Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-128/2021 16.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəmilova Xəyalə Adil qızının sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi və vəkili X1, Cavabdeh1 Xanməməd qızının, onun və digər mülki iş üzrə iddiaçı X2 vəkili X4 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 Xanməməd qızı və Cavabdeh2 qarşı “lizinq müqaviləsinə xitam verilməsi, mənzilə olan istifadə hüququnun itirilməsi və mənzilin boşaldılması” tələbinə dair iddiası üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 1507/2019 saylı 10 may 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 Xanməməd qızı tərəfindən verilmiş, eyni zamanda iddiaçı X2 cavabdehlər Bakı şəhəri 09 saylı Notariat Ofisi, İddiaçı MMC-yə qarşı “AN-İ seriyalı ******* saylı 07.06.2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 2(005)-4236/2019 saylı 19 noyabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı X6 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə 16 iyun 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: (Birinci mülki iş) İddiaçı MMC cavabdehlər Cavabdeh1 Xanməməd qızına və Cavabdeh2 qarşı İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 07.06.2016-cı il tarixli D040 saylı daxili lizinq müqaviləsinə xitam verilməsi, Cavabdeh1 tərəfindən Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 82, korpus 5, giriş C-də olan 32 saylı mənzilin boşaldılması, Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 82, korpus 5, giriş C-də olan 32 saylı mənzilə istifadə hüquqlarının itirilməsi və mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdı ki, Cavabdeh1 İddiaçı MMC-yə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən 82 saylı evin 5-ci korpusunda, giriş C-də olan 32 saylı mənzili lizinqə götürməklə əldə etmək istədiyini bildirmişdir. Bundan sonra mənzilin alınması və sonradan lizinqə verilməsi məqsədilə əmlakın əvvəlki mülkiyyətçisi olmuş Cavabdeh2 ilə 07 iyun 2016-cı il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi bağlanaraq, mənzil 90000 manata alınmışdır. Mənzil alındıqdan sonra İddiaçı MMC ilə Cavabdeh1 arasında D040 saylı 07 iyun 2016-cı il tarixli daxili lizinq müqaviləsi bağlanmış və lizinq predmeti olan mənzil lizinq məbləği 30000 ABŞ dolları, lizinq müddəti 24 ay və lizinq mükafatı illik 20 faiz olmaq şərtilə lizinqə verilmişdir. Lizinq üzrə ödənişlər müqavilə ilə müəyyən olunmuş qrafik üzrə həyata keçirilməli idi. Lakin lizinq alan müqavilə üzrə öhdəliklərini mütəmadi olaraq pozmuş, lizinq ödənişlərini vaxtında və lazımi qaydada yerinə yetirməmişdir. İddiaçı MMC tərəfindən tərtib olunmuş 1201/18 saylı 31.10.2018-ci il tarixli borca dair arayışdan görünür ki, cavabdehin İddiaçı MMC-yə arayış tarixinədək lizinq məbləği üzrə 24331 ABŞ dolları, faiz məbləği üzrə 5024 ABŞ dolları, 10632 ABŞ dolları hesablanmış cərimə, ümumilikdə 39987 ABŞ dolları ekvivalenti məbləğində öhdəliyi mövcuddur. Buna baxmayaraq hazırda həmin məbləğin deyil, Cavabdeh1 lizinq məbləği üzrə 22340,71 ABŞ dolları, 3516 ABŞ dolları məbləğində faiz borcu, ümumilikdə 25856, 71 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı MM-yə ödənilməsi, Cavabdeh1 tərəfindən Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 82, korpus 5, giriş C-də olan 32 saylı mənzilin boşaldılması, Cavabdeh2 isə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 82, korpus 5, giriş C-də olan 32 saylı mənzilə istifadə hüquqlarının itirilməsi tələbi üzərində dayanır. Belə ki, Cavabdeh2 həmin mənzildən 07.07.2016-cı il tarixinədək qeydiyyatdan çıxması barədə öhdəlik götürsə də, mənzildən çıxmasına baxmayaraq qeydiyyatda qalmışdır. Cavabdeh1 isə həmin mübahisəli mənzilə köçmüş, lakin müqavilə öhdəliklərini lazımi qaydada yerinə yetirməmişdir. Ona müqavilə öhdəliklərinin icrası ilə bağlı dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar olunmuş, öhdəliklərinin icrası həyata keçirilmədiyi təqdirdə müqavilənin ləğv edilərək əmlakın geri alınacağı bildirilmişdir. Lizinq obyekti cavabdehlərin istifadəsindən geri alınmalı və lizinq üzrə ödənilməmiş lizinq məbləği, hesablanmış lizinq mükafatı tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1507/2019 saylı 10 may 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbinın təmin edilməsi, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış D040 saylı 07.06.2016-cı il tarixli daxili lizinq müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 lizinq məbləği üzrə 22340.71 ABŞ dolları, 3516 ABŞ dolları məbləğində faiz borcu olmaqla, ümumilikdə 25856.71 ABŞ dollarının ödəniş günü qüvvədə olan məzənnədə Azərbaycan Respublikası manatı ilə və dövlət rüsumu qismində ödənilmiş məbləğin əvəzi kimi 30 manatın, bank xidmət haqqı 0.40 qəpiyin tutularaq İddiaçınə ödənilməsi, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 82, korpus 5, giriş C-də olan 32 saylı mənzilin Cavabdeh1 tərəfindən boşaldılaraq İddiaçınə təhvil verilməsi və Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 82, korpus 5, giriş C-də olan 32 saylı mənzilə istifadə hüququnun itirilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 Xanməməd qızı tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmədə iş üzrə araşdırma aparılarkən məhkəmə -mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı icraat dayandırılmış, müvafiq rəy məhkəməyə daxil olduqdan sonra iş üzrə icraat təzələnmiş, məhkəmə iclası 10.05.2019-cu il tarixə təyin olunsa da, ona bu barədə rəsmi bildiriş göndərilməmişdir. Məhkəmə iclasında nə onun, nə də digər Cavabdeh2 iştirakı təmin edilməmişdir. Məkəmə iş üzrə bütün halları lazımi qaydada aydınlaşdırmadan, habelə tam və obyektiv araşdırmadan qətnamə qəbul etməklə sonda düzgün olmayan hüquqi nəticəyə gəlmişdir. İddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi halların heç biri mötəbər sübut kimi öz təsdiqini tapmır. İddiaçının ondan lizinq müqaviləsinin icrası ilə əlaqədar tələb etdiyi pul məbləğləri və buna dair iddiaçının təqdim etdiyi ödənişlər üzrə çıxarış mötəbər sübut kimi sayıla bilməz. Həmin çıxarış iddiaçının özü tərəfindən birbaşa öz maraqlarına xidmət edən və formal məzmun daşıyan sənəddir. Həmin sənəddə əks olunan hallar heç bir əlavə dəlil ilə öz təsdiqini tapmır. Ekpsert rəyindən də görünür ki, rəydə əks olunan hallar iddiaçının məhkəməyə təqdim etdiyi hesabdan çıxarış məlumatlarına istinadən müəyyən olunmuşdur. Bu hal həmin rəyin əsaslılığına şübhələr yaradır. Ona görə də ekpsert rəyi mötəbər sübut sayıla bilməz. Onun məhkəmə iclasında iştirakı təmin olunmuş olsaydı həqiqətə nail olmaq üçün və işin obyektiv həlli məqsədilə bununla bağlı təkrar ekspertizanın keçirilməsi üçün məhkəməyə vəsatət verilmiş olardı. İddiaçı Lizinq müqaviləsinin rəsmiləşdirilməsi zamanı ondan ilkin ödəniş olaraq 10000 manat pul almışdır. Həmin pulun hansı məqsədlərə ondan alınması və ondan tələb edilən borc məbləğindən nə üçün çıxılmaması məhkəmə tərəfindən qətnamədə, habelə ekspert rəyində nədənsə nəzərə alınaraq diqqətəlayiq araşdırılmamış və buna münasibət bildirilməmişdir. Məhkəmə qətnaməsini doğru əsaslandırmamış, hüquq normalarının tələblərini pozmaqla yanlış hüquqi nəticəyə gəlmişdir. (İkinci mülki iş) İddiaçı X6 cavabdehlər Bakı şəhəri 9 saylı Notariat Ofisi və İddiaçı MMC-yə qarşı “AN-İ seriyalı ******* saylı 07.06.2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış shaəsi, M.Hadi küçəsi, ev 82, korpus 5, giriş C-də yerləşən 32 saylı mənzilə dair bağlanmış 07.06.2016-cı il tarixdə 4Ə/399 reyestr ilə rəsmiləşən alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı MMC ilə onun həyat yoldaşı Cavabdeh2 arasında Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış shaəsi, M.Hadi küçəsi, ev 82, korpus 5, giriş C-dair 07.06.2016-cı il tarixdə 4Ə/399 reyestr ilə rəsmiləşən alqı-satqı müqaviləsi bağlanmışdır. Qeyd olunan mənzilə dair alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi cavabdeh Bakı şəhəri 9 saylı Notariat Ofisi tərəfindən həyata keçirilmişdir. Göstərilən mənzildə o, həyat yoldaşı Cavabdeh2 və azyaşlı qızı Nəzrin Qurbanova ilə birlikdə yaşamış və mənzil qeydiyyatındadırlar. Mənzil onunla Cavabdeh2 birgə nikah dövründə alınmışdır. Həmin mənzil 2016-cı ildə Cavabdeh1 lizinqə vermək məqsədilə həyat yoldaşından alqı-satqı yolu ilə İddiaçı MMC tərəfindən alınmışdır. Lakin alqı-satqı müqaviləsi üzrə alıcı İddiaçı MMC tərəfindən satıcı Cavabdeh2 ödənilməli olan 90000 manat məbləğində pul faktiki olaraq ödənilməmişdir. Nəticədə mənzilin alqı-satqısı faktiki olaraq baş tutmamışdır. Müqavilə qüvvədə olan qanunvericiliyin tələblərinə zidd olaraq bağanmışdır. 07.06.2016-cı il tarixli müqavilənin 4-cü bəndində yer alan tərəflər arasında 90000 manata razılıq əldə olunsa da, qeyd olunan məbləğ satıcıya ödənilməmiş və həmin məbləğ notariusun bankda olan depozit hesabına yatırılmamışdır. 2019-cu ilin əvvəlində İddiaçı MMC-nin Cavabdeh1 həmçinin Cavabdeh2 qarşı Xətai rayon Məhkəməsində qaldırdığı iddiası zamanı məhkəmə gedişatı dövründə ona məlum olmuşdur ki, Cavabdeh2 vaxtı ilə alqı-satqı müqaviləsi üzrə "İddiaçı" MMC tərəfindən ödənilməli olan 90000 manat məbləğində pul faktiki olaraq ödənilməmişdir. Məhkəmə mübahisəsindən dolayı ailədə onunla həyat yoldaşı arasında daim nrazıçılıq, hətta münaqişə baş verirdi. Bu narazıçılıq səbəbindən onlar faktiki ayrılmaq qərarına gəlmişlər. O, həyat yoldaşı Cavabdeh2 mənzilin satışından əldə oluna pulun yarı hissəsinin ona qaytarılmasını tələb etmişdir. Lakin Cavabdeh2 ona İddiaçı MMC tərəfindən ümumiyyətlə pul ödənilmədiyini bildirmişdi. Birgə nikah dövründə əldə olunan mənzilin alqı-satqı müqaviləsi mövcud olsa da, həmin müqavilə üzrə alıcı tərəfindən satıcıya pul ödənişinin həyata keçirilməsi heç nə ilə təsdiq olunmur. Mənzilin alqı-satqısı qanunvericiliyin tələblərinə uyğun həyata keçirilsə idi və Cavabdeh2 mənzilin satışından pul əldə etsəydi o, həmin məbləğin yarısından faydalana bilərdi. Bu hal onun subyektiv hüquqlarına xələ gətirmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-4236/2019 saylı 19 noyabr 2019cu il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı X6 tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin tam olaraq ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki. işə baxmış məhkəmə iş materiallarında olan 18.11.2019-cu il tarixli “xxxx” ASC-nin 6 saylı Filialından daxil olmuş məktuba əsaslanaraq və eyni zamanda 271566 saylı “xxxx”ASC-yə məxsus çek əsasında, vergi çıxıldıqdan sonra 87418.12 manat pulun mənzilin satıcısı tərəfindən alınması qənaətinə gələrək alqı-satqının baş tutmasını qəbul etmişdir. Məktubun məzmunundan görünür ki, 874180.12 manat pul vəsaiti güya onun əri Cavabdeh2 nağd şəkildə ödənilmişdir. Halbuki işdə olan “xxxx” ASC-yə məxsus ******* saylı çekdə Cavabdeh2 adı və imzası yoxdur. Həmin çekdə başqa bir şəxsin Aqil Qurbanovun adı və şəxsiyyət vəsiqəsinə dair qeydləri göstərilir. “xxxx” ASC-nin 6 saylı Filialı tərəfindən məhkəməyə ünvanlanmış 18.11.2019-cu il tarixli məktubun məzmunu ilə banka aid 271566 saylı çekdə göstərilən hallar arasında kəskin fərq vardır. Həmin çek nə bankın möhürü, nə də məsul şəxsinin imzası ilə təsdiq edilməmişdir. Həmçinin çekin yalnız surəti məhkəməyə təqdim edilmişdir. Ksero-surət olan çekdəki imzanın Aqil Qurbanova aid olub-olmaması və ya pulun onun tərəfindən qəbul edilməsi ümumiyyətlə araşdırma predmeti olmamış, həmin şəxsin məhkəməyə dəvət olunması ilə bağlı şifahi vəsatəti təmin edilməmişdir. Eyni zamanda Aqil Qurbanov tərəfindən pulun alınması faktının müəyyən edilməsi məqsədilə həmin dövrə bankın kassasında aparılmış video görüntünün məhkəməyə təqdim edilməsinə şərait yaradılması məhkəmədən xahiş edilmişdir. Çünki bank sirri olan bu məlumatların onun tərəfindən müstəqil əldə edilməsi mümkünsüz idi. Bu halın da müəyyən edilməsinə məhkəmə tərəfindən şərait yaradılmamış və qısa müddətə məhkəmə araşdırması yekunlaşdırılmışdır. Sözügedən alqı-satqı müqaviləsi görünüş üçün bağlanmış uydurma əqddir. Birinci mülki iş üzrə icraat Bakı Apellyasiya məhkəməsinin 2(103)-10710/2019 saylı 18 sentyabr 2019-cu il tarixli qərardadı ilə Cavabdeh1 İddiaçı MMC-yə qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair və iddiaçı X2 cavabdehlər Bakı şəhəri 9 saylı Notariat Ofisi və İddiaçı MMC-yə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiaları üzrə mülki işlərə baxılıb yekun məhkəmə qərarları qanuni qüvvəyə minənə qədər dayandırılmışdır. Sonradan məlum olmuşdur ki, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı MMC-yə qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddiası Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-2494/2019 saylı 26.04.2019-cu il tarixli qətnaməsi ilə təmin edilməmiş, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9636/2019 saylı 09.08.2019-cu il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 7955/2019 saylı 18.12.2019-cu il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 Xanməməd qızı və Cavabdeh2 qarşı iddiası üzrə olan mülki işlə iddiaçı X2 cavabdehlər Bakı şəhəri 09 saylı Notariat Ofisi, İddiaçı MMC-yə qarşı iddiası üzrə olan mülki iş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1953/2020 saylı 07 oktyabr 2020-ci tarixli qərardadı ilə bir icraatda birləşdirilmişdir. Apellyasiya baxışı zamanı 16.06.2021-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 09 saylı Notariat Ofisi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İşdə iştirak edən şəxslər hazırki işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddələrinin tələbinə görə işə cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 09 saylı Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 16.06.2021-ci il tarixdə İddiaçı MMC-nin nümayəndəsi və vəkili Eltən Baloğlanov tərəfindən məhkəməyə təqdim olunmuş ərizədə Cavabdeh1 Xanməməd qızına qarşı iddia tələbinin “pul məbləğinin tutulması” hissəsindən imtina olunduğu bildirilmiş, buna görə də Bakı Apellyasiya Məhkəməsinin 2(103)-128/2021 saylı 16.06.2021-ci il tarixli qərardadı ilə iddiaçının iddiadan hissəvi imtinası qəbul edilmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1507/2019 saylı 10 may 2019-cu il tarixli qətnaməsi qismən, iddianın Cavabdeh1 lizinq məbləği üzrə 22340.71 ABŞ dolları, 3516 ABŞ dolları məbləğində faiz borcu olmaqla, ümumilikdə 25856.71 ABŞ dollarının ödəniş günü qüvvədə olan məzənnədə Azərbaycan Respublikası manatı ilə tutularaq İddiaçınə ödənilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Apellyasiya baxışı zamanı Cavabdeh1 Xanməməd qızı, onun və Pərvanə Qurbanovanın vəkili X8 apellyasiya şikayətlərini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək hər iki apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəmələrinin qətnamələrinin ləğv edilməsini xahiş etmişlər. İddiaçı MMC-nin nümayəndəsi və vəkili X5 hər iki apellyasya şikayətinə etiraz edərək izahatında bildirmişdir ki, lizinq şirkətinin mülkiyyətində olan əmalakını, yəni mənzili tərəflər arasında bağlanmış lizinq müqaviləsinin şərtləri cavabdeh tərəfindən yerinə yetirilmədiyi üçün tələb etmək hüququ var, hazırda da birinci mülki iş üzrə iddiaçı həmin əmlakının qanunsuz sahiblikdən ona geri qaytarılmasını tələb edir. İş üzrə birinci instansiya məhkəməsi həmin əmlakı lizinq şirkətinin mülkiyyətinə qaytarmaqla düzgün nəticəyə gəlmişdir. Bununla bağlı lizinq şirkətinin nümayəndəsi və vəkili Eltən Baloğlanov apellyasiya şikayətlərinin təmin edilməməsini və hər iki mülki iş üzrə birinci instansiya məhkəmələrinin qətnamələrinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1507/2019 saylı 10 may 2019-cu il tarixli qətnaməsi tərəflər arasında bağlanmış lizinq müqaviləsinin ləğv edilməsi, mənzilin cavabdeh tərəfindən boşaldılaraq iddiaçı şirkətə təhvil verilməsi və Cavabdeh2 həmin mənzilə istifadə hüququnun itirilməsi hissəsində, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-4236/2019 saylı 19 noyabr 2019-cu il tarixli qətnaməsi isə bütövlükdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırki işlər üzrə verilmiş apelyasiya şikayətləri hər iki iş üzrə qəbul edilmiş qətnamələrin ləğvinə yönəldiyindən kollegiya qətnamələrin əsaslılığını iş üzrə icraata xitam verildiyi hissə istisna olmaqla yoxlayır. İş materiallarından müəyyən olunur ki, lizinq verən İddiaçı MMC ilə lizinq alan Cavabdeh1 arasında 07.06.2016-cı il tarixdə D040 saylı Daxili lizinq müqaviləsi bağlanmış, müqavilənin 1.1-ci bəndinə uyğun olaraq Lizinq verən ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakı satıcıdan əldə etməyi və Lizinq alanın istifadəsinə verməyi, Lizinq alan isə bu müqavilədə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür, müqavilənin 1.2-ci bəndinə görə lizinq alanın ilkin öhdəliyi 30000 ABŞ dolları təşkil edir, müqavilənin 2.1-ci bəndinə əsasən lizinq müqaviləsinin müddəti 24 ay müəyyən edilir, müqavilənin 5.1-ci maddəsinə görə lizinq predmetindən istifadə zamanı lizinq verən tərəfə dəymiş ziyan və ya bu müqavilə ilə götürdükləri öhdəlikləri yerinə yetirmədikdə və ya lazımi qaydada yerinə yetirmədikdə, təqsirli tərəf digər tərəfə dəymiş bütün zərəri, eləcə də əldən çıxmış faydanı tam həcmdə ödəməlidir, müqavilənin 5.2-ci bəndinə görə lizinq ödənişi vaxtında edilməzsə, lizinq alan gecikdirilən hər gün üçün qalıq məbləğin 0.1 faizi həcmində cərimə ödəməlidir, müqavilənin 6.1.4-cü bəndinə görə lizinq alan lizinq obyektindən istifadə üçün lizinq ödənişlərini ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, müqavilə ləğv edilir. 07.06.2016-cı il tarixli AN-İ seriyalı ******* saylı Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsindən görünür ki, Cavabdeh2 ünvan 2 ünvanında yerləşən 32 saylı mənzili İddiaçı MMC-yə satmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən alıcı İddiaçı MMC həmin əmlakı Cavabdeh1 lizinqə vermək üçün almış, alıcı bu müqavilə üzrə mənzili lizinq alana D040 saylı 07.06.2016-cı il tarixli Daxili Maliyyə lizinqi müqaviləsi üzrə 24 ay müddətinə müvəqqəti sahiblik və istifadəyə verilməsi üçün əldə etmişdir. Həmin müqavilənin 13-cü bəndinə görə satıcı Cavabdeh2 07.07.2016-cı il tarixinədək sözügedən daşınmaz əmlakdan qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. D040 saylı müqaviləyə 1 saylı Əlavədən görünür ki, Cavabdeh1 tərəfindən lizinq predmeti olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 82, korpus 5, giriş C, 32 saylı mənzilin müqabilində 44928 manat məbləğində ilkin ödəniş edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı 16.06.2016-cı il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, M.Hadi küçəsi, korpus 5, giriş C, ev 82, 32 saylı mənzil İddiaçı MMC-nin xüsusi mülkiyyətindədir. 0100/19 saylı 11.03.2019-cu il tarixli İddiaçı MMC-nin ödənişlər üzrə çıxarışından görünür ki, Cavabdeh1 31.10.2018-ci il tarixə qalıq borcu 24330,84 ABŞ dolları təşkil edir. 06.09.2018-ci il tarixdə Cavabdeh1 D040 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsinə və lizinq alanın lizinqə verilmiş əmlakdan istifadədən məhrum edilməsinə dair xəbərdarlıq göndərilmiş, lakin borcun ödənilməsi təmin edilmədiyi üçün lizinq şirkəti hazırki iddia ilə məhkəməyə müraciət edərək, daxili lizinq müqaviləsinin ləğv edilməsini, mənzilə olan istifadə hüququnun itirilməsini və mənzilin boşaldılmasını tələb etmişdir. Digər mülki iş üzrə iddiaçı X6 həyat yoldaşı Cavabdeh2 ilə İddiaçı MMC arasında bağlanmış AN-İ seriyalı ******* saylı 07.06.2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini tələb edir. Həmin mülki iş üzrə birinci instansiya məhkəməsi sözügedən mənzilin X9 tərəfindən qardaşı Cavabdeh2 ona verdiyi etibarnaməyə müvafiq olaraq təmsilçilik əsasında əldə edib, İddiaçı MMC ilə alqı-satqı müqaviləsi bağladığına istinad edərək iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Məhkəmə hesab etmişdir ki, Aqil Qurbanov ƏN-İ seriyalı 515828 saylı 03.06.2016-cı il tarixli etibarnamə əsasında hərəkət etdiyindən bağlanmış alqı-satqı müqaviləsində mülki hüquq pozuntusuna yol verilməmiş, həmçinin alqı-satqı müqaviləsi üzrə mübahisəli pul vəsaiti Aqil Qurbanova ödənildiyindən əqdin etibarsız hesab edilməsinə əsas olan hal mövcud deyildir. Məhkəmə kollegiyası əvvəla onu qeyd etməyi zəruri hesab edir ki, birinci mülki iş üzrə lizinq şirkətinin müvafiq iddiasına qiymət verilməmişdən əvvəl ikinci mülki iş üzrə etibarsız hesab olunması tələb olunan alqı-satqı müqaviləsinin qanuniliyi yoxlanılmalıdır. Belə ki, birinci mülki iş üzrə lizinq şirkətinin iddiasının qanuni əsası məhz ikinci mülki iş üzrə mübahisələndirilən alqı-satqı müqaviləsindən doğur. Belə olan halda Kollegiya lizinq şirkəti ilə iddiaçı Pərvanə Qurbanovanın həyat yoldaşı arasında bağlanmış AN-İ seriyalı ******* saylı 07.06.2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması tələbi üzrə aşağıdakıların qeyd olunmasını vacib sayır. İşin faktiki hallarına görə Cavabdeh2 ilə X6 birgə nikahda olmuş, Bakı şəhəri, Xətai rayonu, Əhmədli yasayış sahəsi, Məhəmməd Hadı küçəsi, ev 82, korpus 5, giriş G, 32 saylı mənzil Cavabdeh2 xüsusi mülkiyyətində olmuş, mülkiyyətçi öz qardaşı olan X7 notariat qaydada etibarnamə verərək sözügedən mənzili satmağı, ona çatası pulu almağı, notariat kontorunda alqısatqı müqaviləsini imzalamağı ona həvalə etmişdir. Həmin etibarnaməyə əsasən Cavabdeh2 adından çıxış edən Aqil Qurbanov 07.06.2016-cı il tarixli alqı-satqı müqaviləsi bağlayaraq sözügedən mənzili lizinq şirkətinin mülkiyyətinə vermişdir. Cavabdeh2 həyat yoldaşı Pərvanə Qurbanova notarial qaydada ərizə verərək sözügedən mənzilin istər adi qaydada, istərsə də ipoteka yolu ilə satılmasına etiraz etməmişdir. Hazırda mübahisəli mənzil lizinq şirkətinin mülkiyyətindədir, bu barədə sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçı Pərvanə Qurbanova həyat yoldaşı ilə (onun etibarnamə üzrə nümayəndəsi olan Aqil Qurbanov ilə) lizinq şirkəti arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab olunmasını tələb edir. Məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdu ki, 07.06.2016-cı il tarixdə Cavabdeh2 ilə lizinq şirkəti arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə aparılmış əməliyyat xxxx ASC-nin 6 saylı şöbəsində baş tutmuş və 90000 manat məbləğindən vergisi çıxılaraq 271566 saylı qəbzdə göstərilən 87418,12 manat Aqil Qurbanova nağd qaydada verilmişdir. Bu fakt “xxxx” ASC-nin 6 saylı Filialının 18 noyabr 2019-cü il tarixli arayışı və apellyasiya baxışı zamanı bank tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci cü maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Beləliklə, Aqil Qurbanov qardaşı Cavabdeh2 onun adına verdiyi etibarnamə üzrə hərəkət edərək lizinq şirkəti ilə mübahisələndirilən alqı-satqı müqaviləsini bağlayarkən hər hansı qanun pozuntusuna yol verildiyi iş üzrə müəyyən olunmur. Sözügedən alqı-satqı müqaviləsi üzrə mübahisəli pul vəsaiti Aqil Qurbanova ödənildiyindən əqdin etibarsızlığına əsas olan hallar mövcud deyildir. Pərvanə Qurbanovanın “əqdin etibarsız sayılması” üçün əsas gətirdiyi dəlilə, yəni 90000 manat pulun faktiki olaraq satıcıya ödənilməməsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh2 qardaşı Aqil Qurbanovun adına verdiyi etibarnamədə nəinki onun adından sözügedən daşınmaz əmlakla bağlı müqavilə bağlamaq, həmçinin həmin əmlakla bağlı “ona çatası pulu almaq” səlahiyyəti də verilmişdi. Buna görə də iş üzrə iddiaçı Pərvanə Qurbanova əmlakın satışından əldə olunan pul vəsaitinin satıcıya (həyat yoldaşı Cavabdeh2) verilməməsi ilə bağlı dəlillərini sübuta yetirə bilməmişdir. Əksinə onun həmin dəlilləri yuxarıda qeyd olunan bank tərəfindən məhkəməyə təqdim olunan sənədlərlə tam təkzib olunur. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, alqı-satqı müqaviləsi üzrə pul vəsaitinin ödənilməməsinin həqiqətə uyğun olub-olmamasından asılı olmayaraq bu hal əqd bağlandıqdan sonraya aid olan haldır, ona görə də əqdin etibarsızlığına səbəb ola bilməz. Lizinq müqaviləsinin tərəfi olan şəxslə alqı-satqı müqaviləsini mübahisələndirən şəxsin maddi-hüquqi maraqları eynidir. Lizinq müqaviləsinin tərəfi olan şəxsin lizinq ödənişlərini qismən həyata keçirməsi bir davranış aktı kimi onu təsdiq edir ki, həmin şəxs alqı-satqı müqaviləsinin uydurma və ya yalan əqd olmadığını etiraf edib. Çünki lizinq ödənişi etməklə şəxs lizinq müqaviləsini etibarlı müqavilə kimi tanıyıb, bununla da dolayı yolla alqı-satqı müqaviləsini də etibarlı müqavilə kimi tanıyıb, alqı-satqı müqaviləsi olmadan lizinq müqaviləsi də ola bilməzdi. Odur ki, birinci instansiya məhkəməsi lizinq şirkəti ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız sayılması tələbini rədd etməklə düzgün nəticəyə gəlmişdir. Həmin mülki iş üzrə lizinq şirkətinin iddia müddətinin tətbiqi ilə bağlı verdiyi ərizəsinə münasibətdə isə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, Pərvanə Qurbanova öz hüquqlarının pozulduğunu lizinq şirkətinin Cavabdeh2 qarşı iddiası üzrə mülki işə Bakı şəhər Xətai rayon Məhkəməsində baxılarkən bildiyi üçün bu iddia ilə məhkəməyə müraciət edərkən əqdin etibarsızlığı ilə bağlı qanunla müəyyən edilən müddəti ötürməmişdir. Digər mülki iş üzrə isə birinci instansiya məhkəməsi lizinq şirkətinin “lizinq müqaviləsinin ləğvi, əmlakın mülkiyyətçiyə qaytarılması və Cavabdeh2 istifadə hüququnun itirilməsi” barədə iddia tələblərini təmin edərkən ona istinad etmişdi ki, Cavabdeh1 lizinq müqaviləsi əsasında iddiaçıdan lizinq almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında lizinq ödənişlərini iddiaçıya ödəməli olmasına dair vəzifələrin də daşıyıcısı olmuş, cavabdeh müqavilə əsasında iddiaçıdan lizinq almasına dair hüququndan istifadə etmiş, həmin müqavilədən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək, müqavilə öhdəliyini lazımınca yerinə yetirməmişdir, digər cavabdeh isə mənzilin alqı-satqı müqaviləsi əsasında öhdəliyini yerinə yetirməyərək həmin mənzildə qeydiyyatda qalmaqla iddiaçının mülkiyyət hüququnun həyata keçirilməsinə maneələr yaratmışdır. Cavabdeh1 öz riski ilə müqavilə bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyir və iddiaçı ondan lizinq müqaviləsi üzrə yaranmış borcun qaytarılmasını, mülkiyyətində olan lizinq obyektinin onun tərəfindən boşaldılaraq təhvil verilməsini, həmçinin digər Cavabdeh2 mənzildən istifadə hüququnun itirilməsini tələb etməkdə haqlıdır. Həmçinin müqavilənin ləğv edilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh tərəfə təklif etdiyindən, təklifdə göstərilmiş müddətdə cavabdeh tərəfdən cavab almadığından, iddiaçı müqavilənin ləğv edilməsini tələb etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası həmin mülki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları da qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.5-ci maddəsinə əsasən, lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Həmin mülki iş üzrə lizinqə verilmiş əmlakın lizinq ödənişləri üzrə yaranmış borcun məbləği apelyant tərəfindən mübahisələndirildiyi üçün bu barədə müvafiq ekspertiza təyin olunub borcun məbləği müəyyən olunsa da, sonradan lizinq şirkəti apellyasiya baxışında iddia tələbinin “pul məbləğinin tutulması” hissəsindən imtina etdiyini bildirmiş və buna görə də iddia tələbinin həmin hissəsi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bununla bağlı lizinq şirkətinin iddiası üzrə olan birinci mülki işdə iddiadan hissəvi imtina qəbul edilərək, qətnamə “pul məbləğinin tutulması” hissəsində ləğv edilmiş və həmin hissədə icraata xitam verilmişdir. Digər tərəfdən, apellyasiya baxışı zamanı müəyyən olunmuşdu ki, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı MMC-yə qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddiası da Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-2494/2019 saylı 26.04.2019-cu il tarixli qətnaməsi ilə təmin edilməmiş və həmin qətnamə apellyasiya və kassasiya instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, lizinq şirkətinin iddiasına münasibətdə məhkəmə kollegiyası hesab edir ki, lizinq şirkəti yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından tərəflər arasında bağlanmış lizinq müqaviləsi üzrə öhdəliklər cavabdeh tərəfindən yerinə yetirilmədiyi üçün həmin lizinq müqaviləsinin ləğvini, mülkiyyətində olan lizinqə verdiyi daşınmaz əmlakın boşaldılaraq ona təhvil verilməsini və Cavabdeh2 alqı-satqı müqaviləsinin şərtinə görə qeydiyyatdan çıxma öhdəliyi olsa da, bu öhdəliyini yerinə yetirmədiyi üçün onun həmin mənzilə istifadə hüququnun itirilməsini tələb etməkdə haqlı olmuş və onun bu barədə tələbləri birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təmin edilmişdir. Hər iki mülki iş üzrə verilmiş apellyasiya şikayətlərinin dəlillərinə gəldikdə isə, həmin dəlillər bu qətnamənin əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı məhkəmə qətnamələrinin ləğv edilməsi üçün əsas yaratmır. Cavabdeh1 apellyasiya şikayətində göstərdiyi “məhkəmə iclası barədə ona rəsmi bildirişin göndərilməməsi, məhkəmə iclasında nə onun, nə də digər Cavabdeh2 iştirakının təmin edilməməsi” barədə dəlilinə münasibətdə isə qeyd olunur ki, həmin dəlil də iş materialları ilə təkzib olunduğu üçün qəbul edilmir. Belə ki, iş materiallarından görünür ki, cavabdehlər, o cümlədən Cavabdeh1 məhkəmə iclası barədə xəbərdar olunsalar da, iştiraklarını təmin etməmişlər, bu da mülki prosessual qanunvericiliyin tələbinə görə işə baxılmasına mane deyildir. X3 apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd olunmalıdır ki, iddiaçı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini əsaslandıra bilməmiş, bu halı təsdiq edə biləcək hər hansı sübutu isə məhkəməyə təqdim edə bilməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinin tələblərinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni vəəsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iddiaçı X6 tərəfindən verilmiş apellyasiya şikayəti isə təmin edilməməli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1507/2019 saylı 10 may 2019-cu il tarixli qətnaməsi “D040 saylı 07.06.2016-cı il tarixli daxili lizinq müqaviləsinin ləğv edilməsi, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 82, korpus 5, giriş C-də olan 32 saylı mənzilin Cavabdeh1 tərəfindən boşaldılaraq İddiaçınə təhvil verilməsi və Cavabdeh2 həmin mənzilə istifadə hüququnun itirilməsi” hissələrində, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-4236/2019 saylı 19 noyabr 2019-cu il tarixli qətnaməsi isə tam olaraq dəyişdirilmədən saxlanılmalı, işin apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti Cavabdeh1 Xanməməd qızından tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməli, hər iki apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləği isə apellyantlara aid edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 119, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 Xanməməd qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İddiaçı X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1507/2019 saylı 10 may 2019-cu il tarixli qətnaməsi “D040 saylı 07.06.2016-cı il tarixli daxili lizinq müqaviləsinin ləğv edilməsi, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 82, korpus 5, giriş C-də olan 32 saylı mənzilin Cavabdeh1 tərəfindən boşaldılaraq İddiaçınə təhvil verilməsi və Cavabdeh2 həmin mənzilə istifadə hüququnun itirilməsi” hissələrində dəyişdirilmədən saxlanılsın. Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 2(005)-4236/2019 saylı 19 noyabr 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İşin apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti Cavabdeh1 Xanməməd qızından tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Azər Hüseynov
Məhkəmə qərarları › İş №2(103)-128/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-128/2021
16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver