Məhkəmə qərarları › İş №2(103)-1276/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1276/2023

24.01.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1276/2023 24.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, X3 qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi, pulun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3820/2022 saylı 30 avqust 2022-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçının yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, ünvan 1 ünvanına verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğaca cavabdehin əməkdaşları tərəfindən baxış keçirilmiş və “sayğacın çıxış plastmas borusunun deşilməsi” barədə nöqsan qeyd olunmaqla, həmin əsasla təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı aktlar tərtib edilmiş, itirilmiş qazın bərpası üzrə müvafiq olaraq xx.xx.2018-ci il tarixə 9720 kub.m, xx.xx.2019-cu il tarixə 7560 kub.m, xx.xx.2020-ci il tarixə 5040 kub.m olmaqla, cəmi 2404,80 manat borc iddiaçının abonent hesabına yazılmışdır, hazırda həmin məbləğ iddiaçıdan tələb edilir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdehnə qarşı cavabdeh tərəfindən iddiaçıya tərtib edilmiş xx.xx.2018-ci il tarixli ******* saylı akt üzrə əsassız olaraq hesablanmış cərimə borcundan geriyə qalan 741 manat məbləğində borcun silinməsi və həmin borcun hesablandığı gündən etibarən iddiaçı tərəfindən smart qaz sayğacı üzrə aparılan ödənişlərdən borca tutulmuş 231 manat məbləğində pul vəsaitinin qaytarılması, ******* nömrəli aktlar üzrə əsassız hesablanmış 756 manat və 504 manat məbləğində borcun silinməsi və işə baxılması ilə əlaqədar hüquqi xidmətin göstərilməsi üçün iddiaçı tərəfindən Bakı şəhəri 7 saylı vəkil bürosunun və notariusun hesabına ümumilikdə ödənilmiş 141,50 manat məbləğində pul vəsaiti Cavabdeh İB-dən tutularaq iddiaçıya verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixli ******* nömrəli akt əsasında 972 manat, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 172,80 manat, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 756 manat, xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 504 manat olmaqla, ümumilikdə 2404,80 manat məbləğində borc hesablanmışdır. İddiaçıya tərtib edilmiş 1-ci akt üzrə hesablanmış 972 manat məbləğində borc sayğacın çıxış plastmas borusunun deşilməsi faktına görə qanunsuz hesablanmışdır. Qaz sayğacı ona məxsus fərdi yaşayış evindən aralıda yerləşir və həmin sayğaca görə cavabdehlik daşımır. Qaz sayğacına ümumiyyətlə iddiaçı müdaxilə də etməmişdir. Qeyd olunan bu səbəblərdən iddiaçı özünün barəsində tərtib edilmiş 1-ci akt üzrə hesablanmış 972 manat borc məbləğini qanunsuz və əsassız hesab edir. Nəticə 972 manat borcdan geriyə ödənilməmiş qalan 741 manat borc məbləği silinməli və borc məbləği üzrə tərəfindən aparılan ödənişlərdən borca tutulmuş 231 manat pul iddiaçıya geri qaytarılmalıdır. Tərtib edilmiş 2-ci akt üzrə hesablanmış 172,80 manat borc məbləği qaz xəttinə qanunsuz qoşulma faktına görə hesablanmışdır. İddiaçı tərəfindən qaz xəttinə həqiqətən də 1 dəfə qanunsuz qoşulma olduğundan həmin borc məbləğini qanuni və əsaslı hesab edir və həmin akt üzrə hesablanmış borcu da mübahisələndirmir. Tərtib edilmiş 3-cü və 4-cü aktlar üzrə müvafiq olaraq hesablanmış 756 və 504 manat borc məbləğləri isə həqiqətə uyğun deyildir. Belə ki, cavabdeh “Azəriqaz" İB tərəfindən daha sonradan uydurma şəklində aktlar tərtib edilmişdir ki, həmin aktlar həqiqətə uyğun deyildir. Çünki ilk dəfə qaz xəttinə qanunsuz qoşulduğu hal Cavabdeh İB tərəfindən yerində aradan qaldırılmışdır. Lakin, Cavabdeh İB ilkin fakta görə davamlı olaraq sonradan yeni aktlar tərtib etmişdir. İddiaçıya ümumilikdə tərtib edilmiş 3-cü və 4-cü aktlar əsasında verilmiş tələbnamələrdən də görünür ki, iddiaçıya hesablanmış 756 və 504 manat cərimə borcları məişət qaz cihazlarının günlük 24 saatlıq iş rejimi ilə hesablanmışdır. İddiaçı hesab edir ki, məişət qaz cihazlarının bütün gün ərzində 24 saat işlənmiş kimi qeyd olunaraq hesabatın aparılması da öz-özlüyündə qanunsuzdur və ümumilikdə tərtib edilmiş 3-cü və 4-cü aktlar üzrə müvafiq olaraq hesablanmış 756 manat və 504 manat borc məbləğləri silinməlidir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barəsində ərizə ilə müraciət edərək, Cavabdeh İB tərəfindən İddiaçı barəsində ümumilikdə hesablanmış 2404,80 manat məbləğində borcun **********10000 nömrəli abonent hesabından silinməsi, **********10000 nömrəli abonent hesabı üzrə 12/2018-ci il tarixindən 02/2020-ci il tarixinə kimi smart qaz sayğacı üzrə aparılan ödənişlərdən borca tutulmuş 231 manat məbləğində pul vəsaitinin İddiaçı geri qaytarılması, işə baxılması ilə əlaqədar hüquqi xidmətlərin göstərilməsi üçün iddiaçı tərəfindən Bakı şəhəri 7 saylı Vəkil bürosunun və notariusun hesabına ümumilikdə ödənilmiş 141,50 manat məbləğində pul vəsaiti Cavabdeh İB-dən tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3820/2022 saylı 30 avqust 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, ünvan 1 (Abonent kodu:**********10000) üzrə İddiaçı hesablanmış 2404,80 (iki min dörd yüz dörd manat səksən qəpik) manat məbləğində borcun silinməsi, 231 (iki yüz otuz bir) manat məbləğində borca görə tutulmuş pul vəsaitinin Cavabdeh tərəfindən İddiaçı geri qaytarılması, 141,50 (yüz qırx bir manat əlli qəpik) manat məbləğində vəkil və notarius xidmətlərindən istifadəyə görə ödənilmiş pul vəsaitinin Cavabdehndən alınaraq İddiaçı ödənilməsi, 47,77 (qırx yeddi manat yetmiş yeddi qəpik) manat məbləğində dövlət rüsumunun Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsi, Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2, 4.6, 4.7, 4.8, 4.9-cu bəndləri, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü bəndi ilə əsaslandıraraq göstərmişdir ki, iddiaçının evində quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri düzgün hesablanmadığından, qazın hesabı tam ödənildikdən sonra, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı qeyd edilən ünvanda istehlak olunmuş təbii qaza görə cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, cavabdehin iddiaçıdan təbii qazın pulunun ödənilməsini tələb etməsi qanunsuz və əsassızdır. Buna görə də iddia qeyd edilən hissədə təmin edilərək, qaz sərfinə görə iddiaçıya hesablanmış 2404,80 manat vəsait silinməli və 231 manat cərimə borcuna görə tutulmuş vəsait iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə iddia tələbinin məhkəmə xərclərinə daxil olan pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə hissəsini araşdıraraq hesab etmişdir ki, iddia tələbi həmin hissədə əsaslı olduğundan, təmin edilməlidir. Qətnamədən cavabdehin nümayəndəsi apelyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirlən qətnamənin ləğv edilməsinə əsasdır. Belə ki, CavabdehİBnin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən İddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş, daha sonra həmin Akt əsasında “Dəymiş ziyanın bərpasına dair”Tələbnamə təsdiq edilmişdir. Həmin Tələbnamələrə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həçminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Müvafiq olaraq hesablanmış 2777.30 manat dəymiş ziyan könüllü ödəməsi üçün abonentin istehlakçı hesabına yerləşdirilmişdir. Göründüyü kimi, iddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə,yəni təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməklə Cavabdehə ziyan vurmuşdur. Lakin 1-ci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində kobud səhvə yol vermişdir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göründüyü kimi İddiaçının zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməli nəticəsində Cavabdehə dəymiş maddi zərər tam həcmdə ödənilməlidir. Lakin 1-ci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İddiaçının təqsirli hərəkətləri nəticəsində cavabdehə dəymiş zərər qiymətləndirilərək, İddiaçıya aid olan abonent koduna hesablanmışdır. Lakin 1-ci instansiya məhkəməsi bu halı nəzərə almamışdır. Təqdim edilmiş sayğacların saldoları, aktlar, fotoşəkillər sübut qismində araşdırılmamış, onlardan istifadə edilməmişdir. Birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv həllinə lazımi şərait yaratmayaraq sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra əlaqəli şəkildə araşdırmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, nəticədə MPM-in 88-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, təqdim edilmiş iş üçün mühüm əhəmiyyətə malik olan məlumatları özündə əks etdirən sayğaclar üzrə saldolar, fotoşəkillər, aktlar, ekspertiza rəyi əlaqəli şəkildə araşdırılmamış, yalnız səthi yanaşılan ekspertiza rəyinə istinad edilmişdir. İddiaçıya aid olan abonent koduna hesablanaraq vurulmuş məbləğ iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Göründüyü kimi, 1-ci instansiya məhkəməsi iddia tələbini təmin etməklə səhv nəticəyə gəlmiş və bununla da mübahisələndirdikləri qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun olmamışdır. Proses iştirakçılarının izahatları İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən işə tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin borcun tutulması hissəsində yoxlanılması təşkil edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanunu: 13.8-ci bəndi. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. 13.9-cu bəndi. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları» 4.2-ci bəndi. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndi. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir.Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 5.2-ci bəndi. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(008)- 2338/2022 saylı qətnaməsindən görünür ki, Cavabdeh İB tərfindən İddiaçı qarşı “dəymiş maddi zərərin əvəzinin və borcun ödənilməsi” tələbinə dair iddia tələbi qismən təmin olunmuş və İddiaçı 38,70 manat təbii qazdan istifadəyə və 30 manat dövlət rüsumu tutularaq, Cavabdeh İB-nin ödənilməsi qət olunmuşdur. Həmin qətnamənin Cavabdeh İB tərəfindən mübahisələndirilməsi iş materiallarından görünmür. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı xx.xx.2018-ci il tarixli aktın surətindən görünür ki, “sayğacın çıxış plastmas borusunun deşilməsi və s.” müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2018-ci il tarixli itirilmiş qazın dəyərinin hesablanması barədə sənədin surətindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən cəmi 9720 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı xx.xx.2019-cu il tarixli aktın surətindən görünür ki, mənzilin sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni xətt aşkarlanmışdır. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2019-cu il tarixli dəymiş ziyanın bərpası barədə sənədin surətindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən cəmi 7560 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı xx.xx.2020-ci il tarixli aktın surətindən görünür ki, mənzilin sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni xətt aşkarlanmışdır. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2020-ci il tarixli dəymiş ziyanın bərpası barədə sənədin surətindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş xx.xx.2020-ci il tarixli ******* saylı akta əsasən cəmi 5040 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. İş materiallarında olan Abonentin saldosu vərəqindən görünür ki, İddiaçı aktlar üzrə 2404,80 manat cərimə yazılmışdır. İş materiallarında olan GASREP vərəqəsindən görünür ki, İddiaçı cərimə borcuna görə 231 manat borc tutulmuşdur İş materiallarından görünür ki, iddiaçının yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, ünvan 1 ünvanına verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğaca cavabdehin əməkdaşları tərəfindən baxış keçirilmiş və “sayğacın çıxış plastmas borusunun deşilməsi” barədə nöqsan qeyd olunmaqla, həmin əsasla təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı aktlar tərtib edilmiş, itirilmiş qazın bərpası üzrə müvafiq olaraq xx.xx.2018-ci il tarixə 9720 kub.m, xx.xx.2019cu il tarixə 7560 kub.m, xx.xx.2020-ci il tarixə 5040 kub.m olmaqla, cəmi 2404,80 manat borc iddiaçının abonent hesabına yazılmış və həmin hazırda həmin məbləğ iddiaçıdan tələb edilr. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun yuxarıda sadalanan müddəları baxımından düzgün olaraq bu qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən təbii qazdan qeyri-qanuni istifadə olunmasına dair hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Belə ki, fiziki şəxs olan istehlakçıların qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı olduğundan, o cümlədən, sayğaca müdaxilədə iddiaçının təqsiri yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin tərtib etdikləri aktlara sübüt kimi qiymət verilməməsinə dair dəlilləri ilə bağlı qeyd edir ki, cavabdehin istinad etdiyi iddiaçının sayğacının plastmas borusunun deşilməsi barədə tərtib edilmiş aktlar iddiaçı tərəfindən imzalanmamış, onun adının qarşısında «imtina» yazılmışdır. Lakin bu imtinanın həqiqətən də abonent tərəfindən edilməsinə dair cavabdeh tərəfindən sübutlar təqdim edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, göstərilən sübutun təqdim edilməməsi qeyd edilən aktların birtərəfli qaydada cavabdehin əməkdaşları tərəfindən tərtib edilməsinə dəlalət edir. Belə ki, aktlarda iddiaçının onu imzalamaqdan imtina etdiyi qeyd olunsa da, aktın tərtib olunmasında hal şahidləri iştirak etmədiyindən həmin məlumatın mötəbərliyi şübhə doğurur. Hazırki mübahisə üzrə qeyd edilən aktların qanuniliyi mübahisələndirilməsə də, onların əsasında yazılmış cərimənin qanuniliyi mübahisələndirilir. Halbuki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə iddia qaldırılıb-qaldırılmamasından asılı olmayaraq həmin aktlar əsasında hesablanmış cərimələrin qanuni olub-olmamasına dair mübahisələrə baxıldıqda həmin cərimələrin hesablanmasına əsas olan aktların qəbul edilməsi üçün müəyyən edilmiş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Lakin cavabdeh bununla bağlı mövqeyini əsaslandıra bilməmiş, sübutlar təqdim edilməmişdir. Sübut qismində təqdim etdiyi hesab etdiyi abonent saldosuna məhkəmə kollegiyası qiymət verərək hesab edir ki, saldo sayğac göstəricisi və aktlar əsasında formalaşır. Sübut qismində təqdim edilmiş aktlarda iddiaçı tərəfindən sayğacdan kənar qaz xəttinə qoşulma təsdiq edilmir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından birinci instansiyası məhkəməsi haqlı olaraq bu nəticəyə gəlmişdir ki, cavabdeh öz hüquqi mövqeyini sübut edilə bilməmiş və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3820/2022 saylı 30 avqust 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar