, mübahisəli qeyri-yaşayış sahəsi ilkin olaraq iddiaçıya təklif olunmadığından, sonradan keçirilən hərrac barədə onun məlumatlı olub-olmaması da fərqli nəticəyə gəlmək üçün hər hansı əhəmiyyət kəsb etmir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər; həmin məcəllənin 416.2-ci maddəsinə görə isə, hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Kollegiya apellyasiya şikayətlərinin dəlillərindən asılı olmadan bir məsələyə də qiymət verməyi zəruri hesab edir: Mülki Məcəllənin 337.5-ci maddəsinə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. İş materiallarından aydın olur ki, X8 etibarsız hesab edilən əqd üzrə özəlləşdirdiyi əmlak üçün Əmlak Məsələləri Dövlət Komitəsinə satınalma məbləği ödəmiş və digər xərclər çəkmişdir. Bununla belə kollegiya, hazırkı icraat çərçivəsində Mülki Məcəllənin 337.5-ci maddəsinin tətbiqini (restitusiyanı) Hüseyn Qocayevin hüquqlarını məhdudlaşdıracağı qənaətilə məqsədəmüvafiq hesab etmir. Belə ki, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın 13-cü bəndinə görə, özəlləşdirmədən əldə olunmuş pul vəsaiti dövlət büdcəsinə daxil olur, dövlət əmlakının özəlləşdirilməsində müstəqil maliyyə məsləhətçisinin cəlb edilməsi, özəlləşdirmə ilə bağlı informasiya təminatının təşkili, müəssisələrin fəaliyyətinin dəstəklənməsi tədbirlərinin maliyyələşdirilməsi, dövlət əmlakının qorunub saxlanması və mühafizəsi, Azərbaycan Respublikasının mülkiyyət hüquqlarının qorunması ilə bağlı Respublikanı xarici ölkələrin müvafiq orqanlarında, habelə məhkəmə orqanlarında təmsil etmə xərclərinin ödənilməsi məqsədi ilə Komitənin hesabına bu vəsaitin 25%-i həcmində ayırmalar nəzərdə tutulur. Bu baxımdan kollegiya hesab edir ki, Hüseyn Qocayevin etibarsız əqd üzrə sərf etdiyi pul vəsaitlərinin (digər xərclərin) Komitə tərəfindən geri qaytarılmalı olan hissəsi (25%-i) konkret müəyyənləşdirilmədiyindən, digər məbləğlə bağlı isə Maliyyə Nazirliyinə qarşı tələb irəli sürülmədiyindən restitusiya məsələsinə mahiyyəti üzrə münasibət bildirilməməli və zəruri sübutlar təqdim etməklə müvafiq iddia tələbi ilə həm Əmlak Məsələləri Dövlət Komitəsinə, həm də Maliyyə Nazirliyinə qarşı tələb irəli sürmək hüququnun olduğu ona (Hüseyn Qocayevə) izah olunmalıdır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, mübahisəli əmlakın hərracdan satılması ilə bağlı qanunvericilik müddəalarının pozuntusu müəyyən edildiyindən iddia tələbi təmin olunmalıdır. Bu qənaətə gələrkən kollegiya, tədqiq olunmuş sübutlara əsasən gəldiyi daxili inamını da rəhbər tutaraq həm də onu nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün iddiaçının ödəmiş olduğu dövlət rüsumunun əvəzi qismində 16 (on altı) manat Əmlak Məsələləri Dövlət Xidmətindən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1771/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbləri təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, “AB” y/ş, 6 saylı binanın zirzəmisində yerləşən 17,5 m2 sahənin satılmasına dair “Hərracların Təşkili üzrə Auksion Mərkəzi” tərəfindən keçirilmiş hərrac, hərracın nəticələri haqqında xx xxxxxx 2019-cu il tarixli 04/02 saylı protokol və həmin əmlakın X1 dair onunla Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi arasında xx.xx.2019-cu il tarixdə bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilsin və X5 Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən həmin əmlaka dair verilmiş çıxarış ləğv olunsun. İddia ərizəsinin və apellyasiya şikayətini verərkən iddiaçının ödəmiş olduğu 16 (on altı) manat rüsum məbləği Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən alınaraq ona ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-1250/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1250/2021
18.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver