Məhkəmə qərarları › İş №2(103)-1260/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1260/2020

26.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1260/2020 26.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh “Pakistan Milli Bankı”nın Azərbaycan Respublikası Bakı şəhər Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər “xxxx” MMC, “Pakistan Milli Bankı”nın Azərbaycan Respublikası Bakı şəhər Filialı və Bakı şəhəri Cavabdeh3nə qarşı, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi “hərracın nəticələri haqqında yekun protokolun, alqı-satqı müqaviləsinin, çıxarışın etibarsız hesab edilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh “Pakistan Milli Bankı”nın Azərbaycan Respublikası Bakı şəhər Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, onun mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində istifadədə olan 0,0917 ha torpaq sahəsində yerləşən 7 nömrəli 4 mərtəbəli binanın 76,2 kv.m. ümumi sahədən ibarət 3 otaqlı, 16 nömrəli mənzilinə dair “xxxx” MMC tərəfindən keçirilmiş hərracın nəticələri haqqında xx.xx.2015-ci il tarixli, 71/02 saylı yekun protokolun, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx xxxxxxxx 2015-ci il tarixli müqavilənin və hərracın yekunları əsasında tələbkar “Pakistan Milli Bank”nın Azərbaycan Respublikası Bakı şəhər filialının adına DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsində **********40-05101-093005 reyestr, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu ildə qeydiyata alınmış çıxarışın etibarsız hesab edilərək ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri NərimanovRayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh “Pakistan Milli Bankı”nın Azərbaycan Respublikası Bakı şəhər Filialı, apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-214/2013 saylı qətnaməsi icraya yönəldildikdən sonra icra məmurru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2015-ci il tarixli qərardadından görünür ki, İddiaçı qiymətləndirmədən şikayət vermiş və iddia mümkünsüz hesab olunmuşdur. Daha sonra məlum olmuşdur ki, iddiaçı Nərimanov rayon məhkəməsinə eyni məzmunlu şikayət vermiş və iddia baxılmamış saxlanılmışdır. Məhkəmə baxışı zamanı bu faktlar qeyd edilmişdir. Bundan əlavə, Bankın nümayəndəsi iddia müddətinin tətbiqi barədə ərizə vermiş, məhkəmə isə öz qətnaməsində ərizəyə heç bir münasibət bildirməmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-214/2013 saylı qətnaməsi üzrə cavabdehlər Münasib Feyzullayev və İddiaçı kredit götürüldüyü tarixdən Banka heç bir ödəniş həyata keçirməmişlər. Məhkəmə isə, sübutlara yox, iddiaçının doğru olmayan sözünə inanmış və iddianı təmin etmişdir. Belə ki, İddiaçı “xxxx” MMC tərəfindən göndərilən hərracın keçirilməsi haqqında poçt qəbzini almadıqlarını bildirsə də, o, qiymətləndirmənin etibarsız hesab olunması barədə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsi və Nərimanov rayon məhkəməsində iddia qaldırmışdır. Əgər iddiaçının hərracın keçirilməsindən xəbəri yox idisə, necə olur ki, qiymətləndirmənin ləğvi haqqında iddia qaldırır. Məhkəmə iclasında iştirak edən cavabdeh “Pakistan Milli Bankı”nın Azərbaycan Respublikası Bakı şəhər Filialının nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək həmçinin bildirmişdir ki, icra zamanı həm qiymətləndirmənin, həm də hərracın qanunvericiliyə uyğun aparıldığı iş materialları ilə tam təsdiq olunur. Belə olan halda, iddianın təmin edilməsi üçün əsas yoxdur. Ona görə də, qətnamənin ləğv olunmasını və iddianın rədd edilməsini xahiş edir. İddiaçının nümayəndəsi isə, şikayətə etiraz edərək bildirmişdir ki, hərraca çıxarılmış daşınmaz əşyanın qiymətləndirilməsini elə hərrac təşkilatının özü aparmış, eyni zamanda hərracın keçirilməsi haqqında iddiaçıya məlumat verilməmişdir. Ona görə də qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, proses iştirakçılarını dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İşin müəyyən edilmiş faktiki hallarına görə, Abşeron Rayon Məhkəməsinin xx xxx 2013-cü il tarixli, 2(012)-214/2013 saylı icra sənədinə əsasən, İddiaçı və Münasib Fəzullayevdən xx xxxxxx 2010-cu il tarixli 154 nömrəli kredit müqaviləsi üzrə yaranmış 40.997,72 manat vaxtı keçmiş kredit, 18.851,38 manat vaxtı keçmiş faiz borcu olmaqla, cəmi 59.849,10 manatın müştərək qaydada tutularaq Pakistan Milli Bankının Bakı filialına ödənilməsi, İddiaçı mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində istifadədə olan 0,0917 ha torpaq sahəsində yerləşən 7 nömrəli 4 mərtəbəli binanın 76,2 kv.metr ümumi sahədən ibarət 3 otaqlı, 16 nömrəli mənzilə tutmanın yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və satışdan əldə olunmuş vəsaitin hesabına borcun ödənilməsi, mənzilə tutma yönəldikdə və o satıldıqda cavabdehlər İddiaçı və Rəmziyyə Quliyeva tərəfindən tutduqları yaşayış sahəsinin ən geci 1 ay ərzində boşaldılması, iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu, 31 manat ipoteka predmetinə dair bildirişin qeydə alınması xərcinin Münasib Fəzullayev və İddiaçı müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 70 manatın cavabdehlər Münasib Fəzullayev və İddiaçı müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi qət edilmiş və məhkəmə aktı icraya yönəldilmişdir. Xətai rayon İcra şöbəsinin xx.xx.2014-cü il tarixli qərarı ilə sözügedən mənzilin qiymətləndirilməsi üçün qiymətləndirici dəvət edilməsi qərara alınmış və xx/xx-34583/7 nömrəli, xx.xx.2014-cü il tarixli məktubla mənzilin qiymətləndirilməsi “xxxx” MMC-dən xahiş olunmuşdur. xx.xx.2015-ci il tarixdə mənzil qiymətləndirici ekspert tərəfindən 105.000 manat məbləğində qiymətləndirilmiş və bu barədə İddiaçı xx/xx-16391/7 nömrəli, xx.xx.2015-ci il tarixli məktub göndərilmişdir. Xətai İcra şöbəsi, xx/xx-13456/7 saylı, xx.xx.2015-ci il tarixli məktubla ipotekaya qoyulmuş əmlak barədə hərracın keçirilməsini “xxxx” MMC-yə sifariş etmişdir. Həmin MMC tərəfindən mənzilin ilkin satış qiyməti 105.000 manat müəyyən olunmaqla, hərracın keçirilmə tarixi xx.xx.2015-ci il tarixə, saat 14:00-a təyin olunmuş, bununla bağlı “Market” qəzetinin xx.xx.2015-ci il və xx.xx.2015-ci il tarixli buraxılışlarında elan yerləşdirilmişdir. Mənzilin ilkin satış qiyməti 105.000 manat-15%=89.250 manat müəyyən olunmaqla, təkrar hərracın keçirilmə tarixi xx.xx.2015-ci il tarixə, saat 14:00-a təyin olunmuş, bununla bağlı “Market” qəzetinin xx.xx.2015-ci il və xx.xx.2015-ci il tarixli buraxılışlarında elan yerləşdirilmişdir. Qeyd olunanlar barədə İddiaçı və digər borcluların ünvanlarına “açıq hərracın keçirilməsinə dair” xx.xx.2015-ci il, xx.xx.2015-ci il, xx.xx.2015-ci il və xx.xx.2015ci il tarixli bildirişlər göndərilmişdir. “xxxx” MMC-nin 01/2278 nömrəli, xx.xx.2015-ci il tarixli məlumatına əsasən, Xətai rayon İcra şöbəsinin xx/xx-13456/7 saylı, xx.xx.2015-ci il tarixli sifarişinə əsasən ipoteka ilə yüklənmiş Xətai rayonu, Nobel prospekti, 7 saylı binanın 16 saylı mənzilinin satılması ilə bağlı keçirilmiş hərraclar baş tutmamış və müvafiq olaraq təkrar hərracın baş tutmaması barədə “Market” qəzetinin xx.xx.2015-ci il tarixli nömrəsində dərc edilmişdir. Məktubuna əsasən, “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə görə, hərrac baş tutmamış elan edildikdə ipoteka saxlayan (“Pakistan Milli Bankı”nın Azərbaycan Respublikası Bakı şəhər Filialı) ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25% az olmayan qiymətlə 66937,50 manata ala bilər. xx.xx.2015-ci il tarixli, 71/02 saylı hərracın yekunları barədə protokola və həmin tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən, sözügedən mənzili 66937,50 manat qiymətlə “Pakistan Milli Bankı”nın Azərbaycan Respublikası Bakı şəhər Filialı əldə etmişdir. DƏDRX-nin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesrindən çıxarışa əsasən, mənzil “Pakistan Milli Bankı”nın Bakı Filialının adına xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Hazırda iddiaçı, hərraca çıxarılmış mənzilin ilkin satış qiymətinin məhkəmə və ya sifarişçi tərəfindən deyil, hərrac təşkilatçısı tərəfindən müəyyən olunduğunu, real bazar dəyərindən dəfələrlə aşağı qiymətə satıldığını, həmçinin, hərrac barədə məlumatının olmadığını və bu barədə ona hər hansı bildiriş təqdim edilmədiyini bildirərək, ipoteka predmetinin ilkin satış qiymətini və hərracın keçirilmə qaydasını mübahisələndirir. Kollegiya mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, ipoteka predmetinin qiymətləndirilməsi, hərracda satılması və hərracın keçirilməsi qaydaları “İpoteka haqqında” Qanunla tənzimlənir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir.İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Baxılan işdə ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti məhkəmə qətnaməsi ilə müəyyənləşdirilmədiyindən, Xətai rayon İcra şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixdə qiymətləndirici dəvət edilməsi qərara alınmışdır. Mənzilin qiymətləndirilməsi “xxxx” MMCdən aparılaraq xx.xx.2015-ci il tarixli hesabatla dəyəri 105.000 manat müəyyən edilmişdir. Göründüyü kimi, ipoteka predmeti olan mənzil hərrac təşkilatçısı tərəfindən deyil, müstəqil qiymətləndirici “xxxx” MMC tərəfindən qiymətləndirilmişdir. Bundan sonra isə hərracın təşkili Xətai rayon İcra şöbəsinin xx.xx.2015-ci il tarixli sifarişinə əsasən “xxxx” MMC tərəfindən həyata keçirilmişdir. Eyni zamanda, adı çəkilən Qanunun 42.1-ci maddəsinin xx.xx.2018-ci il tarixli dəyişikliyə qədər olan redaksiyasına görə, hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. İddiaçı, hərracın keçirilməsi barədə ona məlumat verilmədiyini bildirsə də, bu halı təsdiqləyən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə, işdə olan poçt sənədlərinə əsasən, xx.xx.2015-ci il və xx.xx.2015-ci il tarixə təyin edilmiş hərraclar barədə bildirişlər iddiaçının iş materiallarında olan rəsmi ünvanına göndərilmişdir. İddiaçının həmin ünvanda yaşamaması, yaxud başqa ünvanda yaşadığı halda icra məmuruna məlumat verməməsi onun risk dairəsinə aid hallar olmaqla, hərracın keçirilmə qaydasının pozulması kimi qiymətləndirilə bilməz. Bundan başqa, hərracı keçirən təşkilat tərəfindən həm ilkin, həm də təkrar hərracın vaxtı və keçirilmə yeri, satışa çıxarılan əşya barədə məlumatların kütləvi informasiya vasitəsində dərc olunması və ictimai açıqlanması təmin olunmuşdur. Göründüyü kimi, ipoteka predmetinin həm qiymətləndirilməsi, həm də hərracda satılması qanunvericiliyin tələblərinə uyğun qaydada həyata keçirilmişdir. Belə olan halda, iddianın təmin edilməsi üçün əsas yoxdur. Göstərilənlərə əsasən, Kollegiya bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin iddianı təmin etmək barədə gəldiyi nəticə işin müəyyən edilmiş faktiki hallarına uyğun deyil. Mülki Prosessual Məcəllənin 385.1.4-cü maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi həmin qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: “Pakistan Milli Bankı”nın Azərbaycan Respublikası Bakı şəhər Filialının apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4644/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər “xxxx” MMC, “Pakistan Milli Bankı”nın Azərbaycan Respublikası Bakı şəhər Filialı və Bakı şəhəri Cavabdeh3nə qarşı, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi “hərracın nəticələri haqqında yekun protokolun, alqı-satqı müqaviləsinin, çıxarışın etibarsız hesab edilməsi” tələblərinə dair iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür. Hakim Zaur Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar