Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1269/2025 25.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının vəkil və nümayəndələri Kənan Əliyev və Vəkil3, cavabdehin nümayəndəsi (əri) Nümayəndə, üçüncü şəxs (iddiaçının əri) Möhlət Hüseynovun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “hasarın sökülməsi və mülkiyyət hüququnu məhdudlaşdıran hərəkətlərin qadağan edilməsi barədə” iddiasına dair dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(005)-1081/2022 nömrəli qətnaməsindən cavabdehin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.Tərəflərin evləri qonşudur. Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospektində yerləşən 28V nömrəli fərdi yaşayış evi iddiaçının, 28B nömrəli fərdi yaşayış evi isə cavabdehin mülkiyyətindədir. Mübahisə cavabdehin evinin həyətyanı sahəsinə aid olan daş hasarla bağlıdır. Birinci instansiya məhkəməsində icraat 2.İddia ərizəsində tələb olunub ki, iddiaçının evinin həyətinə girişi məhdudlaşdıran, cavabdehə aid özbaşına tikinti obyekti olan hasar sökülsün, həyətə giriş-çıxış bərpa olunsun və iddiaçının evə mülkiyyət hüququnu məhdudlaşdıran hərəkətlər cavabdehə qadağan olunsun. 3.Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia təmin olunsun, həmin hasar cavabdehin hesabına sökülsün, iddiaçının evinin həyətinə giriş-şıxış bərpa olunsun, iddiaçının evə mülkiyyət hüququnu məhdudlaşdıran hərəkətlər cavabdehə qadağan olunsun. Apellyasiya instansiyası məhkəməsində icraat 4.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. 5.Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (əri) Nümayəndə apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. 6.Məhkəmə iclasında iştirak edən iddiaçının vəkil və nümayəndələri Kənan Əliyev və Vəkil3, üçüncü şəxs (iddiaçının əri) Möhlət Hüseynov apellyasiya şikayətinin əsassız olduğunu bildirdilər. 7.Üçüncü şəxslər Nərimanov Rayon İcra Hakimiyyəti və Nərimanov Bələdiyyəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 8.Həmin hasarın tikilməsi ilə aşağıda göstərilən 3 hüquqpozmaya yol verilib. Birinci hüquqpozma: torpağın zəbt olunması 9.Torpaq sahəsi zəbt olunub. Belə ki, hasarın yerləşdiyi torpaq sahəsi və hasarın arxasında qalan torpaq sahəsi dövlət və ya bələdiyyə mülkiyyətindədir. Nəzərə alınmalıdır ki, cavabdehin evinin reyestr çıxarışı yalnız evə münasibətdə verilib, torpağa mülkiyyət hüququnun olduğu qeyd edilməyib (cild 1, iş v. 15). Cavabdehdən fərqli olaraq iddiaçının evinin reyestr çıxarışında ev ilə yanaşı 0,042 ha torpaq sahəsinin də onun mülkiyyətində olduğu qeyd edilib. 10.Cavabdehin nümayəndəsi (əri) məhkəmə iclasında izahat verərkən bildirib ki, hasarın yerləşdiyi torpaq sahəsinə və hasarın arxasında qalan torpaq sahəsinə cavabdehin hüququ yoxdur, həmin torpaq sahəsi dövlət mülkiyyətindədir. 11.Məhkəmə torpağın dövlətin, yaxud bələdiyyənin mülkiyyətində olmasını müəyyənləşdirməyə təşəbbüs göstərmişdir. Bu məqsədlə Nərimanov Rayon İcra Hakimiyyəti və Nərimanov Bələdiyyəsi iş üzrə üçüncü şəxs kimi tanınmış, lakin həmin qurumlar nümayəndələrini məhkəmə iclasına göndərməmiş və mübahisəyə dair mövqe bildirməmişlər. 12.İki qonşu arasındakı hazırkı mübahisənin düzgün həlli üçün torpağın bu subyektlərdən hansının - dövlətin, yaxud bələdiyyənin mülkiyyətində olduğunun müəyyən edilməsinə zərurət yoxdur, çünki torpaq sahəsi ümumi istifadədə olmaqla hamının buraxılması üçün açıq torpaq sahəsidir. AR Mülki Məcəlləsinin 239.1-ci maddəsinə görə, fiziki şəxslər dövlət və bələdiyyə mülkiyyətində olan, hamının buraxılması üçün açıq torpaq sahələrində heç bir icazə almadan sərbəst ola bilər. Bu maddədədəki “sərbəst ola bilər” ifadəsi subyektiv hüququ, “fiziki şəxslər” ifadəsi isə həmin hüququn subyektini bildirir. Ona görə də iddiaçı evinin girişinin qarşısında olan torpaq sahəsinin azad edilməsini (hasarın sökülməsini) tələb də bilər. İkinci hüquqpozma: özbaşına tikinti işlərinin aparılması 13.Hasar özbaşına tikinti obyektidir. Belə ki, hasarın yerləşdiyi torpaq sahəsi hasar tikilməsi üçün ayrılmayıb. AR Mülki Məcəlləsinin 180.1-ci maddəsindən görünür ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində tikilmiş tikili özbaşına tikinti sayılır. İddiaçı hasarın sökülməsini tələb etmək hüququna malikdir. Belə ki, Mülki Məcəllənin 180.4-cü maddəsində özbaşına tikinti obyektinin sökülməsini tələb etmək hüququna malik olan subyektlərdən biri “maraqlı tərəf” kimi göstərilib. İddiaçı həmin maddənin məqsədi baxımından maraqlı tərəf hesab olunur, çünki hasar inşa edilərkən onun evinin həyətyanı sahəsinə aid olan qapı keçidi mişar daşı ilə hörülüb, yəni texniki pasportda giriş-çıxış yeri kimi nəzərdə tutulmuş qapı tam bağlanıb, ümumi istifadədə olan torpaq sahəsi isə zəbt olunub. 14.Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 26830 nömrəli ekspert rəyində qeyd olunub: 1) iddiaçının evinin texniki pasportunun məlumatlarında göstərilən keçid qapısı mişar daşı ilə hörülüb və həmin qapı boşluğu sahəsi cavabdehin evinə aid hasarın arxasında qalıb; 2) cavabdehin evinin faktiki vəziyyəti texniki pasportun məlumatlarına uyğun gəlmir; 3) iddiaçının evinin həyətyanı torpaq sahəsinə darvaza vasitəsilə giriş-çıxış yolunun olmasına baxmayaraq, texniki pasportda giriş-çıxış yolu kimi nəzərdə tutulmuş qapı tam bağlandığından həyətə giriş və çıxışa maneə yaradır (cild 1, iş v.14). 15.Texniki pasportda giriş-çıxış yeri kimi nəzərdə tutulmuş qapının tam bağlanması işdə olan fotoşəkillə də təsdiq olunur (cild 1, iş v. 10). Üçüncü hüquqpozma: mülkiyyət hüququnun pozulması 16.Hasar iddiaçının mülkiyyət hüququnu pozur. Belə ki, evin həyətyanı sahəsinə aid olan keçid qapısı iddiaçının mülkiyyəti sayılır. Lakin hasarın hörülməsi nətcəsində keçid qapısı tam bağlandığından iddiaçı mülkiyyətindən istifadə edə bilmir. AR Mülki Məcəlləsinin 157.4-ci maddəsində qeyd olunub: “Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər”. 17.Beləliklə, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgünü nəticəyə gəlib. Lakin qətnamə dəyişdirilməli, sökülməsi qət olunan hasarın uzunluğu qətnamədə qeyd olunmalıdır. Belə ki, AR Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.2005-ci il tarixli qərarının 6.8-ci bəndinə görə, qətnamənin nəticə hissəsi baxılan iş üzrə tərəflərin hüquq və vəzifələrini dəqiq müəyyən etməlidir. Odur ki, iddiaçının hansı uzunluqda hasarın sökülməsini tələb etmək hüququnun, cavabdehin isə hansı uzunluqda hasarı sökmək vəzifəsinin olduğunun dəqiq müəyyən edilməsi üçün sökülməsi qət olunan hasarın uzunluğu qətnamədə göstərilməlidir. Hər iki tərəf izahatında bildirib ki, hasarın uzunluğu 11,90 metr təşkil edir. Cavabdeh hasarın uzunluğunun 11,90 metr olduğunu etiraf etdiyinə görə, iddiaçı bu faktı sübut etmə vəzifəsində azad olunur (MPM, maddə 106.3). Ali Məhkəmənin göstərişləri barədə 18.Bundan əvvəl işə bir dəfə apellyasiya qaydasında baxılıb, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət olunub, lakin Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edərək bir sıra göstərişlərlə işi yeni apellyasiya baxışına qaytarıb. Ali Məhkəmənin 1-ci göstərişi barədə 19.Ali Məhkəmə qeyd edib ki, iddiaçı iddia ərizəsində həyətə giriş qapısının olmaması səbəbindən həyətə daxil olmaq üçün hər dəfə avtomobil üçün nəzərdə tutulan darvazanı qaldırdığını və orada həyətə daxil olduğunu göstərsə də, məhkəmə iddiaçının təqdim etdiyi fotoşəkillərdə (cild 1, iş v. 16-19) darvazanın qarşısında darvazanın uzun müddət istifadə olunmadığını təsdiq edən hündür otların bitməsinin əksini tapmasına diqqət yetirməmiş, bu hala aydınlıq gətirməmiş, cavabdehin apellyasiya şikayətində də göstərdiyi kimi, iddiaçının hüququndan sui-istifadə etməklə cavabdehə zərər vurmaq niyyətinin olub-olmamasına bu baxımdan hüquqi qiymət verməmişdir. 20.Bununla bağlı məhkəmə aşağıdakıları qeyd edir 21.Birinci, ot – ağaclara və kollara mənsub olmayan yaşıl gövdəli incə bitkidir, bir illik, iki illik və çox illik olur. Otların müxtəlif növləri var: alaq otu, yem otu və s. Ali Məhkəmənin istinad etdiyi fotoşəkillərdə (cild 1, iş v. 16-19) 3 ədəd alaq otu əks olunub, onlarda ikisi təxminən yarım metr, biri isə bir metrə yaxındır. Alaq otları özbaşına bitən bitkidir, insanların hərəkət etdiyi yerlərdə bitməsi mümkündür. Odur ki, avtomobil üçün nəzərdə tutulan darvazanın qarşısında 3 ədəd alaq otunun bitməsi darvaza keçidindən insanların (iddiaçı və onun ailə üzvlərinin) istifadə etmədiyini təsdiq edən sübut sayılmır. İşdə digər fotoşəkildə də var (cild 1, iş v. 148), həmin fotodan görünür ki, darvazanın qarşısında alaq otu artıq yoxdur. Bu isə onu təsdiq edir ki, Ali Məhkəmənin istinad etdiyi alaq otu bir illik olduğuna görə ömrünü başa vurub. 22.İkinci, dəmir darvaza (Ali Məhkəmə tərəfindən qarşısında hündür otların bitdiyi qeyd olunan darvaza) və dəmir qapı (cavabdeh tərəfindən qarşısı mişar daşı ilə hörülmüş qapı) iddiaçının evinin texniki pasportunda “həyətyanı tikililər” kimi qeyd olunub (cild 1, iş v. 26, arxa səhifə), habelə texniki pasportun “torpaq sahəsinin planı” adlandırılan hissəsində həmin darvaza və qapı həyətyanı sahənin yeganə qapısı və darvazası kimi göstərilib (cild 1, iş v. 22). Texniki pasportda göstərilən qapıdan və darvazadan mülkiyyətçinin istifadə etməməsi, onun həmin qapı və darvazadan istifadə hüququnun xitamına səbəb olmur. Belə ki, AR Mülki Məcəlləsinin 15.2-ci maddəsinə görə, fiziki və hüquqi şəxslərin özlərinə mənsub mülki hüquqlardan istifadə etməməsi, qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, bu hüquqlara xitam verilməsinə səbəb olmur. Odur ki, iddiaçının öz mülkiyyətinin tərkib hissəsi olan qapıdan və darvazadan istifadə etməməsi cavabdehə əsas vermir ki, həmin qapının qarşısında mişar daşından hasar inşa etsin, o cümlədən darvazanın qarşısındakı yolun enini hasar inşa etməklə azaltsın. Ali Məhkəmənin 2-ci göstərişi barədə 23.Ali Məhkəmə qeyd edib ki, cavabdeh iddia ərizəsinə qarşı etirazında iddiaçının həyətinə 3 böyük giriş-çıxış qapısı və darvazaların olduğunu qeyd etsə də, iddiaçının həyətinə başqa giriş-çıxış qapısının olub-olmaması məhkəmələr tərəfindən araşdırılmamış, xüsusi birliyə malik ekspert qarşısında həmin halın müəyyən edilməsi barədə sual qoyulmamışdır. 24.Bununla bağlı məhkəmə aşağıdakıları qeyd edir. 25.Birinci, daşınmaz əmlakın qapı və darvazlarının sayının müəyyən edilməsi üçün ekspertiza təyin edilməsinə zərurət yoxdur, çünki bu suala cavab verilməsi xüsusi bilik tələb etmir. Qapı və darvazların sayı daşınmaz əmlakın texniki pasortuna əsasən müəyyən edilir. İddiaçının evinin texniki pasportunda dəmir darvaza (Ali Məhkəmə tərəfindən qarşısında hündür otların bitdiyi qeyd olunan darvaza) və dəmir qapı (cavabdeh tərəfindən qarşısı mişar daşı ilə hörülmüş qapı) “həyətyanı tikililər” kimi qeyd olunub (cild 1, iş v. 26, arxa səhifə) və texniki pasportun “torpaq sahəsinin planı” adlandırılan hissəsində həmin darvaza və qapı həyətyanı sahənin yeganə qapısı və darvazası kimi göstərilib (cild 1, iş v. 22). Göründüyü kimi, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış məlumatlardan iddiaçının həyətyanı sahəsinin başqa qapı və darvazasının olduğu müəyyən edilmir. 26.İkinci, apellyasiya icraatı zamanı üçüncü şəxs (iddiaçının əri) Möhlət Hüseynov bildirmişdir ki, həyətyanı sahəyə digər tərəfdən giriş var, lakin bu giriş texniki pasportda qapı kimi nəzərdə tutulmayıb, həmin girişdən istifadə etmək üçün qonşudan icazə alıb, çünki texniki pasportda göstərilən qapının qarşısını cavabdeh mişar daşı ilə hörüb, habelə hasar inşa etməklə darvazanın qarşısındakı yolu daraldıb. 27.Üçüncü, qanunvericilikdə qapı və darvazların sayına dair məhdudiyyət müəyyən edilməyib. Odur ki, daşınmaz əmlakın istənilən qədər qapı və darvazası ola bilər. Qapı və darvazaların sayının çox olması başqa şəxslərə əsas vermir ki, texniki pasportda göstərilən qapının qarşısını mişar daşı ilə hörsün, o cümlədən texniki pasportda göstərilən darvazanın qarşısındakı yolun enini hasar inşa etməklə azaltsın. Ali Məhkəmənin 3-cü göstərişi barədə 28.Ali Məhkəmə qeyd edib ki, hasarı inşa etmiş iki şahid, o cümlədən cavabdehin nümayəndəsi olan əri hasarı iddiaçının ərinin razılığı ilə çəkdiklərini bildirmişlər, lakin aşağı məhkəmələr buna hüquqi qiymət verməmişlər. 29.Bununla bağlı məhkəmə aşağıdakıları qeyd edir. 30.Birinci, apellyasiya icraatı zamanı üçüncü şəxs kimi işə cəlb edilmiş Möhlət Hüseynov (iddiaçının əri) izahatında bildirmişdir ki, hasarın çəkilməsinə razılıq verməyib. Cavabdeh tərəf isə belə razılığın verildiyini təsdiq edən yazılı sübut təqdim etməyib. Nəzərə alınmalıdır ki, hasarın tikilməsi nəticəsində qapı keçidi mişar daşı ilə hörülməklə bağlanıb. Həmin qapı texniki pasportda “həyətyanı tikili” kimi qeyd olunub, ona görə də daşınmaz əmlakın hissəsi sayılır və daşınmaz əşyaya aid qaydalar həmin qapı keçidinə də aid edilir. AR Mülki Məcəlləsinin 204.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət hüququndan və ya digər hüquqdan imtina edilməsi üçün ixtiyarlı şəxsin bu hüquqdan imtina etdiyi barədə ərizəsi və həmin ərizənin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zəruridir. Lakin iddiaçı daşınmaz əmlakın hissəsi sayılan qapı keçidi üzərində hüquqdan imtina etməsi barədə ərizə verməyib. 31.İkinci, əgər hasarın inşa olunmasına şifahi razılıq verilibsə, həmin razılığın hüquqi əhəmiyyəti yoxdur. Belə ki, hasar özbaşına tikinti obyektidir. Qonşunun razılığı heç bir şəxsə özbaşına tikinti işləri aparmağa əsas vermir. Bundan başqa, hasarın inşa edildiyi torpaq dövlət və ya bələdiyyə mülkiyyətindədir. Qonşunun razılığı heç bir şəxsə dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsini zəbt etməyə əsas vermir. 32.Üçüncü, əgər qapı keçidinin mişar daşı ilə hörülməsinə və hasarın inşa olunmasına şifahi razılıq verilibsə, həmin razılığı iddiaçı (mülkiyyətçi) deyil, onun əri Möhlət Hüseynov verib. Mülkiyyətçinin ərinin razılığı mülkiyyətçinin hüququnun məhdudlaşdırılmasına əsas ola bilməz. Bundan əvvəl eyni hasarın sökülməsi barədə eyni şəxsin iddiası qonşu evin mülkiyyətçisinə qarşı deyil, onun əri Nümayəndə qarşı irəli sürülmüş, lakin həmin iddia Ali Məhkəmənin göstərişi əsasında rədd edilmişdir. Ali Məhkəmənin göstərişi onunla əsaslandırılmışdır ki, mülkiyyətçinin əri iddiaya cavab verməli olan şəxs deyil, çünki mülkiyyətçi deyil. AR Konstitusiyasının 25-ci maddəsinin 1-ci hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Odur ki, mübahisə edən iki mülkiyyətçi (qonşu qadınlar) öz ərlərinin davranışından asılı olmayaraq qanun və məhkəmə qarşısında bərabər olmalıdır. Lakin hazırda Ali Məhkəmə iddiaçının (mülkiyyətçinin) ərinin hasarın tikilməsinə razılıq verdiyinə əsaslanaraq həmin razılığın araşdırılması barədə göstəriş verir. Əgər mübahisə edən iki mülkiyyətçidən (qonşu qadınlardan) birinin (hasarı inşa etmiş tərəfin) əri iddiaya cavab verməli olan şəxs deyilsə, eyni məntiqlə həmin mülkiyyətçilərdən (qonşu qadınlardan) digərinin (hasarın sökülməsini tələb edən tərəfin) əri hasarın tikilməsinə razılıq vermək hüququ olan şəxs deyil. 33.Hasarın sökülməsi barədə mübahisə 5 ildir ki, davam edir. Hasarın sökülməsi barədə 2 iddia verilib. 1-ci iddia mülkiyyətçinin (hasarı inşa etmiş tərəfin) əri Nümayəndə qarşı verilib. Həmin iddia Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə təmin edilib. Bu qətnamə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılıb. Lakin həmin qətnamə Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli qərarı ilə ləğv edilib və iş yeni apellyasiya baxışına qaytarılıb. Ali Məhkəmə qərarını belə əsaslandırıb ki, özbaşına tikili olduğu iddia edilən hasarın Nümayəndə məxsus olması iş materialları ilə müəyyən edilmir. Halbuki, özbaşına tikinti obyektinin kiməsə məxsus olması mümkün deyil, çünki AR Mülki Məcəlləsinin 180.2-ci maddəsinə görə, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Bununla yanaşı, Nümayəndə hazırkı apellyasiya icraatında bildirdi ki, hasarı özü inşa edib, hasarın aid olduğu ev arvadı ilə onun birgə mülkiyyətindədir, hasarın yerləşdiyi torpaq sahəsi isə dövlət mülkiyyətindədir, yəni arvadına məxsus deyil. Lakin Ali Məhkəmənin göstərişi məcburi olduğuna görə, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021ci il tarixli qətnaməsi ilə həmin göstəriş icra edilib və hasarın sökülməsi barədə iddia rədd olunub. Bundan sonra 2-ci iddia (hazırkı iddia) qaldırılıb və iddia evin mülkiyyətçisinə qarşı verilib. Mülkiyyətçi məhkəmə iclaslarının heç birinə gəlməyib, onu əri Nümayəndə kimi təmsil edib, lakin o, faktiki olaraq mübahisənin tərəfi kimi izahatlar verib. Həmin iddia Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təmin edilib. Bu qətnamə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılıb. Lakin həmin qətnamə də Ali Məhkəmənin xx.xx.2024-ci il tarixli qərarı ilə ləğv edilib və iş yeni apellyasiya baxışına qaytarılıb. Bu dəfə isə Ali Məhkəmə ona istinad edib ki, cavabdehin (mülkiyyətçinin) əri Nümayəndə təkrar-təkrar bildirir ki, hasar iddiaçının (digər mülkiyyətçinin) əri Möhlət Hüseynovun razılığı ilə çəkilib. Halbuki, bundan əvvəl Ali Məhkəmə həmin Nümayəndə hasarın sökülməsi barədə iddia üzrə cavabdehlik daşımadığını qeyd etmişdi. Lakin hazırda Ali Məhkəmə Nümayəndə təkrar-təkrar bildirdiyi məlumatı lazımi qaydada araşdırmayan məhkəmələrin pozuntuya yol verdiyini qeyd edir və Nümayəndə təkrar-təkrar bildirdiklərinin araşdırılması barədə göstəriş verir. Bununla yanaşı, Ali Məhkəmə qeyd edir ki, iddiaçı (mülkiyyətçi) cavadehin (digər mülkiyyətçinin) əri Nümayəndə izahatına (yəni təkrartəkrar bildirdiyi məlumata) qarşı hər hansı təkzibedici sübut təqdim etməmişdir. Yəni Ali Məhkəmənin mövqeyinə görə iddiaçı sübut təqdim etməlidir ki, onun əri hasarın çəkilməsinə razılıq verməyib. Ali Məhkəmənin 4-cü göstərişi barədə 34.Ali Məhkəmə qeyd edib ki, məhkəmələr hasarın hörüldüyü torpağın mülkiyyətçisini müəyyən etməmiş, yəni ümumi istifadədə olan həmin torpağın bələdiyyəyə aid olubolmamasını yoxlamamış, torpağın əsl mülkiyyətçisini işə cəlb olunmasını təmin etməmişlər. 35.Bununla bağlı məhkəmə aşağıdakıları qeyd edir. 36.Birinci, indiyə kimi məhkəmələr tərəfindən dövlət və bələdiyyə mülkiyyətində yerləşən özbaşına tikinti obyektlərinin sökülməsi barədə çoxsaylı qətnamələr qəbul olunub və həmin işlərdə torpağın mülkiyyətçisi işə cəlb edilməyib. Bu qətnamələr Ali Məhkəmə tərəfindən dəyişdirilmədən saxlanılıb. 37.İkinci, Nərimanov Rayon İcra Hakimiyyəti və Nərimanov Bələdiyyəsi hazırkı işdə üçüncü şəxs kimi tanınmış, onlara məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin həmin qurumlar nümayənədlərini məhkəmə iclasına göndərməmiş və mübahisəyə dair mövqe bildirməmişlər. 38.Üçüncü, iki qonşu arasındakı hazırkı mübahisənin düzgün həlli üçün torpağın bu subyektlərdən hansının - dövlətin, yaxud bələdiyyənin mülkiyyətində olduğunun müəyyən edilməsinə zərurət yoxdur, çünki torpaq sahəsi ümumi istifadədə olmaqla hamının buraxılması üçün açıq torpaq sahəsidir. 39.Dördüncü, Ali Məhkəmənin bu göstərişi onu təsdiq edir ki, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunması Ali Məhkəmə tərəfindən müəyyən olunub. Ali Məhkəmənin qərarı qüvvəyə mindiyinə görə, həmin hal – torağın zəbt edlib-edilmədiyi aşağı məhkəmələr tərəfindən müzakirə oluna bilməz. Nəzərə alınmalıdır ki, AR-nın hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir. Mülkiyyətin növündən və hüquqi rejimindən asılı olmayaraq AR-nın vahid torpaq fondunu təşkil edən bütün torpaq kateqoriyaları dövlət tərəfindən müdafiə olunur. Odur ki, qanunvericilik mülkiyyətin növündən asılı olmayaraq torpaq sahənin zəbt edilməsini görə cinayət məsuliyyəti müəyyən edib. Belə ki, AR Cinayət Məcəlləsinin 188.1-ci maddəsinə görə, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama 8.000 manatdan 10.000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göründüyü kimi, maddədə “hasarlama” ifadəsindən istifadə olunub, yəni cavabdehin inşa etdiyi hasar cinayət məsuliyyətinin yaranması üçün əsasdır. Həmin cinayət üzrə cinayət təqibi ictimai ittiham qaydasında həyata keçirilir, yəni cinayət təqibinin başınması üçün torpağın mülkiyyətçinin şikayət etməsi tələb olunmur. AR Konstitusiya Məhkəməsinin "AR Cinayət Məcəlləsinin 188-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında qeyd olunub: “...Cinayət Məcəlləsinin bu normasında müəyyən olunan cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, maddədə nəzərdə tutulan əməllərin törədilməsi iqtisadi sistemdə və ekoloji potensialın yüksəldilməsində çox mühüm rol oynayan torpaqdan qanuni istifadə, ona sahiblik və onun barəsində sərəncam vermənin qaydalarını pozur, torpağın təyinatının dəyişməsinə səbəb olur”. Cavabdeh hasar inşa etməklə ümumi istifadə olan torpaq sahəsinin təyinatını dəyişib, onu evinin həyətyanı sahəsinə əlavə edib. Bundan başqa, həmin qərarda Konstitusiya Məhkəməsi qeyd edib: “... cinayət qanunvericiliyi mülkiyyət formasından asılı olmayaraq, torpaq üzərində mülkiyyət hüququnun hər bir elementini müdafiə edir və AR-nın vahid torpaq fondunu təşkil edən bütün kateqoriya torpaqlar Cinayət Məcəlləsinin qeyd olunan maddəsinin təsiri altına düşür”. MPMin 265.4-cü maddəsinə görə, məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Aşağı məhkəmələr həmin prosessual hüquq normasının tələbini pozduqda, yəni xüsusi qərardad çıxarmadıqda, bu pozuntuya Ali Məhkəmə tərəfindən qiymət verilməlidir, çünki Ali Məhkəmə ali ədalət mühakiməsi orqanı kimi aşağı məhkəmələrin həm də porosessual hüquq normalarını düzgün tətbiq edib-etmədiyini yoxlayır. Xüsusilə o hal nəzərə alınmalıdır ki, dövlət və ya bələdiyyə mülkiyyəti əleyhinə törədilən cinayətin əlamətləri aşkar olunub. Bundan başqa, MPM-in 421-2-ci maddəsinə görə, Ali Məhkəmə belə halları aşkar etdikdən özü xüsusi qərardad çıxarmaqla prokurora xəbər verə bilər. Ali Məhkəmənin 5-ci göstərişi barədə 40.Ali Məhkəmə qeyd edib ki, məhkəmələr cavabdeh tərəfindən hörülmüş hasarın hansı hissədə iddiaçının evinin həyətinə girişi məhdudlaşdırdığını müəyyən etməmiş, bu məqsədlə xüsusi biliyə malik ekspert vasitəsilə həmin suala aydınlıq gətirmək və iddianı yalnız iddia ərizəsində tələb olunan həmin hissədə təmin etmək əvəzinə, hasarın tam sökülməsi barədə nəticəyə gəlməkdə haqlı olmamışdır. 41.Bununla bağlı məhkəmə aşağıdakıları qeyd edir. 42.Birinci, sökülməsi tələb olunan hasarın uzunluğu 11,90 metr təşkil edir. Belə ki, iddiaçı hasarın uzunluğunun 11,90 metr olduğunu bildirib, cavabdeh isə hasarın uzunluğunun 11,90 metr olduğunu etiraf edib. İddia ərizəsində “evin həyətinə girişi məhdudlaşdıran” ifadəsi ilə həmin uzunluqda olan hasar nəzərdə tutulub. Bu barədə ekspert rəyinin alınmasına zərurət yoxdur, çünki işdə olan fotodan (cild 1, iş v. 18) görünür ki, 11,90 metr uzunluğunda olan hasar evin həyətinin girişinə tərəf gedən yolda (dalanda) yerləşməklə həmin yolun (dalanın) eninin azalmasına səbəb olub. İddiaçı evinin həyətinə giriş-çıxış üçün həmin yoldan (dalandan) istifadə etdiyinə görə, yolun (dalanın) eninin azalması evin həyətinə giriş-çıxışın məhdudlaşmasına səbəb olub. Odur ki, 11,90 metr uzunluğuna olan hasar sökülməlidir. 43.İkinci, məhkəmə bir daha qeyd edir ki, hasarın yerləşdiyi torpaq sahəsi ümumi istifadədə olmaqla hamının buraxılmasın üçün açıq torpaq sahəsidir. AR Mülki Məcəlləsinin 239.1-ci maddəsinə görə, fiziki şəxslər dövlət və bələdiyyə mülkiyyətində olan, hamının buraxılması üçün açıq torpaq sahələrində heç bir icazə almadan sərbəst ola bilər. Bu maddədədəki “sərbəst ola bilər” ifadəsi subyektiv hüququ, “fiziki şəxslər” ifadəsi isə həmin hüququn subyektini bildirir. Ona görə də iddiaçı evinin girişinin qarşısında yerləşən, ümumi istifadədə olmaqla hamının buraxılması üçün açıq torpaq sahəsinin azad edilməsini (hasarın sökülməsini) tələb də bilər. Ali Məhkəmənin 6-ci göstərişi barədə 44.Ali Məhkəmə qeyd edib ki, məhkəmələr iddiaçının həmin hasarın tam sökülməsini tələb etməyə subyektiv hüququnun olub-olmamasını lazımi qaydada müəyyənləşdirməmişdir. 45.Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının həmin hasarın tam sökülməsini tələb etməyə subyektiv hüququ var. Bunun izahı yuxarıda qeyd olunub. Əksinə, cavabdehin subyektiv hüququ yoxdur ki, ümumi istifadədə olan və hamının buraxılmasın üçün açıq olan torpaq sahəsini zəbt etsin və orada 11,90 metr uzunluğunda hasar inşa etsin. Bundan başqa, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 26830 nömrəli ekspert rəyində qeyd olunub ki, cavabdehin evinin faktiki vəziyyəti texniki pasportun məlumatlarına uyğun gəlmir. Ali Məhkəmənin 7-ci göstərişi barədə 46.Ali Məhkəmə qeyd edib ki, apellyasiya instansiyası məhkəməsi diqqətdən qaçırmışdır ki, hasarın tam sökülməsi barədə iddia ilə torpağa mülkiyyət hüququ olan şəxs çıxış edə bilər. 47.Bununla bağlı məhkəmə edir ki, Ali Məhkəmənin qeyd etdiyi həmin hal xüsusi mülkiyyətdə olan torpağa aiddir. Dövlətə və bələdiyyəyə məxsus, ümumi istifadədə olmaqla hamının buraxılması üçün açıq olan torpaq sahələrindəki tikililərin sökülməsini mülkiyyətçi olmayan şəxslər də tələb edə bilər. Mülkiyyətçi olmayan şəxslərin iddiası əsasında özbaşına tikinti obyektlərinin sökülməsi barədə çoxsaylı qətnamələr qəbul olunub, Ali Məhkəmə isə onları dəyişdirmədən saxlayıb. Ali Məhkəmə özü qərarında müəyyən edib ki, həmin torpaq sahəsi ümumi istifadədir. “Ümumi istifadə” ifadəsi təsdiq edir ki, torpağı zəbt edən şəxs oradan müxtəlif məqsədlərlə (gediş-gəliş üçün və s.) istifadə edən bütün şəxslərin hüquqlarını pozur. AR Torpaq Məcəlləsinin 18-ci maddəsinin 2-ci hissəsindən görünür ki, ümumi istifadədə olan torpaq sahəsində yerləşən küçə, keçid, yol, əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələri yaşayış məntələrinin torpaqlarının tərkibinə daxildir. İddiaçı hazırkı iddianı qaldırmaqla hasarın yerləşdiyi torpaq sahəsinin özünə verilməsini deyil, ümumi istifadəyə qaytarılmasını tələb edir. Ali Məhkəmənin 8-ci göstərişi barədə 48.Ali Məhkəmə qeyd edib ki, məhkəmələr iddiaçının hüququndan sui-istifadə etməklə cavabdehə zərər vurmaq niyyətinin olub-olmamasına hüquqi qiymət verməmişlər. 49.Bununla bağlı məhkəmə qeyd edir ki, evinin həyətyanı sahəsinin giriş-çıxış qapısının qarşısının açılmasını, zəbt olunmuş torpaq sahəsinin isə ümumi istifadəyə qaytarılmasını tələb edən şəxs “hüququndan sui-istifadə edən şəxs” adlandırıla bilməz. Başqasının giriş-çıxış qapısını mişar daşı ilə hörən, ümumi istifadədə olan torpaq sahəsini isə zəbt edən şəxs “zərər çəkən şəxs” adlandırıla bilməz. 50.Yuxarıda göstərilənlərə əsasən və AR Mülki Prosessual Məcəlləsinin 372, 384- 392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(005)-1081/2022 nömrəli qətnaməsi dəyişdirilsin. Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospektində yerləşən 28V nömrəli fərdi yaşayış evinin həyətyanı sahəsinə giriş-çıxışı məhdudlaşdıran 11,90 (on bir tam yüzdə doxsan) metr uzunluğunda hasar Cavabdeh hesabına sökülsün. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1269/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1269/2025
25.04.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver