Məhkəmə qərarları › İş №2(103)-1256/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1256/2024

22.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1256/2024 22.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MTK-nın Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “dəymiş zərərin əvəzinin ödənilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-4874/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı Mənzil Tikinti Kooperativi Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mənzilin ümumi dəyərinin 2%-i məbləğində 3426 manat cərimə və mənzildə yaşadığı otuz ay müddət üçün aylıq 800 manat olmaqla 24000 manat kirayə haqqının, ümumilikdə 27426 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MTK ilə Cavabdeh arasında kooperativin Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi Kənar dairəvi yol ünvanında öz vəsaiti hesabına inşa etdiyi yaşayış binasının 6-cı giriş, 7-ci mərtəbəsində yerləşən sahəsi 129,8 m olan 3 otaqlı 54 nömrəli mənzilə dair 12 mart 2021-ci il tarixdə kooperativ mənzil titikntisi haqqında müqavilə bağlanmışdır. Müqavilə üzrə payçı yəni Cavabdeh müqavilə bağlanan gün 5000 manat məbləğində ilkin ödəniş edərək qalıq 166.336 manat borcu aylıq 4620 manat olmaqla nağd şəkildə ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Lakin, cavabdeh götürmüş olduğu öhdəliyi icra etməyərək 30 ay heç bir ödəniş etməmişdir. Dəfələrlə kooperativ tərəfindən cavabdehə ünvanlanmış borcun ödənilməsi barədə xx.xx.2023-cü il tarixdə 48 nömrəli, xx.xx.2023- cü il tarixdə 67 nömrəli müraciətlər edilməsinə baxmayaraq kooperativə heç bir ödəniş edilməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 5.2-ci bəndinə əsasən “Payçı” müqavilə üzrə ödənişi 10 gündən artıq gecikdirdikdə, mənzilin ümumi dəyərinin 2% məbləğində cərimə tətbiq olunur. Göründüyü kimi, cavabdeh öhdəliyini yerinə yetirmədiyindən dəyən zərərin əvəzinin ödənilməsini tələb etməkdə kooperativ haqlı olmuşdur.

3. Yasamal Rayon Məhkəməsinin 2(004)-4874/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Kərim Xudayev) ilə iddia qismən təmin edilmiş, Cavabdeh 1713 (bir min yeddi yüz on üç) manat məbləğində pulun alınaraq İddiaçı Mənzil Tikinti Kooperativinə verilməsi, iş üzrə ödənilmiş 173 (bir yüz yetmiş üç) manat məbləğində dövlət rüsumunun İddiaçı Mənzil Tikinti Kooperativinə aid edilməsi qərara alınmış, iddia qalan hissədə təmin edilməmişdir.

4. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətlərinin dəlilləri:

5. İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, apellyasiya şikayətində qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini cərimə hissədə qismən təmin etməkdə, eləcə də kirayə haqqı hissədə isə təmin etməməkdə haqlı olmamışdır. Əvvəla, cərimə ilə bağlı qeyd edilir ki, tərəflər arasında bağlanmış müqavilənin 3.2-ci bəndinə əsasən payçı qalıq borcu hər ay 4620 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi, məhkəmə yanlış olaraq müqavilə ilə nəzərdə tutulmuş öhdəliyin icra edilməməsi nəticəsində vurulmuş zərərin ödənilməsini dəbbə pulu ilə qarışdıraraq onu mütənasib hesab etməmiş və iddia tələbini qismən təmin etmişdir.

6. Kirayə haqqı hissədə məhkəmənin gəldiyi nəticə də əsassızdır. Belə ki, cavabdeh məhkəmə iclasında həqiqətən həmin mənzilidən istifadə edilməsini bildirməsinə və yerli baxış zamanı məhkəmənin buna şahid olmasına baxmayaraq məhkəmə tərəfin faktı etiraf etməsini əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən MPM-in 106.3-cü maddəsinə əsasən azad etdiyini digər sübutlarla yanaşı yoxlamamış və qiymətləndirməmişdir. Məhkəmə mübahisəli mənzildə yaşanıldığını və 30 ay müddətində həmin mənzilə aid olan kommunal xidmətlər üzrə sayğacların göstəricilərinə əsasən mənzildə yaşayış olmasını araşdırmamışdır. Bu faktları təsdiq edən şahidləri dindirməmişdir.

7. Odur ki, qətnamənin qismən iddianın təmin edilməyən hissəsində ləğv edib yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, bildirdi ki, 2021-ci il tarixdə Şərur MTK ilə cavabdeh arasında müqavilə bağlanmışdır, cavabdeh müqaviləyə görə cəmi 5000 manat ilkin ödəniş etmiş, qalan məbləğlər isə ödənilməmişdir, bununla da cavabdeh üzərinə götürdüyü öhdəliyi pozmuşdur. Cavabdeh ilkin ödəniş edəndən sonra 30 ay müddətində mənzildən istifadə etmişdir, evdə yaşayış üçün əşyalar var, evi kirayə vermişdir. Qaz, su, elektrik sayğacına baxmaq kifayətdir ki, evdə yaşayışın olması təsdiqlənsin. Hazırda onlar, mənzili təhvil təslim edən gündən iddia verilən günə qədər, 30 ayın kirayə haqqını tələb edirlər. Cavabdehin həmin mənzildən istifadə etməsi mübahisəsizdir. Cavabdehin mənzildən çıxarılması barədə iddia tələblərinin təmin edilməsi barədə Yasamal Rayon Məhkəməsinin 2(004)-3389/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsini təqdim edərək, bildirdi ki, cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir, bu da cavabdehin həmin mənzildən istifadə etməsini təsdiq edir. Rayon məhəməsi cavabdehin mənzildə yaşamasına dair heç bir sübut təqdim edilməməsi əsası ilə iddia tələbini təmin etməməkdə haqlı olmamışdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

9. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayəti ilə razılaşmayaraq bildirdi ki, o, mənzil almaq üçün iddiaçı MTK ilə müqavilə bağlamış, 5000 manat ilkin ödəniş etmiş, pandemiya düşmüş, ödəməkdə çətinliyi olmuş, evə yaşamaq üçün əşyalar alsa da, o evdə bir gün belə yaşamamışdır. Özü də hazırda kirayədə qalır. Əgər yeni müqavilə bağlansa, yeni qrafik üzrə ödəniş edə bilər. Qeyd edilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

10. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi:

11. Mülki iş materiallarında olan İddiaçı Mənzil Tikinti Kooperativi (“satıcı”) ilə Cavabdeh (“payçı”) arasında bağlanmış 54 saylı 12 mart 2021-ci il tarixli Kooperativ mənzil tikintisi haqqında müqaviləyə əsasən, satıcı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal y/m, Kənar dairəvi yol ünvanında inşa edilmiş binanın 6-cı giriş, 7-ci mərtəbədə yerləşən ümumi sahəsi 129,8 kv.m olan 54 saylı mənzili payçıya təhvil verməyi, payçı mənzili qəbul etməyi və mənzilin müəyyən edilmiş dəyərini müqavilə bağlanan gün 5000 manat, qalıq 166336 manat borcu aylıq 4620 manat olmaqla 12 mart 2024-cü il tarixə qədər ödəməyi öhdəsinə götürmüşdür.

12. Müqavilənin 5.2-ci bəndinə əsasən, «Payçı» bu müqavilənin 3.2-ci bəndinə qeyd olunan ödənişi 10 gündən artıq gecikdirdikdə, mənzilin ümumi dəyərinin 2% məbləğində cərimə tədbiq olunur, 2 ay gecikdirdikdə, "xxxx" xəbərdarlıq edilmədən MTK tərəfindən müqavilə bir tərəfli olaraq pozulur, həmin mənzil başqa şəxsə satılır.

13. Müqavilənin 5.3-cü bəndinə əsasən, «Payçı» bu müqavilənin 3.3-cü bəndində qeyd olunan müddətədək mənzilin dəyərini tam ödəməzsə, mənzilin qiymətinə yenidən baxılır və «Payçı» həmin günə olan qiymətlərlə ödəniş aparır.

14. Müqavilənin 5.5-ci bəndinə əsasən, bu müqavilənin 5.2, 5.3-cü bəndlərində qeyd olunan hallar baş verdikdə və «Payçı» mənzili yeni qiyməti ilə almaqdan imtina etdikdə, müqavilə MTK tərəfindən bir tərəfli qaydada pozulur və mənzilin dəyərinin 20%-i məbləğində “dəbbə pulu” və mənzildə yaşadığı müddətdə hər ay üçün 800 (səkkiz yüz) manat kirayə haqqı çıxıldıqdan sonra «Payçı» ya qaytarılır və mənzil azad olunur.

15. İddiaçı Mənzil Tikinti Kooperativi tərəfindən Cavabdeh ünvanlanmış 03 aprel 2023-cü il tarixli 48 nömrəli təklifin surətindən görünür ki, göründüyü kimi müqavilənin 5.5ci bəndinə əsasən mənzilin 10 gün müddətinə yeni qiymətlə alınması təklif edilmiş, mənzilin yeni qiymətlə alınmasından imtina olunduğu halda müqavilənin birtərəfli qaydada ləğv ediləcəyi və digər şəxsə satılacağı barədə xəbərdarlıq edilmişdir.

16. İddiaçı Mənzil Tikinti Kooperativi tərəfindən Cavabdeh ünvanlanmış 03 aprel 2023-cü il tarixli 48 nömrəli təklifin surətindən görünür ki, müqavilənin 5.5-ci bəndinə əsasən mənzilin 10 gün müddətinə yeni qiymətlə alınması təklif edilmiş, mənzilin yeni qiymətlə alınmasından imtina olunduğu halda müqavilənin birtərəfli qaydada ləğv ediləcəyi və digər şəxsə satılacağı barədə xəbərdarlıq edilmişdir.

17. İddiaçı Mənzil Tikinti Kooperativi tərəfindən Cavabdeh ünvanlanmış 03 may 2023-cü il tarixli 67 nömrəli təklifin surətindən görünür ki, mənzilin yeni qiymətlə alınmasından imtina edildiyi üçün müqavilənin kooperativ tərəfindən bir tərəfli qaydada pozularaq, digər şəxsə satıldığı bildirilmiş və 5 gün müddətində mənzildəki əmlakını götürüb mənzili boşaltması təklif edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

18. İddiaçı Mənzil Tikinti Kooperativinin 14 oktyabr 2023-cü il tarixli arayışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani ünvanında inşa edilmiş yaşayış kompleksinin 6-cı giriş, 3 otaqlı, 54 saylı mənzili xx.xx.2021-ci il tarixdə, ilkin olaraq 5000 (beş min) manat ödəniş etməklə, X1 adına rəsmiləşdirilmişdir. O tarixdən bu günə kimi heç bir ödəniş olmamış, 166336 manat qalıq borc qalmışdır. Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 178.8. Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.5. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 465.1. Əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Tətbiq edilən prosessual hüquq normaları: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi. 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Apellyasiya Məhkəməsinin baxışının hədləri:

20. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən cərimə borcu hissədə iddianın təmin edilməyən, həmçinin kirayə haqqı hissədə yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

21. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən, iddia tələbinin kirayə haqqının tutulmasına dair hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə təmin edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

22. İddiaçı cərimə hissədə tələbinin qismən təmin edilməsi ilə razılaşmır və hesab edir ki, tərəflər arasında bağlanmış 54 saylı 12 mart 2021-ci il tarixli müqavilə şərtinə əsasən, ödəniş 10 gündən artıq gecikdirildikdə, mənzilin ümumi dəyərinin 2% məbləğində cərimə tədbiq olunması razılaşdırılmışdır. Məhkəmə yanlış olaraq müqavilə ilə nəzərdə tutulmuş öhdəliyin icra edilməməsi nəticəsində vurulmuş zərərin ödənilməsini dəbbə pulu ilə qarışdıraraq onu mütənasib hesab etməmiş və iddia tələbini qismən təmin etmişdir.

23. Kollegiya bununla bağlı bildirir ki, MM-in 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

24. Həmin normadan məlum olduğu kimi, dəbbə pulu öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləği olduğundan, rayon məhkəməsi həmin cərimə məbləğini MM-in 467-ci maddəsini tətbiq edərək, azaltmaqda haqlı olmuşdur, apellyasiya şikayəti həmin hissədə əsassızdır.

25. Kirayə haqqı ilə bağlı iddia tələbinin təmin etməyən rayon məhkəməsi qeyd etmişdir ki, yerində müayinə keçirilmiş, binanın komendantı X3 da yerli baxışda iştirak etmişdir. Yerində müayinə zamanı binada mənzillərin soldan sağa nömrələndiyi müəyyən olunmuşdur. Mübahisəli mənzilə baxış keçirilərkən mənzildə olan qonaq otağı və yataq otağı dəstlərinin işlənmiş olduğu bəlli oldu. Yaşayış kompleksinin 6-ci giriş, 7-ci mərtəbə, 53 nömrəli mənzilində yaşayan sakinlər həmin mübahisəli 54 nömrəli mənzildə təmir işlərinin aparıldığını, 1-2 aydır ki, mənzildə heç kimin yaşamadığını, həmin mənzildə Cavabdeh yaşamadığını bildirmişlər. Yaşayış kompleksinin 6-cı giriş, 7-ci mərtəbə, 52 nömrəli mənzildə yaşayan sakinlər 2 aydır ki, öz mənzillərinə köçdüklərini, mənzildə yaşadıqları müddətdə mübahisəli 54 nömrəli mənzildə yaşayışın olmadığını, Cavabdeh tanımadıqlarını bildirmişlər. Binanın komendantı X3 və Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani ünvanında inşa edilmiş yaşayış kompleksinin 6-cı giriş, 7-ci mərtəbə, 54 nömrəli mənzilin əvvəllər kirayə verildiyini bildirdilər (i/v 48).

26. Rayon məhkəməsi həmin hissədə iddia tələbinin təmin edilməməsi barədə mövqeyini belə əsaslandırmışdır ki, “cavabdehdən iddiaçının xeyrinə 24000 manat kirayə haqqının” tutulması hissəsi ilə bağlı iddiaçı həmin hissədə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Belə ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən, cavabdeh mənzildə yaşadığı müddət üçün kirayə haqqı ödəməlidir. Lakin iddiaçı cavabdehin mənzildə yaşamasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Əksinə məhkəmə tərəfindən mübahisəli mənzilə yerli baxış keçirilərkən həmin mənzillə eyni mərtəbədə yerləşən mənzillərdə yaşayan qonşular sözügedən mənzildə Cavabdehın yaşamadığını, ümumiyyətlə Cavabdeh tanımadıqlarını bildirmişlər.

27. Məhkəmə kollegiyası rayon məhkəməsinin həmin mövqeyi ilə razılaşmır. Belə ki, cavabdehin faktiki olaraq həmin mənzildə yaşamaması iddia tələbinin kirayə haqqı hissədə təmin edilməməsi əsas ola bilməz.

28. Belə ki, məhkəmə kollegiyasının iclasında cavabdeh bildirmişdir ki, o, mənzil almaq üçün iddiaçı MTK ilə müqavilə bağlamış, 5000 manat ilkin ödəniş etmiş, pandemiya düşmüş, ödəməkdə çətinliyi olmuş, evə yaşamaq üçün əşyalar alsa da, o evdə bir gün belə yaşamamışdır. Göründüyü kimi, cavabdeh həmin mənzilin onun sahibliyində olmasını (evə yaşamaq üçün əşyalar alması) təsdiq etmişdir.

29. Tərəflər arasında həmin mənzilə dair xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin 5.5-ci bəndinə əsasən, bu müqavilənin 5.2, 5.3-cü bəndlərində (bənd 5.2.«Payçı» bu müqavilənin 3.2-ci bəndinə qeyd olunan ödənişi 10 gündən artıq gecikdirdikdə, mənzilin ümumi dəyərinin 2% məbləğində cərimə tədbiq olunur, 2 ay gecikdirdikdə, "xxxx" xəbərdarlıq edilmədən MTK tərəfindən müqavilə bir tərəfli olaraq pozulur, həmin mənzil başqa şəxsə satılır. Bənd 5.3. «Payçı» bu müqavilənin 3.3-cü bəndində qeyd olunan müddətədək mənzilin dəyərini tam ödəməzsə, mənzilin qiymətinə yenidən baxılır və «Payçı» həmin günə olan qiymətlərlə ödəniş aparır) qeyd olunan hallar baş verdikdə və «Payçı» mənzili yeni qiyməti ilə almaqdan imtina etdikdə, müqavilə MTK tərəfindən bir tərəfli qaydada pozulur və mənzilin dəyərinin 20%-i məbləğində “dəbbə pulu” və mənzildə yaşadığı müddətdə hər ay üçün 800 (səkkiz yüz) manat kirayə haqqı çıxıldıqdan sonra «Payçı» ya qaytarılır və mənzil azad olunur.

30. Kollegiya qeyd edir ki, rayon məhkəməsi müqavilənin 5.5-ci bəndində razılaşdırılmış “mənzildə yaşadığı müddətdə” şərtini məhz cavabdehin faktiki olaraq həmin mənzildə yaşaması kimi olduqca dar- məhdud şərh etmişdir. Halbuki tərəflərin qarşılıqlı razılaşdığı müqavilənin həmin şərti cavabdehin özünün faktiki olaraq mənzildə yaşamasını deyil, ümumilikdə mənzilin cavabdehin sahibliyində- sərəncamında olmasını nəzərdə tutur. Rayon məhkəməsi tərəfindən yerində müayinə zamanı həmin mənzilə baxış keçirərkən mənzildə olan qonaq otağı və yataq otağı dəstlərinin işlənmiş olduğunu müəyyən etmiş, həmçinin binanın komendantı X3 və Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani ünvanında inşa edilmiş yaşayış kompleksinin 6-cı giriş, 7-ci mərtəbə, 54 nömrəli mənzilin əvvəllər kirayə verildiyini bildirmişlər (i/v 48).

31. Bundan əlavə, mülki iş materiallarında olan İddiaçı MTK-nın cavabdeh X2 qarşı “mənzilən əmlakın çıxarılması” tələbinə dair Yasamal Rayon Məhkəməsinin 2(103)- 3389/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehə məxsus əmlakların həmin mənzildən çıxarılması qərara alınmış. Hazırda cavabdeh də həmin qətnamədən apellyasiya şikayəti vermişdi.

32. Bununla da iddiaçıya məxsus mənzilin cavabdehin istifadəsində olması mübahisəsiz qaydada təsdiq edildiyindən, tərəflər arasında olan müqavilə şərtinə uyğun olaraq iddiaçı mənzilin cavabdehə təhvil verildyi vaxtdan iddia verilən günə kimi 30 ay üçün hər aya 800 manat olmaqla, (800x30=24.000) ümumilikdə, 24.000 manat kirayə haqqını tələb etməkdə haqlıdır, iddia həmin hissədə əsaslı olduğundan təmin edilməlidir.

33. MPM-in 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və iş üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən qanunla müəyyən olunmuş qaydada əldə edilmiş məlumatlar sübut hesab olunur. Həmin məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, eləcə də işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2).

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Nəticə:

36. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən, iddia tələbinin kirayə haqqının tutulmasına dair hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə təmin edilməli, cavabdehdən kirayə haqqı kimi 24.000 (iyirmi dörd min) manat iddiaçının xeyrinə tutulmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinəəsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

38. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir.

39. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385.1.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

İddiaçı Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Yasamal Rayon Məhkəməsinin 2(004)-4874/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi qismən, iddia tələbinin kirayə haqqının tutulmasına dair hissədə ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi həmin hissədə təmin edilsin. Cavabdeh kirayə haqqı kimi 24.000 (iyirmi dörd min) manat İddiaçı Mənzil Tikinti Kooperativinin xeyrinə tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu şikayəti vermiş İddiaçı Mənzil Tikinti Kooperativinin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar