Məhkəmə qərarları › İş №2(103)-1254/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1254/2023

03.02.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1254/2023 03.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı şirkətinin Cavabdeh qarşı tikilidən çıxarılma və tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: tikilinin sökülməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X6 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı şirkətinin Cavabdeh qarşı tikilidən çıxarılma və tikilinin sökülməsi tələbinə dair iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli, 2(001)- 437/2022 nömrəli qətnaməsindən iddiaçının verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdehin inşa etdiyi tikilinin yerləşdiyi torpaq sahəsinin coğrafi kordinatlarından müəyyən olunur ki, 1.397439,547 4478822,583; 2.397452,103 4478829,408; 3.397461,890 4478810,413; 4.397449,849 4478803,588 koordinatlarda yerləşən torpaq sahəsi 901-İİQD №-li xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli № 296 Sərəncamı əsasında iddiaçıya ayrılan torpaq sahəsində yerləşir.

2. Bakı şəhəri Biləcəri Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 825 nömrəli qərarından müəyyən olunur ki, Biləcəri Bələdiyyəsinin hüdudları daxilində uzun müddətdən bəri tikdirdiyi evin altındakı və ətrafındakı 250,0 kv.metr torpaq sahəsi əlavə olunmuş cizgi əsasında ünvan 1 ünvanında yaşayan vətəndaş Cavabdeh adına bir kv.metri 4,50 manat hesablanmaqla alqı-satqı yolu ilə sənədləşdirilmişdir.

3. xx.xx.2007-ci il tarixli qəbzin surətindən müəyyən olunur ki, Cavabdeh Bakı şəhəri Biləcəri Bələdiyyəsinin hesabına 1135 manat keçirmişdir. Əhalidən vergilərin qəbuluna dair 2007-ci il tarixli 025276 saylı qəbzin surətindən müəyyən olunur ki, Cavabdeh Bakı şəhəri Biləcəri Bələdiyyəsinin hesabına 34,60 manat keçirmişdir.

4. Əhalidən vergilərin qəbuluna dair 2008-ci il tarixli 026276 nömrəli qəbzin surətindən müəyyən olunur ki, Cavabdeh Bakı şəhəri Biləcəri Bələdiyyəsinin hesabına 37,50 manat keçirmişdir.

5. Bakı şəhəri Biləcəri Bələdiyyəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə təqdim etmək üçüb verilən xx.xx.2019-cu il tarixli A-784 nömrəli arayışından müəyyən olunur ki, Biləcəri Bələdiyyəsinin hüdudları daxilində xx.xx.2007-ci il tarixli 825 nömrəli qərara əsasən fərdi yaşayış evinin tikintisi üçün 250,0 kv.metr torpaq sahəsi sənədləşdirilmişdir.

6. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-3690/2022 nömrəli qərardadından müəyyən olunur ki, İddiaçı şirkətinin cavabdeh Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinə qarşı Cavabdeh istifadəsinə 250 m2 torpaq sahəsinin ayrılması haqqında 825 nömrəli xx.xx.2007-ci il tarixli qərarının qanunsuzluğunun tanınmasına dair iddiası mümkün sayılmamışdır.

BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT

7. İddiaçı şirkəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1 saylı mədənin 5-ci sahəsində və şirkətin saziş ərazisi hüdudları daxilində, Bakı şəhəri Binəqədi rayonu, DYPnin a/h/İİİ məhəllə 0003/mənzil 0199 ünvanında inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq şirkətin qanuni istifadəsinə qaytarılması, ödənilmiş 10 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən İddiaçı şirkətinin saziş üzrə istifadəsinə verilmiş kontrakt sahəsinin ərazisində 1 saylı mədənin 5-ci sahəsində şirkətin saziş ərazisi hüdudları (1.397439,547 4478822,583; 2.397452,103 4478829,408; 3.397461,890 4478810,413; 4.397449,849 4478803,588 koordinatlar) daxilində, Binəqədi/DYP-nin a/h/İİİ məhəllə 0003/mənzil 0199 ünvanında lazımi icazələr almadan, şəhərsalma və tikinti normaları və qaydaları ciddi surətdə pozulmaqla özbaşına tikili inşa edilmişdir. Cavabdehin inşa etdiyi özbaşına tikili şirkətin həmin ərazidə neft-qaz əməliyyatlarını həyata keçirməsinə ciddi maneə yaratdığından, Şirkətin qanunla qorunan hüquqları və Dövlət tərəfindən verilmiş təminatları kobud surətdə pozulmuşdur. Məlum olduğu kimi xx.xx.2004-cü il tarixdə Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ("xxxx"), X11 Bi.Vi. və ARDNŞ-in Ortaq Şirkəti (“Podratçılar”) arasında Saziş (“Saziş”) imzalanmış və 29 aprel 2005-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901 nömrəli Qanuna əsasən Saziş qanun statusunu almışdır. Qanunun 4-cü bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökumət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökumət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. Həmin Qanunun 5-ci bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verir.

9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli, 2(001)- 437/2022 nömrəli qətnaməsi ilə (hakim – Səadət Səlimova) iddia rədd edilmişdir.

10. Qətnamə onunla əsaslandırlmışdır ki, iddiaçının sökülməsini tələb etdiyi özbaşına tikili cavabdehin və onun ailə üzvlərinin yeganə yaşayış yeri olduğundan, neftqaz yataqlarının yerləşdiyi ərazinin hüdudları daxilində yerləşən mübahisəli tikilidə yaşamaq texniki təhlükəsizlik qaydaları baxımından təhlükəli olmaqla yanaşı insanların həyatı və sağlamlığı üçün zərərli olduğundan, mübahisə predmeti olan tikilinin sökülməsi və cavabdehin həmin evdən çıxarılması bununla bağlı müvafiq məbləğdə kompensasiya verilməklə təmin edilə bilər. Ona görə də məhkəmə iddia ərizəsinin cavabdehə kompensasiya təklif edilmədən təmin edilməsini qeyri-mümkün hesab edir.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 60, 71, 127-ci maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Əhmədova Azərbaycana qarşı” işi üzrə xx.xx.2021-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin edilməsini xahiş etmişdir.

13. Şikayətin dəlillərinə görə, iş materiallarından da göründüyü kimi,mübahisəli torpaq sahəsinin vətəndaş Cavabdeh ayrılması Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 825 nömrəli, xx.xx.2007-ci il tarxli Qərarının heç bir hüquqi qüvvəsi yoxdur. Yəni, cavabdehin həmin arqumenti 15 may 2005-ci il tarixdən öz hüquqi qüvvəsini itirmişdir. Məhkəmə qətnamə qəbuledərkən nəzərə almamışdır ki, cavabdehin arqumenti olan Bakı şəhəri Biləcəri Bələdiyyəsinin müvafiq qərarı öz qüvvəsini itirtiyi üçün onun mübahisəli torpaq sahəsinə dair hər hansı hüquq müəyyənedici sənədi mövcud deyildir və bununla da torpaq sahəsi üzərində inşa edilmiş tikili özbaşına tikili statusundadır. Binəqədi Rayon Məhkəməsinin “mübahisə predmeti olan tikilinin sökülməsi və cavabdehin həmin evdən çıxarılması yalnız bununla bağlı müvafiq məbləğdə kompensasiya verilməklə təmin edilə bilər” fikrinə münasibətdə iddiaçı Şirkət əməliyyat şirkəti olaraq Podratçı şirkətlərin adından məlum Saziş əsasında kontrakt sahəsində yalnız neft-qaz əməliyyatlarını həyata keçirir və Sazişlə istifadəsinə verilmiş kontrakt ərazisindən maneəsiz istifadəsinə Dövlət tərəfindən təminat və öhdəliklər verilmişdir. Buna baxmayaraq, həmin Sazişdə kontrakt sahəsinin hər hansı hissəsi ilə bağlı torpaq sahələrini zəbt edən şəxslərə kompensasiyanın ödənilməsi nəzərə tutulmamşdır. Bundan başqa, Mülki Məcəllədə torpaq sahəsi dövlət ehtiyacları üçün alındıqda yalnız torpaq sahəsinin mülkiyyətçisinə kompensasiyanın ödənilməsi nəzərədə tutulmuşdur. Lakin, göründüyü kimi hazırki iş üzrə torpaq sahəsinin mülkiyyətçisi bu iş üzrə cavabdeh deyildir. Yəni torpaq sahəsi müvafiq Beynəlxalq Sazişlə Şirkətin istifadəsinə verildiyi üçün Şirkətin özünə aid olan torpaq sahəsinə görə cavabdehə kompensasiya ödəməsi absurd fikirdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etirazın dəlillərinə əsasən, mübahisəli torpaq 20 ildən artıqdır ki, cavabdehin istifadəsindədir və üzərində ev tikərək ailəsi ilə birlikdə yaşayırlar. O zamandan da Bakı şəhəri Biləcəri Bələdiyyəsi bu torpaqların bələdiyyə torpaqları olduğuna görə onlardan torpaq və əmlak vergisi almışlar. Həmin ərazidə olan qonşularla bərabər o da Bələdiyyəyə ərizə ilə müraciət edərək uzun illər istifadələrində olan torpaq sahəsinin ona satılmasını xahiş etmişlər. Bələdiyyənin xx.xx.2007-ci il tarixli 825 nömrəli qərarı ilə Biləcəri bələdiyyəsi hüdudları daxilində uzun müddətdən bəri tikdirdiyi evin altındakı və ətrafındakı 250,0 kv.metr torpaq sahəsi əlavə olunmuş cizgi əsasında ünvan 4 ünvanda yaşayan vətəndaş Cavabdeh adına alqı-satqı yolu ilə sənədləşdirilməsi, Cavabdeh bələdiyyənin müvafiq qərarına uyğun aidiyyəti zona üzrə torpağın müəyyən edilmiş satış qiymətinə görə bir kv.metri 4,50 manat olmaqla Bələdiyyənin “Kapital Bank”ın 1 saylı Binəqədi filialında olan ********** nömrəli h/hesabına ödəməsi və ödəmə barədə qəbzi Bələdiyyəyə təqdim etməyinin tapşırılması qərara alınmışdır. Həmin qərara uyğun olaraq o, xx.xx.2007-ci il tarixdə Biləcəri Bələdiyyəsinin “Kapital Bank”dakı hesablaşma hesabına 1135 manat pul ödəmişdir. Yaşadıqları bu ərazi dövlət tərəfindən “Azəriqaz”, “Azərişıq”, “Azərsu” tərəfindən komunal xidmət xətləri ilə təmin edilmişdir. Bu yaşayış evi onların yeganə yaşayış yeridir. Bu ev yaşayış məntəqəsinin ortasında yerləşir. Ətrafda yüzlərlə evlər var. Bunların içərisində yalnız ona qarşı bu iddianın qaldırılmasnı ona qarşı qərəzli olması kimi qiymətləndirir. İşin faktiki hallarına əsasən, həm də iddiaçının Mülki Məcəllənin 180-ci maddəsinin tətbiqi ilə bağlı iddia ərizəsindəki dəlilinə münasibətdə nəzərə alınmalıdır ki, onun və ailə üzvlərinin uzun müddət ərzində yaşadıqları evin heç bir təminat olmadan sökülməsi və onların faktiki olaraq yaşayış sahəsindən birdəfəlik məhrum edilməsi Konstitusiyanın bəyan etdiyi prinsiplərə ziddir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Yordanov və qeyrilərinin Bolqarıstana qarşı” iş üzrə 24 aprel 2012-ci il tarixli qərarında hesab etmişdir ki, Yordanovun və başqalarının Sofiya şəhərində yaşadıqları icazəsiz tikilmiş müvəqqəti tikilidən çıxarılmaları demokratik cəmiyyətdə zərurilik prinsipinə uyğun deyil və insanların şəxsi və ailə həyatına hüququnu müəyyən edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 8-ci maddəsinə ziddir. Həmin qərarda insanların illər ərzində yaşadıqları evlərdən çıxarılması onların həyat tərzinə, ev, şəxsi həyat və ailə həyatına hörmət hüquqlarına müdaxilə kimi qiymətləndirilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, dövlət orqanları qanunsuz olaraq zəbt edilmiş torpağı geri almaq hüququna malik olsa da, qanunsuz yerləşməyə on illərlə göz yummuş və bununla ərizəçilərə qonşuluqda güclü əlaqələr yaratmaq və sosial həyat qurmasına imkan vermişlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qaraçı icmasına daxil olan insanların yaşadıqları evlərdən çıxarılmasını qanunsuz hesab edərkən onlara alternativ yaşayış sahəsinin təklif olunmamasını və onların evsiz qalmaq riskinin nəzərə alınmamasını da əsas kimi göstərmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. İddiaçının nümayəndəsi X4 apelyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

16. Cavabdehin nümayəndəsi Vəkil apelyasiya şikayətini əsassız hesab etdiyini bildirdi və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli, 2(001)- 437/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 29. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir; Maddə 43. İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz; Maddə 71. İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur; Maddə 71. İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə 159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir; Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

19. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması - 1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur; - 2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır; - 3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

20. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 2.1. Fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar.

21. “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, X11 Bi.Vi. və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, X11 Bi.Vi. və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Saziş (bundan sonra “Saziş” adlanacaq) qəbul və təsdiq edilsin, onun həyata keçirilməsinə icazə verilsin; Maddə 5. Bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26.09.07-ci il tarixli Qərarı: “Adətən mənzildə, evdə və s. müvafiq yerlərdə yaşamaq hüququ kimi göstərilən yaşayış sahəsindən istifadə etmək hüququ mənzil hüququnun bir elementi qismində çıxış edir. Mənzil hüququ beynəlxalq hüquqda faktiki olaraq tanınmasa da, bu Azərbaycan Respublikasının qanunvericiliyində uzun müddətdir ki, tanınmış hüquqdur. Lakin o da qeyd olunmalıdır ki, mənzil hüququnu əks etdirən Konstitusiyanın 43-cü maddəsinin İ hissəsi onu neqativ formada ifadə edir (heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz). Bu maddənin İİ hissəsi isə mənzil hüququnun reallaşdırılması üçün dövlət hakimiyyəti orqanlarını istiqamətləndirir ki, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac versin, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görsün.”

23. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə 8. Şəxsi həyata və ailə həyatına hörmət hüququ - 1. Hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir; - 2. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətlərin qarşısını almaq üçün, sağlamlığı yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir.

24. Avropa İnsan Hüquqları Məhkəməsinin “Əhmədova Azərbaycana qarşı” işi üzrə xx.xx.2021-ci il tarixli Qərarı: “- 41. Məhkəmə bir daha qeyd etmişdir ki, 8-ci maddənin mənasında “ev” anlayışı qanuni şəkildə zəbt olunmuş və ya qanuni əsaslarla qurulmuş binalarla məhdudlaşmamışdır. Bu, daxili qanunvericiliyə əsasən təsnifatdan asılı olmayan muxtar anlayışdır. Xüsusi binaların 8-ci maddənin müdafiəsini cəlb edən “ev” olub- olmaması faktiki hallardan, yəni konkret yerlə kifayət qədər və davamlı əlaqələrin mövcudluğundan asılı olacaq (X3rşı, № 66610/10, § 30, 14 mart 2017). ... - 46. Məhkəmənin qərarlaşmış presedent hüququna əsasən, evin itirilməsi evə hörmət hüququna müdaxilənin ən ifrat formasıdır, bu baxımdan risk altında olan istənilən şəxs - həmin şəxsin həssas qrupa aid olub-olmamasından asılı olmayaraq - Konvensiyanın 8-ci maddəsinə əsasən müvafiq prinsiplər işığında müstəqil tribunal tərəfindən müəyyən edilən tədbirin mütənasibliyinə malik olmalıdır. Bu baxımdan qeyriqanuni tikintidən söhbət gedəndə ön plana çıxa biləcək amillər evin qanunsuz tikilməməsi, aidiyyəti şəxslərin qanunsuz olduğunu bilə-bilə evi tikməməsi, sözügedən qanunsuzluğun xarakteri və dərəcəsinin nədən ibarət olması, söküntü ilə qorunmaq istənilən marağın dəqiq mahiyyəti və söküntüdən təsirlənən şəxslər üçün uyğun alternativ yaşayış yerinin olub-olmamasıdır. Başqa bir amil, işin daha az ciddi üsullarının olub-olmaması ola bilər; siyahı tam deyil. Buna görə də, əgər aidiyyəti şəxs bu cür arqumentlər əsasında müdaxilənin mütənasibliyinə etiraz edərsə, məhkəmələr onları diqqətlə araşdırmalı və onlarla bağlı adekvat səbəblər göstərməlidirlər (baxın: McCann Birləşmiş Krallıqa qarşı, № 19009/04, § 50. , AİHM 2008; Yordanova və başqaları Bolqarıstana qarşı, № 25446/06, § 118 (iv) cərimə, 24 aprel 2012-ci il və yuxarıda adı çəkilən İvanova və Çerkezov, § 53). - 47. Məhkəmə qeyd etmişdir ki, hazırkı işdə evin sökülməsinə və ərizəçinin çıxarılmasına qərar verərkən yerli məhkəmələr yalnız onun dövlətə məxsus torpaqda tikilmiş icazəsiz tikinti olduğuna diqqət yetirmişlər (yuxarıda adı çəkilən Bagdonavicius və Digərləri § 102 ilə müqayisə edin). Ərizəçi apellyasiya şikayətlərində sözügedən evin onun yeganə evi olduğunu və başqa ev almaq üçün imkanları olmadığı üçün evdən çıxarılacağı təqdirdə qızı ilə birlikdə evsiz qalacağını iddia etsə də, yerli məhkəmələr bu məqama məhəl qoymamışdırlar və çəlişən maraqları qarşılaşdıra bilməmişdirlər (Kaminskas Litvaya qarşı, № 44817/18, § 64, 4 avqust 2020-ci il ilə müqayisə edin).”

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilərək iddianın təmin edilməsi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

28. İşin mübahisəsiz halları ondan ibarətdir ki, Bakı şəhəri Biləcəri Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 825 nömrəli qərarına əsasən, Biləcəri Bələdiyyəsinin hüdudları daxilində uzun müddətdən bəri tikdirdiyi evin altındakı və ətrafındakı 250,0 kv.metr torpaq sahəsi əlavə olunmuş cizgi əsasında ünvan 1 ünvanında yaşayan vətəndaş Cavabdeh adına bir kv.metri 4,50 manat hesablanmaqla alqı-satqı yolu ilə sənədləşdirilmişdir. xx.xx.2004-cü il tarixdə Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, X11 Bi.Vi. və ARDNŞ-in Ortaq Şirkəti arasında Saziş imzalanmış və 29 aprel 2005-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901 nömrəli Qanuna əsasən həmin Saziş Qanun statusunu almışdır. Sözügedən Qanunun 5-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilmişdir.

29. İddiaçı cavabdeh tərəfindən iddiaçının istifadəsinə verilmiş ərazi hüdudları daxilində qanunsuz tikili inşa etməklə yaşamasını Şirkətin həmin ərazidə neft-qaz əməliyyatlarının həyata keçirilməsinə ciddi maneə kimi qiymətləndirməklə həmin qanunsuz tikilinin sökülməsini tələb edir. Cavabdeh uzun illərdir ailəsi ilə birlikdə mübahisəli ərazidəki evlərində fasiləsiz yaşadıqlarını, yaşamaq üçün başqa yaşayış yerlərinin olmadığını bildirir.

30. Məhkəmə kollegiyası işin yuxarıda sadalanan hallarına istinadən qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur.

31. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında göstərilmiş hüquqi mövqeyə uyğun olaraq qeyd edilməlidir ki, sökülməsi tələb edilən tikili hazırkı iş üzrə cavabdehin və onun ailə üzvlərinin yeganə yaşayış yeri olduğundan, onlara mövcud yaşayış yerinə və həyat şəraitinə ekvivalent təminat verilmədən yaşayış yerlərindən məhrum edilməsi yolverilməzdir.

32. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır.

33. Ona görə ki, mübahisəli tikilinin mövcud qanunvericiliyə əsasən qanunsuz tikili sayılması işin mübahisəsiz halı olsa da, bu fakt özlüyündə hazırkı iddianın təmin olunması üçün kifayət deyil. Belə bir yetərlilik ancaq iddia cavabdehə müvafiq kompensasiya təklif etməklə qaldırılsa mövcud ola bilərdi.

34. Şikayətin Sazişdə kompensasiyanın ödənilməsi ilə bağlı hər hansı müddəa olmaması barədə dəlilinə münasibətdə isə qeyd edilməlidir ki, bu öhdəlik Saziş əsasında yox, Avropa İnsan Hüquqları Məhkəməsinin Qərarında göstərdiyi mövqeyə əsasən və şəxslərin mənzil toxunulmazlığı hüququnun təminatı üçün qanuni əsaslarla yaranmış öhdəlikdir.

35. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

36. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli, 2(001)- 437/2022 nömrəli qətnaməsindən İddiaçı şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Binəqədi Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli, 2(001)-437/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar