Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-126/2023 14.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X7 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Binəqədi rayon Xocəsən Bələdiyyəsi və X5) qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılması və tikilinin cavabdehin hesabına sökülməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-724/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Binəqədi rayon Xocəsən Bələdiyyəsi və X5) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xocəsən Bələdiyyəsinin 07 mart 2007-ci il tarixli 05/22 saylı qərarı ilə X1 adına ayrılmış Xocəsən Bələdiyyəsinin ərazisində yerləşən sahəsi 600 kv.m olan torpaq sahəsi üzərində özbaşına inşa edilmiş tikilinin Cavabdeh vəsaiti hesabına sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsi, cavabdehin həmin torpaq sahəsindən çıxarılması, cavabdeh tərəfindən qeyd edilən torpaq sahəsinin boşaldılaraq ona geri qaytarılması, ödənilmiş dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə və sui-istifadə edərək qanunsuz olaraq torpaq sahəsini zəbt etdiyi üçün Cavabdeh və ona torpaq sahəsinin qanunsuz satılması ilə məşğul olmuş təqsirkar şəxslərin dairəsi müəyyən edilməklə barələrində hazırki iş üzrə xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Xocəsən Bələdiyyəsinin 07 mart 2007-ci il tarixli/ 05/22 saylı qərarı ilə, Xocəsən Bələdiyyəsinin ərazisində fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsi iddiaçının rəhmətlik anası X1 adına ayrılmışdır. Ayrılmış torpaq sahəsinin yerləşdiyi ərazinin cizgisi Binəqədi RİH-nin Torpaq Şöbəsi tərəfindən təsdiq edilərək, həmin torpaq sahəsi naturada ona göstərilmişdir. Həmin torpaq sahəsinə görə 1344 manat məbləğində pul ödənilmiş və bu barədə Ödəniş qəbzi də mövcuddur. Qeyd olunan torpaq sahəsi tərəflərindən 6-7 mişar daşı hündürlüyündə hər tərəfdən daş hasara alınmışdır. Ailədə yaranmış problemlərlə bağlı həmin torpaq sahəsində tikinti aparılmamış, lakin mütəmadi olaraq tərəflərindən nəzarət edilmişdir. Təxminən 2020-ci ilin fevral ayında həmin torpaq sahəsinə baxanda, oranın digər şəxslər tərəfindən zəbt olunaraq tikinti aparıldığının şahidi olmuşdur. Müəyyən olunmuşdur ki, torpaq sahəsini Cavabdeh zəbt edərək orada qanunsuz tikinti işləri aparmışdır. Cavabdehdən torpaq sahəsinin boşaldılmasını dəfələrlə tələb etsələr də, o (cavabdeh), həmin torpaq sahəsini pul verib aldığını bildirərək torpaq sahəsini boşaltmamışdır. Cavabdehdən həmin torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədinin olduğunu soruşduqda, əvvəlcə sənədinin olduğunu bildirmiş, lakin sonradan müəyyən olunmuşdur ki, qeyd edilən torpaq sahəsinə dair heç bir sənədi yoxdur. Eyni zamanda iddiaçının anasına məxsus torpaq sahəsinin digər şəxslər tərəfindən zəbt edildiyi Xocəsən Bələdiyyəsinin 16 sentyabr 2020-ci il tarixli məktubu ilə də təsdiq edilir. Belə ki, Xocəsən Bələdiyyəsinə edilən vəkil sorğusuna cavab olaraq bildirilmişdir ki, "X2 Xocəsən Bələdiyyəsinin 07 mart 2007-ci il tarixli, 05/22 saylı qərarı ilə torpaq sahəsi ayrılmış və həmin qərarla ayrılan sözügedən torpaq sahəsinə əməkdaşlarımız tərəfindən baxış keçirilmiş və baxış zamanı torpaq sahəsinin naməlum şəxslər tərəfindən zəbt edilmiş və orada qanunsuz tikinti aparılmışdır". Verilən cavabdan da bir daha görünür ki, iddiaçının anasına məxsus torpaq sahəsi qanunsuz zəbt edilmişdir. Hazırda Cavabdeh zəbt etmiş olduğu torpaq sahəsini könüllü olaraq ona qaytarmır, ona görə də hazırda torpaq sahəsinə dair mübahisə olduğundan iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-724/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən aprellyasiya şikayəti verilmiş və qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 məhkəməyə iddiadan imtina barədə ərizə təqdim edərək onun qəbul edilməsini xahiş etmişdir. Kollegiya iclasında iştirak edən Cavabdeh iddiadan imtina barədə ərizənin qəbul edilməsinə etirazının olmadığını bildirdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər cavabdehlər kollegiya iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən həmin cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddia tələbindən imtina edilməsi barədə ərizə təmin edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunur. Həmin Məcəllənin 370.2-ci maddəsinə əsasən iddiadan imtinanın qəbul edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiadan imtina etmə, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19 və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Həmin Məcəllənin 261.0.4-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Şərh olunanlara əsasən, apellyasiya instansiya məhkəməsi hesab edir ki, İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Binəqədi rayon Xocəsən Bələdiyyəsi və X5) qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılması və tikilinin cavabdehin hesabına sökülməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilməklə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-724/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilməlidir. Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinə görə, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin normada (402-ci maddə) icraata xitam verilməsi barədə qərardadlar ümumi şəkildə əks olunmasına baxmayaraq, sözügedən normanın Mülki Prosessual Məcəllənin digər müvafiq normaları ilə sistematik təhlilindən belə qənaət hasil olur ki, qanunverici heç də bütün icraata xitam verilmə hallarını, o cümlədən iddiaçının iddiadan imtina edilməsi (261.0.4), eləcə də tərəflərin barışıq sazişi bağlaması (261.0.5) əsasları ilə icraata xitam verilməsi hallarını nəzərdə tutmur. Belə ki, həmin halları məhkəmənin gəldiyi qənaət olmayıb, icraatı başlamış tərəflərin bilavasitə iradə ifadəsi ilə bağlıdır. Bu baxımdan da müəyyən olunur ki, iddiadan imtina etmə əsası ilə icraata xitam verilməsinə dair hazırki qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 191.1, 191.2, 263, 264, 370, 391, 400, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: İddiaçının nümayəndəsi X3 iddiadan imtinası qəbul edilsin. İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Binəqədi rayon Xocəsən Bələdiyyəsi və X5) qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılması və tikilinin cavabdehin hesabına sökülməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilməklə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-724/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-126/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-126/2023
14.02.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver