Məhkəmə qərarları › İş №2(103)-1259/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1259/2025

28.01.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1259/2025 28.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Musayeva Cəmilə Ceyhun qızı (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və Abdıyev Fuad Vilayət oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ("xxxx" ASC üçüncü şəxs qismində cəlb olunmaqla) “zaminlik müqaviləsinin ləğv edilərək etibarsız hesab edilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli, 2(001)-3719/2022 saylı qərardadından İddiaçı1 tərəfindən verilmiş şikayətin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ("xxxx" ASC üçüncü şəxs qismində cəlb olunmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 Mövlan oğlunun və Cavabdeh1 əsas borclu kimi tanınması, "xxxx" ASC-yə 23.340 ABŞ dolları məbləğdə olan borcun ödənilməsinin onlara həvalə edilməsi və onlarla olan zaminlik müqaviləsinin aldatma yolu ilə bağlanmasına görə xx.xx.2015-ci il tarixli "zaminlik" müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3719/2024 nömrəli 14 oktyabr 2024-cü il tarixli qərardadına əsasən iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ("xxxx" ASC üçüncü şəxs qismində cəlb olunmaqla) “zaminlik müqaviləsinin ləğv edilərək etibarsız hesab edilməsi və s.” tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardaddan İddiaçı1 şikayət verərək onun ləğv edilməsini xahiş etmiş, həmçinin buraxılmış müddətin bərpası barədə ərizə təqdim etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli, 2(001)- 3719/2022 saylı qərardadı ilə ərizə təmin olunaraq, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli, 2(001)-3719/2024 saylı qərardadından şikayətin verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmiş; şikayət təmin edilməyərək baxılması üçün mülki işin materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın 16 yanvar 2025-ci il tarixli 2(103)-1259/2025 saylı qərardadı ilə işə apellyasiya qaydasında baxılması mümkün hesab olunmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətini mülki işin materialları ilə müqayisəli şəkildə nəzərdən keçirərək hesab edir ki, hazırki iş üzrə verilmiş şikayət qeyri-mümkün hesab edilməli və iş birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Belə ki, İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə zidd olaraq icraata qəbul edilmişdir. Azərbaycan Respublikasının Prezidentinin 16 iyul 2021-ci il tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 09 iyul tarixli 363-VİQD nömrəli Qanunu 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmişdir. Həmin Qanunun 2.2-ci bəndində qeyd olunmuşdur ki, bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Mülki-Prosessual Məcəllənin 10-1.1-ci maddəsinə əsasən elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Bu Məcəllənin 10-1.5-ci və 10-1.7-ci maddələrinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. Mülki-Prosessual Məcəllənin 363.1.5-ci maddəsinin tələblərinə görə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, şikayətin verilməsi zamanı Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilmədiyindən, yəni Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3719/2024 nömrəli 14 oktyabr 2024-cü il tarixli qərardadından İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilsə də, elektron imza ilə imzalanmadığından, elektron kabinetdən göndərilən apellyasiya şikayətinin adi imza ilə imzalanmış sənədin skan versiyası olduğundan, geri qaytarılmalıdır. Nəzərə alınmalıdır ki, apellyasiya şikayətinin MPM-nin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, buna görə də birinci instansiya məhkəməsi apellyasiya şikayətinin MPM-nin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yenidən yoxlamaqla, apellyatorun məhkəmə aktı barəsində həqiqətən məlumatsız olub-olmadığını araşdıraraq prosessual müddətin ötürülüb-ötürülmədiyinə və digər bu kimi hallara qiymət verməlidir. Kollegiya onu da qeyd edir ki, sözügedən apellyasiya şikayəti üzrə apellyasiyanın mümkün hesab edilməsi, sonradan apellyasiyanın qeyri-mümkün hesab edilməsinə mane olmur. Belə ki, qeyri-mümkünlük üçün hazırda istinad olunan hal apellyasiya mümkün hesab edilərkən nəzərdən qaçırılmışdır, mülki-prosessual qanunvericlik isə bu kimi hallarda apellyasiyanın sonradan qeyri-mümkün hesab edilməsini istisna etmir. Xüsusilə nəzərə alınmalıdır ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsindən fərqli olaraq, şikayətin mümkünlük məsələsini yoxlayarkən onun MPM-in 361-ci maddəsində əks olunmuş formal tələblərə cavab verməsini qiymətləndirməklə yanaşı, verilmiş şikayətə apelyasiya qaydasında baxılması üçün prosessual əsasların olub-olmamasını da yoxlamalıdır. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi hesab edir ki, İddiaçı1 iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə zidd olaraq icraata qəbul edildiyindən, onun apellyasiya şikayətinə apellyasiya qaydasında baxıla bilməz. Başqa sözlə, Binəqədi Rayon Məhkəməsinin 2(001)-3719/2024 nömrəli 14 oktyabr 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunmuşdur və bu səbəblə də Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(103)-1259/2025 nömrəli 16 yanvar 2025-ci il tarixli qərardadı ləğv edilməklə iş apellyasiya baxışından çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264,366.3 və 402.2.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi MK-nın 16 yanvar 2025-ci il tarixli 2(103)-1259/2025 saylı qərardadı ləğv edilməklə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli, 2(001)-3719/2022 nömrəli qərardadından İddiaçı1 tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayət yuxarıda qeyd edilən hallar nəzərə alınmaqla işlə birlikdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar