Məhkəmə qərarları › İş №2(103)-1267/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1267/2023

20.02.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1267/2023 20.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X4 qarşı “kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X10 (sədrlik edən və məruzəçi), X11 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı Cavabdeh X3 iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı “kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4213/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6608/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı X6 Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi. 3 ünvanda yerləşən, 80 saylı mənzilin yaşayış sahəsindən istifadə hüququnun tanınması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-817/2019 saylı, 29 yanvar 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6608/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanlmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4552/2019 saylı, 11 iyun 2019-cu il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 817/2019 saylı, 29 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

2. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1289/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə X15 və Mirzəyeva (Xanməmmədova) Nübar Elxan qızı arasında xx.xx.2016-cı il tarixdə rəsmiləşmiş nikah pozulmuşdur.

3. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı, X5, X16, X12 və X13 mənzilə köçürülmüşdür.

4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2377/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı iddiası təmin edilmiş, ünvan 2 ünvanında yerləşən mənzil üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və onun adına qeydiyyata alınma barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə üzərinə qoyulması qərara alınmışdır.

5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsində 2335-36-cı məhəllə 3 saylı evin 80 saylı mənzili tam mülkiyyət hüququ ilə İddiaçı məxsusdur.

6. "xxxx" MMC-nin qiymətləndirmə rəyinə əsasən İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsində 2335-36-cı məhəllə 3 saylı evin 80 saylı mənzilin xx.xx.2022-ci il tarixə olan birotaqlı mənzilin aylıq icarə dəyəri 170 (bir yüz yetmiş) manat, üçotaqlı mənzilin aylıq icarə dəyəri 250 (iki yüz əlli) manat təşkil edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdeh X4 qarşı iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi, 2335-36-cı məhəllə, 3 saylı evin, 80 saylı mənzilindən 5000 manat kompensasiya ödənilməsi müqabilində istifadə hüququna xitam verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

8. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdehin yaşayış ünvanı kimi göstərdiyi Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsində 2335-36-cı məhəllə 3 saylı evin 80 saylı mənzili iddiaçının şəriksiz mülkiyyətindədir. Cavabdeh iddiaçının keçmiş gəlinidir, oğlu X15 ilə xx.xx.2016-cı il tarixdən 20 İyun 2018-ci il tarixədək nikahda olmuş, nikahları Bakı şəhəri, Səbail rayon Məhkəməsinin 2(009)-1289 saylı mülki iş üzrə 20 İyun 2018-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Birgə nikahdan onların uşaqları olmamışdır, Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 2(011)-6608/2018 saylı mülki iş üzrə 05 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə X6 iddiaçıya qarşı mənzildən istifadə hüququnun tanınması tələbinə dair iddiası təmin edilmişdir. İddiaçının qətnamədən verdiyi apellyasiya və kassasıya şikayətləri təmin edilməmişdir. Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 2(011)-6608/2018 saylı mülki iş üzrə 05 oktyabr 2018-ci il tarixli qətnaməni qəbul edərkən və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası həmin qətnaməni qüvvədə saxlayarkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci Mənzil Məcəlləsinin 68-ci maddələrinə istinad etmiş, bu nəticəyə gəlmişdir ki, X2 tərəfindən yaşayış sahəsinə köçürüldüyündən onun həmin mənzildə istifadə hüququ yaranmışdır. X9 oğluyla nikaha daxil olandan az sonra iddiçının razılığı olmadan evinə köçdüyünə görə oğluyla birlikdə onu da evdən çıxarmışdı və hər ikisi Hövsan qəsəbəsində yaşayırdılar. O mənzilə köçdükdən sonra iddiaçı ailə üzvləriylə mənzildən çıxmağa məcbur olmuş, hazırda ailə üzvləriylə birlikdə kirayədə yaşamağa məcburdur. Yəni mülkiyyətçi olmayan şəxs faktiki mülkiyyətçi hüquqlarından istifadə edir, qanuni mülkiyyətçi isə mülkiyyət hüquqlarından istifadə edə bilmir.

9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4213/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilərək, cavabdeh X3 Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi, 2335-36-cı məhəllə, 3 saylı evin, 80 saylı mənzilindən 6120 (altı min yüz iyirmi) manat kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi qət edilmişdir.

10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh X3 mənzildə istifdə hüququna xitam verilməsi üçün kompensasiya 6120 manat məbləğində müəyyən edilərək, cavabdehin mənzildən istifadə hüququna xitam verilməlidir. Belə ki, kompensasiyanın məbləğinin müəyyən edilməsi zamanı müəyyən müddət daxilində oxşar yaşayış sahəsi ilə təmin edilmək üçün zəruri olan xərclər əsas götürülməlidir. İş materiallarına əlavə edilmiş mütəxəssisin rəyinə görə həmin mənzilə oxşar mənzilin orta aylıq kirayə haqqı bir otaq üçün 170 manat, üç otaq üçün 250 manat təşkil edir. Məhkəmə cavabdehin 2018-ci ildən mübahisəli mənzildə tək yaşadığını nəzərə alaraq belə qənaətə gəlir ki, kompensasiya məbləği müəyyən edildiyindən cavabdehə üç il müddət daxilində oxşar şəraiti olan bir otaqlı mənzilin aylıq kirayə haqqı yəni 170 manat (170 manat x 36 ay =6120 manat) əsas götürülməlidir. Bunun əksinə olaraq kompensasiya məbləğinin cavabdehin iddia etdiyi kimi üç otaqlı mənzilin kirayə haqqı əsasında müəyyən edilməsi və ya bu əsasla iddianın rədd edilməsi, cavabdehin mənzilə dair huquqlarının müdafiəsi məqsədilə mənzilin mülkiyyətçisinin konstitusion hüququ olan mülkiyyət hüququnun tənasübsüz şəkildə məhdudlaşdırılması ilə nəticələnəcək. Odur ki, iddia təmin edilərək cavabdeh X3 İddiaçı məxsus olan Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi, 2335-36-cı məhəllə, 3 saylı evin, 80 saylı mənzildən istifadə hüququna 6120 manat məbləğində kompensasiya ödənilməklə xitam verilməlidir

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndi, 29-cu maddəsi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarına, Mülki Məcəlləsinin 228.2, 228.5, “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi 26 sentyabr 2007-ci il tarixli qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4213/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçının nümayəndəsi hazırkı iddia ilə məhkəməyə müraciət etməzdən əvvəl cavabdehlə və onun nümayəndəsi ilə telefonla əlaqə yaradaraq mənzildən istifadə hüququna xitam verilməsi müqabilində 10000 (on min) manat kompensasiya təklif etmişdir. Bu faktı iddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında etiraf etmiş, lakin həmin təklifin qüvvədə olmadığını, bu təklifin iddiaçının deyil, məhz öz adından irəli sürüldüyünü bildirmişdir. Buna baxmayaraq, işə baxan məhkəmə iddia tələbinin təmin edilməsi barədə əsassız qətnamə qəbul etmişdir. Cavabdeh həmin mənzilə iddiaçının razılığı ilə köçmüş, əşyalarını da razılıq əsasında mənzilə yerləşdirmiş və hazırda da həmin mənzildə yaşayır. Odur ki, cavabdehin həmin mənzildən istifadə hüququna xitam verilə bilməz. İşə baxan məhkəmə iddiaçının əvvəlcədən həmin mənzilin mülkiyyətçisi olmadığını, iddia verməzdən əvvəl cavabdehə 10000 manat təklif etdiyini müəyyən etsə də, işin müəyyən olunan bu faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Həmin Məcəllənin 14-cü maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. İşə baxan məhkəmə işin obyektiv araşdırılmasına şərait yaratmamış, mübahisəli mənzillə oxşar şəraiti olan mənzilin orta aylıq kirayə haqqının müəyyən olunması üçün təkrar qiymətləndirmə keçirilməsi barədə cavabdeh tərəfin vəsatətini təmin etməmişdir. İşə baxan məhkəmə iddiaçının iddia tələbini təmin edərkən onun əvvəldən həmin mənzilin mülkiyyətçisi olmadığını, cavabdehin mənzildən isifadə hüququnun yarandığı vaxt mənzilin dövlət mülkiyyətində olduğunu, cavabdehin həmin mənzilə istifadə hüququnun məhkəmə aktı ilə müəyyən olunduğunu nəzərə almamışdır. Bu isə qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-nin 385-ci maddəsinə əsasən iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, qətnamədə göstərilən nəticələrin işin hallarına uyğun gəlməməsi qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. İddiaçı cavabdehin həmin mənzilə köçüb yaşamağa başladığı vaxt həmin mənzil üzərində mülkiyyət hüquqlarının olmasını sübut etməmişdir. Beləliklə, iddiaçının mülkiyyət hüquqlarının pozulması sübut edilməmişdir. İşə baxan məhkəmə təklif edilən kompensasiya məbləğinin iddiaçının ilk olaraq təklif etdiyi kompensasiya məbləği ilə uyğun olmamasını nəzərə almamışdır. Təklif edilən məbləğlə məhkəməyə qədər təklif edilmiş və etiraf olunan məbləğ arasında ciddi uyğunsuzluq var. Məhkəmənin gəldiyi nəticə ilə işin bu faktiki halı arasında uyğunsuzluq var.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. İddiaçı məhkəməyə apellyasiya şikayətinə qarşı etiraz ünvanlamşdır. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh 2016-cı ildə adı çəkilən mənzilə köçmüş, mütəmadi olaraq ailə üzvlərinin arasında münaqişə yaratdığı üçün onun ailə münasibətlərinə xitam verilmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 6608/2018 nömrəli qətnaməsi ilə cavabdeh X3 mübahisəli Xətai rayonu, Rahib Məmmədov küçəsi, 2335-36-cı məhəllə, 3 saylı evin 80-ci mənzilindən istifadə hüququ tanındıqdan sonra o onlara “dəhşəti” yaşatmış, özünün qeyri-qanuni hərəkətləri ilə onlara adı çəkilən mənzildən istifadəyə etməyə qoymamış, kirayədə yaşamağa məcbur olublar. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-2175/2019 nömrəli qətnaməsi ilə sözügedən mənzilə köçürülsələr də, onları mənzildən istifadə etməyə qoymamış, onların qanunla qorunan hüquqlarını kobud şəkildə pozmaqda davam etmiş, onlar bir mənzildə yaşamağın qeyr-mümkün olduğunu görüb, mənzili tərk etmək müqabilində həmin ərazidə oxşar şəraitli birotaqlı mənzildə yaşamaq üçün 3 illik kirayə haqqı ona 5000 manat məbləğində kompensasiya təklif etmiş, lakin o təklif olunmuş məbləğlə razılaşmayaraq, yalnız 10 000 manat məbləğində kompensasiya verilməsi müqabilində razılaşacağını bildirmiş, aralarında məsələnin sülh yolu ilə həlli mümkün olmadığndan məsələ ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalıblar.Mübahisəli mənzil mülkiyyət hüququ əsasında ona məxsusdur, lakin o mülkiyyətindəki nəinki sərbəst surətdə, adi qaydada istifadə edə bilmir, hətta belə bir hüquqdan məhrum olmuşdur.Cavabdehin sözügedən yaşayış sahəsindən istifadə hüququ məhkəmə qaydasında tanınmş, lakinki o nəinki onun mülkiyyət hüququnu, eləcə də mülkiyyətdən sərbəst istifadə etmək hüquqlarını kobud surətdə pozmaqda davam edir, öz hərəkətləri ilə bir mənzildə yaşamağımızı qeyri-mümkün etdiyindən məhkəmə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Tərəflər arasında razılaşma olmadığından cavabdehə kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi, ona mənsub olmayan mülkiyyət hüququnun əvəzi kimi, habelə kompensasiyanın ona mənzil əldə etmək üçün deyil, həmin ərazidə oxşar şəraitli mənzildə müəyyən müddət yaşamaq üçün verildiyindən hesab edir ki, məhkəmənin qərarı düzgün, ədallətli və qanunauyğundur.

b) Proses iştirakçılarının izahatı

15. Məhkəmə iclasında iştirak edən cavabdeh X7 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında əlavə olaraq bildirir ki, iddiaçının maddi imkanının olmaması tamamilə yalandır. O, 10 000 manat pulu və maşını istəyir. İddiaçının vəkili atasının iş yerinə gəlib 10 000 manat ödəməyə hazır olduğunu bildirib. Maşını kreditlə çox çətinliklə alıb. Maşını ondan götürüblər.

16. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, kompensasiya məbləğini 6120 manat deyil, 8000 manatı çətinliklə də olsa ödəyə bilər. Maddi imkanı ancaq buna imkan verir. Hissə-hissə 4-5 ay ərzində 8000 manat ödəyə bilər. Bundan artıq ödəməyə razılaşmır. 8000 manatı da necə tapacağını bilmir.

Tətbiq edilən hüquq normaları:

17. Azərbaycan Respublikası Konstitutsiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

18. Konstitutsiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur.

19. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.2-ci maddəsində qeyd edilir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

22. Hazırki halda cavabdehin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi “6120 (altı min yüz iyirmi) manat kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi” hissəsində dəyişdirilməli, mübahisələndirilən qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

24. İş materialları ilə müəyyən edilir ki, Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsində 2335-36-cı məhəllə 3 saylı evin 80 saylı mənzili tam mülkiyyət hüququ ilə İddiaçı məxsusdur və iddiaçı mülkiyyətində olan mənzildən cavabdeh X1 ödənilməklə istifadə hüququna xitam verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.

25. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən ona əsaslanmışdır ki, cavabdehə ödənilməli kompensasiya məbləği müəyyən edilərkən üç il müddət daxilində oxşar şəraiti olan bir otaqlı mənzilin aylıq kirayə haqqı yəni 170 manat (170 manat x 36 ay = 6120 manat) əsas götürülməlidir.

26. Qətnamədən apellyasiya şikayəti verən cavabdehin dəlili ondan ibarətdir ki, cavabdeh mənzilə köçürülən zaman mənzil dövlət mülkiyyətində olmuş, cavabdeh mənzilə iddiaçının razılığı ilə köçdüyü üçün onun istifadə hüququna xitam verilə bilməz. Cavabdehin mövqeyinə görə onun yaşadığı mənzil 3 otaqlı olduğu üçün ona veriləcək kompensasiyanın məbləğinin hesablanması zamanı 1 otaqlı mənzil üçün orta aylıq kirayə haqqının məbləğinin əsas götürülməsi əsassızdır.

27. İşin mübahisələndirilməyən halı odur ki, cavabdeh məhkəmə qətnaməsinə əsasən iddiaçının istifadəsində olan mənzilə köçürülmüşdür. İddiaçı daha sonra mübahisə predmeti olan mənzilə mülkiyyət hüququ əldə etmişdir.

28. Göründüyü kimi, mənzil iddiaçının mülkiyyətinə yüklü vəziyyətdə keçmişdir. Mülkiyyətçi iddia qaldıraraq istifadə hüququna kompensasiya müqabilində xitam verilməsini xahiş etmişdir. Mülkiyyətçi hazırda 8000 manat kompensasiya verilməsinə razıdır.

29. Məhkəmə kollegiyası mübahisə predmeti olan mənzilin 3 otaqdan ibarət olmasını, həmin mənzilə mülkiyyətçi ilə birlikdə 5 nəfər şəxsin köçürülməsini nəzərə alaraq hesab edir ki, 8000 manat kompensasiya müqabilində cavabdehin istifadə hüququna xitam verilməsi mümkündür. Belə ki, işdə olan rəylə müəyyən olunur ki, 1 otaq üçün icarə haqqı 170 manat, 3 otaq üçün 250 manat müəyyən edilir. Nə qədər ki, hazırda cavabdehin yaşadığı mənzilə ondan əlavə 5 nəfər şəxs də köçürülmüş və cavabdeh tək yaşayır, yəni onunla yaşayan başqa ailə üzvü yoxdur, (8000:36=222) 222 manat aylıq kirayə haqqının müəyyən edilməsini məhkəmə kollegiyası ədalətli hesab edir.

30. Beləliklə, cavabdehə qarşı yönələn iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Belə ki, R. Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumu 26 sentyabr 2007-ci il tarixli qərarında Mülki Məcəllənin 228.2-ci maddəsi ilə bağlı olaraq mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə isə istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. 31.Müəyyən müddət daxilində oxşar yaşayış sahəsi ilə təmin edilmək üçün zəruri olan xərclərlə bağlı kollegiya "xxxx" MMC-nin qiymətləndirmə rəyini mötəbər sübut kimi qiymətdirir. Belə ki, rəydən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsində 2335-36-cı məhəllə 3 saylı evin 80 saylı mənzilin xx.xx.2022-ci il tarixə olan birotaqlı mənzilin aylıq icarə dəyəri 170 (bir yüz yetmiş) manat, üçotaqlı mənzilin aylıq icarə dəyəri 250 (iki yüz əlli) manat təşkil edir.

32. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir. ... Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələləblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər. ....Birinci instansiya məhkəməsi bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən mülkiyyətçinin həmin məbləgin ödənilməsi barədə razılığını nəzərə almalıdır. Bu halda mülkiyyətçi məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş bazar qiymətinə uyğun kompensasiya məbləgi ilə razılaşa və ya razılaşmaya, öz iddiasından imtina edə, yaxud onun iddiası təmin olunmadığı təqdirdə yuxarı instansiya məhkəmələrinə şikayət verə bilər..Bazar qiymətinə uyğun olaraq kompensasiya məbləginin ödənilməsinə dair iddiaçının razılığı nəzərə alınmadan iddianın təmin edilməsi onun məhkəməyə müraciət etməsini əhəmiyyətsiz edər və dispozitiv hüququnu pozmuş olar.”

33. Mülki Prosessual Məcəllənin 220.6-cı maddəsinə əsasən məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Buna görə kollegiya hesab edir ki, iddiaçıdan kompensasiya məbləğinin alınıb cavabdehə verilməsi ilə onun mübahisəli evdən istifadə hüququna xitam verilməsi və evdən çıxarılması eyni vaxtda icra olunmalıdır.

34. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər.

35. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4213/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi “6120 (altı min yüz iyirmi) manat kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi” hissəsində dəyişdirilsin. Cavabdeh X3 Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi, 2335-36-cı məhəllə, 3 saylı evin, 80 saylı mənzilindən istifadə hüququna 8000 (səkkiz min) manat kompensasiya ödənilməklə xitam verilsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Fuad Abdıyev Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar