Məhkəmə qərarları › İş №e-2(011)-4322/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4322/2024

03.05.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4322/2024 03.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “əqdin etibarsız hesab edilməsi, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddia ərizəsində qeyd edilən işin halları:

1. Bakı şəhəri Xətai Rayon Xalq Məhkəməsinin (hakim Ə.Sadıqov) xx.xx.1993-cü il tarixli, 2-449-1993 saylı qətnaməsi ilə Bakı şəhəri, 4-cü Rezervuar küçəsi, 13 saylı evin X2 adına ilkin hüquqi qeydiyyatı haqqında Xətai rayon İcra Hakimiyyətinin 5/4, 4 saylı xx.xx.1991-ci il tarixli sərəncamının ləğv edilməsi, həmin evin X2 adına texniki inventarlaşdırma bürosunda qeydə alınması, həmin mülkün Cavabdeh bağışlanması haqqında xx.xx.1991-ci il tarixli 5/D-2-326 saylı bağışlanma müqaviləsi və evin Cavabdeh adına xx.xx.1991-ci il tarixdə qeydə alınması haqqında qeydiyyatının ləğv edilməsi qət edilmişdir. Cavabdeh sözügedən qətnamənin qəbul edilməsindən 25 (iyirmi beş) il sonra həmin qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin üzrlü hesab edilməsi və həmin qətnamənin ləğv edilməsinə dair apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsi buraxılmış prosessual müddətin bərpasına dair ərizənin təmin edilməməsi barədə müvafiq qərardad qəbul etmişdir.

2. İddiaçı öz iddia ərizəsində qeyd etmişdir ki, daha sonra Cavabdeh həmin qərardaddan apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (sədrlik edən hakim Elşən Kazımov) müvafiq qərardadı ilə 25 (iyirmi beş) illik prosessual müddətin buraxılmasının üzrlü hesab edilməsinə dair qərardad qəbul etmişdir. Daha sonra Cavabdeh 25 (iyirmi beş) ildən sonra müxtəlif yollarla, başqa şəxslər vasitəsilə bizi aldadaraq, bizi notariusda iddiadan imtina ərizələrini imzalatdırmışdır. Lakin bizim heç ağlımıza belə gəlməz ki, Cavabdeh 25 (iyirmi beş) il bundan əvvəl qəbul edilmiş və qanuni qüvvəsini almış qətnamədən şikayət verər və bizim xəbərimiz, məlumatımız olmadan prosessual müddətin buraxılmasını üzrlü hesab edərək, sözügedən notarial ərizələr əsasında (Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5511/2018 saylı, 01 iyun 2018ci il tarixli qərardadı ilə) Bakı şəhəri Xətai Rayon Xalq Məhkəməsinin xx.xx.1993-cü il tarixli qətnaməsini ləğv edərək, iş üzrə icraata xitam verə bilər. Yuxarıda qeyd olunanlar baş verən zaman nə birinci instansiya məhkəməsində, nə də apellyasiya instansiyası məhkəməsində icraat zamanı məhkəmələr kobud pozuntu edərək, prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada bizə məlumat vermədən, bizim iştirakımızı təmin etmədən yuxarıda qeyd olunan qanunsuz qərardadı qəbul etmiş, o cümlədən, həmin qərardadın surəti də bizə təqdim edilməmişdir. Həmin qərardadın mövcudluğundan yalnız 2021-ci ilin sentyabr ayında məlumatımız olmuşdur. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1290/2021 saylı mülki işi üzrə icraat zamanı (iddiaçı Cavabdehlər Ağayeva (Hacıyeva) Gülnarə Sabir qızına, Ağayev Bayram Sabir oğluna və qeyrilərinə qarşı torpaq sahəsindən istifadəyə dair maneələrin qadağan edilməsi, fərdi yaşayış evindən çıxarılma və tikililərin sökülməsi tələbinə dair) Cavabdeh həmin qərardadın surətini məhkəməyə təqdim etmişdir. Bundan sonra müvafiq qaydada araşdırma apararaq məlumatımız olmuşdur ki, notariusda bizə imzalatdırılan ərizələr iddiadan imtiana ilə bağlı ərizələr olmuş və onları imzalayarkən, yuxarıda qeyd etdiyimiz kimi, sözügedən proseslərdən məlumatsız olmuşuq və hüquqi savadımız olmadığına görə, ərizələrdə yazılanların hüquqi nəticələrindən bixəbər olmuşuq. Qeyd olunanlardan dərhal sonra tərəfimizdən həmin notarial ərizələrin ləğv edilməsinə dair müvafiq qaydada notariusa müraciətlər olunmuş və ərizələr müvafiq qaydada ləğv olunmuşdur. Lakin həmin ərizələrin ləğvi ilə onların hüquqi nəticələrinin ləğv edilməsinə nail ola bilməyəcəyimiz barədə də məlumatımız olmamış, yalnız hüquqi yardım üçün müvafiq qaydada vəkilə müraciət etdikdən sonra sonuncu tərəfindən bizə izah olunmuşdur ki, sözügedən ərizələrin (əqdlərin) etibarsız hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etmək lazımdır. Hazırda Bakı 2 saylı “Asan xidmət” mərkəzinin notariat ofisində 7E-24097 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli “ərizənin - əqdin etibarsız hesab edilməsi”nə dair iddia ərizəsi ilə tərəfimdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır, ona görə ki, yuxarıda qeyd olunanlara əsasən, mən və qeyriləri Cavabdeh tərəfindən aldadılaraq, etibarımızdan sui-istifadə edilməsi nətcəsində həmin ərizələrə imza atmışıq.

İddiaçının tələbi:

3. Bakı 2 saylı “Asan Xidmət” mərkəzinin notariat ofisində 7E-24097 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli ərizənin - əqdin etibarsız hesab edilməsi, o cümlədən, Cavabdeh tərəfindən İddiaçı vurulmuş maddi zərərə görə 2000 (iki min) manat, mənəvi zərərə görə 5000 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

Cavabdehin iddiaya münasibəti:

4. xx.xx.2022-ci il tarixdə Cavabdeh nümayəndəsi (vəkil) Nümayəndə iddia ərizəsinə qarşı yazılı etirazını məhkəməyə təqdim edərək məhkəmədən İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi əsassız olduğundan və iddia müddəti buraxıldığından, iddia müddəti tətbiq edilərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İşdə iştirak edən şəxslərin izahatları:

5. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil öz izahatında qeyd etmişdir ki, tərəflər arasında 1993-cü ildə bağışlama müqaviləsinin ləğvi ilə bağlı iş olmuşdur. Hazırki mülki iş üzrə iddiaçı Gülnarə xanım həmin mülki iş üzrə də iddiaçı olmuş, cavabdeh isə yenə də eyni qaydada Sevinc xanım olmuşdur. Qətnamə yalnız Gülnarə xanım barəsində deyil, həmçinin, Gülnarə xanımın bacısı, qardaşı və anası barəsində qəbul edilmiş və iddia təmin edilmişdir. Nuranə xanım Sevinc xanımdan həmin torpaq sahəsində müəyyən tikililəri qeyri-rəsmi formada almışdır. Nuranə xanım özü də məhkəmə iclasında şahid qismində dindirilmişdir. Onlara sonradan məlum olmuşdur ki, Nuranə xanım aldığı sahələri öz adına rəsmiləşdirmək üçün Sevinc xanıma bildirmişdir ki, “Sevinc xanım, bəs mən istəyirəm rəsmi sənədləşdirim, anam xəstədir.” Sevinc xanım isə ona bildirmişdir ki, 1993-cü ildə tərəflər arasında məhkəmə olmuşdur ki, onların da notarial qaydada razılığı lazımdır. Tərəflər arasında düşmənçilik olmasa da münasibətlər soyuq olmuşdur. Nuranə xanım vasitəsilə Gülnarə xanıma və digərlərinə razılıq ərizəsinin verilməsinin lazım olduğu bildirilmişdir. Daha sonra fərqli vaxtlarda, deyəsən üçü birlikdə gedib, Bayram isə başqa notariat ofisinə getmişdir və orada iddiadan imtina ilə bağlı notarial qaydada təsdiq edilmiş ərizə imzalamışlar. 1993-cü ildə olmuş iddia ilə bağlı tərəflərin heç birinin məlumatı olmamışdır, sadəcə Nuranə xanımın adına rəsmiləşdirilmə işlərinin aparılması üçün notarial qaydada razılıq ərizəsi verdiklərini zənn etmişlər. “Kimin ağlına gələ bilər ki, 25 il bundan əvvəl olmuş iş üzrə müddət bərpa olunacaq?” Müddət bərpa ilə bağlı heç bir məlumatları olmamışdır. 1993-cü ildə Bayram İmişli rayonunda hərbi xidmətdə olduğu üçün həmin ünvan qeyd edilmiş, daha sonra 2018-ci ildə də Bakı Apellyasiya Məhkəməsi tərəfindən məktub məhz həmin hərbi hissəyə göndərilmişdir. Tərəflərdən biri isə Türkiyə Respublikasında yaşamışdır, digəri isə dünyasını dəyişmişdir. Gülnarə xanıma ümumiyyətlə, məktub göndərilməmişdir, poçt reyestrində adı yoxdur. Bayram hal-hazırda bu mülki işə tərəf qismində qoşulmamışdır, çünki, heç onun dövlət rüsumunu ödəməyə belə maddi imkanı çatmamışdır. Sevinc xanımın evin sökülməsi və evdən çıxarılma ilə bağlı iddiası olmuş, hakim Aygün Həsənova tərəfindən iddia təmin edilməmiş, Apellyasiya Məhkəməsi Gülnarə xanıma münasibətdə təmin etmiş, Bayrama münasibətdə təmin etməmiş, kassasiya şikayəti verilmiş və qətnamə ləğv olunaraq geri qaytarılmışdır, daha sonra iddia ümumiyyətlə, təmin edilməmişdir. İddia verilərkən həmin ərəfəyə düşmüş, Bayram bu işdə maraqlı olmamışdır, maraqlı olsaydı, dövlət rüsumunu da ödəyib gəlib iştirak edərdi. Tərəflər natamam orta təhsilli insanlardır, onların heç bir hüquqi təhsili yoxdur. Məhkəmə protokolda qeyd edir ki, tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər, lakin tərəflərə ümumiyyətlə, məlumat verilməmişdir. İddiadan imtina ilə bağlı ərizələr məhkəməyə kimin tərəfindən daxil edilmişdir, bununla bağlı heç bir məlumat əldə edilə bilməmişdir. Çünki, tərəflər nə poçt vasitəsilə həmin ərizələri göndərmiş, nə də özləri şəxsən təqdim etmişdirlər. Özünün başqa bir işində müddət bir saat ötürülmüş kimi göründüyü üçün kassasiya şikayəti geri qaytarılmışdır, necə ola bilər ki, 25 ildən sonra ötürülmüş müddət bərpa edilsin? İlk olaraq müddətin bərpası barədə ərizə ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edilmiş, ərizə təmin edilməmişdir, qərardaddan şikayət verilmiş, Bakı Apellyasiya Məhkəməsi tərəfindən müddət bərpa edilmişdir, həmin qərardaddan şikayət verilməsi də nəzərdə tutulmamışdır. Daha sonra işə baxılmış, tərəflərin xəbəri olmadan onların ərizəsi iş materiallarına əlavə edilmiş, lakin tərəflərin bundan ümumiyyətlə, xəbəri olmamışdır. Nuranə xanımın vəkili Araz Sevinc xanımın da vəkili olmuşdur, Gülnarə xanımın və digərlərinin iddiadan imtina ilə bağlı imzaladığı ərizələrin məzmununu Araz vermişdir. Maraqlıdır ki, Sevinc xanımın və Nuranə xanımın vəkili eyni adam olsa da Nuranə xanımın dediyinə görə onun bütün bunlardan xəbəri olmamışdır, hazırki mülki iş üzrə şahid qismində verdiyi izaha görə vəkili onun həyat yoldaşı tapmış və daha sonra onu Sevinc xanıma yönləndirmişlər. Gülnarə xanımın imzaladığı ərizənin məzmununu Araz hazırlayır, bu da təsadüfi deyil. Apellyasiya Məhkəməsi sonuncu qərardadında qeyd etmişdir ki, bu işə mahiyyəti üzrə baxılmalıdır. Ali Məhkəmə yalnız qərardadın qanunauyğunluğunu yoxlayır, Ali Məhkəmə əlavə araşdırma aparmamışdır, işin faktiki hallarını araşdırmamışdır. Apellyasiya məhkəməsi ərizənin prosessual qanunvericiliyə uyğunluğunu ümumiyyətlə yoxlamamışdır. Maddi və mənəvi zərərlə bağlı isə qeyd etmişdir ki, hazırki əqd birtərəfli əqd olsa da aldadılma əsasında bağlanmışdır və təbii ki, bunun nəticəsində tərəfə maddi və mənəvi zərər vurulmuşdur. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

6. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə öz izahatında qeyd etmişdir ki, məhkəməyə yazılı etirazla birlikdə iddia müddətinin tətbiq edilməsi barədə ərizəni də əlavə etmişdir. İlk öncə tərəfin mübahisələndirdiyi məsələyə Konstitusiya Məhkəməsi tərəfindən qiymət verilmişdir. İddiaçı qeyd edir ki, iddiadan imtina barədə ərizələri verən zaman aldadılmışdır. Lakin eyni əsaslarla iş üzrə icraata xitam verilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin qərardadı olmuş, həmin qərardaddan şikayət verilən zaman məhz iddia ərizəsində göstərilən əsaslarla şikayət verilmiş, qərardad qüvvədə saxlanılmış və Ali Məhkəmə tərəfindən bu məsələyə münasibət bildirilmişdir. Məhkəmələr imtina ərizələrinə hüquqi qiymət verərək məhz iş üzrə icraata xitam verilməsi barədə qərardadlar qəbul etmişlər. Tərəfin hüquqlarının pozulmasını bildiyi və ya bilməli olduğu andan etibarən bu ərizələri mübahisələndirmək hüququ var idi ki, bu da məhz iddiadan imtina barədə ərizələrin verildiyi ana təsadüf edir. Hətta ondan daha sonra qərardaddan şikayət verildiyi vaxtdan hesablansa belə 1 illik müddət yenə ötürülmüş olacaqdır. Əqdin etibarsızlığının ləğv etmədən fərqi ondadır ki, əqdi kim mübahisələndirə bilər. İş materiallarından görünür ki, bu əqdlər birtərəfli əqddir. Ali Məhkəmənin əqdlərin etibarsızlığı ilə bağlı plenum qərarı mövcuddur ki, əqdlərin geridönməzliyi məsələsi orada həllini tapmışdır. Mirasdan imtinadan imtina edilməsi anlayışı mövcud deyildir. Əqdin etibarsızlığı gələcəkdə ehtimal olunan mülkiyyət və ya istifadə hüquqlarına dəlalət edən amillər varsa belə yenə də vərəsəliklə bağlı imtinanın geri götürülməsi anlayışı yoxdur. Yeni açılmış hallar sübut edilə bilsəydi, baxılması nəzərdə tutula bilərdi. Maddi ziyanın nədə ifadə olunduğu, tərəfin subyektiv hüququ necə yaranır bu da məlum deyildir. Tərəfə müqavilə, delikt və yaxud digər əsaslarla ziyan vurulması məsələsi öz təsdiqini tapmır. Üçüncü şəxsin həmin əmlaka münasibətdə maddi ziyanın ödənilməsini tələb etməsi absurddur. İmtina olmasaydı, maddi ziyanın əsasını nə təşkil edəcəkdi? Mənəvi ziyanla bağlı isə iş materiallarında heç bir sübut yoxdur, burada iztirab və yaxud sarsıntı yoxdur. Tərəf özü ərizə imzalayıbsa, yalnız öz daxilində etdiyi hərəkətin düzgün olmamasını düşünərək iztirab və yaxud sarsıntı keçirə bilər, ancaq hazırki işdə bu cür mənəvi zərərin məhz cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulmasını təsdiq edən heç bir sübut yoxdur. Burada cavabdehin iradə ifadəsi belə mövcud deyildir. Vəkilə ödənilmiş məbləğin ümumiyyətlə, geri ödənilməsini tələb edilməsi düzgün deyildir. Tərəfin aldadılması üçün ona maddi və mənəvi zərərin vurulması təsdiqini tapmamışdır. Aldadılma nədə ifadə olunur, iddiaçının dediklərinə görə aldadılma üçüncü şəxs tərəfindən edilmişdir. Əgər iddiaçı Nuranə xanım tərəfindən aldadılmışdırsa, iddia tələbi də ona qarşı irəli sürülməlidir. “Sevinc xanım və Nuranə xanım lap birgə məsuliyyət daşısa belə iddiaçıya onlar nə vəd verərək aldatmışdır, nəyi iddiaçının əlindən ala bilərdilər?” Aldatmanın baş tutması üçün ilk növbədə orada vəd olmalıdır. Əmlak nənənin olmuş, nənə tərəfindən əmlak nəvəsinə bağışlanmışdır, burada qanunsuz olan hər hansı bir hal mövcud deyil. Mülkiyyətçi öz mülkiyyəti üzərində sərəncam vermişdir. Qanuni qüvvəyə minmiş qərarın sübuta yetirilməsinə ehtiyac yoxdur, o artıq preyudisial faktdır. Qeyd edilənlərə əsasən, məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edən İddiaçı öz izahatında qeyd etmişdir ki, Nuranəni uzun müddətdir ki, tanıyır. Hər zaman yaxşı qonşuluq münasibətləri olmuşdur, Nuranə onu çağıraraq bildirmişdir ki, Sevincdən onlara məxsus evi satın almalarına baxmayaraq rəsmiləşdirə bilmirlər və evin sənədlərini rəsmiləşdirmək üçün onların da imzası lazımdır. Bu səbəbdən onlar- (Gülnarə, anası Mədinə və Gülnarənin bacısı) Nuranə ilə birlikdə ASAN Xidmət Mərkəzinə getmişdirlər. ASAN Xidmət Mərkəzində sənədləri sürətli şəkildə imzalatmışlar, ancaq sənəddə yazılanları onlara oxumamışlar. Eyni zamanda onlar özləri də sənəddə yazılanları oxumamışdır. Qeyd edilən vaxt qardaşı Bayram onlarla birlikdə olmamışdır, o, Xalqlar Dostluğunda yerləşən başqa bir notariusda sənədləri imzalayıb, ancaq qardaşı Bayram da təqdim edilən sənədləri oxumamışdır. Apellyasiya Məhkəməsində baş tutmuş məhkəmə prosesi ilə bağlı onların məlumatları olmamışdır.

8. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında şahid qismində iştirak edən X8 öz izahatında qeyd etmişdir ki, hazırda yaşadıqları evi 1998-ci ildə qeyri-rəsmi alqı-satqı müqaviləsi əsasında almışdır. Mübahisəli torpaq sahəsi olduğundan rəsmiləşdirmə prosedurunu həyata keçirmək qeyri-mümkün olmuşdur. Həmin torpaq sahəsində 5 ədəd ev mövcud idi. Onlar Sevincə məxsus evin 1 otağını və qarşısındakı torpaq sahəsini alıb evi genişləndirmişlər. Son dövrlərdə anasının sağlamlıq problemləri olduğundan və digər səbəblərdən evi rəsmiləşdirmək istəmişlər. Evi Sevincdən aldığı üçün elə bu məsələ ilə bağlı da Sevincə müraciət etmişdir. Sevinc ona Gülnarə və digərlərinin razılığının tələb olunduğunu demişdir. Bu səbəbdən o, Gülnarənin yanına gedərək evi rəsmiləşdirmək üçün bəzi prosedurlar həyata keçirmək lazım olduğunu bildirmişdir. 2018-ci ildə Gülnarə, Gülnarənin anası Mədinə, Sevinc və Nuranə birlikdə Nuranənin yaşadığı evi rəsmiləşdirmək üçün ASAN Xidmət Mərkəzinə getmişdirlər. Daha öncədən vəkil Araz tərəfindən imzalayacaqları ərizənin məzmunu yazılaraq kağızda onlara verilmişdir. Həmin ərizəni ASAN Xidmətdə əməkdaşlara göstərdikdən sonra onlar tərəfindən yönləndirilmişlər. Sevinclə Gülnarə həmin vaxt ədavətli olmamışlar. Vəkil tərəfindən yazılan ərizəni Nuranə özü oxumamışdır. 1993-cü ildəki məhkəmə mübahisəsi ilə əlaqəli olduğu izah edilmişdi. İlhamə Gülnarə, Mədinə ilə birlikdə ASAN Xidmət Mərkəzinə gəlməmişdir. Nuranə İlhamə ilə daha sonra notairat ofisinə getmiş və İlhamə orada ərizəni imzalamışdır. Sənədlər imzalanan zaman Nuranəyə otağa daxil olmağa icazə verməmişlər, lakin yay vaxtı olduğu üçün qapı açıq olmuş və ərizənin məzmunu izah edilən zaman Nuranə də bunu eşitmişdir. Bayramla Nuranə notariusa getməmişdir. Bayramla ilk öncə Mədinə danışmış və məlumat vermişdir, daha sonra Nuranə əlaqə saxlamışdır, Bayram evin rəsmiləşdirilməsi üçün razılıq ərizəsi verilməsinə etiraz etməmişdir. Eyni zamanda həyata keçirilməli olan bütün prosedurlar kağızda yazılmışdır. Vəkil X9 ilə rəsmi müqavilələri olmamış, vəkili Nuranənin həyat yoldaşı tapmışdır və daha sonra onlar vəkili Sevincə yönlədirmişlər, daha sonra Sevinc vəkillə müqavilə bağlamışdır. Nuranənin anası tez-tez xəstələnirmiş və onlar da evi satmaq istəyirdilər ki, bu səbəbdən də evə rəsmi sənəd almaq lazım idi. Onlar ilk öncə vəkilə müraciət etmiş və vəkil sorğu verdikdən sonra müəyyən olunmuşdur ki, ev Sevincə məxsusdur. Ərizələrin məzmununu vəkil Araz Yusifov yazılı şəkildə vermişdir. 2018-ci il tarixli və 1993-cü il tarixli məhkəmə prosesləri ilə bağlı heç bir məlumatı olmamışdır.

9. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında şahid qismində iştirak edən Ağayev Bayram Sabir oğlu öz izahatında qeyd etmişdir ki, anası onunla əlaqə saxlamış və Nuranənin evinə rəsmi sənəd alınması üçün sənəd imzamalı olduğunu bildirmişdir. Daha sonra Nuranə telefonla əlaqə saxlamış və bu səbəbdən Nuranə ilə Xalqlar Dostluğu metrostansiyası yaxınlığında “Ağ çiçəyim” mağazası tərəfdə notariusun yanında saat 09:00da görüşmüş, 10:00-a qədər notariusun açılmasını gözləmişdirlər. Nuranə Bayrama zəng edən zaman ondan ərizənin nə ilə əlaqəli olduğunu soruşmuş, bu zaman Nuranə bildirmişdir ki,1993-cü il tarixdə torpaq sahəsi üzərində mübahisə mövcud olduğundan onun evinə sənəd alması üçün notariusda imza çəkməlidir. Ərizəni ona izah etməmişlər, sadəcə evə rəsmi sənəd alınması üçün olduğunu demişdirlər. 2018-ci ildə Nuranənin evinə sənəd almaq üçün imza çəkmişdir. Gülnarə, Mədinə, Nuranə ASAN Xidmət Mərkəzinə imza çəkmək üçün getdikdə Bayram orada olmamışdır. Həmçinin, Nuranə imza çəkmələri üçün Mədinəyə və Gülnarəyə müraciət edən zaman orada olmamışdır. 2018-ci ildə bütün bu məsələlər baş verən zaman Sevinclə davalı olmuşlar. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Aygün Həsənovanın icraatında olan mülki iş zamanı mövcud problemlə bağlı məlumat almışdır.

İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:

10. Bakı 2 saylı “Asan Xidmət” mərkəzinin notariat ofisində təsdiqlənmiş 7E-24097 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli ərizənin surətinə əsasən qeyd edilmişdir ki, İddiaçılar X1, İddiaçı, X3, Ağayev Bayram Sabir oğlunun cavabdehlər X4, X5 və X6 qarşı “yaşayış evinin qeydiyyatının ləğv edilməsi” tələbinə dair mülki işə baxılaraq iddia ərizəsinin təmin edilməsi haqqında 17 iyun 1993-cü il tarixli, 2-449 nömrəli qətnamə qəbul edilmiş, Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İddiaçı aralarında mübahisə olmadığından iddiadan imtina etməsi və Bakı şəhəri Xətai rayon Xalq Məhkəməsinin 17 iyun 1993-cü il tarixli, 2-449 nömrəli qətnaməsi ləğv edib iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Mülki iş üzrə iddiadan imtina edilməsinin və iş üzrə icraata xitam verilməsinin hüquqi nəticələrinin və eyni tərəflər arasında, eyni predmet barəsində, eyni əsaslarla məhkəmə mübahisəsinin yolverilməzliyinin ona tam aydın olmasını imzası və “Ərizə mənim sözlərimlə düzgün yazılmışdır” sözləri ilə təsdiq etmişdir.

11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı 2 saylı ASAN Xidmət mərkəzində notariat ofisi notarius X7 tərəfindən İddiaçı ünvanlanmış 28 sentyabr 2021-ci il tarixli ərizəyə əsasən ünvan 2riat ofisində 8İ-24097 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli yaşayış evinin qeydiyyatının ləğv edilməsinə dair verdiyi ərizə İddiaçı xx.xx.2021-ci il tarixli ərizəsi ilə Azərbaycan Respublikası Qanunvericiliyinə əsasən ləğv edilmişdir.

12. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)-5511/2018 nömrəli qərardadına əsasən iddiaçılar X1, İddiaçı, X3, Ağayev Bayram Sabir oğlunun iddiadan imtinası qəbul edilmiş, iddiaçılar X1, İddiaçı, X3, Ağayev Bayram Sabir oğlunun cavabdehlər X4, X5 və X6 qarşı “Bakı şəhəri 4-cü Rezervuar küçəsi 13 saylı evin X2 adına ilkin hüquqi qeydiyyatı haqqında Xətai Rayon İcra Hakimiyyətinin 5/4, 4 saylı xx.xx.1991-ci il tarixli sərəncamının ləğv edilməsi, həmin evin X2 adına texniki inventarlaşdırma bürosunda qeydə alınması, həmin mülkün Cavabdeh Əliağa qızına bağışlanması haqda xx.xx.1991-ci il tarixli 5/D-2-326 saylı bağışlama müqaviləsi və evin Cavabdeh adına xx.xx.1991-ci il tarixdə qeydə alınması haqqında qeydiyyatının etibarsız hesab edilməsi barədə” tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi və Bakı şəhəri Xətai rayon Xalq Məhkəməsinin xx.xx.1993-cü il tarixli 2-449/1993 saylı qətnaməsinin ləğv edilməsi, Bakı şəhəri Xətai rayon Xalq Məhkəməsinin xx.xx.1993-cü il tarixli 2-449/1993 saylı qətnaməsinin icrasına dönüş edilməsi, Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi 4-cü Rezervuar küçəsi 13 saylı yaşayış evinin hüquqi vəziyyəti Bakı şəhəri Xətai rayon Xalq Məhkəməsinin xx.xx.1993-cü il tarixli 2-449/1993 saylı qətnaməsindən əvvəlki vəziyyətə qaytarılması qərara alınmışdır.

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1026/2022 nömrəli xx.xx.2022ci il tarixli qərarına əsasən Ağayev Bayram Sabir oğlunun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 1.06.2018-ci il tarixli 2(103)-5511/2018 nömrəli qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

14. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4311/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadına əsasən mülki iş üzrə icraata xitam verilmişdir.

15. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1284/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadına əsasən İddiaçı tərəfindən verilmiş şikayət təmin edilmiş, hazırki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4311/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilmiş və mülki iş mahiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir.

16. Bakı Apellyasiya Məhkəməsinin 16 mart 2018-ci il tarixli qərardadı.

17. 19 dekabr 2017-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsindən göndərilən sifarişli-xəbərnaməli poçtla gedən məktubların Reyestri.

18. 08 yanvar 2018-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsindən göndərilən sifarişli poçtla gedən məktubların Reyestri.

19. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2053/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı əsasən mülki iş üzrə icraata xitam verilmişdir.

20. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-260/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadına əsasən İddiaçı tərəfindən verilmiş şikayət təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2053/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilmiş və mahiyyəti üzrə baxılması üçün iş materialları Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir.

21. Məhkəmə bildirişləri və mülki iş materiallarına əlavə edilmiş digər sənədlər.

Tətbiq edilən hüquq:

22. Azərbaycan Respublikasının Konstitusiyası: 60.İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. 60.İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. 60.İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır.

127. Vİİİ. Məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur.

23. Avropa İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında 1950-ci il Konvensiyası: 6.1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik maraqları naminə, həmçinin, yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər.

24. Azərbaycan Respublikası Mülki Məcəlləsi ( AR MM): 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.5. müqavilələr azadlığı; 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 325.1. Başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur. 326.Birtərəfli əqd onu bağlamış şəxs üçün vəzifələr yaradır. Əqd başqa şəxslər üçün yalnız bu Məcəllədə və ya həmin şəxslərlə razılaşmada müəyyənləşdirilmiş hallarda vəzifələr yarada bilər. 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (AR MPM): 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 52.1. İddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89.1. Yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 89.3. Lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

26. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli 7 saylı Qərarı.

27. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı.

28. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il Qərarı.

29. B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 dekabr 2019-cu il Qərarı.

30. B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2020-ci il Qərarı

31. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Qərarı.

32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı.

33. Məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 01/2024 №li 23 fevral 2024-cü il tarixli Qərardadı.

Məhkəmənin mövqeyi:

34. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəflərin izahını, əlavə edilmiş sənədləri nəzərdən keçirib təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir.

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” (§28)

36. Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. (§28)

37. İddiaçının tələbi Bakı 2 saylı “Asan Xidmət” mərkəzinin notariat ofisində 7E-24097 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli ərizənin - əqdin etibarsız hesab edilməsi, o cümlədən, Cavabdeh tərəfindən İddiaçı vurulmuş maddi zərərə görə 2000 (iki min) manat, mənəvi zərərə görə 5000 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsindən ibarətdir. Göründüyü kimi iddia tələbi bir-biri ilə əlaqəli bir neçə hissədən ibarətdir. Məhkəmə hesab edir ki, iddiçının maddi və mənəvi ziyanla bağlı tələbi əqdin etibarsız hesab edilib-edilməməsindən asılı olduğundan məhkəmə ilk növbədə “Bakı 2 saylı “Asan Xidmət” mərkəzinin notariat ofisində 7E-24097 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli ərizənin - əqdin etibarsız” hesab edilməsi məsələsinə hüquqi qiymət verməlidir.

38. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən verilmiş Bakı 2 saylı “Asan Xidmət” mərkəzinin notariat ofisində 7E-24097 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli ərizənin - əqdin bağlanması zamanı qanunvericiliyin tələblərinin pozulması halı müəyyən edilməmiş, etibarsızlıq şərtlərinin mövcudluğu aşkarlanmamışdır. Əksinə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisə predmeti olan əqd bağlanarkən tərəf səlahiyyətli, o cümlədən, fəaliyyət qabiliyyətli olmuş, onun iradə ifadəsi və onun bildirilməsinin vahidliyi mövcud olmuş, əqdin forma və məzmunu qanunvericiliyin tələblərinə uyğun olmuşdur.

39. Belə ki, iddiaçı tərəf ərizəni aldatma yolu ilə imzaladığını iddia etmiş, qonşusu Nuranənin onu və onun digər ailə üzvlərini aldadaraq ayrı-ayrı notariat orqanlarında eyni məzmunlu ərizələrə imza atdırdığını iddia etmiş, cavabdeh qismində qohumu Cavabdeh cəlb etmişdir.

40. Azərbaycan Respublikası MM-nin qeyd edilən normasına uyğun olaraq, aldatma bilərəkdən öz hərəkətləri ilə başqa şəxslərdə səhv fikir formalaşdırmaq və ya onların səhv fikirlərinin davam etməsinə səbəb olmaqla onların bu fikrə görə iradə ifadə etməyə sövq edilməsi və bunun nəticəsində əqdin bağlanılması hallarını ifadə edir.

41. Aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. Aldadan tərəf müqavilənin bağlanılması və xüsusi ilə də müqavilənin bağlanılmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; 2. Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni, müəyyən bir müqavilənin bağlanılmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formlaşdırılmış olmalıdır; 3. Müqavilə məhz aldadılma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanılmış olmalıdır. Belə ki, aldadılma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı. (§29)

42. O da qeyd olunmalıdır ki, AR MM-in 339.3-cü maddəsinə görə, üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər.

43. Göründüyü kimi, üçüncü şəxsin aldatması barəsində müqavilənin qarşı tərəfi xəbərdar idisə və ya xəbərdar olmalı idisə müqavilə etibarsız hesab edilə bilər.

44. Məhkəmə araşdırması zamanı Nuranə verdiyi izahından cavabdehin deyil, həyat yoldaşının özünün tapdığı vəkilin istiqamət verməsi ilə hərəkət etdiyini, cavabdehin iddiaçını aldatması ilə bağlı hər hansı istiqamət vermədiyini bildirmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının iradəsinin cavabdehin, üçüncü şəxsin təsiri ilə həqiqətə uyğun olmayan təsəvvür nəticəsində yaranması öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı ərizəni imzalamaqla yanaşı “Ərizə mənim sözlərimlə düzgün yazılmışdır” sözlərini də özü yazmışdır. (§10) İddiaçı hüquqi savadının olmaması ilə əlaqədar nəyə imza atdığını başa düşmədiyini bildirsə də ora getməmişdən əvvəl yaxın ailə üzvləri ilə müzakirə edildiyi, anası, bacısı ilə birgə notariat orqanına getdiyi, onların da eyni gündə eyni məzmunda ərizələri imzaladığı məhkəmə araşdırması zamanı məlum olmuşdur. Eyni zamanda müəyyən edilmişdir ki, iddiaçının qardaşı Bayram da bu hadisədən bir gün sonra başqa notariat orqanına gedərək eyni məzmunda ərizə vermişdir.

45. İddiaçı 2018-ci ildə Bakı şəhəri Xətai Rayon Məhkəməsində buraxılmış müddətin bərpası ilə bağlı, daha sonra Bakı Apellyasiya Məhkəməsində mülki işə baxılan zaman proseslərdən xəbərsiz olduğunu, bildirişlərin ona çatdırılmadığını qeyd etmiş, iddiadan imtina ərizəsini imzaladığını 2021-ci ilin sentyabrında, yəni Bakı şəhəri Xətai Rayon Məhkəməsində hakim Aygün Həsənovanın icraatıbda olan mülki işin gedişi zamanı bildiyini qeyd etmişdir. Lakin təqdim olunan sənədlərdən görünür ki, iddiaçının (qardaşı Bayramdan başqa digər qohumlarının) 2018-ci ildə məhkəmə prosesləri zamanı qeyd edilmiş, məhkəmə bildirişləri göndərilmiş ünvanı məhz hazırda yaşadığı ünvanla eynidir. (Sənədlərdən görünür ki, Bildirişlər yalnız qardaşı Bayrama çatdırılmamışdır.)

46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli qərarında oxşar məsələ ilə bağlı göstərilmişdir ki, "məhkəmələrdə hər hansı müqavilənin aldadılma nəticəsində bağlanması məsələsinə baxılarkən tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri müəyyən edilməlidir. ...mübahisələndirilən müqaviləni tərəflərin imzalaması və notariat qaydasında təsdiqlənməsinin, ödəniş qəbzinin iddiaçı tərəfindən imzalanıb-imzalanmadığının, ümumiyyətlə, mübahisə predmeti olmaması, mülki iş üzrə iddia tələbinin isə məhz həmin müqavilənin aldadılma nəticəsində bağlanması səbəbindən irəli sürülməsi nəzərə alınmamışdır. ...Belə ki, bu növ iddia tələbi üzrə araşdırılma zamanı məhkəmələr tərəfindən əqdi əmələ gətirən iradə ifadəsinin aldadılma nəticəsində edilib-edilmədiyi yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər”. (§29)

47. Məhkəmə hesab edir ki, iddiaçının (və digər ailə üzvlərinin hamısının) imzaladığı əzrizənin mətnini başa düməməsi ağlabatan deyil, cavabdeh tərəfindən və ya onun sifarişi, təhriki ilə aldadılması halı məhkəmə araşdırması zamanı aşkarlanmadığından iddia tələbi əqdin (iddiadan imtina ərizəsinin) etibarsız hesab edilməsi hissəsində əsasızdır.

48. Eyni zamanda xx.xx.2022-ci il tarixdə Cavabdeh nümayəndəsi (vəkil) Nümayəndə iddia ərizəsinə qarşı yazılı etirazını məhkəməyə təqdim edərək məhkəmədən İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi əsassız olduğundan və iddia müddəti buraxıldığından, iddia müddəti tətbiq edilərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. (§4) Məhkəmə hesab edir ki, hazırki işə iddia müddəti deyil kəsici müddət tətbiq edilməlidir.

49. Belə ki, AR Konstitusiya Məhkəməsinin 02 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqedə qeyd edilir ki, MM-in 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, normada şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Başqa sözlə, əqdin bağlanması zamanı iradə ifadəsi zədələnmiş şəxsin məhz maddədə göstərilən müddətlər ərzində həmin əqdi mübahisələndirmək hüququ tanınmışdır. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. (§32)

50. Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir.

51. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur.(§30)

52. Məhkəmə qeyd edir ki, iddiaçı 2021-ci ilin sentyabrında deyil, ərizəni verdiyi dövrdə ərizənin mahiyyətini bildiyindən iddia tələbinin əqdini etibarsızlığı hissəsi ilə bağlı kəsici müddət tətbiq edilməli, iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 354.2-ci maddəsi təşkil etməlidir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, iddiaçılar əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət- şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə, Azərbaycan Respublikası MM-nin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur.

53. Məhkəmə hesba edir ki, iddia tələbi Bakı 2 saylı “Asan Xidmət” mərkəzinin notariat ofisində 7E-24097 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli ərizənin - əqdin etibarsız hesab edilməsi hissəsində təmin edilmədiyindən, iddia tələbləri bir-biri ilə əlaqəli olduğundan vurulmuş maddi zərərə görə 2000 (iki min) manat və mənəvi zərərə görə 5000 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi hissəsində də təmin edilməməlidir. Belə ki, cavabdehin əməlində hüquqa zidd olma halları, əməlin təqsirli olaraq törədilməsi, törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində iddiaçıya zərər vurulması, zərər ilə hüquqazidd əməl arasında səbəbli əlaqənin olması halları məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. (§26, §31)

54. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir.

Məhkəmə xərcləri:

55. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

56. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 358-360 və 362-ci maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

1. İddia rədd edilsin.

2. İddia verilərkən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin.

3. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar