Məhkəmə qərarları › İş №2(103)-1272/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1272/2022

18.02.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1272/2022 18.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçının Vəkil1, cavabdehin nümayəndəsi və vəkili X1 və üçüncü şəxs X2 vəkili Vəkil5 iştirakları ilə, İddiaçı - cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsina qarşı “müqavilənin etibarsızlığı, çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1087/2020 saylı, 27 noyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil4 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:

1. İddiaçı - cavabdehlər Cavabdeh1nə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “müqavilənin etibarsızlığı, çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron MMC şirkəti (VÖEN **********0), İddiaçı (AZE 07902037 nömrəli şəxsiyyət vəsiqəsi) və Cavabdeh3 (AZE 07752250 nömrəli şəxsiyyət vəsiqəsi) arasında bağlanmış hüquq və öhdəliklərin ötürülməsi üzrə 21 iyul 2013cü il tarixli müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsi, ev 128, 130, 132, 128B, 128A, mənzil 901C, yeni qaydalarla: AZ1010, ünvan 1 ünvanında yerləşən 168,4 kv.m olan mənzilə dair Cavabdeh3 Fazil oğlunun adına verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin 27.12.2019- cu il tarixli çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddiasını belə əsaslandırmışdır ki, ünvan 2 ünvanında yaşayan İddiaçı ilə Bakı şəhəri, Neftçilər prospekti 67, 6A ünvanında yerləşən Abşeron MMC şirkəti (VÖEN **********) arasında bağlanılmış PBR seriyalı, 090 nömrəli, 29 dekabr 2010-cu il tarixli müqaviləyə əsasən 901c nömrəli mənzilin satışı razılaşdırılmışdır. Əmlak üçün toplam alış qiyməti hissə-hissə ödənilməklə 387 500 manat müəyyən olunmuşdur. İddiaçı tərəfindən əmlakın dəyəri dərhal ödənilməyə başlanılmışdır. Bundan sonra PBR seriyalı, 090 nömrəli, 29 dekabr 2010-cu il tarixli müqaviləyə dəyişiklik olunaraq avtomobil dayanacağının satışı razılaşdırılmış və ümumilikdə əmlakda daxil olmaqla toplam qiymət hissə-hissə ödənilməklə 415310 manat müəyyən edilmişdir. İddiaçı 29 dekabr 2010-cu il tarixdə Abşeron MMC şirkəti ilə PBR090 nömrəli podrat müqaviləsi imzalamışdır. İddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən müqavilədə göstərilən şərtlərə riayət edərək podratçıya razılaşdırılmış muzdu tamamilə ödəmişdir. Əvvəllər qohumluq münasibətləri nəzərə alınaraq qeyd edilən mənzili Cavabdeh3lə arvadına əvəzsiz istifadəyə vermiş və indi də əmlakını mülkiyyətinə qaytarmaq niyyətindədir. Hesab edir ki, Cavabdeh3 ailəsinə əvəzsiz istifadəyə verilmiş mənzili qanunsuz yolla özəlləşdirərək çıxarış almışdır, buna görə də çıxarışın verilməsinə əsas olmuş sənədlər etibarsız hesab edilməli və çıxarış ləğv olunmalıdır.

3. İddiaçı - cavabdehlər Cavabdeh3, Cavabdeh1na və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsina qarşı iddianın əsasının dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 21 iyul 2013-cü il tarixli “Hüquq və öhdəliklərin ötürülməsi üzrə müqavilə”nin əvəzsiz istifadə müqaviləsi kimi təfsir edilərək, ləğv edilməsinə: Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsi, ev 128, 130, 132, 128B, 128A, mənzil 901C, yeni qaydalarla: AZ1010, ünvan 1 ünvanında yerləşən 168,4 kv.m olan mənzilə dair Cavabdeh3 Fazil oğlunun adına verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin 27.12.2019-cu il tarixli çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddianın əsasının dəyişdirilməsinə dair ərizə belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. “Hüquqların ötürülməsi haqqında” müqavilə imzalanan zaman tərəflər arasında bağlanmış “Mənzil alqısatqı müqaviləsi”nə dəyişiklik edilməli idi. Dəyişiklik edilməsinin tələb olunmadığı hal yalnız həmin maddənin ikinci hissəsində nəzərdə tutulan əqdlərə aiddir. “Hüquq və öhdəliklərin ötürülməsi üzrə müqavilə” imzalanan zaman iddiaçının Cavabdeh1 MTK qarşısında heç bir öhdəliyi qalmamışdır. Mənzilin dəyəri iddiaçı tərəfindən tam ödənilməklə ona təhvil verilmişdi. Cavabdeh1 MTK da həmin mənzili iddiaçıya təhvil verdiyi üçün sonuncunun da iddiaçı qarşısında heç bir öhdəliyi qalmamışdı. Yəni mənzil artıq “tələb” formasında deyil, faktiki mülkiyyət statusunda iddiaçıya məxsus olmuşdur. Göstərilənləri nəzərə alaraq iddia tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş olunur.

5. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1087/2020 saylı, 27 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, 21 iyul 2013-cü il tarixli “Hüquq və öhdəliklərin ötürülməsi üzrə müqavilə” və Cavabdeh3 adına verilmiş 27.12.2019-cu il tarixli çıxarışın ləğv olunması, ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh3 alınıb İddiaçı ödənilməsi qət edilmişdir.

6. Həmin qətnamədən Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil4 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:

7. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aşağıda qeyd olunanlarla Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli, 2(009)-1087/2020 nömrəli qətnaməsinin qanunsuz, əsassız və ədalətsiz olması, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi sübuta yetirilir və bu səbəbdən qətnamə ləğv edilməlidir və iddiaçının iddiasının rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iddia tələbinin mahiyyətindən görünür ki, iddiaçı mübahisəli Bakı şəhəri Nəsimi rayonu Ü.Hacıbəyli küçəsi, 130, M12, 1 saylı mənzili Cavabdeh3 və Lamiyə Nağıyevanın əvəzsiz istifadəsinə verdiyini iddia edir, hazırda bu müqavilənin və çıxarışın ləğvini tələb edir. Birincisi, iş materiallarından və qətnamədən görünür ki, İddiaçı tərəfindən mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində mübahisəli müqavilənin ləğv edilməsi və ya dəyişdirilməsi ilə bağlı Cavabdeh1 MMC-yə və ya cavabdehə hər hansı müraciət etməmiş, bu barədə digər tərəfin imtinasını almamışdır. Məhkəmə isə bu hala hüquqi qiymət verməmiş və araşdırmamışdır. Göründüyü kimi, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən baxılmamış saxlanılmalı olduğu halda, məhkəmə tərəfindən prosessual hüquq normaları pozulmuş, işə mahiyyəti üzrə baxılaraq qətnamə qəbul edilmişdir. İkincisi, Cavabdeh1 MMC-nin nümayəndəsi əvvəlki məhkəmə iclaslarında iştirak edərək iddia tələbinə münasibətini bildirsə də, məhkəmə prosessual pozuntuya yol verərək, cavabdehin nümayəndəsinin izahatını qətnamədə göstərməmiş, sonuncunu guya üzürsüz səbəbdən məhkəməyə gəlməmiş kimi qeyd etmişdir. Halbuki, Cavabdeh1 MMC-nin nümayəndəsi məhkəmədə izahat verərək iddiaya münasibətini bildirmişdir. Üçüncüsü, hakim hazırki qətnaməsi ilə iddia tələbini təmin etməklə yeni hüquq nəzəriyyəsinin əsasını qoymuş, iddianın təmin edilməsi ilə bağlı nəticəyə gələrkən iddiaya aidiyyəti olmayan maddi hüquq normalarına istinad etmiş, istinad etdiyi maddi hüquq normalarını yalnış təfsir etmiş, məhkəmə təcrübəsinə zidd olan belə bir əsassız və qanunsuz qətnamə qəbul etməklə Mülki Qanunverciliyin müddəalarını ayaq altına almışdır. Hakimin qeyd olunan mövqeyi tam olaraq əsassız olmaqla o, tərəflər arasında yaranmış münasibətlərin həqiqi mahiyyətini, həmin münasibətlərdən doğan öhdəlikləri və müvafiq olaraq da tətbiq olunmalı olan maddi hüquq normasını düzgün müəyyən edə bilməmiş, eləcə də tətbiq etdiyi maddi hüquq normasını, xüsusən də müqavilənin bağlanması anını və tərəflərin öhdəliklərinin dairəsini tənzimləyən MM-nin müvafiq maddələrini hazırki işin mübahisəsiz olan faktiki halları baxımından düzgün şərh edə bilməmişdir. Qanunvericiliyin tələbindən görünür ki, əgər əmlak əvəzsiz istifadəyə verilirsə buna dair iki tərəf arasında əvvəzsiz istifadə müqaviləsi bağlanır, əmlakdan istifadəyə dair şərtlər müəyyənləşir, əmlakın qaytarılma müddəti və s. hallar razılaşdırılır. Göründüyü kimi, iddia ərizəsinə İddiaçı Bakı şəhəri Nəsimi rayonu Ü.Hacıbəyli küçəsi, 130, M12, 1 saylı mənzili Cavabdeh3 və Lamiyə Nağıyevanın əvəzsiz istifadəsinə verilməsinə dair hər hansı subut, yəni müqavilə və ya digər təsdiq edici sənəd əlavə edilməmişdir. Əksinə iddiaçının iddia ərizəsinə əlavə etdiyi və istinad etdiyi müqavilə 21 iyul 2013-cü il tarixli hüquq və öhdəliklərin ötürülməsi haqqında müqavilədir. Bu müqavilə məzmun və forma baxımından əvəzsiz istifadə müqaviləsi deyildir və iddiaçının iddia ərizəsində istinad etdiyi müqavilədən tamamən fərqlənir. Belə ki, 21 iyul 2013-cü il tarixli hüquq və öhdəliklərin ötürülməsi haqqında müqavilənin 3-cü bəndində qeyd edilmişdir ki, investor tərəfindən PBR 090 saylı müqaviləyə əsasən şirkətə ödənilmiş 415.310 manat məbləğ Vəkil olunan (yəni Cavabdeh3) tərəfindən ödənilmiş kimi hesab edilsin və Şirkət ilə Vəkil olunan arasında bağlanılacaq müqavilə üzrə ödənişlərə hesab olunacaqdır. Göründüyü kimi, İddiaçı PBR 090 saylı 29 dekabr 2010-cu il tarixli müqavilə üzrə aldığı mənzili Cavabdeh3 əvəzsiz deyil, mübahisəli mənzilin dəyəri İ.Nağyevin atası tərəfindən tam olaraq İddiaçı ödənildikdən sonra hüquq və öhdəliklərin ötürülməsi haqqında müqaviləni imzalamışdır. Əks halda İddiaçı belə bir müqavilə bağlaması və öz mənzilinin dəyərinin Cavabdeh3 tərəfindən ödənilmiş kimi hesab edilməsi barədə müqaviləni imzalaması ağlabatan deyildir. Bununla da aydın olur ki, iddia tələbi tam olaraq əsassızdır və iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutları məhkəməyə təqdim edə bilməmişdir. Dördüncüsü, qanunvericiliyin tələbinə əsasən, müqavilə azadlığı ilə mülki hüquq subyektlərinə həmin qaydalardan daha çox sərfəli olan başqa qaydaları razılaşdırmaq imkanı yaradılır ki, subyektlər öz mənfəətini ən yaxşı şəkildə təmin edəcək müqavilələr bağlaya bilsinlər. Yəni, bu cür ixtiyari (dispozitiv) qaydalar ona görə müəyyən edilmişdir ki, subyektlərin mənafeləri daha səmərəli şəkildə təmin edilsin. Qanunvericilikdə mülki hüquq subyektlərinə belə bir azadlıq verilməsinin səbəbi bir tərəfin digər tərəfi istismar edə bilməsinə şərait yaratmaq deyil, əksinə tərəflərin qarşılıqlı mənafelərinə ən yaxşı şəkildə cavab verən qaydaların müəyyən edilməsinə hüquqi baxımdan imkan yaratmaqdır. Bu məqsədlə MM-in 390-cı maddəsində “fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər” müddəası təsbit olunmuşdur. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. İşin mübahisə edilməyən hallarından və iş materiallarından görünür ki, mübahisəli Bakı şəhəri, Nəsimi rayonu, Ü.Hacıbəyli küçəsi, 130, M12, 1 saylı mənzilə dair Cavabdeh1 MMC, İddiaçı və Cavabdeh3 arasında 21 iyul 2013-cü il tarixli hüquq və öhdəliklərin ötürülməsi haqqında müqavilə bağlanmışdır. Müqavilənin şərtlərindən aydın olur ki, qeyd olunan mənzilə dair İddiaçı PBR 090 saylı 29 dekabr 2010cu il tarixli müqavilə üzrə bütün hüquq və öhdəliklərini könüllü olaraq Cavabdeh3 ötürmüş, əmlaka dair öz payından könüllü olaraq imtina etmişdir. Bu imtina nəticəsində Cavabdeh1 MMC və İddiaçı arasında bağlanmış PBR 090 saylı 29 dekabr 2010-cu il tarixli müqavilə ləğv edilmişdir. Hazırda iddiaçı ləğv edilmiş müqavilə üzrə iddia irəli sürmüşdür. Həmçinin, müqavilənin 3-cü bəndinə əsasən İddiaçı onunla Cavabdeh1 MMC arasında bağlanmış PBR 090 saylı 29 dekabr 2010-cu il tarixli müqavilə üzrə edilmiş 415.310 manat məbləğində ödənişin Cavabdeh3 tərəfindən ödənilmiş kimi hesab edilməsini könüllü olaraq qəbul etmişdir. Göründüyü kimi Bakı şəhəri, Nəsimi rayonu, Ü.Hacıbəyli küçəsi, 130, M12, 1 saylı mənzilə dair Cavabdeh1 MMC, İddiaçı və Cavabdeh3 arasında 21 iyul 2013-cü il tarixli hüquq və öhdəliklərin ötürülməsi haqqında müqavilə tərəflər arasında şərtləri razılşadırılmaqla azad surətdə heç bir məcburetmə olmadan bağlanmışdır. Beşincisi, iş üzrə iddia müddəti keçsə də, qətnamədə hakim tərəfindən bu məsələyə dair heç bir əsaslı münasibət bildirilməmişdir. Qətnamədə qeyd edilmişdir ki, Məhkəmə hazırkı iddia tələbinə iddia müddətinin tətbiq edilməsi ilə bağlı cavabdehin ərizəsi üzrə qeyd edir ki, iddiaçı tərəfindən hazırkı iddia tələbini qaldırmaq üçün iddia müddəti ötürülməmişdir. Hakim qətnamədə iddia müddətinin ötürülmədiyini qeyd etsə də, müqavilənin bağlanmasından 7 il müddət keçməsinə baxmayaraq bu müddətin hansı səbəbdən ötürülmədiyi qənaətinə gəlməsinə dair heç bir əsaslandırma apara bilməmiş, sadəcə ümumi cümlələrdən istifadə etməklə maddi hüquq normalarını pozmuşdur. İşin faktiki hallarından da görünür ki, İddiaçı vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, qanunla müəyyən olunmuş 3 illik iddia müddətini üzrsüz səbəbdən ötürmüş, iddia müddəti başa çatdıqdan sonra iddia ərizəsi ilə 2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmədiyindən və qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır.

8. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3159/2021 saylı, 19.05.2021-ci il tarixli qətnaməsi ilə, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil4 apelyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1087/2020 saylı, 27 noyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən: Azad İmanov).

9. Həmin qətnamədən narazı qalan cavabdeh kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.

10. Ali Məhkəmənin 2(102)-5736/2021 saylı, 03.11.2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3159/2021 saylı, 19.05.2021ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Tərəflərin izahatları:

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Vəkil1 cavabdehin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili A.Ağaşirinov cavabdehin apellyasiya şikayətini müdafiəedərək, şikayətin təmin edilməsini, qətnamənin ləğv edilərək iddianın rədd edilməsini xahiş etdi.

13. Kollegiya kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin vəkili Y.Kərimbəyli qətnamənin ləğv edilərək iddianın rədd edilməsini xahiş etdi.

14. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməlidir.

15. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməlidir. Sübutların tədqiqi:

16. Belə ki, iş materiallarında olan 582398 nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsi ev 128, 130, 132, 128B, 128A, mənzil 901C (yeni qaydalarla Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsi 130, M12, mənzil 1 Cavabdeh3 xüsusi mülkiyyətindədir.

17. İş materiallarında olan 29.12.2010-cu il tarixli müqavilənin surətindən görünür ki, həmin müqavilə ilə Şirkət (Abşeron MMC) sənədin 2-ci Əlavəsində daha geniş təsvir olunan binada yerləşən 901C saylı mənzili tikməyə və yaşayış məqsədləri üçün İnvestora ( İddiaçı) təqdim etməyə hazırlaşır və İnvestor həmin mənzili yaşayış məqsədləri üçün Şirkətdən qəbul etməyə razılıq verir. Müqavilənin 4.1-ci bəndində qeyd olunmuşdur ki, əmlak üçün toplam alış qiyməti 387.500 manat təşkil edir. Həmin müqaviləyə dəyişikliklərin 2-ci bəndinə əsasən, müqavilənin 1.6-cı bəndi aşağıdakı qaydada verilsin: “İnvestor üçün binanın zirzəmisinin mərtəbəsində yerləşən 150 nömrəli avtomobil dayanacağı sahəsi ayrılmalıdır”.

18. İş materiallarında olan “Hüquq və öhdəliklərin ötürülməsi üzrə Müqavilə”yə əsasən İnvestor (İddiaçı) bununla Müqavilə PBR 090 ilə bağlı hüquq və öhdəliklərini Vəkil olunana ( Cavabdeh3) ötürmək niyyətindədir və Şirkət bu ötürməni qəbul edir. Həmin Müqavilənin 3-cü bəndinə əsasən İnvestor tərəfindən Müqavilə PBR 090 əsasən Şirkətə ödənilmiş 415,310 manat Vəkil olunan tərəfindən ödənilmiş kimi hesab edilsin və Şirkət ilə Vəkil olunan arasında bağlanılacaq müqavilə üzrə ödənişlərə hesab olunacaq.

19. İş materiallarında olan PBR 001443, PBR 001399, PBR 001594, PBR 002537, ********* və ********* saylı qəbzlərin surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh1 MMC-yə müvafiq olaraq 29.12.2010-cu il tarində 210.000, 11.12.2010-cu il tarixində 10.000, 02.03.2011-ci il tarixində 15.574, 19.07.2012-ci il tarixində 44.934, 24.01.2013-cü il tarixində 44.943 və 01.02.2012-ci il tarixində 44.934 manat məbləğində ödənişləri edilmişdir.

20. İş materiallarında olan Cavabdeh1 MTK-nın üzvlərinin 28 oktyabr 2019-cu il tarixli ümumi yığıncağının protokolundan çıxarışında ünvan 5 ünvanında yerləşən müasir tipli yaşayış və ticarət kompleksinin yaşayış binasında Üzeyir Hacıbəyli küçəsi giriş 130, mərtəbə-12-də yerləşən 4 otaqlı, 901C saylı mənzilin dəyərinin tam ödənildiyi və sənədlərin Cavabdeh3 ƏMDK yanında DƏDRX-ə təqdim etmək üçün verilməsi qeyd olunmuşdur.

21. İş materialları ilə müəyyən edilir ki, iddiaçı Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi giriş-130, mərtəbə-12-də yerləşən 4 otaqlı, 901C saylı mənzili əldə etmək məqsədilə Cavabdeh1 MMC ilə müqavilə imzalamışdır. Müqavilə imzalandıqdan sonra mənzilin dəyəri iddiaçı tərəfindən tam ödənilmiş və bundan sonra iddiaçının həmin mənzilin alqı-satqısı ilə bağlı cavabdehə heç bir borcu qalmamışdır. İşin bu halları iş materiallarında olan 29.12.2010-cu il tarixli müqavilə və “Hüquq və öhdəliklərin ötürülməsi üzrə Müqavilə”nin 3-cü bəndi ilə öz təsdiqini tapır.

22. İş materialları ilə həmçinin müəyyən edilir ki, iddiaçı bacısı qızı olan Lamiyə Nağıyevanın ailə həyatı qurması səbəbindən ailənin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə sözügedən mənzili Cavabdeh3 əvəzsiz istifadəyə vermişdir. Hüquqi dəyərləndirmə:

23. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

25. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28.02.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir.

26. Məhkəmə Kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Qərarında qeyd edilmiş göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, həmin göstərişlərlə razılaşaraq onları nəzərə alır.

27. Kollegiya iş materiallarına əsasən qeyd edir ki, İddiaçı 2020-ci ilin mart ayında məhkəməyə təqdim etdiyi iddia ərizəsində mübahisəli mənzilə dair Cavabdeh3lə 21 iyul 2013-cü il tarixli müqavilənin bağlanmasının səbəbini bacısı qızı X4 Nağıyevlə ailə qurması ilə, həmin müqavilənin etibarsız sayılması barədə iddia qaldırmasının səbəbini isə onların boşanması ilə izah etmişdir (İ cild, i/v 4-7). İstər həmin iddia ərizəsində və istərsə də işin 1-ci cildinin 182-184-cü səhifəsində olan iddianın əsasının dəyişdirilməsi barədə ərizəsində onların arasında əslində əvəzsiz istifadə müqaviləsinin bağlanmasını iddia edərək dəyişdirilmiş iddia tələbində onların arasında bağlanmış hüquq və öhdəliklərin ötürülməsi barədə müqavilənin əvəzsiz istifadə müqaviləsi kimi təfsir edilərək ləğv edilməsini xahiş etmişdir.

28. İşə yenidən apellyasiya icraatı qaydasında baxan kollegiya mübahisənin hüquqi həllində Mülki Məcəllənin 421 və 423-cü maddələrinə istinad edilməsini zəruri sayır.

29. Belə ki, Mülki Məcəllənin 421-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. (421.1)

30. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. (421.2)

31. Həmin Məcəllənin 423-cü maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır.(423.1)

32. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. (423.2)

33. Qeyd edilən hüquq normalarının mahiyyətindən də görünür ki, tərəflər arasında bağlanmış müqavilə onun əhəmiyyətli dərəcədə pozulması baş verdikdə ləğv edilə bilər. İş materiallarında cavabdeh tərəfindən müqavilənin əhəmiyyətli dərəcədə pozulmasını təsdiq edən hər-hansı sübut mövcud deyildir. Cavabdeh3 İddiaçı bacısı qızı ilə boşanması isə, müqavilənin əhəmiyyətli dərəcədə pozulması kimi qiymətləndirilə bilməz. Tərəflər arasında bağlanmış bir müqavilənin başqa müqavilə kimi təfsir edilməklə ləğv edilməsi imkanı mülki qanunvericilikdə nəzərdə tutulmadığından, hüquq və öhdəliklərin ötürülməsi barədə müqavilənin əvəzsiz istifadə müqaviləsi kimi təfsir edilərək ləğv edilməsi qanuni sayıla bilməz.

34. Kollegiya həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinə görə yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

35. Göründüyü kimi, qanun yalnız yalan əqdə münasibətdə tərəflərin əslində nəzərdə tutduqları əqdə aid qaydaların tətbiqini müəyyən etmişdir.

36. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər hüquq və vəzifələrin ötürülməsi barədə deyil, əslində əvəzsiz istifadə müqaviləsi bağlamışlar. Həmin nəticəyə gələrkən məhkəmə yalnız iddiaçının bu barədə olan izahatına və mənzilin dəyərinin onun tərəfindən ödənilməsinə əsaslanmışdır.

37. Kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır və qeyd edir ki, işdən göründüyü kimi Cavabdeh3 göstərilənlərlə razılaşmamış və onlar arasında əvəzsiz istifadə müqaviləsinin bağlanmasını qəti inkar etmişdir. İşdə olan sübutlar məhkəmənin həmin nəticəsini inkar edir. Göstərilən vəziyyətdə, məhkəmənin həmin nəticəyə gəlməsi əsassız olmuşdur. İşdən görünür ki, tərəflər arasında müqavilə onların könüllü razılığı ilə bağlanmış və iddiaçı məhkəməyə bunun əksini təsdiq edən sübutları təqdim etməmişdir. Bundan başqa, iddiaçının əvəzsiz istifadə müqaviləsini bağlamasına mane olan hər hansı bir halın olması işdən görünmür.

38. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.

40. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

41. Məhkəmə kollegiyası iddia tələbinin çıxarışın ləğv edilməsinə dair hissəsinə münasibətdə qeyd edir ki, işdən görünür ki, iddiaçı hüquq və öhdəliklərin ötürülməsi barədə müqaviləni və cavabdehin adına olan mənzilə dair Reyestrdən Çıxarışı mübahisələndirsə də, şirkətlə Cavabdeh3 arasında bağlanmış 21 iyul 2013-cü il tarixli müqaviləni mübahisələndirməmiş və onun ləğvini tələb etməmişdir. Halbuki mübahisəli mənzilə dair cavabdehin adına Reyestrdən Çıxarışın verilməsi üçün həmin müqavilə əsas olmuşdur.

42. Həmin müqavilədə Cavabdeh3 investor kimi göstərilmiş və həmin müqavilənin 2.3-cü bəndində şirkət əmlakın tikintisini 30 iyun 2013-cü il tarixə kimi tamamlayıb investora (Cavabdeh3 nəzərdə tutulur) təhvil vermək barədə öhdəlik götürmüşdür.

43. Müqavilənin 4.1-ci bəndinə görə əmlakın alış qiymətini təşkil edən 415.310 manat 21 iyul 2013-cü il tarixli hüquq və öhdəliklərin ötürülməsi haqqında müqaviləyə əsasən həyata keçirilmişdir. Eləcə də, həmin müqavilənin 5-ci bəndində tərəflərin, yəni şirkətin və Cavabdeh3 (investor) öhdəlikləri müəyyən olunmuşdur.

44. Müqavilənin 7.1.1 və 7.1.2-ci bəndinə əsasən bu müqavilə belə verilmə və ya ötürülmədən sonra tam qüvvəsini və təsirini saxlamaqda davam edir və hər hansı məhdudiyyət qoyulmadan, təhvil-təslim şərtləri və s. daxil olmaqla yeni investor bu müqavilədə nəzərdə tutulmuş investorun bütün hüquqları və öhdəliklərini öz üzərinə götürür.

45. Müqavilənin 10.1 və 10.2-ci bəndlərinə görə bu müqavilə tərəflər arasında bu mövzu ilə bağlı hər hansı əvvəlki razılaşmaları (yazılı və şifahi) əvəz edir və Şirkət ilə İnvestor arasında əldə edilmiş razılıq əsasında imzalanır (10.1) və bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və bu müqaviləyə uyğun olaraq ona xitam verilmədiyi halda əsaslı tamamlama tarixindən sonra qüvvəsini saxlayır, belə ki, bu müqavilədə nəzərdə tutulmuş hüquqlar və öhdəliklər davam edən xarakterə malik hüquqlar və öhdəliklərdir.

46. Hüquq və öhdəliklərin ötürülməsi barədə müqavilənin bağlandığı gün şirkətlə yeni investor kimi Cavabdeh3 arasında bağlanmış yuxarıda göstərilən müqavilə tərəflər arasında bağlanmış üçtərəfli müqavilənin əvəzsiz istifadə müqaviləsi olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni tam təkzib edir.

47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

48. Həmin Məcəllənin 385.1. və 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

49. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

50. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun.

51. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Nəticə:

52. Sadalanan xüsusatlara, qeyd edilən hüquq normalarının tələblərinə və Ali Məhkəmənin göstərişlərinə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilərək, iddia tələbi rədd edilməlidir.

53. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1087/2020 saylı, 27 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar