Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-12525/2019 13.11.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, «xxxxxxxx» (Azərbaycan) ASC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh «xxxxxxxx» (Azərbaycan) ASC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, X2 ilə cavabdeh «xxxxxxxx» (Azərbaycan) ASC arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli, 1160xx-xx-11600 saylı “İpoteka müqaviləsi (avtomobil)”nin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə, iddia rədd edilmişdir. İddiaçı, həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətdə Mülki Məcəllənin 213, 277, 377.1 və 377.2-ci maddələrinə, həmçinin Ailə Məcəlləsinin 32 və 33cü maddələrinə istinad edilmişdir. Məhkəmə iclasında iştirak edən «xxxxxxxx» (Azərbaycan) ASC-nin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun təmin olunmamasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İşin müəyyən edilmiş faktiki hallarından görünür ki, “xxxxxxxx” (Azərbaycan) ASC ilə X2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 116082-1-8234 saylı avtomobil krediti müqaviləsinə əsasən, Yalçın Məhərrəmova 60 ay müddətinə illik 18% hesablanmaqla 29.043 ABŞ dolları məbləğində kredit verilmiş, eyni tarixli 1160xx-xx-11600 saylı ipoteka müqaviləsinə əsasən, Yalçın Məhərrəmov mülkiyyətində olan “Kia Sportage minik” markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobili bank qarşısında ipoteka ilə yüklü etmişdir. Sonradan xx.xx.2016-cı il tarixdə bağlanmış həmin ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə 01 saylı razılaşmaya əsasən Yalçın Məhərrəmov bank tərəfindən verilmiş 18.117 ABŞ dolları məbləğində krediti 30 ay müddətinə xx.xx.2018-ci il tarixədək qaytarmağı və həmin kredit üzrə illik 18% ödəməyi öhdəsinə götürmüşdür. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Yalçın Məhərrəmovdan xx.xx.2013-cü il tarixli avtomobil krediti müqaviləsi üzrə xx.xx.2018-ci il tarixə ödənilməmiş 15.608,58 ABŞ dolları əsas, 2.388,11 ABŞ dolları faiz, 8,33 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 18.005,02 ABŞ dolları borcun “xxxxxxxx” (Azərbaycan) ASCnin xeyrinə tutulması, tələbin “Kia Sportage minik” markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılaraq satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi və s. qət edilmişdir. Hazırkı iş üzrə İddiaçı, Yalçın Məhərrəmovun arvadıdır. Qeyd edilənlər iddia ərizəsi, xx.xx.2013-cü il tarixli, 1160xx-xx-11600 saylı ipoteka müqaviləsi, xx.xx.2016-cı il tarixli ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə 01 saylı razılaşma, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi, Xətai rayon VVAQ şöbəsi tərəfindən xx.xx.2000-ci il tarixdə verilmiş Vİİ-JQ № 373436 saylı nikahın bağlanması haqqında şəhadətnamə və işdə olan digər sənədlərlə təsdiqlənir. Beləliklə, iddiaçı, avtomobilin girov qoyulmasına dair razılığının olmamasını əsas gətirərək, ipoteka müqaviləsinin etibarsız sayılmasını tələb edir. Cavabdeh isə iddiaya etiraz edərək, eyni zamanda iddia müddətinin tətbiqinə dair ərizə təqdim etmişdir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulan bir illik müddətin keçməsinə əsasən iddianı rədd etmişdir. Rayon məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, “iddiaçı, hazırkı idda tələbi ilə MM-in 354-cü maddəsində göstərilən iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Buna görə də, məhkəmə hesab edir ki, onun ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbi təmin olunmamalıdır.” Kollegiya, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianın rədd edilməsi haqqında düzgün nəticəyə gəlsə də, maddi hüquq normasını səhv tətbiq etmiş, iddianı yalnış hüquqi əsasla rədd etmişdir. Ona görə də, şikayət qismən edilməklə qətnamə ləğv olunmalı, iddia aşağıdakı hüquqi əsaslarla rədd edilməlidir. Belə ki, İddiaçı ipoteka müqaviləsinin etibarsız sayılması tələbi onun əri ilə birgə nikahı dövründə əldə etdiyi, bu səbəblə ümumi mülkiyyətdə olan daşınar əşyaya – avtomobilə sərəncam verilməsi (ipoteka ilə yüklü edilməsi) zamanı onun razılığının alınmadığına söykənir. Belə tələb, səlahiyyəti olmayan şəxsin əşyaya sərəncam verməsi əsasına görə əqdin etibarsızlığı iddiasıdır. Mülki Məcəllənin 358-ci maddəsinə görə, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Göründüyü kimi, əşyaya sərəncam verən şəxsin buna səlahiyyəti olmadıqda və ya səlahiyyətli şəxs belə sərəncamı sonradan bəyənmədikdə əqd etibarsız olmaqla heç bir hüquqi nəticə yaratmır. Çünki, Mülki Məcəllənin 337.1-ci və 337.4-cü maddələrinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Kollegiya bildirir ki, bəzi əqdlərin əsas etibarlılıq şərtini sərəncam səlahiyyəti təşkil etdiyi üçün həmin şərtin (razılıq və ya bəyənmənin) mövcud olmaması, mahiyyət etibarilə sözügedən əqdin əhəmiyyətsizliyinə dəlalət edir. Mülki qanunvericilikdə isə əqdin əhəmiyyətsiz (etibarsız) sayılmasına dair iddia qaldırılması zərurəti və bu səbəbdən belə tələblər üçün müddət (kəsici və ya iddia müddəti) nəzərdə tutulmamışdır. Ona görə ki, hansısa müddətin keçməsinə görə zəruri etibarlılıq şərti (o cümlədən sərəncamverici əqdlər baxımından sərəncam səlahiyyəti) olmayan əqd etibarlı hala gələ və hüquqi nəticə yarada bilməz. Belə əqdlər, heç bir şərt və hərəkətdən, o cümlədən müddətin keçməsindən və ya məhkəmə qərarından asılı olmayaraq bağlandığı andan özözlüyündən əhəmiyyətsizdir və hüquqi nəticə yaratmır. Bu səbəbdən əqdin əhəmiyyətsiz sayılması üçün məhkəmədə ayrıca iddia qaldırmağa gərək yoxdur (mübahisə halında əhəmiyyətsizliyin təsbit edilməsi üçün iddia qaldırılması istina olmaqla). Təsadüfi deyil ki, Mülki Məcəllənin 337.3-cü maddəsi “əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir” qaydasını təsbit etmişdir. Belə iddianı irəli sürməyə ehtiyac olmadığı halda təbii ki, bu cür tələb üçün müddət də nəzərdə tutulmaz. Mülki Məcəllənin 354.1-ci maddəsində (əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər) nəzərdə tutulan bir illik müddət isə əhəmiyyətsiz əqdin etibarsızlığı ilə bağlı iddia qaldırmaq müddəti olmayıb, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia irəli sürmək üçün nəzərdə tutulmuşdur. Etibarsız əqdin nəticələrinin nədən ibarət olması Mülki Məcəllənin 337.5-ci maddəsində göstərilir. Həmin maddəyə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məlum olduğu kimi, mülki hüququn subyektləri öz aralarında müxtəlif hüquq münasibətləri ilə bağlı əqdlər bağlaya bilərlər. Buna normada qeyd olunduğu kimi əşyanın verilməsi, hüququn yaranması, xidmətin göstərilməsi və s. daxildir. Mülki qanunvericilikdə əşyaların növləri və hüquqi rejimləri fərqləndirilmişdir. Belə ki, Mülki Məcəllənin 135.1-ci maddəsinə görə, bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 135.7-ci maddəsinə əsasən, başqa əşyalardan yalnız özlərinə xas əlamətlərə görə ayrılmış fərdi-müəyyən əşyalar əvəzedilməz əşyalar sayılır. Növ əlamətlərinə görə fərqlənən, dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınar əşyalar əvəzedilən əşyalar sayılır. Əşyaların bu bölgüsünün mühüm praktiki (o cümlədən hazırkı iş üçün) əhəmiyyəti vardır. Belə ki, əvəzedilən əşyalar qarşı tərəfə verildiyi andan təqdim edənin mülkiyyətindən çıxır. Çünki, pul və ya digər əvəzedilən əşya (un, düyü, taxıl və s.) verildiyi anda təbiəti etibarilə (dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilməsi ilə) onu əldə edənin əmlakına qarışır və mülkiyyətinə keçir. Keçmənin hüquqi əsası etibarsız olduqda həmin əşyaları əldə edən əsassız varlanmış sayılır. Bu səbəbdən əşyadan (ona mülkiyyət haqqından) məhrum olan şəxs, əşyanın özünü (məsələn, konkret nömrə ilə verdiyi pul əskinaslarını) geri istəyə bilməz. Bu halda onun həmin əşya dəyərində tələb (müəyyən məbləğdə pul və s. tələb etmək) hüququ yaranır. Ona görə də, belə tələblər üzrə “mülkiyyətin müdafiəsinə iddia müddəti tətbiq olunmaz” qaydası nəzərə alınmır və qanunverici bir illik iddia müddəti müəyyən edir. Əvəzedilməyən əşyalar baxımdan hüquqi rejim isə fərqlidir. Belə əşyalar keçərsiz hüquqi əsasla (o cümlədən etibarsız əqd üzrə) verildiyi halda əldə edənin sahibliyinə keçsə də, onun əmlak aktivinə qarşımadığı üçün (fərdi-müəyyən əlamətinə görə) əldə edən əşyanın mülkiyyətini qazanmır (oxşar mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin H.Cəfərovun şikayəti üzrə xx xxxxxxxx 2014-cü il qərarında da ifadə olunmuşdur). Bu halda əldə edənin əşyaya sahibliyi də qanunsuz sahiblik olur. Başqa sözlə, əşya üzərindəki mülkiyyət haqqı elə mülkiyyətçinin özündə qaldığına görə, əşyanı alan qarşı tərəf varlanmış olmur. Məhz buna görə mülkiyyətçi özündə qalan mülkiyyət haqqına istinad edərək qanunsuz sahib vəziyyətində olan müqavilənin qarşı tərəfindən əşyanı müddətsiz olaraq geri istəyə bilər (vindikasiya iddiası, MM. maddə 157.2.). Çünki Mülki Məcəllənin 384.0.4-cü maddəsinə görə, mülkiyyət və s. əşya hüquqlarına iddia müddəti şamil edilmir. Beləliklə, əhəmiyyətsiz əqd üzrə əldəetmə əsassız varlanma halı yaradırsa məhrum olan, etibarsızlığın nəticəsinin tətbiqi kimi MM-in 354.1-ci maddəsi çərçivəsində hüququnun pozulduğunu bildiyi vaxtdan 1 illik iddia müddətində verdiyini dəyər olaraq geri tələb etmək haqqına malikdir. Odur ki, qeyd edilən normadakı bir illik müddət əqdin əhəmiyyətsiz (etibarsız) sayılması tələbini irəli sürmək üçün müddət olmayıb, belə əqd üzrə əvəzedilən əşya əldə edənin mülkiyyətinə keçdiyi hallar üçün tələb hüququna tətbiq olunan iddia müddətidir. Baxılan işdə isə mübahisə predmeti olan əşya avtomobil olmaqla əvəzedilməyən əşyadır. Belə əşyaya sərəncam verilməsinə dair əqdin etibarsız sayılması tələbi irəli sürülərkən İddiaçı həmin əşya üzərində öz mülkiyyət haqqına istinad etdiyi üçün bu iddiaya müddət tətbiq oluna bilməz (MMin 384.0.4-cü maddəsi). Göstərilənlərə əsasən iddiaçının tələbinin MM-in 354.1-ci maddəsinə istinadən rədd edilməsi əsassız olmuşdur. Məhkəmə kollegiyası iddianı ona görə əsaslı saymır ki, Yalçın Məhərrəmov “Kia Sportage minik” markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobili ipoteka müqaviləsi üzrə «xxxxxxxx» (Azərbaycan) ASC-yə olan kredit borcuna görə girov qoymaq səlahiyyətinə malik olmuşdur. Ona görə ki, ər-arvadın ümumi birgə mülkiyyətində olan avtomobil daşınar əşya olduğu üçün onlardan biri həmin əşyaya sərəncam verə bilərlər. Çünki, ümumi mülkiyyətdə olan əşyaya mülkiyyətçilərdən biri tərəfindən sərəncam verilərkən digərinin buna razılığı qanunda prezumpsiya olaraq qəbul edilir. Mülki Məcəllənin 222.2-ci maddəsinə əsasən, birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Bu qaydadan istisna yalnız Mülki Məcəllənin 225.6-cı maddəsidir (daşınmaz əşyaya birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilənin etibarsızlığı). Bu istisna qaydanı geniş təfsir edərək daşınar əşyalara (o cümlədən rəsmi reyetrdə qeydə alınmış daşınar əşyalara) da tətbiq etmək yolverilməzdir. Çünki, Mülki Məcəllənin 11.4-cü maddəsinə görə, xüsusi münasibətləri tənzimləyən mülki qanunvericilik müddəaları (istisna normaları) analogiya üzrə tətbiq edilməməlidir. Beləliklə, ümumi mülkiyyətdə olan əşyaya sərəncam verildikdə mülkiyyətçilərdən biri əqdin etibarsızlığına o zaman istinad edə bilər ki, müqavilənin qarşı tərəfinin əşyaya sərəncam verən şəxsin buna səlahiyyətinin olmadığını bilmiş olsun. Çünki, Mülki Məcəllənin 222.3-cü maddəsinə görə, birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. Baxılan işdə isə iddiaçı, avtomobilin ipoteka ilə yüklü edilməsinə Y.Məhərrəmovun lazımi səlahiyyətinin olmamasını və cavabdehin bunu bildiyini, yaxud bilməli olmasını təsdiqləyən sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə, işin faktiki halarından görünür ki, avtomobil iddiaçının ərinin bankdan götürdüyü kreditin təminatı kimi girov qoyulmuşdur. Ailədə bir təsərrüfatı bölüşən arvadın isə ailə ehtiyacları üçün istifadə edilən avtomobili ərinin bu yolla aldığını bilməməsi həyatın təbii axarına uyğun deyil. Başqa sözlə, əksi sübuta yetirilmədiyi üçün Kollegiya, İddiaçı əri Yalçın Məhərrəmovun avtomobili banka girov qoymasını bilmədiyini inandırıcı saymır. Digər tərəfdən ümumi mülkiyyətçilərinin faktiki hərəkətləri, yəni 2013-cü ildə girov qoyulmaqla əldə edilmiş avtomobilin altı il ərzində istifadə olunması sözügedən əqdin bəyənildiyinə dəlalət edir. Mülki Məcəllənin 355-ci maddəsinə görə, əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur. Həmin Məcəllənin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Kollegiya iddianı rədd edərkən onu da nəzərə alır ki, avtomobil iddiaçının nikahda olduğu ərinin bankdan götürdüyü kredit borcunun təminatıdır. Hazırkı iddianın borc öhdəliyi vaxtında yerinə yetirmədiyinə görə məhkəmə qərarı ilə girovda olan avtomobilə tutma yönəldildikdən sonra qaldırılması yönəldilmənin qarşısının alınmasına cəhd kimi qiymətləndirilir. Kredit vəsaitindən yararlanmada ümumi mənafeyi olan İddiaçı ipoteka müqaviləsi bağlanarkən razılığının alınmamasına altı il keçdikdən (və qeyd edilən məhkəmə qətnaməsindən) sonra istinad etməsi hüquqdan sui-istifadə təşkil edir. Bu isə qanunla qadağandır. Məlum olduğu kimi, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca suiistifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Bir şəxsin öz üzərinə düşən vəzifəni kobudcasına pozduğu, yaxud qorunmağa layiq əsaslı mənafeyi olmadığı halda hüququnu həyata keçirməsi və ya öz davranışı ilə qarşı tərəfdə güvən oyandırdıqdan sonra bu davranışa və güvənə zidd davranması hüquqdan sui-istifadə sayılır və qanunla qorunmur. Yəni, sui-istifadə edilən hüquqa söykənən tələblər müdafiə oluna bilməz. Dolayısı ilə, hətta var olan huquq üzrə iddia irəli sürülərkən, bu tələb, hüquqdan sui-istifadə təşkil edirsə həmin hüquq nəzərə alınmır. Odur ki, məhkəmə, hüquqdan sui-istifadə halını müəyyən etdikdə bu qadağa ilə bağlı qanunun aşağıdakı tələblərini tətbiq etməyə borcludur. Mülki Məcəllənin 560.1-ci, 560.2-ci, 560.3.2-ci, 560.3.3-cü və 560.3.4-cü maddələrinə görə, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan suiistifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi və ya müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi, yaxud digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir. Qeyd edilənləri nəzərə alaraq, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul olunmaqla, iddia yuxarıda göstərilən hüquqi əsaslara görə rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi həmin qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci və 384.0.3-cü maddələrinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər, habelə qətnaməni dəyişdirə bilər. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin2(006)-3025/2019 saylı iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh «xxxxxxxx» (Azərbaycan) ASC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. İddianın qaldırılması və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür. Hakim Zaur Əliyev
Məhkəmə qərarları › İş №2(103)-12525/2019
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-12525/2019
13.11.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver