Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1258/2025 24.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı “qanunsuz tikilinin sökülməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 16 dekabr 2024-cü il tarixli qərardaddan iddiaçının verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı, cavabdehlərə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onun yaşadığı və ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli fərdi yaşayış evinin arxasında cavabdehlər tərəfindən qanunsuz inşa edilən tikilinin onların hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Binəqədi qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi iddia ərizəsində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində qeyd edilmişdir. İddia ərizəsinin icraata qəbulu məsələsinə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardad ilə iddia ərizəsinin geri qaytarılmasını qərara almışdır. İddiaçı həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və iddia ərizəsinin mümkün sayılaraq icraata qəbul edilməsini xahiş etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardad ilə şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin, işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və iddia ərizəsinin qəbulu məsələsinə yenidən baxılması üçün iş Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Rayon Məhkəməsi, iddia ərizəsinin qaytarılması barədə mövqeyini onunla əsaslandırmışdır ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində (MPM) nəzərdə tutulmuş forma və məzmununa riayət etmədən tərtib edilmiş, sökülməsi xahiş edilən daşınmaz əmlakın təsviri, ünvanı, həmin daşınmaz əmlakın məhz cavabdehlərə məxsus olmasını təsdiq edən hüquqmüəyyənedici sənədlər, ümumiyyətlə cavabdehlər tərəfindən aparılan tikinti işlərinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada icazə alınmadan həyata keçirilməsini təsdiq edən məlumatlar iddia ərizəsində göstərilməmiş və ya təsdiq edən sənədlər iddia ərizəsinə əlavə edilməmişdir. Bundan başqa, iddiaçı irəli sürdüyü tələbini ehtimallarla əsaslandırmışdır. İddiaçının həmin qərardaddan verdiyi şikayət isə onunla əsaslandırılmışdır ki, iddia ərizəsi MPM-in 149 və 150-ci maddələrinin tələblərinə riayət edilməklə, cavabdehlərin şəxsiyyət məlumatları, ünvanları, telefon nömrələri, habelə üçüncü şəxslər olan dövlət orqanlarının da adı və ünvanları tam şəkildə göstərilmişdir. Bundan başqa iddia ərizəsi maddi hüquq normalarına istinad edilməklə əsaslandırılmış, habelə zəruri sübutlar əlavə edilmişdir. Bundan əlavə, iddia tələbinin ehtimallarla əsaslandırılması fikri də yanlışdır və ərizənin qaytarılması üçün əsas deyil. Bu hala yekun məhkəmə aktında qiymət verilməlidir. Göstərilənləri nəzərə alan Məhkəmə müzakirə edilən məsələnin həlli ilə bağlı qeyd edir ki, MPM-in 152.1.1-ci maddəsinə görə, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılır. Rayon Məhkəməsi iddia ərizəsini qaytararkən MPM-in 149.2-ci maddəsinə istinad etmişdir. Həmin maddəyə əsasən, iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları), iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Rayon Məhkəməsi hesab etmişdir ki, sökülməsi xahiş edilən daşınmaz əmlakın təsviri, ünvanı, həmin daşınmaz əmlakın məhz cavabdehlərə məxsus olmasını təsdiq edən hüquqmüəyyənedici sənədlər, ümumiyyətlə cavabdehlər tərəfindən aparılan tikinti işlərinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada icazə alınmadan həyata keçirilməsini təsdiq edən məlumatlar iddia ərizəsində göstərilməmiş və ya təsdiq edən sənədlər iddia ərizəsinə əlavə edilməmişdir. İddia ərizəsindən göstərilmişdir ki, cavabdehlər iddiaçıya məxsus olan evin arxasında, yəni ünvan 2 ünvanında iki ədəd iki mərtəbəli və birmərtəbəli qanunsuz evlər tikib orada yaşayırlar. Cavabdehlərin yaşadığı fərdi yaşayış evi hündürdə sürüşmə zonasında, iddiaçının evi isə həmin evlərin aşağısında yerləşir, cavabdehlərin yaşadığı evin həyətindən axan bütün yağış və digər sular iddiaçının həyətinə axır, lakin buna baxmayaraq xx.xx.2024-cü il tarixində cavabdehlər iddiaçının yaşadığı evin hasarından bir metr iddiaçının torpaq sahəsinə keçərək, sürüşmə zonası olan boş torpağın üzərində fərdi yaşayış evi tikməyə başlamışlar. Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin məsələyə yanaşması düzgün deyil. Belə ki, iddia ərizəsinin məzmununda iddiaçının hüquqi marağı aydın ifadə edilmiş, qanunsuz hesab edilən daşınmaz əmlakın mümkün təsviri verilmiş, bununla bağlı fotoşəkillər əlavə edilmiş, əmlakın ünvanı qeyd edilmiş, daşınmaz əmlakın cavabdehlər tərəfindən qanunsuz inşa edildiyi və cavabdehlərin orada yaşadığı, həmçinin cavabdehlərə aid şəxsiyyət vəsiqəsi məlumatları, ünvanlar və əlaqə vasitələri göstərilmişdir. Həmin daşınmaz əmlakın cavabdehlərə məxsus olub-olmaması və tikinti işlərinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada icazə alınmaqla həyata keçirilinkeçirilməməsi halları çəkişmə prinsipinə riayət etməklə məhkəmə araşdırması zamanı müəyyən edilə bilər. Buna hüquqi şərait imkan verir. MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hazırki halda cavabdehlər tərəfindən qanunsuz inşa edildiyi bildirilən tikililərə dair hüquq müəyyən edən və hüquq verən sənədlərin mövcud olub-olmamasının və məhkəməyə təqdim edilməsi yükünün iddia ərizəsi verilərkən iddiaçının üzərinə qoyulması onun məhkəməyə müraciət etmək hüququnun lüzumsuz məhdudlaşdırılmasına səbəb ola bilər. İddia tələbinin ehtimallara, yaxud real faktlara əsaslanmasına məhkəmə baxışının nəticəsində qiymət verilməsi məqsədəmüvafiqdir. Odur ki, qeyd edilənləri nəzərə alan Məhkəmə hesab edir ki, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş Rayon Məhkəməsinə qaytarılmalıdır. Beləliklə də göstərilənləri nəzərə alan, MPM-in 398-ci maddəsində təsbit edilmiş səlahiyyətlərindən çıxış edən və MPM-nin 400, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: İddiaçı şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən hazırkı iş üzrə qəbul edilmiş 16 dekabr 2024-cü il tarixli qərardad ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı “qanunsuz tikilinin sökülməsi tələbi barədə” iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilmir.
Məhkəmə qərarları › İş №2(103)-1258/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1258/2025
24.01.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver