Məhkəmə qərarları › İş №2(103)-1277/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1277/2021

26.02.2021 · Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1277/2021 26.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, Ərizəçi “notariusun hərəkətinin qanunsuz hesab edilməsi tələbi barədə” ərizəsinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli qətnamədən ərizəçinin verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri 23 saylı Notariat ofisinin xüsusi notariusu X6 hərəkətlərinin qanunsuz hesab edilməsi, “Vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilməsi barədə” xx.xx.2020-ci il tarixli qərarın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, notarius Z.Dəmirov xx.xx.2020-ci il tarixdə “Vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilməsi barədə” qərar vermişdir. Qərarda qeyd aşağıdakılar edilmişdir: “ünvan 1 ünvanında qeydiyyatda olanlar vətəndaşlar X5 və X2 şəhəri, Yasamal rayonu, ünvan 2 ünvanında yaşamış, xx.xx.2019-cu il tarixdə vəfat etmiş övladları X1 qalmış mirası qəbul etmək və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı xx.xx.2019-cu il tarixdə Bakı Şəhəri 23 saylı Notariat Ofisinə ərizə təqdim etmişdir. Ərizə və ona əlavə edilmiş sənədlərdən görünür ki, Ə.Məmmədovun digər vərəsəsi Ərizəçi mirası qəbul etmək üçün xx.xx.2019-cu il tarixdə Notariat Ofisinə ərizə ilə müraciət etmişdir. C.Məmmədov və N.Məmmədova ilə digər vərəsə Ərizəçi arasında mübahisə olduğu üçün xx.xx.2020-ci il tarixdə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə iddia ilə müraciət etmişlər. C.Məmmədov və N.Məmmədova xx.xx.2020-ci il tarixdə ərizə ilə notariat ofisinə müraciət edərək notariat hərəkətinin aparılmasına imtina qərarı verilməsini xahiş etmişlər”. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, notarius göstərilənləri nəzərə alaraq Ərizəçi “Vərəsəlik hüququ haqqında şəhadətnamə” verilməsindən imtina edilməsi barədə nəticəyə gəlmişdir. Ərizəçi hesab edir ki, notariusun həmin qərarı əsassızdır və bu səbəbdən ləğv edilməlidir. Çünki, buna zərurət olduğu halda notarius Ərizəçi müraciəti əsasında əlavə araşdırma aparmamışdır. Ərizə Rayon Məhkəməsi tərəfindən icraata qəbul edilmiş və onun əsasında hazırki mülki işin icraatı başlanmışdır. İşə baxmış Rayon Məhkəməsi Ərizəçi ərizəsinin X3 maraqlarına toxunması ehtimalını nəzərə alaraq C.Məmmədovu müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işin baxılmasına cəlb etmişdir. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ərizənin təmin edilməməsini qət etmişdir. Ərizəçi həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsasları ərizəsinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində qeyd edilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, notariusun xx.xx.2020-ci il tarixli qərarı onun hüquqlarını pozur. Çünki ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina olunması barədə xx.xx.2020-ci il tarixli qərar hazırki mübahisələndirilən qərar əsasında qəbul edilmişdir. Buna görə də həmin qərar ləğv olunmalıdır. Lakin işə baxmış Rayon Məhkəməsi bunu nəzərə almamışdır. Ərizəçi Məhkəməyə teleqramla müraciət edərək səhhətində yaranmış problemlər ilə əlaqədar apellyasiya baxışı iclasında iştirak edə bilməyəcəyini bildirmiş və işin baxılmasını təxirə salınmasını xahiş etmişdir. Bununla bağlı Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Ərizəçi səhhətində problemlərin yarandığını bildirsə də, bu halı təsdiq edə biləcək müvafiq tibb sənədini Məhkəməyə təqdim etmədiyindən, Məhkəmə, onun apellyasiya baxışına glməməsinin məhz üzürlü səbəbdən baş verdiyi müəyyən edə bilməmiş və MPMnin 376.2-ci maddəsinin tələbəni rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkünü hesab etmişdir. Hərəkətindən şikayət verilmiş notarius və iş üzrə üçüncü şəxs də apellyasiya baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, apellyasiya baxışı iclasına gəlməmişlər. Onlar bunun səbəbi barədə Məhkəməyə məlumat verməmişlər. Bunu nəzərə almış Məhkəmə qeyd edilən prosessual hüquq normasının tələbindən çıxış edərək işə onların iştirakı olmadan baxılmasını mümkünü hesab etmişdir. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bakı Şəhəri “Səadət Sarayı” tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, AZ- İİseriyalı, 303491 saylı “Nikah haqqında şəhadətnamədən” görünür ki, X8 ilə Ərizəçi xx.xx.2018-ci il tarixdə nikaha daxil olmuşlar. Yasamal Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AZ-İİ seriyalı, 040370 saylı “Ölüm haqqında şəhadətnamədən” görünür ki, Əlvan Məmmədov xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Bakı Şəhər 23 saylı Notariat Ofisinin notariusu Zaur Dəmirov tərəfindən xx.xx.2020ci il tarixdə qəbul edilmiş “Notariat hərəkətlərinin aparılmasından imtina edilməsi barədə” qərarından görünür ki, həmin qərara əsasən X5 və X4 vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Həmin notarius tərəfindən xx.xx.2020-ci il tarixdə qəbul edilmiş “Notariat hərəkətlərinin aparılmasından imtina edilməsi barədə” qərarından görünür ki, həmin qərara əsasən Ərizəçi vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İşə Rayon Məhkəməsi tərəfindən baxılan zaman məhkəmə baxışı iclasında iştirak etmiş C.Məmmədov Rayon Məhkəməsinə verdiyi izahatında bildirmişdir ki, o, Ərizəçi “notariusun hərəkətinin qanunsuz hesab edilməsi tələbi barədə” ərizəsini əsassız hesab edir. Göstərilənlərə əsasən müəyyən olunur ki, ərizəçinin ləğvini tələb etdiyi xx.xx.2020ci il tarixli qərara əsasən, C.Məmmədov və N.Məmmədovanın ərizəsinə əsasən, onlara vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina olunmuşdur. Ərizəçi bildirir ki, xx.xx.2020-ci il tarixli qərar onun hüquqlarını pozur. Çünki ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina olunması barədə xx.xx.2020-ci il tarixli qərar hazırki mübahisələndirilən qərar əsasında qəbul edilmişdir. Buna görə də həmin qərar ləğv olunmalıdır. İşin hallarını nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənləri nəzərə alan Məhkəmə işə baxmış Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, ərizəçinin notarius tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərarın ləğvini tələb etməyə subyektiv hüququ yoxdur. Belə ki, həmin qərar konkret şəxslərə (C.Məmmədov və N.Məmmədovaya) münasibətdə qəbul edilib və ərizəçinin hüquqlarına münasibətdə heç bir müddəanı özündə əks etdirmir. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi hazırki iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Ərizəçi verdiyi apellyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar