Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1261/2024 27.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), X1 və İsgəndərov Akif Əsgər oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5317/2023 nömrəli 06 noyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 27 fevral 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, YK10812 saylı Nisyə Alqı-satqı müqaviləsinə əsasən cavabdeh 1598 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 15 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür.
2. xx.xx.2019-cu il tarixli Təhvil-təslim aktına görə məbləği 990 manat olan “Paltaryuyan” BOSCH WAK2022SME və məbləği 599 manat olan Tozsoran BOSCH BGS5ALL1 alıcıya təhvil verilmişdir.
3. "xxxx" MMC ilə "xxxx" MMC arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən Cavabdeh "xxxx" MMC qarşı olan 247,38 manat məbləğindəki tələb hüququ "xxxx" MMC-yə keçmişdir.
4. 15.09.2023-cü il tarixli maliyyə arayışına görə 247,38 manat borc vardır.
5. Borcluya borcun ödənilməsinə dair bildiriş göndərilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən MMC-nin xeyrinə xx.xx.2019-cu il tarixli, YK10812 saylı Xidmət müqaviləsi üzrə 127,40 manat borc, 119,98 manat cərimə borc, cəmi 247,38 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi belə əsaslandırılmışdır ki, müqavilənin və tərəflər arasında tərtib edilmiş ödəniş qrafikinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, o borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazimı qaydada icra etməmişdir.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 06 noyabr 2023-cü il tarixli 2(004)-5317/2023 nömrəli qətnaməsi ilə (hakim Ayaz Məmmədov) iddia tələbi təmin edilmiş, Cavabdeh xx.xx.2019-cu il tarixli, YK10812 saylı Xidmət müqaviləsi üzrə 127,40 manat borc, 119,98 manat cərimə borc, cəmi 247,38 manat borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmişdir.
10. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1, 427.3, 429.1.3., 442, 445, 468, 741, Mülki Prosessual Məcəllənin 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayətində göstərilmişdir ki, qətnamə qanunsuz və əsassızdır. Müqaviləyə əsasən MMC-yə hər hansı borcu qalmamışdır, ödənişləri vaxtında və tam şəkildə ödəmişdir. Axırıncı ödənişi 2019-cu ildə olmuşdur. Lakin MMC-nin əməkdaşı onu dəvət edərək aldığı paltaryuyan maşın əvəzinə ondan tozsoranın pulunu tələb etmiş, o isə tozsoran yox, ancaq paltaryuyan maşın aldığını bildirmişdir. Sonradan axtarış nəticəsində məlum olmuşdur ki, həqiqətən də o, yalnız paltaryuyan maşın almış və ödənişi də hazırda bitirmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
14. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.
15. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı (nümayəndə) məhkəmə iclasına gəlmədiyindən işə onun (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Mülki Məcəllə
16. Maddə 385.1. Öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
17. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
18. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
19. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
20. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.
21. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.
22. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
23. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini tələb edə bilər.
Mülki Prosessual Məcəllə
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməni dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
30. Qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi cərimə məbləğinə aid hissədə dəyişdirilməlidir.
32. Apellyasiya baxışı zamanı təqdim edilmiş "xxxx" MMC tərəfindən cavabdehə verilmiş arayışda göstərilmişdir ki, cavabdehlə MMC arasında xx.xx.2019-cu il tarixində YK10812 saylı “Nisyə alqı-satqı müqaviləsi” bağlanmışdır. Müştəri müqavilə üzrə 1598,00 azn dəyərində (Paltaryuyan BOSCH WAK2022SME və Tozsoran BOSCH BGS5ALL1) məhsullarını kreditlə əldə etmişdir. Alıcı sonradan xx.xx.2019-cu il tarixində 599 azn dəyərində Tozsoran BOSCH BGS5ALL1 məhsulundan imtina etmiş və məhsulu geri qaytatmışdır. Hazırda xx.xx.2019-cu il tarixli müqavilə üzrə MMC-nin sistemində Paltaryuyan BOSCH WAK2022SME məhsulu üzrə borc 127,40 azn təşkil edir.
33. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirməkdə haqlı olmuşdur.
34. Bununla belə Kollegiya hesab edir ki, tələb edilən cərimə məbləği əsas borc məbləğinə münasibətdə kifayət qədər yüksəkdir.
35. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
36. Kollegiya hesab edir ki, məhkəmə cəriməni tələb edilən məbləğdə tutmaqda haqlı olmamışdır.
37. İşin hallarını nəzərə alan Kollegiya belə qənaətə gəlir ki, tələb edilən cərimə məbləği azaldılaraq əsas borcun təqribən 10 faizi həddində, yəni 12 manat məbləğində tutulmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5317/2023 nömrəli iş üzrə 06 noyabr 2023-cü il tarixli qətnaməsi cərimə məbləğinə aid hissədə dəyişdirilsin və həmin məbləğ 12 manat müəyyən olunsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.