Məhkəmə qərarları › İş №2(103)-1277/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1277/2022

21.01.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1277/2022 21.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi ilə İddiaçı “Azəriqaz” İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı 20.09.2020-ci ildə hazırkı iddia ərizəsi ilə cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında (abonent kodu: **********00030) quraşdırılmış qaz sayğacı ilə bağlı cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş akt əsasında itirilmiş qaz sərfiyyatına görə hesablanmış 7200 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, “Azəriqaz” İB-yə qarşı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ş.Ə.Tuti küçəsi ev 81A (abonent kodu: **********00030) mənzilində hesablanmış qaz sərfiyyatına görə 8640 manat və sayğacın dəyərinə görə 486,51 manat borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01.02.2019-cu il tarixli qətnaməsi ilə iddiası təmin olunmuş, cavabdehin apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin 12.06.2019-cu il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq iddia rədd edilmiş, Ali Məhkəmənin 17.12.2019-cu il tarixli qərarı ilə apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin 17.12.2019-cu il tarixli qərarında ümumi borc məbləğinin düzgün hesablanmaması ilə bağlı kassasiya şikayətində qeyd etdiyi dəlilə münasibət bildirilərkən bu halın yeni hüquqi əsasla mübahisələndirilə biləcəyi qeyd edilmiş, ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. “Azəriqaz” İB-nin “itirilmiş təbii qazın dəyərinin hesablanması” komissiyası tərəfindən tərtib olunmuş rəydə “Qaz işlədicilərindən L şəkilli istilik sisteminin maksimal saatlıq qaz sərfi 6 kub metr, orta günlük iş rejimi 20 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesabat məbləğinin ödənilməsi” qeyd edilsə də, hesabat aparılan zaman hesabat müddəti 30 gün deyil, 180 gün götürülmüş, hesablama səhvən bu cür aparılmışdır: 2x6x20x180=43200; 43200x0,20=8640, Halbuki hesablama belə aparılmalı idi: 2x6x20x30=7200; 7200x0,20=1440 manat). Bununla da “Azəriqaz” İB ona əlavə olaraq 7200 manat məbləğində əlavə borc hesablanmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, təqdim olunmuş sübutlarla iddiaçının qaz sayğacına müdaxiləsi birmənalı şəkildə təsdiq olunsa da, qeyd olunan aktda itirilmiş qaz sərfiyyatının düzgün hesablanmaması və nəticədə iddiaçıya 7200 manat əlavə borc tətbiq oluduğu müəyyən edilmişdir. Belə ki, hesabat müddəti 30 gün götürüldükdə hesablama aşağıdakı qaydada aparılmalı idi: 2x6x20x30=7200kub.m; 7200x0,20=1440 manat. Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda yoxlama keçirilmiş, təbii qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib edilmiş və itirilmiş qazın bərpası üçün hesablanmış məbləğ iddiaçıdan tələb edilmişdir. İşin araşdırılmış halları ilə iddiaçıya məxsus ünvanda qaz sayğacına müdaxilə aşkar edildikdən sonra, əsassız akt tərtib edilərək bu akt əsasında qərar qəbul etməklə qanunsuz tələb irəli sürməsi, itirilmiş qaz sərfiyyatına görə artıq pul vəsaiti tələb etməsi tam olaraq təsdiq edilmişdir. Həmin qətnamədən “Azəriqaz” İB-nin nümayəndəsinin verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 13 aprel 2021-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli Qərarı ilə “Azəriqaz” İB-nin nümayəndəsinin kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 13 aprel 2021-ci il tarixli qətnaməsi ləğv olunaraq iş yeni apellyasiya baxışına qaytarılmışdır. Kassasiya instansiyası məhkəməsi öz qərarını aşağıdakı kimi əsaslandırmışdır: “İddia ərizəsindən görünür ki, silinməsi tələb edilən 7200 manat borc, sayğaca müdaxilə ilə bağlı əvvəl qaldırılmış (Bakı Apellyasiya Məhkəməsinin 12.06.2019-cu il tarixli qətnaməsi ilə rədd edilmiş) iddiada olan 8640 manat borcun bir hissəsidir. İddiaçı bu dəfə borcun düzgün hesablanmadığına istinad edir və belə bir iddianı (yeni hüquqi əsasla) qaldıra biləcəyinin Ali Məhkəmənin 17.12.2019-cu il tarixli qərarında qeyd olunduğunu bildirir. Məhkəmə kollegiyası vurğulayır ki, iddiaçı daha əvvəl 8640 manat borcun silinməsi tələbini irəli sürərkən həmin borcun əsaslı olub-olmaması işə mahiyyəti üzrə baxan məhkəmənin araşdırma predmeti olmuşdur. Çünki məhkəmə tərəfin irəli sürdüyü hüquqi əsaslandırmaya bağlı deyil. İddianın hansı hüquqi əsasa görə haqlı olduğunu müəyyənləşdirmək, əgər tələb əsaslıdırsa onu tam və ya qismən təmin etmək məhkəmənin vəzifəsidir. Məlum olduğu kimi, hüququn tətbiqinə bilavasitə hakimin cavabdehlik daşıması və tərəflərin faktlar barəsində hüquqi mövqeyinin hakim üçün məcburi olmamasına dair “iura novit cuna” (məhkəmə hüququ bilir) prinsipi Konstitusiya Məhkəməsinin qərarlarında dəfələrlə vurğulanmışdır. Odur ki, əsassız olması səbəbilə müəyyən bir borc məbləğinin silinməsinə dair irəli sürülmüş tələb məhkəmə tərəfindən həll edildikdə, həmin qərar iddianın mümkün hüquqi əsasları yoxlanılmaqla çıxarılmış hesab edilir. Bu səbəbdən borcun silinməsinin rədd edilməsinə dair məhkəmə qərarı qanuni qüvvəsini aldıqdan sonra eyni borcun və ya onun bir hissəsinin silinməsinə dair başqa bir hüquqi əsasla yenidən iddia qaldırılması hüquqi müəyyənlik və preyudisiallıq prinsipləri ilə uzlaşmır. Həmin prinsiplərə görə, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Əks yanaşma hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, yəni artıq həll olunmuş məsələ üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirməklə yanaşı, ədalət mühakiməsinə olan inamın azalmasına səbəb olardı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23 fevral 2016-cı il tarixli qərarında qeyd etmişdir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. İş materiallarından görünür ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ş.Ə.Tuti küçəsi ev 81A (abonent kodu: **********00030) mənzilində qaz sərfiyyatına görə cavabdeh “Azəriqaz” İB tərəfindən hesablanmış 8640 manat borcun silinməsinə dair bir dəfə iddia qaldırmışdır. İddiaçı həmin tələbi sayğaca müdaxilə etməməsi ilə əsaslandırmışdır. Bakı Apellyasiya Məhkəməsinin 12.06.2019-cu il tarixli qətnaməsi ilə sayğacın müdaxilə nəticəsində sıradan çıxmasının və zədələnmənin istehlakçının təqsiri nəticəsində baş verməsi müəyyən olunmaqla iddia rədd edilmişdir. Həmin qətnamədə qeyd edilmişdir ki, “Azəriqaz” İB tərəfindən tərtib edilmiş akt əsasında hesablanmış borcun əsassızlığı öz təsdiqini tapmamışdır. Bu qətnamə Ali Məhkəmənin Mülki Kollegiyasının 17.12.2019-cu il tarixli qərarı ilə qüvvəsində saxlanıldıqdan sonra İddiaçı 20.09.2020-ci ildə hazırkı iddianı qaldırmışdır. Buna baxmayaraq apellyasiya məhkəməsi tərəfindən hazırkı iddia tələbinə baxılmasının mümkünlüyü müzakirə olunmamış, bununla bağlı prosessual hüquq normalarının tələblərinə əməl edilməmişdir.” İşə baxılmasının yeri (vaxtı) barədə lazımi qaydada məlumatlandırılmış tərəflər (nümayəndələri) məhkəməyə gəlməmişlər. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Həmçinin qeyd olunmalıdır ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin qərarında şərh olunanları da əsas götürməklə məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət qismən təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və işin icraatına xitam verilməlidir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, iddiaçının silinməsini tələb etdiyi 7200 manat borc, sayğaca müdaxilə ilə bağlı onun əvvəllər qaldırdığı iddiada olan 8640 manat borcun bir hissəsidir – hansı ki, sözügedən iddia tələbi Bakı Apellyasiya Məhkəməsinin 12.06.2019-cu il tarixli qətnaməsi ilə rədd edilmiş, Ali Məhkəmənin 17.12.2019-cu il tarixli qərarı ilə apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Başqa sözlə, iddiaçı daha əvvəl 8640 manat borcun silinməsi tələbini irəli sürərkən həmin borcun əsaslı olub-olmaması işə mahiyyəti üzrə baxan məhkəmənin araşdırma predmeti olmuş, məhkəmələr borcun əsassız hesablandığı arqumentini rədd etmişlər. Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə görə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, işin icraatına xitam verilməlidir. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.4, 400, 403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5737/2020 saylı iş üzrə 29 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv olunsun. İddiaçı “Azəriqaz” İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair mülki işin icraatına xitam verilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Şeyda Məhərrəmova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar