Məhkəmə qərarları › İş №2(103)-12541/2019

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-12541/2019

22.10.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-12541/2019 22.10.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Abiddin Qabil oğlunun sədrliyi və məruzəsilə, İmanov Azad Nizam oğlundan və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Səfərli Xədicə Əlicabbar qızının katibliyi, iddiaçı Rahilə Həsənovanın və onun vəkili Coşqun İsgəndərovun, cavabdeh “xxxxxxxx” MMC-nin hüquqi varisi “xxxxxxxxxxxxxxxx” MMC-nin vəkili Ağaveys Şahverdinin və nümayəndəsi Araz Abduləzimovun iştirakı ilə, X1nın cavabdeh “xxxxxxxx” MMC-yə qarşı öhdəliyin icra edilməsi tələbinə dair Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3845/2013 saylı iş üzrə xx xxxx 2013-cü il tarixli qətnaməsindən üçüncü şəxs İlkin Quliyev tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X1 cavabdeh “xxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra – MMC) qarşı iddia ərizəsi və ona əlavə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanılmış xx.xx.2010-cu il tarixli müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cəmiyyətlə aralarında Abşeron rayonu, Xırdalan qəsəbəsi, Z.Tağıyev küçəsi 1-də inşa etdiyi 9 girişli, 14 mərtəbəli yaşayış binasının 3-cü blokunun 7-ci mərtəbəsində 2 otaqlı 87 kv.m sahəsi olan 174 saylı mənzilin (bundan sonra – mübahisəli mənzil) alqı-satqısına dair xx.xx.2010-cu il tarixdə müqavilə bağlanıb və Cəmiyyətə 2 otaqlı mənzil üçün 26100 manat ödəyib. Cəmiyyət mənzili tikib payçıya verməyə dair öhdəliyini yerinə yetirməyib. Birinci instansiya məhkəməsində icraat zamanı cavabdehin nümayəndəsi tərəfindən iddia etiraf olunmuşdur. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. “xxxxxxxxxxxxxxxx” MMC cavabdehin hüquqi varisi qismində qətnamədən apellyasiya şikayəti və şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. “xxxxxxxxxxxxxxxx” MMC şikayət verərək qərardadın ləğv edilməsini və ərizəsinin təmin olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5375/2015 saylı, xx.xx.2015-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra “xxxxxxxxxxxxxxxx” MMC ayrıca məhkəmə icraatı qaydasında X3 qarşı sonuncu ilə “xxxxxxxx” MMC arasında bağlanmış xx.xx.2010-cu il tarixli müqavilənin və arayışın etibarsız hesab edilməsi tələbinə dair iddia qaldırmış, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-4067/2018 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. xx xxxxxx 2018-ci ildə qətnamə ilə maraqlarına toxunulan şəxs qismində X11 Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlə aralarında bağlanmış xx.xx.2007-ci il tarixli müqaviləyə və eyni tarixli, 00257 saylı kassa mədaxil orderinə əsasən, 22837 manat ödəməklə mübahisəli mənzili alıb. Apellyasiya şikayəti mümkün hesab edildikdən sonra İlkin Quliyev “xxxxxxxxxxxxxxxx” MMC-yə və X3 qarşı iddia ərizəsi ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, iş üzrə üçüncü şəxs qismində cəlb edilməsini, mübahisəli mənzilin alqısatqısına dair Rahilə Həsənova ilə “xxxxxxxx” MMC arasında bağlanmış müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil xx.xx.2007-ci il tarixdə ona satılıb. Onun tərəfindən mənzilin dəyəri tam olaraq ödənilib, bu barədə maliyyə arayışı verilib. Daha sonra eyni mənzilə dair iddiaçı ilə xx.xx.2010-cu il tarixli yeni müqavilə bağlanıb. Həqiqətən iddia edilən müqavilə bağlanıbsa, qanunsuzdur. Digər tərəfdən, “xxxxxxxx” MMC-nin vəzifəli şəxsləri haqqında Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan cinayət işi üzrə toplanmış istintaq materialları ilə Rahilə Həsənova ilə həmin hüquqi şəxs arasında mübahisəli mənzilin alqı-satqı müqaviləsi ilə bağlı pul ödənilməsi təsdiq olunmadığından sonuncu cinayət işində zərərçəkmiş qismində tanınmayıb. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1080/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə X11 iş üzrə icraata üçüncü şəxs qismində cəlb edilmiş və iddia ərizəsi (apellyasiya baxışı zamanı təqdim edilmiş yeni tələb) icraata qəbul olunmuşdur. İddiaçı apellyasiya şikayətinə yazılı etiraz təqdim etmiş, həmçinin İlkin Quliyevin şəxsən məhkəməyə çağırılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, məhkəmə aktı ilə iddiası təmin edildikdən sonra, “xxxxxxxx” MMC «xxxxxxxxxxxxxxxx» MMC-yə satılıb. Sonuncu, binanı təhvil götürdükdən sonra payçılardan pul tələb edib, sadəcə pul verənləri payçı kimi qəbul edib. İddiaçı bu tələblə razılaşmayıb. Buna görə məhkəmə mübahisələri qaldırılıb, lakin şikayətləri təmin edilməyib. Bundan sonra, özbaşınalıq edərək 2014-cü ildə ona məxsus olan mənzili İsa Qasımov adlı şəxsə satıblar, sonuncu onun qoyduğu giriş qapısını sındıraraq mənzilə girib və orada təmir işləri görüb. Mənzil yenidən ona təhvil verildikdən sonra İsa Qasımov təmir xərclərinin ödənilməsinə dair iddia qaldırıb. Həmin tələblə razılaşdığından aralarında borcun etirafı barədə müqavilə bağlayıblar. Bundan sonra, «xxxxxxxxxxxxxxxx» MMC ona qarşı müqavilənin etibarsızlığı barədə iddia qaldırıb və tələb təmin edilməyib. Cinayət işi üzrə araşdırma aparılarkən İlkin Quliyevin şikayət verməməsinin, zərərçəkən qismində tanınmamasının, məhkəməyə müraciət etməməsinin səbəbləri müəyyən deyil, bu barədə suallara üçüncü şəxsin vəkili cavab verə bilməyib. Əvvəlki apellyasiya baxışı zamanı iddiaçı, həmçinin qarşılıqlı (əlavə) tələb təqdim edərək, “xxxxxxxx” MMC ilə üçüncü şəxs arasında bağlanılmış müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı (əlavə) tələb onunla əsaslandırılmışdır ki, hazırda mübahisəli mənzildə yaşayır. Üçüncü şəxsə məxsus müqavilə saxta və etibarsızdır. Belə ki, xx.xx.2006xx.xx.2008-ci il tarixlərdə olan dövr üçün «xxxxxxxx» MMC ilə bağlanmış müqavilələrin adlı siyahısını məhkəməyə təqdim edib. Mübahisəli mənzilin həmin vaxt ərzində kiməsə satılması həmin siyahıda öz əksini tapmır. Siyahı «xxxxxxxx» MMC-nin direktoru olmuş Qasım Məmmədovun barəsində olan cinayət işinin materiallarından götürülüb. Bundan başqa, İlkin Quliyevin 2007-ci ildə mənzili aldıqdan 12 ildən sonra iddia qaldırması qeyrimümkündür. Digər tərəfdən, «xxxxxxxxxxxxxxxx» MMC 2007-ci ildə mövcud olmadığına baxmayaraq, İlkin Quliyevin iddiasını qəbul edir və mənzili 2007-ci ildə sonuncunun aldığını bildirir. Mənzili İlkin Quliyevin satın alıbsa, 2014-cü ildə mənzili İsa Qasımova satıla bilməzdi. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1080/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə üçüncü şəxs X7 apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, üçüncü şəxsin “xxxxxxxx” MMC-nin hüquqi varisi “xxxxxxxxxxxxxxxx” MMC-yə, X3 qarşı müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmiş, iddiaçının cavabdeh X8 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı (əlavə) tələbi qismən təmin edilərək, mübahisəli mənzilə aid hissədə xx.xx.2007-ci il tarixli müqavilə etibarsız hesab edilmiş, qarşılıqlı (əlavə) tələb qalan hissədə təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-5357/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə üçüncü şəxs və cavabdehin hüquqi varisinin kassasiya şikayətləri qismən təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin Məhkəməyə göndərilmişdir. Yeni apellyasiya baxışı iddiaçının vəkili bildirdi ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 1(101)-68/2015 saylı hökmü Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ölümü ilə əlaqədar ləğv edilmiş və cinayət işinin icraatına xitam verilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş cavab məktubuna əsasən, Qasım Məmmədov iddiaçı ilə müqavilə bağlandığı dövrdə qanuni təmsilçi olmuşdur. Rahilə Həsənova zərərçəkən olmadığı üçün bu qisimdə tanınmasına dair müraciət etməmişdir. İddiaçı prosessual qanunvericiliyin verdiyi hüquqlarından istifadə edərək iddianın predmetinin dəyişib və mənzilin ona verilməsini tələb edib. Nümayəndə apellyasiya şikayətinin və üçüncü şəxsin tələbinin rədd, qarşılıqlı (əlavə) iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı apellyasiya şikayətinə və üçüncü şəxsin tələbinə etiraz edərək, qarşılıqlı (əlavə) iddia ərizəsinin məzmununa uyğun izahat verərək, həmçinin bildirdi ki, mübahisəli mənzili “xxxxxxxx” MMC-nin rəhbəri X6 şəhərində yerləşən ofisdə bağladığı müqavilə əsasında satın alıb. Hazırda həmin mənzildə yaşayır, qətnaməni icrası qaydasında evə köçürülüb. “xxxxxxxxxxxxxxxx” MMC-nin sonradan mənzili satdığı şəxslə aralarında əldə olunmuş razılığa əsasən ona 3000 manat ödəyib. İddiaçı apellyasiya şikayətinin və üçüncü şəxsin tələbinin rədd, qarşılıqlı (əlavə) iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. “xxxxxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, bildirdi ki, Qasım Məmmədovun 2010-cu ildə təmsil etdiyi Cəmiyyətə aiddiyyəti olmamışdır. Möhür 2009-cu ildə başqa şəxsə təhvil verilmişdir. İbtidai istintaq zamanı müəyyən olunmuşdur ki, Rahilə Həsənova mübahisəli mənzil üçün pul ödəməmişdir. Araşdırma komissiyasının məlumatına əsasən, mübahisəli mənzil boş olduğu müəyyənləşdirilən 20 mənzil sırasına daxildir. Mənzillərin satıldığı şəxslərin göstərildiyi siyahıda Rahilə Həsənovanın adı qeyd edilməyib. İlkin Qasımovun iddiasını qəbul edirlər, çünki onunla müqavilə 2006-cı ildə bağlanılmışdır. Mənzillərin satıldığı şəxslərin göstərildiyi siyahıda İlkin Qasımovun adının yazılıb-yazılmadığını və bunun səbəblərini bilmir. İş üzrə təqdim edilmiş məktublara əsasən, mübahisəli mənzilə dair Rahilə Həsənova ilə bağlanılmış müqavilə saxtadır. Nümayəndə qarşılıqlı (əlavə) iddia ərizəsinin rədd, apellyasiya şikayətinin və üçüncü şəxsin tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. “xxxxxxxxxxxxxxxx” MMC-nin vəkili qarşılıqlı (əlavə) iddia ərizəsinin rədd, apellyasiya şikayətinin və üçüncü şəxsin tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, üçüncü şəxs iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərarında göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, İlkin Quliyevin müqaviləsi Rahilə Həsənovanın müqaviləsindən əvvəl bağlanmış, Rahilə Həsənova ilə müqavilə bağlanan zaman İlkin Quliyevin müqaviləsi ləğv edilməmiş, qüvvədə qalmışdır. Bundan əlavə, apellyasiya məhkəməsi nəzərə olmamışdır ki, “xxxxxxxx” MMC-nin vəzifəli şəxsləri haqqında Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsində aparılan cinayət işinin istintaqı zamanı müəyyən edilb ki, Rahilə Həsənova cinayət işində zərər çəkmiş qismində tanınmayıb. Apellyasiya instansiyası məhkəməsi tərəfindən üçüncü şəxsin dəlilləri üzrə heç bir araşdırma aparılmamış, həmin dəlillərə heç bir qiymət verilməmişdir. Apellyasiya instansiyası məhkəməsi isə işin düzgün araşdırılması uçun “Cavabdeh-nın rəhbəri X5 barəsində olan cinayət işinin istintaqının nəticəsi ilə maraqlanmamış, hazırkı mübahisənin predmetinı təşkil edən mənzilə cinayət işində iş üçün əhəmiyyətli olan halların müəyyən edilibedilməməsini də yoxlamışdır. Hazırki iş üzrə İddiaçı tərəfindən müqavilə dəyərinin ödənilməsi barədə sübutların qeyrı-mötəbərliyinə əsas verən hallar və məhkəmə araşdırılması ilə aradan qaldırılmayan şübhələr var. Digər tərəfdən, tərəflərin eyni mənzilə dair eyni huquqı qüvvəyə malik olan sənədləri olmasına (eyni şəxs tərəfindən imzalanmış, huquqı şəxsin möhuru ilə təsdiq edilmiş oxşar məzmunlu mənzilin dəyərinin ödənilməsi barədə ödəniş sənədlərinə) baxmayaraq, apellyasıya instansiyası məhkəməsinin İ.Quliyevin mübahisəli mənzilə dair iddiaçıya münasibətdə daha əvvəl bağlanmış müqaviləsini deyil, iddiaçının müqaviləsinin mötəbər olmasına dair nəticələri maddi və prossesual hüquq normalarının tələblərinə və işin faktiki hallarına uyğun deyil və bu nəticə əsaslandırılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 420-ci maddəsinə müvafiq olaraq kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Həmin maddənin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, kassasiya məhkəməsinin qərarında şərh edilən göstərişlərin həmin işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburiliyi bu göstərişlərin qanuna uyğun və hərtərəfli əsaslandırılmış olmasına əsaslanır. Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir. Bu mənada, MPM-in 407.1.4, 407.2, 408.1.5, 416 və 420-ci maddələrinin müddəaları baxımından kassasiya məhkəməsi işə baxmanın hədlərindən çıxaraq öz mülahizəsi ilə heç bir, o cümlədən hansı halların hansı sübutetmə vasitələri ilə təsdiq və ya inkar edilməsi, işə yenidən baxılarkən hansı sübutların toplanması və araşdırılması, habelə işə yenidən baxan məhkəmənin hansı nəticəyə gəlməli olması haqqında göstəriş verə bilməz. Belə göstərişlərin verilməsi hakimlərin müstəqilliyinə dair konstitusiya prinsipi ilə ziddiyyət təşkil etmiş olar. Kassasiya məhkəməsi belə göstərişlər verdiyi halda, apellyasiya məhkəməsi qanunvericiliyin müvafiq tələblərinə uyğun olaraq, habelə Konstitusiyanın hakimlərin müstəqil, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabe olduqlarını nəzərdə tutan 127-ci maddəsinin İ hissəsini rəhbər tutaraq, işi öz səlahiyyətləri çərçivəsində həll etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və MPM-in tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Surəti işdə olan və birinci instansiya məhkəməsi tərəfindən əslinə baxış keçirilmiş X4 ilə “xxxxxxxx” MMC (hüquqi şəxsin adı sonradan dəyişdirilərək “xxxxxxxxxxxxxxxx” MMC olmuşdur) arasında bağlanmış xx.xx.2010-cu il tarixli “Kooperativ binada mənzil tikintisi üçün” müqaviləyə əsasən, Cəmiyyət mübahisəli mənzili iddiaçıya verməyi, iddiaçı isə mənzilin dəyəri olan 26100 manat pulu Cəmiyyətə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı xx.xx.2010-cu il tarixdə müqavilədə nəzərdə tutulan 26100 manat pulu Cəmiyyətə ödəmiş və bu barədə ona imzalı və möhürlü maliyyə arayışı verilmişdir. Surəti iş materiallarına əlavə edilmiş Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsində istinad olunan və işə baxılarkən əslinə baxış keçirilmiş Vergilər Nazirliyinin xx.xx.2018-ci il tarixli məktubunda iddiaçı ilə bağlanmış müqaviləni “xxxxxxxx” MMC-nin adından imzalamış X5 xx.xx.2009-cu il tarixdən xx.xx.2013-cü il tarixədək Cəmiyyətin rəhbəri olduğu təsdiq edilmişdir. Cəmiyyətin səlahiyyətli nümayəndəsi xx.xx.2013-cü il tarixdə birinci instansiya məhkəməsinə yazılı ərizə təqdim edərək Cəmiyyətin iddianı qəbul etdiyini bildirmiş və məhkəmə iddianı təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tələbini təsdiq edən sübutları məhkəməyə təqdim etdiyindən və iddia cavabdeh tərəfindən yazılı etiraf edildiyindən birinci instansiya məhkəməsi qanuni və əsaslı olaraq iddianı təmin etmişdir. Belə ki, MPM-in 191.3-cü maddəsinə müvafiq olaraq cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, xx.xx.2004-cü il tarixdə dövlət qeydiyyatına alınmış “xxxxxxxx” MMC-nin adı təsisçilərin ümumi yığıncağının xx.xx.2013-cü il tarixli qərarına əsasən dəyişdirilərək “xxxxxxxxxxxxxxxx” MMC olmuş, İdarədə Cəmiyyətin yenidən təşkil edilməsi barədə məlumat aşkar edilməmişdir. Bu baxımdan əksini təsdiq edən mötəbər sübutlar təqdim olunmadan Cəmiyyətin səlahiyyətli nümayəndəsi tərəfindən iddianın etiraf olunmasının mötəbərliyi mübahisələndirilə və həmin etiraf əsasında iddianın təmin olunması barədə qəbul edilmiş qətnamə ləğv oluna bilməz. Qəbul edilmiş qətnamədən maraqlarına toxunulan şəxs qismində şikayət vermiş və apellyasiya baxışı zamanı yeni tələb irəli sürmüş İlkin Quliyev şikayətini (etirazını) və yeni tələbini onunla əsaslandırmışdır ki, mübahisəli mənzil xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən cavabdeh tərəfindən ona satılmışdır. Lakin iddiaçı şikayətini (etirazını) və yeni tələbini təsdiq edən sübut qismində məhkəməyə yalnız istinad etdiyi müqavilənin kserosurətini təqdim etmiş, əvvəlki apellyasiya və kassasiya baxışı zamanı həmin müqavilənin əslini və ya təsdiq olunmuş surətini məhkəməyə təqdim etməmiş, səbəbi barədə məlumat vermədən hazırkı apellyasiya baxışı iclasında iştirak etməmişdir. Kollegiya nəzərə alır ki, MPM-in 89.3-cü maddəsinə müvafiq olaraq lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilməlidir. Bu baxımdan üçüncü şəxs tərəfindən təqdim olunmuş müqavilənin kserosurəti onun etirazını (tələbini) təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Bununla yanaşı, iş materiallarından görünür ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi xx xxxx 2013-cü il tarixdə qəbul edilib və iddiaçı uzun illərdir mübahisəli mənzildə yaşayır. “xxxxxxxxxxxxxxxx” MMC-nin cavabdehin hüquqi varisi qismində qətnamədən verdiyi apellyasiya şikayəti xx.xx.2015-ci il tarixdə qeyri-mümkün hesab edildikdən sonra həmin hüquqi şəxs ayrıca məhkəmə icraatı qaydasında iddiaçı ilə mübahisəli mənzilə dair bağlanmış müqavilənin və maliyyət arayışının etibarsızlığı tələbini irəli sürmüş və Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmamışdır. “xxxxxxxxxxxxxxxx” MMC-nin verdiyi apellyasiya şikayətində və iddia ərizəsində mübahisəli mənzilə dair ondan əvvəl İlkin Quliyevlə müqavilə bağlandığı barədə hər hansı dəlil irəli sürülməmiş, bununla bağlı heç bir sübut təqdim edilməmişdir. Əksinə iş materialları və tərəflərin izahatları əsasında mübahisəsiz qaydada müəyyən edilir ki, “xxxxxxxxxxxxxxxx” MMC mübahisəli mənzili 2014-cü ildə üçüncü şəxsə satmışdır. Bu isə bir daha təsdiq edir ki, həmin dövrədək cavabdehdə mübahisəli mənzilin İlkin Quliyevə satılması barədə məlumat və ya sübut olmamışdır. Yalnız “xxxxxxxxxxxxxxxx” MMC-nin şikayət və yeni iddia cəhdləri uğursuz yekunlaşdıqdan dərhal sonra İlkin Quliyev hazırkı apellyasiya şikayətini vermişdir. Digər tərəfdən “xxxxxxxx” MMC-nin vəzifəli şəxslərinin barəsində başlanmış cinayət işinin materiallarıdan götürülərək surəti hazırkı işə əlavə edilmiş həmin şirkətin adından xx.xx.2016-xx.xx.2008-ci il tarixlərində bağlanmış müqavilələrin siyahısından görünür ki, həmin siyahıda İlkin Quliyevin adı yoxdur. İşin qeyd olunan halları belə qənaətə gəlməyə əsas verir ki, İlkin Quliyevin istinad etdiyi və “xxxxxxxxxxxxxxxx” MMC tərəfindən mövcudluğu etiraf edilən müqavilə əslində hazırkı mübahisənin ortaya çıxmasından və iş üzrə qətnamənin qəbul edilməsindən sonra əvvəlki tarixə bağlanmışdır, bağlandığı andan əhəmiyyətsiz olmaqla etibarsızdır. Çünki Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.2-ci maddəsinə görə əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Qeyd olunan maddələrin məzmunua müvafiq olaraq podratçı özünün əldə etdiyi materiallardan hazırladığı və sifarişçiyə verilənədək özünə məxsus olan əşyanı sifarişçinin mülkiyyətinə verməlidir. Podrat müqaviləsi bağlanılan vaxt əmlak hazırlanmışdırsa alqısatqı qaydaları tətbiq edilir. Həmin qaydaları tənzimləyə Mülki Məcəllənin 567-ci maddəsində isə təsbit olunmuşdur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları əsasında müəyyən olunur ki, üçüncü şəxs İlkin Quliyevlə bağlanmış müqavilədə hansı tarixin qeyd olunmasından asılı olmayaraq həmin müqavilə iddiaçı ilə müqavilənin bağlandığı xx.xx.2010-cu il tarixdən sonra tərtib edildiyi üçün onun predmeti olan mübahisəli mənzil cavabdehə məxsus olmamış və onun həmin müqaviləni bağlamaq səlahiyyəti olmamışdır. Çünki “xxxxxxxx” MMC ilə iddiaçı arasında bağlanmış xx.xx.2010cu il tarixli müqaviləyə əsasən icraçı mənzili inşa etdikdən sonra sonuncunun sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə ləğv edilmədən eyni mənzilə dair üçüncü şəxsin adına yeni müqavilənin bağlanması Mülki Məcəllənin tələblərinə ziddir və Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən etibarsızdır. İstinad olunan maddəyə müvafiq olaraq bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Məcəllənin 337.2-ci maddəsi nəzərdə tutur ki, əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Qeyd olunanlara əsasən Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının apellyasiya baxışı zamanı verdiyi tələb təmin, cavabdehin verdiyi tələb rədd olunmalıdır. Kollegiya, həmçinin nəzərə alır ki, iddiaçı və üçüncü şəxs “xxxxxxxx” MMC-nin vəzifəsli şəxslərinin barəsində başlanmış cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmadıqlarından və mübahisəli mənzilin alqı-satqısı həmin iş üzrə araşdırma predmeti olmadığından qeyd olunan cinayət işinin nəticəsi baxılan işin mahiyyəti üzrə həllinə təsir etmir. Eyni zamanda iddiaçının cinayət işi üzrə zərərçəkmiş qismində tanınmaması onun hazırkı iş üzrə tələblərinin təmin olunmasına mane olan hal kimi qiymətləndirilə bilməz. Çünki iddiaçı cavabdehdən mübahisəli mənzili alıb, mənzil onun faktiki sahibliyindədir və bu baxımdan hər hansı əmlak itkisinə məruz qalmamışdır. Nəhayət qeyd olunmalıdır ki, iddiaçının hansı əsaslarla cinayət işi üzrə zərərçəkmiş kimi tanınmaması barədə ibtidai istintaq orqanlarının mövqeyi (məktubu) baxılan iş üzrə heç bir sübut əhəmiyyətinə və ya preyudisial əhəmiyyətə malik deyil. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏT ETDİ: Qətnamə ilə maraqlarına toxunulan şəxs X7 apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3845/2013 saylı iş üzrə xx xxxx 2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. X7 “xxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə (“xxxxxxxxxxxxxxxx” ” Məhdud Məsuliyyətli Cəmiyyətinə) və X3 qarşı müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi tələbi təmin edilməsin. X2X8 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı (əlavə) tələbi təmin edilsin. Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi, 1 nömrəli ünvanda tikilən 14 mərtəbəli yaşayış binasının 3-cü girişi, 7-ci mərətəbəsindəki 174 nömrəli, 2 otaqlı 87 kvm-lik mənzilə dair “xxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X11 arasında bağlanmış müqavilə və həmin müqavilə üzrə verilmiş maliyyə arayışı etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Abiddin Hüseynov Hakimlər imzalar: Azad İmanov Vahid Sadıqov Əsli ilə düzdür: Hakim Abiddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar