Məhkəmə qərarları › İş №2(103)-1284/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1284/2023

16.01.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1284/2023 16.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi ilə, Xətai Rayon Məhkəməsinin 2(011)-4311/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i:

1. İddiaçı Cavabdeh qarşı “əqdin etibarsız hesab edilməsi, maddi və mənəvi zərər” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər 2 saylı “Asan xidmət” mərkəzinin notariat ofisində 7E-24097 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli ərizənin - əqdin etibarsız hesab edilməsi, o cümlədən, Cavabdeh tərəfindən İddiaçı vurulmuş maddi zərərə görə 2000 (iki min) manat, mənəvə zərərə görə 5000 manat məbləğində pulun tutulub iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Xətai Rayon Məhkəməsinin 2(011)-4311/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraata xitam verilmişdir.

3. İddiaçının həmin qərardaddan verdiyi şikayət rayon məhkəməsinin eyni saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır.

6. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, rayon məhkəməsinin qərardadı ləğv edilməli, mülki iş mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.

7. Belə ki, iş üzrə icraata xitam verən rayon məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)- 5511/2018 nömrəli qərardadına əsasən iddiaçılar X1, İddiaçı, X3, X7 iddiadan imtinası qəbul edilmiş, iddiaçılar X1, İddiaçı, X3, X7 cavabdehlər X4, X5 və X8 qarşı “Bakı şəhəri 4-cü Rezervuar küçəsi 13 saylı evin X2 adına ilkin hüquqi qeydiyyatı haqqında Xətai Rayon İcra Hakimiyyətinin 5/4, 4 saylı xx.xx.1991-ci il tarixli sərəncamının ləğv edilməsi, həmin evin X2 adına texniki inventarlaşdırma bürosunda qeydə alınması, həmin mülkün Cavabdeh Əliağa qızına bağışlanması haqda xx.xx.1991-ci il tarixli 5/D-2-326 saylı bağışlama müqaviləsi və evin Cavabdeh adına xx.xx.1991-ci il tarixdə qeydə alınması haqqında qeydiyyatının etibarsız hesab edilməsi barədə” tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi və Bakı şəhəri Xətai rayon Xalq Məhkəməsinin xx.xx.1993-cü il tarixli 2-449/1993 saylı qətnaməsinin ləğv edilməsi, Bakı şəhəri Xətai rayon Xalq Məhkəməsinin xx.xx.1993-cü il tarixli 2-449/1993 saylı qətnaməsinin icrasına dönüş edilməsi, Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi 4-cü Rezervuar küçəsi 13 saylı yaşayış evinin hüquqi vəziyyəti Bakı şəhəri Xətai rayon Xalq Məhkəməsinin xx.xx.1993-cü il tarixli 2-449/1993 saylı qətnaməsindən əvvəlki vəziyyətə qaytarılması qərara alınmışdır.

8. Qərardaddan eyni zamanda müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinə iddiaçılar xx.xx.2018-ci il tarixdə iddiaçılar X6, İddiaçı, X9, X10 notarial qaydada ərizələr ilə müraciət edərək iddiadan imtina etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-1026/2022 nömrəli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)- 5511/2018 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

9. Daha sonra məhkəmə göstərir ki, hazırkı iş üzrə İddiaçı Bakı şəhəri Xətai rayon Xalq Məhkəməsinin xx.xx.1993-cü il tarixli 2-449/1993 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti üzrə qeyd etdiyi tələblə bağlı iddiadan imtina etməsi müəyyən olunduğundan və yuxarı instansiya məhkəməsi tərəfindən qüvvədə saxlanıldığından hazırki mülki iş üzrə icraata xitam verilməlidir.

10. Məhkəmə kollegiyası rayon məhkəməsinin gəldiyi mövqe ilə razılaşmır və aşağıdakıları qeyd edir.

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir.

12. Kollegiya qeyd edir ki, həmin normaya (261.0.2) görə işin icraatına xitam aşağıdakı üç halın həm də eyni vaxtda mövcud olduğu halda mümkündür: - tərəflər eyni olduqda; - predmet eyni olduqda; - əsaslar eyni olduqda.

13. Hazırkı halda icraata xitam verən rayon məhkəməsi isə iddiaçılar X1, İddiaçı, X3, X7 cavabdehlər X4, X5 və X8 qarşı “Bakı şəhəri 4-cü Rezervuar küçəsi 13 saylı evin X2 adına ilkin hüquqi qeydiyyatı haqqında Xətai Rayon İcra Hakimiyyətinin 5/4, 4 saylı xx.xx.1991-ci il tarixli sərəncamının ləğv edilməsi, həmin evin X2 adına texniki inventarlaşdırma bürosunda qeydə alınması, həmin mülkün Cavabdeh Əliağa qızına bağışlanması haqda xx.xx.1991-ci il tarixli 5/D-2-326 saylı bağışlama müqaviləsi və evin Cavabdeh adına xx.xx.1991-ci il tarixdə qeydə alınması haqqında qeydiyyatının etibarsız hesab edilməsi barədə” tələbinə dair mülki iş üzrə olan məhkəmə aktarına istinad etmişdir.

14. Göründüyü kimi, İddiaçı Cavabdeh qarşı “Bakı şəhər 2 saylı “Asan xidmət” mərkəzinin notariat ofisində 7E-24097 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli ərizənin əqdin etibarsız hesab edilməsi, o cümlədən, Cavabdeh tərəfindən İddiaçı vurulmuş maddi zərərə görə 2000 (iki min) manat, mənəvə zərərə görə 5000 manat məbləğində pulun tutulub iddiaçıya verilməsi” barədə olan hazırkı iddia tələbi MPM-in 261.0.2-ci maddəsinin təsiri altına düşmədiyindən, rayon məhkəməsi iş üzrə icraata xitam verməkdə haqlı olmamış, prosessual hüquq normalarının tələblərini pozmuşdur.

15. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli və mülki iş mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: - 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; - 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; - 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.

17. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.

18. Qeyd olunanlardan müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

19. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin 2(011)-4311/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ləğv olunsun və mülki iş mahiyyəti üzrə baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar