Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1256/2025 04.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X4, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs1 nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri 22 saylı Dövlət Notariat Kontoruna qarşı (Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3 və Maraqlı şəxs4 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında yaranmış bütün hüquqi nəticələrin ləğv edilməsi və miras əmlaka payların müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2906/2024 saylı 22 oktyabr 2024-cü il tarixli qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs1 tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qərardadı qəbul etdi, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 22 saylı Dövlət Notariat Kontoruna (Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3 və Maraqlı şəxs4 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 22 saylı notariat kontorunda X3 adına açılmış 58/2011 saylı vərəsəlik işi üzrə Maraqlı şəxs2 adına verilmiş, reyestrdə 2-V-1-02 nömrə ilə qeydə alınmış 24 yanvar 2017ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında yaranmış bütün hüquqi nəticələrin ləğv edilməsi, miras əmlak üzərində onun 1/3 hissə, Maraqlı şəxs2 1/3 hissə və Maraqlı şəxs4 1/3 hissə olmaqla paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, onun mərhum atası X6 "xxxx" X1 Müəssisəsinin (VÖEN:**********) 100% payla təsisçisi olmuşdur. X6 5 noyabr 2012-ci ildə vəfat etmiş və bu barədə Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixli, AZ-İ № 585620 saylı ölüm haqqında şəhadətnamə verilmişdir. Bakı şəhəri 22 saylı notariat ofisində 58/2011 saylı, reyestrdə 2- V-1-02 nömrə ilə qeydə alınmış vərəsəlik işi açılmışdır. Ona məlum olmuşdur ki, qardaşı Maraqlı şəxs2 adına Bakı şəhəri 22 saylı notariat ofisində 58/2011 saylı, reyestrdə 2-V-1-02 nömrə ilə qeydə alınmış vərəsəlik işi açılmış və 24 yanvar 2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə mərhum X5 məxsus "xxxx" X1 Müəssisəsindəki 100% pay qardaşı Maraqlı şəxs2 mülkiyyətinə keçmişdir. Həmin notariat ofisinə sorğu verilmiş və 29 noyabr 2023-cü il tarixli, 152/2023 saylı cavab məktubu ilə bildirilmişdir ki, “xx.xx.2012-ci il tarixdə ölmüş X3 adına Bakı şəhəri 22 saylı notariat ofisində vərəsəlik işi açılmamış və xx.xx.2017-ci il tarixli, 2-V-1-02 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə aşkar edilməmişdir.” Göründüyü kimi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə həmin şəhadətnaməni verən notariat ofisi kimi Bakı şəhəri 22 saylı notariat kontoru qeyd edilsə də, həmin şəhadətnamənin aşkar edilməməsi və mərhum X3 adına Bakı şəhəri 22 saylı notariat ofisində vərəsəlik işinin açılmaması elə həmin notariat ofisi tərəfindən təsdiq edilir. Fərz edilsə ki, həmin Şəhadətnamə qanunla müəyyən edilmiş qaydada verilmişdir, bu halda mərhum X3 vərəsələrinin dairəsi müəyyən edilməli idi və onun qardaşının xeyrinə miras əmlakdan imtina etməsi ilə bağlı yazılı iradə ifadəsi olmalı idi. Qeyd edilənlər onun qardaşı Maraqlı şəxs2 adına verilmiş həmin şəhadətnamənin saxta və qanunsuz olduğunu təsdiq edir. Hazırkı iddia tələbi ilə tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edilmiş, sonradan məhkəmənin xx.xx.2024-cü il tarixli, e-2(006)-1232/2024 saylı qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Həmin iş üzrə məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti MGBİ HŞDQİ-nin 06 aprel 2024-cü il tarixli, **********504300 saylı cavab məktubu ilə bildirilmişdir ki, “...hazırkı tarixə olan dövlət reyestr məlumatlarına əsasən Maraqlı şəxs1 22,5 manat, 75% pay hüququ ilə, Maraqlı şəxs3 7,5 manat, 25% pay hüququ ilə "xxxx" X1 Müəssisəsinin (VÖEN:**********) təsisçiləridir.” Həmçinin, AR Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivinin məhkəmənin sorğusuna xx.xx.2024-cü il tarixli, 3-16-5/6-11-288/24 saylı cavab məktubundan görünür ki, “Bakı şəhəri 22 saylı notariat ofisində 2017-ci ildə rəsmiləşdirilmiş notariat sənədləri arxivə təhvil verilməmişdir. Qeyd olunanlarla bağlı Bakı şəhəri 22 saylı notariat ofisinə müraciət etməyiniz məqsədəmüvafiqdir.” Bakı şəhəri 22 saylı notariat ofisinin məhkəmənin sorğusuna xx.xx.2024-cü il tarixli, 60/2024 saylı cavab məktubundan görünür ki, “xx.xx.2012-ci il tarixdə vəfat etmiş X3 adına Bakı şəhəri 22 saylı notariat ofisində vərəsəlik işi açılmamışdır.” Həmçinin, məhkəmənin nəzərinə çatdırır ki, mərhum atasının sözügedən müəssisədə iştirak payının olmasından məlumatsız olmuşdur. Notariat ofisinin yuxarıda istinad edilən cavab məktubu ilə şəhadətnamənin etibarsızlığına əsas verən hal ona məlum olmuşdur. Bu səbəbdən həmin Şəhadətnamənin etibarsız hesab edilməsinə dair mübahisənin açılması üçün nəzərdə tutulmuş müddət ötürülməmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs1 nümayəndəsi (vəkili) Vəkil2 ərizə ilə müraciət edərək bildirmişdir ki, iddiaçı məhkəməyə müraciət edərək Bakı şəhəri 22 saylı notariat ofisində iddiaçının mərhum atası X3 adına açılmış 58/2011 saylı, reyestrdə 2-V-1-02 nömrə ilə qeydə alınmış vərəsəlik işi üzrə iddiaçının qardaşı Maraqlı şəxs2 adına verilmiş 24 yanvar 2017-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında yaranmış bütün hüquqi nəticələrin ləğv edilməsi və miras əmlaka payların İddiaçı 1/3 hissə, Maraqlı şəxs2 1/3 hissə və Maraqlı şəxs4 1/3 hissə olmaqla müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, AZ-İ № 585620 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X6 05 noyabr 2012-ci ildə vəfat etmişdir. Mülki Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddiaçı atasının ölümündən 12 il keçdikdən sonra miras əmlaka pay hüququnun müəyyən edilməsi üçün müraciət etmişdir. İddiaçının qardaşı məhkəmə iclas zalında bildirmişdir ki, notariat ofisinə müraciət edərək rəsmi qaydada şəhadətnamə almış, daha sonra isə notarial qaydada alqısatqı edərək hüquqi şəxsi satmışdır. İddiaçının həmin şəhadətnamədən və satışdan məlumatlı olmaması mümkün deyildir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2906/2024 saylı 22 oktyabr 2024cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs1 apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2906/2024 saylı, 22 oktyabr 2024-cü il tarixli qətnaməsinin ləğv olunması; iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verilmişdir. Qətnamədə qeyd olunmuşdur ki, … vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair mübahisənin açılması müddəti ilə bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. İddiaçı tərəfindən vəkilə bu iş üçün 16 mart 2023-cü il tarixdə etibarnamə verilmişdir. Hətta məhkəmədə sualına əsasən iddiaçının vəkili və nümayəndəsi İddiaçı bu mülki işdən başqa hər hansı bir iş üzrə hüquqi yardım göstərmədiyini bildirmişdir. Lakin iddia ərizəsi birinci instansiya məhkəməsinə xx.xx.2024cü il tarixdə daxil olmuşdur. Xamiyev qardaşlar arasında da hal-hazırda mehribançılıq mövcuddur. Belə ki, məhkəmədə sualına əsasən iddiaçının nümayəndəsi bildirmişdir ki, cavabdeh qardaşın hərəkətləri barədə hüquq-mühafizə orqanlarına şikayət etməmişdir. Buna görə də hesab edir ki, 24 yanvar 2017-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin alınmasından digər Xamiyevlərin məlumatlarının olmaması inandırıcı deyildir. Qətnamənin 6-cı səhifəsinin sonuncu abzasında qeyd olunmuşdur ki, ......Məhkəmə iddia tələbinin əsaslılığı ilə bağlı qeyd edir ki, işin araşdırılmış hallarından bəlli oldu ki, Maraqlı şəxs2 tərəfindən vərəsəliyin qəbulu məqsədilə həyata keçirilmiş prosedurun əsassız olduğunu özü və bundan əlavə hazırkı iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən şəxslər də bilmişlər. Belə ki, Maraqlı şəxs1 və iddiaçı uzaq qohumluq münasibətlərindədirlər. Sözsüz ki, Maraqlı şəxs2 onunla bərabər hüquqa malik vərəsələr olan qardaşını (İddiaçı) və bacısını (Maraqlı şəxs4) vərəsəlikdən kənar qoyaraq özünü yeganə vərəsə kimi təqdim etməklə əsassız davranış nümayiş etdirmiş, habelə Maraqlı şəxs1 sonradan miras əmlakda Maraqlı şəxs2 tam payını alqısatqı müqaviləsi əsasında əldə etdiyi zaman sonuncunun həmin miras əmlaka münasibətdə yeganə vərəsə olmadığından xəbərdar olmuşdur. Qeyd etmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, AZ-İ seriyalı 585620 saylı Ölüm haqqında şəhadətnamədən görünür ki, X6 5 noyabr 2012-ci ildə vəfat etmişdir. Cahib Xamiyevin ölümündən təxminən 5 il 6 ay müddət keçdikdən sonra Maraqlı şəxs2 “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” 24 yanvar 2017-ci il tarixdə əldə etmiş, xx.xx.2019-cu il tarixli təsis payının alqı-satqısı müqaviləsi əsasında Maraqlı şəxs1 satmışdır. Maraqlı şəxs1 “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”-ni görməmiş, alqı-satqı şəhadətnamə əsasında aparılmamışdır. Maraqlı şəxs1 Xamiyevlər ailəsini tanıması onun vicdansız alıcı olması demək deyildir. Maraqlı şəxs1 necə belə bilməli idi ki, “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” hansı qaydada əldə olunmuş, bacı və qardaşlar imtina etmişdirmi və ya hər hansı bir səbəbdən vərəsəliyi qəbul etməmişdir. Nəticə olaraq Maraqlı şəxs1 kommersiya hüquqi şəxslərin reyestrinə etibar edərək alqı-satqı həyata keçirtmişdir. Qətnamədə göstərilmişdir ki, … Bundan başqa işin araşdırılmış halları ilə Bakı şəhəri 22 saylı notariat ofisində X3 adına vərəsəlik işinin açılmadığı müəyyən olunur. Bu isə öz növbəsində həmin şəxsin qanun üzrə vərəsəsinə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin həqiqiliyini şübhə altına almaqla, onu əsası olmayan sənəd hesab etməyə əsas verir. Məhkəmə Maraqlı şəxs2 adına verilmiş, reyestrdə 2-V-1-02 nömrə ilə qeydə alınmış 24 yanvar 2017-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”ni əsası olmayan sənəd hesab etməsinə baxmayaraq bu barədə xüsusi qərardad çıxartmamış, prokurora xəbər verməmişdir. Nəyə görə? Hansı səbəbə əsasən məhkəmə xüsusi qərardad çıxartmamışdır. Əgər məhkəmə təqdim olunan şəhadətnamənin həqiqiliyini şübhə altına almışdırsa demək ki, təqdim olunan sənəd saxta ola bilər. Halbuki, rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə AR Cinayət Məcəlləsinin 320-ci maddəsində öz əksini tapmışdır. Mülki iş üzrə Maraqlı şəxs4 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Maraqlı şəxs4 tərəfindən işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iş üzrə iddia ərizəsi təqdim olunmamış, yəni vərəsəlik payının müəyyən edilməsini məhkəmədən xahiş etməmişdir. Həmçinin cavabdeh Maraqlı şəxs2 məhkəməyə qarşılıqlı iddia ərizəsi verməmiş, yəni vərəsəlik payının müəyyən edilməsini məhkəmədən xahiş etməmişdir. Lakin buna baxmayaraq birinci instansiya məhkəməsi tərəfindən prosessual qanunvericiliyin tələbləri pozularaq Maraqlı şəxs4 və Maraqlı şəxs2 paylarını müəyyən etmişdir. İddiaçının iddia tələbi 3 hissədən ibarətdir. 1.Vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, 2.Həmin şəhadətnamə əsasında yaranmış bütün hüquqi nəticələrin ləğv edilməsi 3.Miras əmlaka payların müəyyən edilməsi. İddiaçının iddia tələbinin “həmin şəhadətnamə əsasında yaranmış bütün hüquqi nəticələrin ləğv edilməsi’ hissəsi qeyri-müəyyəndir. Belə ki, vərəsəlik haqqında şəhadətnamə əsasında "xxxx" X1 Müəssisəsinin (VÖEN:**********) xx.xx.2017-ci il tarixdə Maraqlı şəxs2 adına rəsmiləşdirilmiş, təxminən 2 il 6 ay sonra xx.xx.2019-cu il tarixdə Maraqlı şəxs2 tərəfindən təsis payının alqı-satqısı müqaviləsi əsasında Maraqlı şəxs1 satılmış, təxminən 3 il 3 aydan sonra xx.xx.2022-ci il tarixli təsis payının bağışlanması müqaviləsi əsasında Maraqlı şəxs1 tərəfindən 7,5 manat 25% pay hüququ Maraqlı şəxs3 bağışlanmışdır. Lakin iddiaçı tərəfindən alqı-satqı müqaviləsi, bağışlanma müqaviləsi mübahisələndirilməmiş, qeyri-müəyyən formada hüquqi nəticələrinin ləğv edilməsini məhkəmədən xahiş etmiş, hüquqi əsaslandırma göstərməmişdir. Məhkəmə tərəfindən ekspertiza təyin edilməmiş, halbuki ekspertiza təyin edilsə idi mübahisələndirilən şəhadətnamənin üzərindəki möhürün və imzanın həqiqiliyi müəyyən edilmiş olardı. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs1 nümayəndəsi-vəkili Vəkil2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər və işdə iştirak edən digər şəxslər məhkəmə iclasında iştirak etmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - “şəhadətnamə əsasında yaranmış bütün hüquqi nəticələrin ləğv edilməsi, miras əmlak üzərində İddiaçı 1/3 hissə, Maraqlı şəxs2 1/3 hissə və Maraqlı şəxs4 1/3 hissə olmaqla payları müəyyən edilməsi” hissəsində ləğv edilməli, iddia ərizəsi həmin hissədə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra- MPM) 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddia ərizəsindən göründüyü kimi İddiaçı cavabdeh Bakı şəhəri 22 saylı Dövlət Notariat Kontoruna (Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3 və Maraqlı şəxs4 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 22 saylı notariat kontorunda X3 adına açılmış 58/2011 saylı vərəsəlik işi üzrə Maraqlı şəxs2 adına verilmiş, reyestrdə 2-V-1-02 nömrə ilə qeydə alınmış 24 yanvar 2017-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında yaranmış bütün hüquqi nəticələrin ləğv edilməsi, miras əmlak üzərində onun 1/3 hissə, Maraqlı şəxs2 1/3 hissə və Maraqlı şəxs4 1/3 hissə olmaqla paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bununla əlaqədar qeyd edilməlidir ki, MPM-nin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ərizədə göstərilməlidir. MPM-nin 149.2.3-cü maddəsinin tələbinə görə, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. MPM-in 259.0.12-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli, 3 saylı “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” qərarında göstərilmişdir ki, iddia ərizəsində (ərizədə, şikayətdə) Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsində müəyyən olunmuş məlumatlar dəqiq göstərilməli və ərizəyə 150-ci maddədə göstərilən sənədlər əlavə edilməlidir. Məhkəməyə müraciət edən şəxs ərizənin qanunla müəyyən edilmiş məzmununa əməl etmədikdə ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə təkrar müraciət etməyə mane olmur. Azərbaycan Respublikası MPM-nin 259.0.12–ci maddəsinə müvafiq olaraq hakim iddia ərizəsində yol verilmiş nöqsanın aradan qaldırılması və yaxud zəruri sənədin Azərbaycan Respublikası MPM-nin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində nəzərdə tutulmuş sənədlərin ərizəyə əlavə edilməsi üçün ərizəçiyə vaxt verə bilər. Ərizəçi ona təyin olunan müddətdə işin mahiyyəti üzrə həll edilməsinə maneçilik törədən nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanılır. Belə ki, iddia ərizəsindən müəyyən edildiyi kimi iddiaçı ərizənin formasına (məzmununa) dair mülki prosessual qanunvericiliyin tələblərinə lazımınca riayət etməmiş, etibarsız hesab edilməsini tələb etdiyi - Maraqlı şəxs2 adına verilmiş, reyestrdə 2-V-1-02 nömrə ilə qeydə alınmış 24 yanvar 2017-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında yaranmış bütün hüquqi nəticələrin ləğv edilməsini xahiş etsə də, əsasında yaranmış hansı nəticələri, ləğv edilməsini xahiş etdiyi hansı müqavilələri, həmin müqavilələrin bağlandığı tarixlər, müqavilə tərəfləri və bu məsələlərin araşdırılması üçün zəruri olan digər fərdiləşdirici məlumatları iddia ərizəsində göstərməmiş, müqavilələrin ləğv olunmasına dair tələbi irəli sürməsinə baxmayaraq bu müqavilələrin tərəfi olan şəxsləri cavabdeh qismində qeyd etməmişdir. Halbuki, hüquq və vəzifələrin yaranmasına əsas olmuş əqdin mübahisələndirilməsinə dair iddia üzrə cavabdeh qismində cəlb edilməli olan şəxslər həmin müqavilənin tərəfləri olmalıdır Bundan başqa iddiaçı Maraqlı şəxs2 adına verilmiş, reyestrdə 2-V-1-02 nömrə ilə qeydə alınmış 24 yanvar 2017-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarsız hesab edilməklə, miras əmlak üzərində onun 1/3 hissədə, Maraqlı şəxs2 1/3 hissədə və Maraqlı şəxs4 1/3 hissədə paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini də xahiş etmişdir. Buna baxmayaraq miras əmlak üzərində paylarının müəyyən edilməsini xahiş etdiyi şəxslərin işə cavabdeh qismində cəlb edilməsini təmin etməmiş, ölənin üç nəfərdən başqa birinci növbədən olan digər vərəsələrinin mövcud olub-olmamasını araşdırmamışdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, ərizənin, habelə əlavə olunmuş materialların Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş tələblərə uyğun tərtib olub-olmaması, ərizə hakimin icraatına verilən zaman yoxlanılmalı, hakim tərəfindən mahiyyəti üzrə işə baxılıb qətnamə qəbul edilməsinə yönələn bütün lazım olan hərəkətlər isə çəkişmə prinsipinə əməl edilməklə məhkəmə baxışının hazırlıq mərhələsinə qədər edilməsi təklif edilməlidir. Hazırkı mərhələdə, yəni apellyasiya icraatı qaydasında sözügedən qaydalara riayət edilməsinin təklif edilməsi, yeni cavabdehlərin cəlb edilməsi, iddia tələblərinin dəqiqləşdirilməsi və s. bu kimi prosessual hərəkətlərin edilməsi isə, məhkəmə prosesinin lüzumsuz şəkildə uzanması, cavabdeh qismində cəlb ediləcək şəxslərin məhkəmə müdafiəsi hüququnun lazımi qaydada həyata keçirməsi imkanlarından məhrum olması ilə nəticələnə bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, yuxarıda sadalanan nöqsanların aradan qaldırılmaması mülki işə irəli sürülmüş tələblər çərçivəsində baxılmasını mümkünsüz edir, ərizənin baxılmamış saxlanılmasına da əsas yaradır. Çünki, prosessual qanunvericilik hər hansı şəxsin sonradan cavabdeh kimi işə qoşulması və s. bu kimi prosessual hərəkətlərin edilməsi müddətlərini dəqiq tənzimləmişdir. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Göründüyü kimi, iddia ərizəsinin müvafiq hissədə baxılmamış saxlanılması üçün əsaslar mövcuddur və belə olan halda, iddia ərizəsi tələblərin qeyri-müəyyən olduğu hissədə baxılmamış saxlanılmalıdır. İddiaçıya isə yuxarıda qeyd edilən nöqsanları aradan qaldırmaqla (iddia tələblərinin məzmununu və cavabdehlərin dairəsini dəqiq müəyyən etməklə, digər prosessual hərəkətləri lazımi qaydada yerinə yetirməklə) yenidən ümumi qaydada məhkəməyə təkrar müraciət etmək hüququna malik olması izah edilməlidir. MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 387.2.8-ci və 387.3-cü maddələrinə əsasən, iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. MPM-in 384.0.5-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8- 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası, qeyd olunanlara əsasən, hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – “şəhadətnamə əsasında yaranmış bütün hüquqi nəticələrin ləğv edilməsi, miras əmlak üzərində İddiaçı 1/3 hissə, Maraqlı şəxs2 1/3 hissə və Maraqlı şəxs4 1/3 hissə olmaqla paylarının müəyyən edilməsi” hissəsində ləğv edilməli, ərizə bu hissədə baxılmamış saxlanılmalıdır. İzah edilməlidir ki, iddiaçı qanunvericiliyin tələblərinə tam riayət etməklə yenidən müvafiq tələblə məhkəməyə yenidən müraciət edə bilər. Şərh olunanlara əsasən və MPM-in 261, 263-264, 357-358, 391, 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2906/2024 saylı, 22 oktyabr 2024cü il tarixli qətnaməsi qismən – “şəhadətnamə əsasında yaranmış bütün hüquqi nəticələrin ləğv edilməsi, miras əmlak üzərində İddiaçı 1/3 hissə, Maraqlı şəxs2 1/3 hissə və Maraqlı şəxs4 1/3 hissə olmaqla paylarının müəyyən edilməsi” hissəsində ləğv edilsin. Həmin hissədə iddia ərizəsi baxılmamış saxlanılsın. İzah edilsin ki, iddiaçı mülki prosessual qanunvericiliyn tələblərinə tam riayət etməklə yenidən müvafiq tələblə məhkəməyə müraciət edə bilər. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(103)-1256/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1256/2025
04.03.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver