Məhkəmə qərarları › İş №2(103)-1267/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1267/2022

28.01.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1267/2022 28.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, iddiaçı Pərvanə Rzayevanın, onun vəkili və nümayəndəsi Əlibala Rzayevin, cavabdeh Əmlak Məsələri Dövlət Xidmətinin nümayəndəsi Xəyal İbrahimovun iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, "xxxx" MMC və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və reyestr çıxarışının ləğv edilməsi barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin 31.05.2020-ci il tarixli qətnaməsindən cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, "xxxx"MMC və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Mübahisə torpaq sahəsinə dair alqı-satqı müqaviləsi ilə bağlıdır. Torpaq sahəsinin ölçüsü 733,8 kv.m təşkil edir. Müqavilə 02.10.2017-ci il tarixdə cavabdeh (satıcı) Əmlak Məsələri Dövlət Xidməti ilə cavabdeh (alıcı) "xxxx" MMC-nin arasında bağlanıb. Müqavilədə torpaq sahəsinin ünvanı belə göstərilib: ünvan 2ın altında yerləşən torpaq sahəsi. Müqavilənin əsasında alıcının mülkiyyət hüququ cavabdeh DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən 03.05.2018-ci il tarixdə reyestrdə qeydə alınıb və reyestr çıxarışı verilib. İddiaçı 2 qeyri-yaşayış sahəsinin mülkiyyətçisidir, bunu təsdiq edən reyestr çıxarışları var. 1-ci qeyri-yaşayış sahəsinin ölçüsü 29,4 kv.metrdir, onun ünvanı reyestr çıxarışında belə göstərilib: ünvan 3-ci girişinin 1-ci mərtəbəsi. 2-ci qeyri-yaşayış sahəsinin ölçüsü 16,6 kv.metrdir, onun ünvanı reyestr çıxarışında belə göstərilib: ünvan 3-ci mərtəbəsi. 1-ci qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququ 26.07.2007-ci ildə, 2-ci qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququ 28.10.2010-cu ildə qeydə alınıb. Həmin qeyri-yaşayış sahələrinin yerləşdiyi bina 2011-ci ildə sökülüb. İddiaçının mülkiyyətində olan, Cavadxan küçəsi, 34 ünvanında yerləşən qeyriyaşayış sahələri Cavadxan küçəsi, 34 “A” ünvanında qeydiyyata alınmış mülkün torpaq sahəsinin bir hissəsidir. Bu məlumat DƏDRX 3 saylı Gəncə Ərazi İdarəsinin 10.03.2020-ci il tarixli, **********19 nömrəli məktubunda qeyd olunub. İddiaçı iddia ərizəsində bildirib ki, bina İcra Hakimiyyəti başçısının qanunsuz göstərişi əsasında uçurulub. Bundan başqa, iddiaçı iddia ərizəsində qeyd edib ki, inzibati məhkəmə icraatı qaydasında İcra Hakimiyyətinə qarşı iddia qaldırıb, uçurulmuş binanın yerində inşa edilməklə müvafiq qeyri-yaşayış sahəsi ilə təmin edilmə barədə tələb və digər tələblər irəli sürüb, məhkəmə icraatı hələ yekunlaşmayıb, sonradan məlumat əldə edib ki, uçurulmuş binanın yerləşdiyi topaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlanıb. Tələb və onun həlli: İddia ərizəsində tələb olunub ki, torpaq sahəsinə dair alqı-satqı müqaviləsi etibarsız hesab olunsun və müqavilənin əsasında alıcının adına verilmiş reyestr çıxarışı ləğv edilsin. Qətnamə ilə qət olunub ki, iddia təmin edilsin, həmin müqavilə etibarsız hesab edilsin və reyestr çıxarışı ləğv edilsin. Şikayət və izahatlar: Hər üç apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin edilməsin. Məhkəmə iclasında iştirak edən iddiaçı Pərvanə Rzayeva, onun vəkili və nümayəndəsi Əlibala Rzayev hər üç apellyasiya şikayətinin əsassız olduğunu, cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Xəyal İbrahimov isə həmin Xidmətin apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. Cavabdehlər "xxxx" MMC və DƏDRX 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Qətnamənin yoxlanılması: İddia onunla əsaslandırılıb ki, torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ var, alqı-satqı müqaviləsinin bağlanması nəticəsində həmin hüququ pozulub. İddiaçı mülkiyyət hüququnun olduğunu əsaslandırmaq üçün Mənzil Məcəlləsinin 35.1-ci maddəsi, Torpaq Məcəlləsinin 88-ci maddəsinin 3-cü hissəsi və Mülki Məcəllənin 227.1-ci maddəsindəki normalara istinad edib. İddiaçının torpaq sahəsinə mülkiyyət hüququ yoxdur. İddiaçının istinad etdiyi normalara münasibətdə məhkəmə aşağıdakıları qeyd edir. Birinci: Mənzil Məcəlləsinin 35.1-ci maddəsində “binanın yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur” deyiləndə yaşayış sahəsinin mülkiyyətçiləri nəzərdə tutulur, çünki torpağa mülkiyyət hüququ mənzil hüququnun həyata keçirilməsini təmin edir. Mənzil Məcəlləsinin 12.1-ci maddəsinə görə yaşayış sahələri mənzil hüququnun obyektidir. İddiaçının həmin binada yaşayış sahəsi olmadığına görə mənzil hüququ yoxdur, müvafiq olaraq, binanın yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da yoxdur. Ümumiyyətlə, Mənzil Məcəlləsində müəyyən olunmuş normalar hazırkı mübahisəyə tətbiq edilə bilməz, çünki iddiaçının mənzil hüququ yoxdur. Mənzil Məcəlləsinin 1.1-ci maddəsiniin göstərişi də bunu təsdiq edir. Orada qeyd olunub ki, mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır. İkinci: Torpaq Məcəlləsinin 88-ci maddəsinin 3-cü hissəsində qeyd olunub ki, çoxmənzilli yaşayış evlərinin, habelə onlara aid olan qeyri-yaşayış tikililərinin torpaq sahələri həmin evlərin tərkib hissələri mülkiyyətçilərinin ümumi paylı mülkiyyətinə keçir. Bu normada “evlərin tərkib hissələri mülkiyyətçiləri” deyildikdə yaşayış sahələrinin mülkiyyətçiləri nəzərdə tutulur. Çünki çoxmənzilli yaşayış evlərinin qeyri-yaşayış sahələri digər şəxslərin (binada yaşayış sahəsi olmayan şəxslərin) mülkiyyətinə verilə bilməz. Buna Mənzil Məcəlləsinin 35.4-cü maddəsi icazə vermir. Həmin maddədə qeyd olunub ki, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında qəbul edilmiş qərara əsasən çoxmənzilli binada ümumi mülkiyyət obyektləri digər şəxslərin istifadəsinə verilə bilər, bu şərtlə ki, belə qərar vətəndaşların və hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmasın. Göründüyü kimi, ümumi mülkiyyət obyektləri (o cümlədən yaşayış evlərində qeyri-yaşayış sahələri) digər şəxslərin mülkiyyətinə deyil, istifadəsinə verilə bilər. İddiaçının həmin binada yaşayış sahəsi olmadığına görə o, “digər şəxs” hesab olunur. Çoxmənzilli yaşayış evinin tərkib hissəsi olan qeyri-yaşayış sahəsinə iddiaçının mülkiyyət hüququ əldə etməsinin əsasları mübahisələndirilməyib. Lakin bu hal iddiaçıya əsas vermir ki, yaşayış binasının torpaq sahəsinin onun mülkiyyəti kimi tanınmasını tələb etsin. Üçüncü: Mülki Məcəllənin 227.1-ci maddəsində qeyd olunub ki, yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Yuxarıda qeyd olunan izah bu normaya da aiddir, yəni normada “yaşayış binasının tərkib hissəsi mülkiyyətçiləri” deyildikdə yaşayış sahəsinin mülkiyyətçiləri nəzərdə tutulur. İddiaçı binada yaşayış sahəsinin mülkiyyətçisi deyil, ona görə də binanın yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ yoxdur. Göründüyü kimi, torpaq sahəsinə iddiaçının mülkiyyət hüququ yoxdur. Ona görə də o, mülkiyyət hüququnun pozulduğuna əsaslanaraq alqı-satqı müqaviləsınin etibarsız sayılmasını tələb edə bilməz. Hazırkı mübahisəyə Mülki Məcəllənin 243-cü maddəsindəki norma tətbiq edilməlidir. Belə ki, torpaq sahəsi və tikili ayrı-ayrı daşınmaz əşyalardır. Mülki Məcəllədə belə norma yoxdur ki, tikilinin mülkiyyətçisi tikilinin yerləşdiyi torpaq sahəsinin də mülkiyyətçisi sayılır. Mülki Məcəllənin 243.1-ci maddəsində qeyd olunub ki, başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir. İddiaçı torpaq sahəsindən istifadə hüququna malik olub, çünki onun mülkiyyətində olan daşınmaz əşya (qeyri-yaşayış sahəsi) başqa şəxsə (çoxmənzilli yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə) məxsus olan torpaq sahəsində yerləşib. Mülki Məcəllənin 243.2-ci maddəsinə görə torpaq sahəsinə mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyətçisinin sahədən istifadə hüququnun xitamı və ya dəyişdirilməsi üçün əsas deyildir. Alqı-satqı müqaviləsinin nəticəsində torpaq sahəsinə mülkiyyət hüququnun keçməsi baş verib. Odur ki, alqı-satqı müqaviləsinin bağlanması faktı öz-özlüyündə torpaq sahəsindən iddiaçının istifadə hüququnun pozulmasına səbəb ola bilməz. Beləliklə, Mülki-Prosessual Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bu maddədə “tələblər” deyiləndə iddianın əsası da nəzərdə tutulur, çünki iddianın əsası iddianın strukturuna daxildir. Hazırkı iddianın əsasını torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun pozulması təşkil edir. Lakin iddiaçının torpaq sahəsinə mülkiyyət hüququ olmadığına görə onun pozulması mümkün deyil. Odur ki, iddia təmin edilə bilməz. Birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etmədiyindən və maddi hüquq normalarını pozduğundan qətnamə ləğv edilməli və iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayətləri təmin edilsin. Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin 31.05.2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, "xxxx" MMC və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və reyestr çıxarışının ləğv edilməsi barədə” iddiası təmin edilməsin. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar