Məhkəmə qərarları › İş №2(103)-4859/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4859/2024

14.10.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4859/2024 14.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı işi üzrə Açar sözlər: (“müqavilənin etibarsız hesab edilməsi”) hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçı və onun nümayəndəsi Vəkil iştirakıları ilə, İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi və sair” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4322/2024 saylı işi üzrə xx.xx.2024cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı 2 saylı "Asan Xidmət” mərkəzinin notariat ofisində 7E-24097 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli ərizənin - əqdin etibarsız hesab edilməsi, o cümlədən, Cavabdeh tərəfindən İddiaçı vurulmuş maddi zərərə görə 2000 manat, mənəvi zərərə görə 5000 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı öz iddia ərizəsində qeyd etmişdir ki, Bakı şəhəri Xətai Rayon Xalq Məhkəməsinin (hakim Ə.Sadıqov) xx.xx.1993-cü il tarixli, 2-449-1993 saylı qətnaməsi ilə Bakı şəhəri, 4-cü Rezervuar küçəsi, 13 saylı evin X3 adına ilkin hüquqi qeydiyyatı haqqında Xətai rayon İcra Hakimiyyətinin 5/4, 4 saylı xx.xx.1991-ci il tarixli sərəncamının ləğv edilməsi, həmin evin X3 adına texniki inventarlaşdırma bürosunda qeydə alınması, həmin mülkün Cavabdeh bağışlanması haqqında xx.xx.1991-ci il tarixli 5/D-2-326 saylı bağışlanma müqaviləsi və evin Cavabdeh adına xx.xx.1991-ci il tarixdə qeydə alınması haqqında qeydiyyatının ləğv edilməsi qət edilmişdir. Cavabdeh sözügedən qətnamənin qəbul edilməsindən 25 il sonra həmin qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin üzrlü hesab edilməsi və həmin qətnamənin ləğv edilməsinə dair apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsi buraxılmış prosessual müddətin bərpasına dair ərizənin təmin edilməməsi barədə müvafiq qərardad qəbul etmişdir, daha sonra Cavabdeh həmin qərardaddan apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (sədrlik edən hakim Elşən Kazımov) müvafiq qərardadı ilə 25 illik prosessual müddətin buraxılmasının üzrlü hesab edilməsinə dair qərardad qəbul etmişdir. Daha sonra Cavabdeh 25 ildən sonra müxtəlif yollarla, başqa şəxslər vasitəsilə onları aldadaraq, notariusda iddiadan imtina ərizələrini imzalatdırmışdır. Lakin, onların heç ağlına belə gəlməz ki, Cavabdeh 25 il bundan əvvəl qəbul edilmiş və qanuni qüvvəsini almış qətnamədən şikayət verər və onların xəbəri, məlumatı olmadan prosessual müddətin buraxılmasını üzrlü hesab edərək, sözügedən notarial ərizələr əsasında (Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5511/2018 saylı, 01 iyun 2018-ci il tarixli qərardadı ilə) Bakı şəhəri Xətai Rayon Xalq Məhkəməsinin xx.xx.1993-cü il tarixli qətnaməsini ləğv edərək, iş üzrə icraata xitam verə bilər. Yuxarıda qeyd olunanlar baş verən zaman nə birinci instansiya məhkəməsində, nə də apellyasiya instansiyası məhkəməsində icraat zamanı məhkəmələr kobud pozuntu edərək, prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada onlara məlumat vermədən, iştiraklarını təmin etmədən yuxarıda qeyd olunan qanunsuz qərardadı qəbul etmiş, o cümlədən, həmin qərardadın surəti də onlara təqdim edilməmişdir. Həmin qərardadın mövcudluğundan yalnız 2021-ci ilin sentyabr ayında məlumatları olmuşdur. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1290/2021 saylı mülki işi üzrə icraat zamanı (iddiaçı Cavabdehlər Ağayeva (Hacıyeva) Gülnarə Sabir qızına, Ağayev Bayram Sabir oğluna və qeyrilərinə qarşı torpaq sahəsindən istifadəyə dair maneələrin qadağan edilməsi, fərdi yaşayış evindən çıxarılma və tikililərin sökülməsi tələbinə dair) Cavabdeh həmin qərardadın surətini məhkəməyə təqdim etmişdir. Bundan sonra müvafiq qaydada araşdırma apararaq məlumatları olmuşdur ki, notariusda onlara imzalatdırılan ərizələr iddiadan imtiana ilə bağlı ərizələr olmuş və onları imzalayarkən, yuxarıda qeyd etdikləri kimi, sözügedən proseslərdən məlumatsız olmuşlar və hüquqi savadları olmadığına görə, ərizələrdə yazılanların hüquqi nəticələrindən bixəbər olmuşlar. Qeyd olunanlardan dərhal sonra tərəflərindən həmin notarial ərizələrin ləğv edilməsinə dair müvafiq qaydada notariusa müraciətlər olunmuş və ərizələr müvafiq qaydada ləğv olunmuşdur. Lakin həmin ərizələrin ləğvi ilə onların hüquqi nəticələrinin ləğv edilməsinə nail ola bilməyəcəkləri barədə də məlumatları olmamış, yalnız hüquqi yardım üçün müvafiq qaydada vəkilə müraciət etdikdən sonra sonuncu tərəfindən onlara izah olunmuşdur ki, sözügedən ərizələrin (əqdlərin) etibarsız hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etmək lazımdır. Hazırda Bakı 2 saylı "Asan xidmət” mərkəzinin notariat ofisində 7E-24097 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli "ərizənin - əqdin etibarsız hesab edilməsi”nə dair iddia ərizəsi ilə tərəfindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır, ona görə ki, yuxarıda qeyd olunanlara əsasən, o və qeyriləri Cavabdeh tərəfindən aldadılaraq, etibardan sui-istifadə edilməsi nətcəsində həmin ərizələrə imza atmışlar.

2. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-419/2024 saylı işi üzrə 15 fevral 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikasının Konstitusiyasının 60, 127; Mülki Məcəlləsinin 6.1, 6.2, 21, 324.2, 324.3, 325.1, 326, 329.1, 329.2, 337.1, 337.2, 337.4, 339.2, 339.3, 354.1, 354.2; Mülki Prosessual Məcəlləsinin 14.2, 52.1, 52.5, 76.1, 77.1, 78.1, 88, 89.1, 89.3, 107, 119.1, 217.3, 218.3- cü maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçının maddi və mənəvi ziyanla bağlı tələbi əqdin etibarsız hesab edilib-edilməməsindən asılı olduğundan məhkəmə ilk növbədə "Bakı 2 saylı "Asan Xidmət” mərkəzinin notariat ofisində 7E-24097 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli ərizənin - əqdin etibarsız” hesab edilməsi məsələsinə hüquqi qiymət verməlidir. İddiaçı tərəfindən verilmiş Bakı 2 saylı "Asan Xidmət” mərkəzinin notariat ofisində 7E-24097 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli ərizənin - əqdin bağlanması zamanı qanunvericiliyin tələblərinin pozulması halı müəyyən edilməmiş, etibarsızlıq şərtlərinin mövcudluğu aşkarlanmamışdır. Əksinə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisə predmeti olan əqd bağlanarkən tərəf səlahiyyətli, o cümlədən, fəaliyyət qabiliyyətli olmuş, onun iradə ifadəsi və onun bildirilməsinin vahidliyi mövcud olmuş, əqdin forma və məzmunu qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, iddiaçı tərəf ərizəni aldatma yolu ilə imzaladığını iddia etmiş, qonşusu Nuranənin onu və onun digər ailə üzvlərini aldadaraq ayrı-ayrı notariat orqanlarında eyni məzmunlu ərizələrə imza atdırdığını iddia etmiş, cavabdeh qismində qohumu Cavabdeh cəlb etmişdir. Azərbaycan Respublikası MM-nin qeyd edilən normasına uyğun olaraq, aldatma bilərəkdən öz hərəkətləri ilə başqa şəxslərdə səhv fikir formalaşdırmaq və ya onların səhv fikirlərinin davam etməsinə səbəb olmaqla onların bu fikrə görə iradə ifadə etməyə sövq edilməsi və bunun nəticəsində əqdin bağlanılması hallarını ifadə edir. Aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. Aldadan tərəf müqavilənin bağlanılması və xüsusi ilə də müqavilənin bağlanılmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; 2. Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni, müəyyən bir müqavilənin bağlanılmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formlaşdırılmış olmalıdır; 3. Müqavilə məhz aldadılma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanılmış olmalıdır. Belə ki, aldadılma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı. (§29) O da qeyd olunmalıdır ki, AR MM-in 339.3-cü maddəsinə görə, üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Göründüyü kimi, üçüncü şəxsin aldatması barəsində müqavilənin qarşı tərəfi xəbərdar idisə və ya xəbərdar olmalı idisə müqavilə etibarsız hesab edilə bilər. Məhkəmə araşdırması zamanı Nuranə verdiyi izahından cavabdehin deyil, həyat yoldaşının özünün tapdığı vəkilin istiqamət verməsi ilə hərəkət etdiyini, cavabdehin iddiaçını aldatması ilə bağlı hər hansı istiqamət vermədiyini bildirmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının iradəsinin cavabdehin, üçüncü şəxsin təsiri ilə həqiqətə uyğun olmayan təsəvvür nəticəsində yaranması öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı ərizəni imzalamaqla yanaşı “Ərizə mənim sözlərimlə düzgün yazılmışdır’ sözlərini də özü yazmışdır. (§10) İddiaçı hüquqi savadının olmaması ilə əlaqədar nəyə imza atdığını başa düşmədiyini bildirsə də ora getməmişdən əvvəl yaxın ailə üzvləri ilə müzakirə edildiyi, anası, bacısı ilə birgə notariat orqanına getdiyi, onların da eyni gündə eyni məzmunda ərizələri imzaladığı məhkəmə araşdırması zamanı məlum olmuşdur. Eyni zamanda müəyyən edilmişdir ki, iddiaçının qardaşı Bayram da bu hadisədən bir gün sonra başqa notariat orqanına gedərək eyni məzmunda ərizə vermişdir. İddiaçı 2018-ci ildə Bakı şəhəri Xətai Rayon Məhkəməsində buraxılmış müddətin bərpası ilə bağlı, daha sonra Bakı Apellyasiya Məhkəməsində mülki işə baxılan zaman proseslərdən xəbərsiz olduğunu, bildirişlərin ona çatdırılmadığını qeyd etmiş, iddiadan imtina ərizəsini imzaladığını 2021-ci ilin sentyabrında, yəni Bakı şəhəri Xətai Rayon Məhkəməsində hakim Aygün Həsənovanın icraatında olan mülki işin gedişi zamanı bildiyini qeyd etmişdir. Lakin təqdim olunan sənədlərdən görünür ki, iddiaçının (qardaşı Bayramdan başqa digər qohumlarının) 2018-ci ildə məhkəmə prosesləri zamanı qeyd edilmiş, məhkəmə bildirişləri göndərilmiş ünvanı məhz hazırda yaşadığı ünvanla eynidir. (Sənədlərdən görünür ki, Bildirişlər yalnız qardaşı Bayrama çatdırılmamışdır.) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli qərarında oxşar məsələ ilə bağlı göstərilmişdir ki, "məhkəmələrdə hər hansı müqavilənin aldadılma nəticəsində bağlanması məsələsinə baxılarkən tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri müəyyən edilməlidir. ...mübahisələndirilən müqaviləni tərəflərin imzalaması və notariat qaydasında təsdiqlənməsinin, ödəniş qəbzinin iddiaçı tərəfindən imzalanıbimzalanmadığının, ümumiyyətlə, mübahisə predmeti olmaması, mülki iş üzrə iddia tələbinin isə məhz həmin müqavilənin aldadılma nəticəsində bağlanması səbəbindən irəli sürülməsi nəzərə alınmamışdır. ...Belə ki, bu növ iddia tələbi üzrə araşdırılma zamanı məhkəmələr tərəfindən əqdi əmələ gətirən iradə ifadəsinin aldadılma nəticəsində edilib-edilmədiyi yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər’. (§29) İddiaçının (və digər ailə üzvlərinin hamısının) imzaladığı əzrizənin mətnini başa düməməsi ağlabatan deyil, cavabdeh tərəfindən və ya onun sifarişi, təhriki ilə aldadılması halı məhkəmə araşdırması zamanı aşkarlanmadığından iddia tələbi əqdin (iddiadan imtina ərizəsinin) etibarsız hesab edilməsi hissəsində əsasızdır. Eyni zamanda xx.xx.2022-ci il tarixdə Cavabdeh nümayəndəsi (vəkil) Nümayəndə iddia ərizəsinə qarşı yazılı etirazını məhkəməyə təqdim edərək məhkəmədən İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi əsassız olduğundan və iddia müddəti buraxıldığından, iddia müddəti tətbiq edilərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. (§4) Hazırki işə iddia müddəti deyil kəsici müddət tətbiq edilməlidir. Belə ki, AR Konstitusiya Məhkəməsinin 02 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqedə qeyd edilir ki, MM-in 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, normada şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Başqa sözlə, əqdin bağlanması zamanı iradə ifadəsi zədələnmiş şəxsin məhz maddədə göstərilən müddətlər ərzində həmin əqdi mübahisələndirmək hüququ tanınmışdır. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. (§32) Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət - şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur.(§30) Məhkəmə qeyd edir ki, iddiaçı 2021-ci ilin sentyabrında deyil, ərizəni verdiyi dövrdə ərizənin mahiyyətini bildiyindən iddia tələbinin əqdini etibarsızlığı hissəsi ilə bağlı kəsici müddət tətbiq edilməli, iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 354.2-ci maddəsi təşkil etməlidir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, iddiaçılar əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət- şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə, Azərbaycan Respublikası MM-nin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur. İddia tələbi Bakı 2 saylı "Asan Xidmət” mərkəzinin notariat ofisində 7E-24097 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli ərizənin - əqdin etibarsız hesab edilməsi hissəsində təmin edilmədiyindən, iddia tələbləri bir-biri ilə əlaqəli olduğundan vurulmuş maddi zərərə görə 2000 (iki min) manat və mənəvi zərərə görə 5000 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi hissəsində də təmin edilməməlidir. Belə ki, cavabdehin əməlində hüquqa zidd olma halları, əməlin təqsirli olaraq törədilməsi, törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində iddiaçıya zərər vurulması, zərər ilə hüquqazidd əməl arasında səbəbli əlaqənin olması halları məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. (§26, §31)

3. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - Bakı 2 saylı "Asan Xidmət” mərkəzinin notariat ofisində təsdiqlənmiş 7E-24097 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli ərizənin surətinə əsasən qeyd edilmişdir ki, İddiaçılar X1, İddiaçı, X4, Ağayev Bayram Sabir oğlunun cavabdehlər X5, X7 və X9 qarşı "yaşayış evinin qeydiyyatının ləğv edilməsi” tələbinə dair mülki işə baxılaraq iddia ərizəsinin təmin edilməsi haqqında 17 iyun 1993-cü il tarixli, 2-449 nömrəli qətnamə qəbul edilmiş, Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İddiaçı aralarında mübahisə olmadığından iddiadan imtina etməsi və Bakı şəhəri Xətai rayon Xalq Məhkəməsinin 17 iyun 1993-cü il tarixli, 2-449 nömrəli qətnaməsi ləğv edib iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Mülki iş üzrə iddiadan imtina edilməsinin və iş üzrə icraata xitam verilməsinin hüquqi nəticələrinin və eyni tərəflər arasında, eyni predmet barəsində, eyni əsaslarla məhkəmə mübahisəsinin yolverilməzliyinin ona tam aydın olmasını imzası və “Ərizə mənim sözlərimlə düzgün yazılmışdır” sözləri ilə təsdiq etmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı 2 saylı ASAN Xidmət mərkəzində notariat ofisi notarius X11 tərəfindən İddiaçı ünvanlanmış 28 sentyabr 2021-ci il tarixli ərizəyə əsasən ünvan 1riat ofisində 8İ-24097 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli yaşayış evinin qeydiyyatının ləğv edilməsinə dair verdiyi ərizə İddiaçı xx.xx.2021-ci il tarixli ərizəsi ilə Azərbaycan Respublikası Qanunvericiliyinə əsasən ləğv edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)-5511/2018 nömrəli qərardadına əsasən iddiaçılar X1, İddiaçı, X4, Ağayev Bayram Sabir oğlunun iddiadan imtinası qəbul edilmiş, iddiaçılar X1, İddiaçı, X4, Ağayev Bayram Sabir oğlunun cavabdehlər X5, X7 və X9 qarşı “Bakı şəhəri 4-cü Rezervuar küçəsi 13 saylı evin X3 adına ilkin hüquqi qeydiyyatı haqqında Xətai Rayon İcra Hakimiyyətinin 5/4, 4 saylı xx.xx.1991-ci il tarixli sərəncamının ləğv edilməsi, həmin evin X3 adına texniki inventarlaşdırma bürosunda qeydə alınması, həmin mülkün Cavabdeh Əliağa qızına bağışlanması haqda xx.xx.1991-ci il tarixli 5/D-2-326 saylı bağışlama müqaviləsi və evin Cavabdeh adına xx.xx.1991 -ci il tarixdə qeydə alınması haqqında qeydiyyatının etibarsız hesab edilməsi barədə” tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi və Bakı şəhəri Xətai rayon Xalq Məhkəməsinin xx.xx.1993-cü il tarixli 2- 449/1993 saylı qətnaməsinin ləğv edilməsi, Bakı şəhəri Xətai rayon Xalq Məhkəməsinin xx.xx.1993-cü il tarixli 2-449/1993 saylı qətnaməsinin icrasına dönüş edilməsi, Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi 4-cü Rezervuar küçəsi 13 saylı yaşayış evinin hüquqi vəziyyəti Bakı şəhəri Xətai rayon Xalq Məhkəməsinin xx.xx.1993-cü il tarixli 2-449/1993 saylı qətnaməsindən əvvəlki vəziyyətə qaytarılması qərara alınmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1026/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarına əsasən Ağayev Bayram Sabir oğlunun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 1.06.2018-ci il tarixli 2(103)-5511 /2018 nömrəli qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4311/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadına əsasən mülki iş üzrə icraata xitam verilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1284/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadına əsasən İddiaçı tərəfindən verilmiş şikayət təmin edilmiş, hazırki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011 )-4311 /2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilmiş və mülki iş mahiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir; - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2053/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı əsasən mülki iş üzrə icraata xitam verilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-260/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadına əsasən İddiaçı tərəfindən verilmiş şikayət təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2053/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilmiş və mahiyyəti üzrə baxılması üçün iş materialları Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

4. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayor Məhkəməsinin e-2(011)- 4322/2024 saylı, xx.xx.2024-cu il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələblərinin tam təmin edilməsi barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 324, 337, 339-cu maddələrinə istinadən qeyd edilmişdir ki, Bakı şəhəri Xətai Rayon Xalq Məhkəməsinin (hakim Ə.Sadıqov) xx.xx.1993-cü il tarixli, 2-449-1993 saylı qətnaməsi ilə Bakı şəhəri, 4-cü Rezervuar küçəsi, 13 saylı evin X3 adına ilkin hüquqi qeydiyyatı haqqında Xətai rayon İcra Hakimiyyətinin 5/4, 4 saylı xx.xx.1991-ci il tarixli sərəncamının ləğv edilməsi, həmin evin X3 adına texniki inventarlaşdırma bürosunda qeydə alınması, həmin mülkün Cavabdeh Əliağa qızına bağışlanması haqqında xx.xx.1991-ci il tarixli 5/D-2-326 saylı bağışlanma müqaviləsi və evin Cavabdeh adına xx.xx.1991 -ci il tarixdə qeydə alınması haqqında qeydiyyatının ləğv edilməsi qət edilmişdir. Cavabdeh sözügedən qətnamənin qəbul edilməsindən 25 il sonra həmin qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin üzrlü hesab edilməsi və həmin qətnamənin ləğv edilməsinə dair apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsi buraxılmış prosessual müddətin bərpasına dair ərizəninin təmin edilməməsi barədə müvafiq qərardad qəbul etmişdir. Daha sonra, Cavabdeh həmin qərardaddan apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (sədrlik edər hakim Elşən Kazımov) müvafiq qərardadı ilə 25 illik prosessual müddətin buraxılmasının üzrlü hesab edilməsinə dair qərardad qəbul etmişdir. Daha sonra, Cavabdeh 25 ildən sonra müxtəlif yollarla, başqa şəxslər vasitəsilə onları aldadaraq, notariusda iddiadan imtina ərizələrini imzalatdırmışdır. Lakin ağlına belə gəlməz ki, Cavabdeh 25 il bundan əvvəl qəbul edilmiş və qanuni qüvvəsini almış qətnamədən şikayət verər və onların xəbəri, məlumatı olmadan prosessual müddətin buraxılmasını üzrlü hesab edərək, sözügedən notarial ərizələr əsasında (Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5511/2018 saylı, 01 iyun 2018-ci il tarixli qərardadı ilə) Bakı şəhəri Xətai Rayon Xalq Məhkəməsinin xx.xx.1993-cü il tarixli qətnaməsini ləğv edərək iş üzrə icraata xitam verə bilər. Yuxarıda qeyd olunanlar baş verən zaman nə birinci instansiya məhkəməsində, nə də apellyasiya instansiyası məhkəməsində icraat zamanı məhkəmələr kobud pozuntu edərək, prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada onlara məlumat vermədən, iştirakıları təmin etmədən yuxarıda qeyd olunan qanunsuz qərardadı qəbul etmiş, o cümlədən, həmin qərardadın surəti də onlara təqdim edilməmişdir. Həmin qərardadın mövcudluğundan yalnız 2021-ci ilin sentyabr ayında məlumatları olmuşdur. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011 )-1290/2021 saylı mülki işi üzrə icraat zamanı (iddiaçı Cavabdeh qız cavabdehlər Ağayeva (Hacıyeva) Gülnarə Sabir qızına, Ağayev Bayram Sabir oğluna və qeyrilərinə qarşı torpaq sahəsindən istifadəyə dair maneələrin qadağan edilməsi, fərdi yaşayış evindən çıxarılma və tikililərin sökülməsi tələbinə dair) Cavabdeh həmin qərardadın surətini məhkəməyə təqdim etmişdir. Bundan sonra müvafiq qaydada araşdırma apararaq məlumatı olmuşdur ki, notariusda imzalatdırılan ərizələr iddiadan imtiana ilə bağlı ərizələr olmuş və onları imzalayarkən, yuxarıda qeyd etdiyi kimi, sözügedən proseslərdən məlumatsız olmuşlar və hüquqi savadları olmadığına görə, ərizələrdə yazılanların hüquqi nəticələrindən bixəbər olmuşlar. Qeyd olunanlardan dərhal sonra həmin notarial ərizələrin ləğv edilməsinə dair müvafiq qaydada notariusa müraciətlər olunmuş və ərizələr müvafiq qaydada ləğv olunmuşdur. Lakin həmin ərizələrin ləğvi ilə onların hüquqi nəticələrinin ləğv edilməsinə nail ola bilməyəcəyi barədə də məlumatları olmamış, yalnız hüquqi yardım üçün müvafiq qaydada vəkilə müraciət etdikdən sonra, sonuncu tərəfindən izah olunmuşdur ki, sözügedən ərizələrin (əqdlərin) etibarsız hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etmək lazımdır. Daha sonra tərəfindən müvafiq qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur, lakin, Bakı şəhəri Xətai Rayor Məhkəməsinin e-2(011)-4322/2024 saylı, xx.xx.2024-cu il tarixli qətnaməsi ilə iddia tələbləri təmin edilməmişdir. Hazırda isə sözügedən qətnamədən apellyasiya qaydasında şikayət ərizəsi vermək zərurəti yaranmışdır. Mübahisəli qətnamə ləğv edilməli və iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Onlardan aldadılma ilə iddiadan imtina barədə ərizələr alındıqdan sonra, cavabdeh 30 ildir yaşadıqları evin öz vəsaitləri hesabına sökülməsi və evdən çıxarılma barədə yeni bir tələblə məhkəməyə müraciət etmiş, həmin məhkəmə prosesi 2 ildən çox müddətə davam etmiş, həmçinin, hazırki iş artıq 2 ildən çoxdur ki, davam edir və bununla cavabdeh ona kifayət qədər maddi və mənəvi zərər vurmuşdur, ona görə də hesab edir ki, iddia tələblərinin maddi və mənəvi zərərin ödənilməsi hissəsində də təmin edilməsi məqsədə uyğundur. Məhkəmə tərəfindən işin faktiki hallarına və iş materiallarına əlavə edilmiş sübutlara, həmçinin, şahid ifadələrinə uyğun olaraq sözügedən birtərəfli əqdin etibarsız hesab edilməsi barədə əqdlər birtərəfli və müvafiq qətnamə qəbul etməsi tam qanuni və əsaslıdır. Belə ki, sözügedən notarial ərizəni aldadılma əsasında imzalamışdır, ümumiyyətlə ağlına gəlməzdi ki, Cavabdeh 25 il bundan əvvəl qəbul edilmiş və qanuni qüvvəsini almış qətnamədən şikayət verər və məlumatı olmadan prosessual müddətin buraxılmasını üzrlü hesab edərək, sözügedən notarial ərizələr əsasında (Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5511/2018 saylı, 01 iyun 2018-ci il tarixli qərardadı ilə) Bakı şəhəri Xətai Rayon Xalq Məhkəməsinin xx.xx.1993-cü il tarixli qətnaməsini ləğv edərək, iş üzrə icraata xitam verə bilər. Bu qeyd edilənləri birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X12 öz ifadəsində təsdiqləmişdir. Lakin, nədənsə birinci instansiya məhkəməsi şahidin ifadələrini təhrif edərək, iddia tələblərinin təmin edilməməsi qənaətinə gəlmişdir. Həmçinin, məhkəmə qətnaməsində qeyd etmişdir ki, guya digər iş üzrə İddiaçı ünvanına göndərilmiş məktublar ünvanda təhvil alınmışdır. Halbuki, tərəfindən məhkəməyə həmin işdə olan məktubların bildirişlərin surəti təqdim olunmuşdur və həmin bildirişlərdə İddiaçı hər hansı bildirişin göndərilməsi qeyd olunmamışdır. Həmçinin, yuxarıda sözügedən mülki iş materiallarının müvafiq qaydada məhkəmə sorğusu verilərək, həmin materialların məhkəmə tərəfindən tədqiq edilməsi zəruri olması tərəfimizdən vurğulansa da, bu barədə dəfələrlə vəsatət vermələrinə baxmayaraq, məhkəmə tərəfindən əsassız olaraq, vəsatəti təmin edilməmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar:

5. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinə uyğun izahat verməklə qeyd etmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.1993-cü il tarixli qətnaməsi ilə bağışlama müqaviləsinin ləğv edilməsi qət edilmişdir, Cavabdeh Əliağa qızı sözügedən qətnamənin qəbul edilməsindən 25 il sonra həmin qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin üzrlü hesab edilməsi və həmin qətnamənin ləğv edilməsinə dair apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsi buraxılmış prosessual müddətin bərpasına dair ərizəninin təmin edilməməsi barədə müvafiq qərardad qəbul etmiş, daha sonra Cavabdeh həmin qərardaddan apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının müvafiq qərardadı ilə 25 illik prosessual müddətin buraxılmasının üzrlü hesab edilməsinə dair qərardad qəbul edilmişdir, hazırkı iddia tələbləri notarial qaydada təsdiq edilmiş ərizələrin etibarsızlığı ilə bağlıdır, belə ki, həmin əqdlər aldatma yolu ilə bağlanmışdır, bunu birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X12 öz ifadəsində təsdiqləmişdir. Lakin nədənsə, birinci instansiya məhkəməsi şahidin ifadələrini təhrif edərək, iddia tələblərinin təmin edilməməsi qənaətinə gəlmişdir. Həmçinin, məhkəmə qətnaməsində qeyd etmişdir ki, guya digər iş üzrə İddiaçı ünvanına göndərilmiş məktublar ünvanda təhvil alınmışdır. Halbuki, tərəfindən məhkəməyə həmin işdə olan məktubların bildirişlərin surəti təqdim olunmuşdur və həmin bildirişlərdə İddiaçı hər hansı bildirişin göndərilməsi qeyd olunmamışdır.

6. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372ci maddəsinə və əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

8. İnsan Hüquqlarının və X8 X6: 6. 1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

9. Azərbaycan Respublikasının Konstitusiyasının tələblərinə əsasən: 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır . 72. İİİ. Qanunu bilməmək məsuliyyətdən azad etmir. 127. Vİİİ. Məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur.

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin aşağıda qeyd edilən maddələri nəzərdə keçirilməlidir: 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

12. Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını qeyd edilən maddi və prosessual hüquq normalarına əsasən və Azərbaycan Respublikası Konstitusiyası 24, 80; Mülki Məcəllənin 152, 337, 351, 357, 358, 359, 362, 366, 404, 420, 560; Mülki Prosesual Məcəllənin 14, 385-390-ci maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayəti üzrə mübahisələndirilən hissəyə münasibətdə yoxlayan məhkəmə kollegiyası diqqətə çatdırır ki, baxış həddi üzrə araşdırılan hissədə qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətində qeyd edlən dəlillərə müvafiq qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. İddiaçı tərəfindən verilmiş Bakı 2 saylı "Asan Xidmət” mərkəzinin notariat ofisində 7E-24097 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli ərizənin - əqdin bağlanması zamanı qanunvericiliyin tələblərinin pozulması halı, etibarsızlıq şərtlərinin mövcudluğu müəyyən edilmir, əksinə məhkəmə araşdırması zamanı iddiaçının iradəsinin cavabdehin, üçüncü şəxsin təsiri ilə həqiqətə uyğun olmayan təsəvvür nəticəsində yaranması öz təsdiqini tapmamış, iddiaçı ərizəni imzalamaqla yanaşı “Ərizə mənim sözlərimlə düzgün yazılmışdır’ sözlərini yazmışdır. Qeyd edilməlidir ki, iddiaçı başqa məhkəmə prosesində təqdim olunan ərizəni mübahisələndirir və başqa prosesdə iştirakıları təmin edilmədən qəbul edilmiş qərardada aid halları müzakirəyə təqdim edir. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1290/2021 saylı mülki işi üzrə icraat zamanı (iddiaçı Cavabdeh qız cavabdehlər Ağayeva (Hacıyeva) Gülnarə Sabir qızına, Ağayev Bayram Sabir oğluna və qeyrilərinə qarşı torpaq sahəsindən istifadəyə dair maneələrin qadağan edilməsi, fərdi yaşayış evindən çıxarılma və tikililərin sökülməsi tələbinə dair) Cavabdeh həmin qərardadın surətini məhkəməyə təqdim etmişdir. Bundan sonra müvafiq qaydada araşdırma apararaq məlumatlı olmuşdur ki, notariusda imzalatdırılan ərizələr iddiadan imtina ilə bağlı ərizələr olmuş və onları imzalayarkən yuxarıda qeyd etdiyi kimi sözügedən proseslərdən məlumatsız olmuşlar və hüquqi savadları olmadığına görə, ərizələrdə yazılanların hüquqi nəticələrindən bixəbər olmuşlar. Göründüyü kimi iddiaçı başqa məhkəmə prosesinin müzakirə predmetinə və prosessual nəticələrinə aid halları müzakirəyə təqdim etmişdir. Mülki Prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq, başqa prosesə aid halların müzakirəsi yolverilməz olduğundan, habele etibarsızlıqla bağlı mübahisələndirməsi üzrə qanunvericiliklə müəyyən edilmiş maddi hüquq normalarına əsasən müddətlərin ötməsi də iddianın əsassız olduğunu və apellyasiya şikayətinin təmin edilməsi üçün əsasların olmadığını təsdiq edir. İddiaçının diqqətinə çatdırılmalıdır ki, maraqlarına toxunan məhkəmə qərarından kassasiya, əlavə kassasiya və konstitusiya nəzarəti qaydasında şikayətlər vermək hüququ vardır.

13. Qeyd edilənlərə əsasən, apellyasiya şikayəti yoxlanılan hissədə əsassız olduğundan və təmin edilmədiyindən onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu (məhkəmə xərci) onu ödəyən şəxslərə aid edilməlidir.

14. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4322/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar