Məhkəmə qərarları › İş №2(103)-260/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-260/2024

05.03.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-260/2024 05.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Əkbərov Kamran Hüseyn oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Xətai Rayon Məhkəməsinin 2(011)-2053/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i:

1. İddiaçı Cavabdeh qarşı “əqdin etibarsız hesab edilməsi, maddi və mənəvi zərər” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər 2 saylı “Asan xidmət” mərkəzinin notariat ofisində 7E-24097 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli ərizənin - əqdin etibarsız hesab edilməsi, o cümlədən, Cavabdeh tərəfindən İddiaçı vurulmuş maddi zərərə görə 2000 (iki min) manat, mənəvə zərərə görə 5000 manat məbləğində pulun tutulub iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4311/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraata xitam verilmişdir.

3. İddiaçının həmin qərardaddan verdiyi şikayət Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4311/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-5511/2018 nömrəli qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayət təmin edilmiş, hazırkı iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4311/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ləğv olunmuş və mülki iş mahiyyəti üzrə baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilmişdir.

5. Xətai Rayon Məhkəməsinin 2(011)-2053/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi, maddi və mənəvi zərər” tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir.

6. Həmin qərardaddan iddiaçı tərəfindən verilmiş şikayət Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

7. İşə apellyasiya icraatında baxılarkən, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4091/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə Ali Məhkəmə tərəfindən “məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığına dair iddianın mümkünlüyü ilə bağlı mübahisəli hüquqi məsələ üzrə” məhkəmə aktı qəbul edilənə qədər hazırkı iş üzrə icraat dayandırılmışdır.

8. Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 01/2024 nömrəli, 23 fevral 2024-cü il tarixli qərardadı qəbul edilmiş, hazırkı iş üzrə icraat da təzələnmişdir.

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır.

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

11. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli və mahiyyəti üzrə baxılması üçün iş materialları həmin məhkəməyə göndərilməlidir.

12. Belə ki, mülki iş üzrə icraata xitam verən rayon məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı məhkəmədən Bakı şəhər 2 saylı “Asan xidmət” mərkəzinin notariat ofisində 7E-24097 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli ərizənin - əqdin etibarsız hesab edilməsini, o cümlədən, Cavabdeh tərəfindən İddiaçı vurulmuş maddi zərərə görə 2000 (iki min) manat, mənəvi zərərə görə 5000 (beş min) manat məbləğində pulun tutulub iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbindən də görünür ki, iddiaçının əsas və törəmə tələbləri mövcuddur. İddiaçının əsas tələbi - Bakı şəhər 2 saylı “Asan xidmət” mərkəzinin notariat ofisində 7E-24097 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli ərizənin - əqdin etibarsız hesab edilməsi tələbidir. Maddi və mənəvi ziyanla bağlı tələbləri isə törəmə tələblərdir. Belə ki, iddiaçının maddi və mənəvi ziyanla bağlı tələbləri məhz əsas tələbdən asılıdır.

13. Əqdin etibarsızlığının mübahisələndirilməsi zamanı ilk növbədə həmin əqdin mülki qanunvericiliklə müəyyən edilmiş əqd anlayışının tələblərinə cavab verməsi, yəni mülki hüquqi anlamda əqd olub-olmaması aydınlaşdırılmalıdır. Mülki hüquq doktorinasında və mülki qanunvericilikdə hər hansa hərəkətin əqd kimi hüquqi qiymətləndirilməsi üçün dörd əsas xarakterik əlaməti özündə birləşdirməli olduğu qeyd edilir: hərəkət qanuna uyğun olmalı; könüllü iradə ifadəsi olmalı; müəyyən məqsədə istiqamətlənməli (mülki münasibətin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilməli); hüquqi nəticə yaratmalıdır. Mülki qanunvericilikdə əqdə verilmiş anlayışdan da görünür ki, əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş iradə ifadəsidir (MM 324). Başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur (MM 325).

14. MPM-in 52.1-ci maddəsində qeyd edilir ki, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. İddiadan imtina iddiaçının icraata xitam verməyə yönəlmiş prosessual hərəkətidir. İddiadan imtinanın yazılı formada ifadə edilməsi müxtəlif yollarla həyata keçirilə bilər. İddiadan imtina iddiaçı tərəfindən məhkəməyə təqdim edilən və məhkəmə iclasının protokolunda göstərildiyi kimi iş materiallarına əlavə edilən ayrıca sənəddə (ərizədə) qeyd edilə bilər və ya məhkəmə iclasında şifahi bəyan edilə, məhkəmə iclasının protokoluna daxil edilə və iddiaçı tərəfindən imzalana bilər. İddiadan imtina ərizəsi mülki hüquq münasibəti yaratmır. İddiadan imtina ərizəsi prosessual hərəkətdir, onun digər tərəfə çatması ilə etibarlılıq əlamətini qazanmır, yəni hüquqi nəticə yaratmır. Belə ki, MPM-in 52.5-ci maddəsinin tələbinə əsasən iddiadan imtina ərizəsi məhkəməyə təqdim edildikdən sonra, iddiadan imtina ərizəsinin qanuna zidd olub-olmaması və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması halları məhkəmə tərəfindən yoxlanılır. Sadalanan hallar mövcud olarsa, məhkəmə iddiadan imtina ərizəsini qəbul etməyərək mübahisəyə mahiyyəti üzrə baxır. Göründüyü kimi iddiadan imtina ərizəsi əqdin əlamətlərindən biri olan hüquqi nəticə yaratmaq, o cümlədən MM-in 325-ci maddəsində qeyd edilən “Birtərəfli iradə ifadəsinin etibarlığı - başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur” əlamətinə cavab vermir. Çünki iddiadan imtina hər bir halda məhkəmə qərardadı ilə rəsmiləşir. İddiadan imtina (ərizəsi) mülki prosessual münasibətlər zəmnində yaranan prosessual hərəkətdir və mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəlməmişdir. Mülki prosessual münasibətlər şəxsin hüquqlarının pozuluduğunu hesab etdiyi zaman onun məhkəməyə müraciəti ilə başlayır və müvafiq məhkəmə qərarının qüvvəyə minməsi ilə sona yetir.

15. Məhkəmə Kollegiya rayon məhkəməsinin mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd edir.

16. Belə ki, Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının “Məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 01/2024 nömrəli, 23 fevral 2024-cü il tarixli qərardadının 37-ci bəndinə əsasən, hətta məhkəmə ona təqdim olunan razılaşmanı təsdiqləməkdən imtina etsə, tərəflər öz iradələri (iddiadan imtina, iddia ərizəsinin baxılmamış saxlanılması və s.) ilə mülki prosesi sonlandırmaqla həmin saziş üzrə münasibətlərini davam etdirməkdə sərbəstdirlər (dispozitivlik prinsipi).

17. Qərardadın 52-ci bəndinə görə, barışıq sazişinin iradə zədələnməsi və digər səbəblərdən etibarsız olması ilə bağlı dəlillərin məhkəmə qərardadından verilən şikayət çərçivəsində araşdırılması da hüquqi baxımdan mümkün deyil.

18. Çünki şikayət icraatı ancaq məhkəmə aktına qarşı istifadə oluna bilən prosessual yoldur. Barışığın təsdiq edilməsi və işə xitam verilməsi prosessual fəaliyyət olduğu üçün bu barədə qərardaddan şikayət də prosessual səbəblərdən dolayı verilə bilər. Belə səbəblər dedikdə, prosessual hüquq qaydalarının yanlış tətbiq edilməsi nəzərdə tutulur. Ona görə də şikayət icraatında maddi hüquqi fakt olan barışıq sazişi deyil, onu təsdiqləyən və prosesi sonlandıran məhkəmə aktının prosessual tələblərə (xüsusən, bu qərarın 46-cı bəndində sadalanan şərtlərə) uyğun qəbul edilib-edilmədiyi yoxlanılır. Bu zaman tətbiq edilən hüququn prosessual normalar olması səbəbindən şikayətə baxan məhkəmənin araşdırma predmetini təsdiqetmənin MPM-ə uyğun aparılıb-aparılmaması təşkil edir. Odur ki, həmin araşdırma nəticəsində çıxarılan qərar barışıq razılaşmasının deyil, məhkəmə aktının qanuniliyinin yoxlanılması ilə bağlı olur. Əgər məhkəmə aktı prosessual qaydalara uyğun olmadan çıxarılmışsa, ləğv edilir. Bu halda mülki işin icraatı təzələnir, mübahisəyə yenidən baxılmasına prosessual imkan yaranır (bənd 53).

19. Beləliklə, məhkəmə tərkibi göstərilən hüquqi mövqelərə əsasən bu nəticəyə gəlir ki, məhkəmənin barışığı təsdiq və ya bundan imtina etməsi, yaxud qərardaddan şikayət verilməsi tamamilə prosessual hərəkətlərdir. Ona görə də qərardaddan şikayət verilərkən sazişi təsdiqləyən məhkəmə aktının prosessual tələblərə uyğun çıxarılmadığına istinad oluna bilər. Şikayət icraatında aparılan araşdırmanın həddi həmin dəlillər əsasında qərardadın yoxlanılması ilə məhdudlaşır (bənd 54).

20. Bu səbəbdən məhkəmə aktından şikayət vermək imkanı barışıq sazişinin özünün etibarsızlığına dair maddi hüquqi əsaslarla iddia qaldırmaq hüququna təsir etmir. Çünki barışıq razılaşması tərəflərin anlaşması ilə bağlanır və məhkəmənin bu barədə, yəni barışığın daxili tərəfinə dair verilmiş bir qərarı olmur. Barışığın daxili tərəfini təşkil edən razılaşma (saziş) ancaq maddi hüquq əsasında yoxlanıla bilər. Ona görə də iradəsi zədələnmiş, yaxud digər əsasla barışıq sazişinin etibarsızlığını irəli sürən şəxs, bu halların təsbit olunması üçün ayrıca iddia qaldırmaq hüququna malikdir. Belə iddiaya məhkəmə tərəfindən ümumi qaydada baxılmaqla barışıq razılaşmasının etibarsız sayılıb sayılmamasına hüquqi qiymət verilməlidir (bənd 55).

21. Həmin qərardadda qeyd edilir ki, məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsız sayılması barədə iddiaya əqdin etibarsızlığına dair qanunda nəzərdə tutulan ümumi əsaslarla baxıla bilər.

22. Bundan başqa, hazırkı mülki iş materiallarında olan Ali Məhkəmənin 2(102)- 1026/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, İddiaçı və qeyrilərinin cavabdehlər X1 və qeyrilərinə qarşı “yaşayış evinin qeydiyyatının ləğv edilməsi və sair” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5511/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərardadı ilə iddiaçıların iddialarından imtinası qəbul edilərək, iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İddiaçı B.Ağayevin həmin qərardaddan verdiyi kassasiya şikayəti Ali Məhkəmənin 2(102)-1026/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5511/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

23. Ali Məhkəmənin qeyd edilən 2(102)-1026/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarının 21-ci bəndində iddiaçının iddiadan imtinasına dair ərizəsinin birtərəfli əqd olması müəyyən edilmişdir (i/v 33).

24. Beləliklə, Kollegiya Ali Məhkəmə Mülki və Kommersiya kollegiyalarının “Məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 01/2024 nömrəli, 23 fevral 2024-cü il tarixli qərardadındakı hüquqi mövqeyi, eləcə də, Ali Məhkəmənin yuxarıda qeyd edilən 2(102)- 1026/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarının 21-ci bəndində iddiaçının iddiadan imtinasına dair ərizəsinin birtərəfli əqd olmasını nəzərə alaraq belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı “əqdin etibarsız hesab edilməsi, maddi və mənəvi zərər” tələbinə dair hazırkı iddiası iddiadan imtinaya dair birtərəfli əqdin mübahisələndirilməsi ilə bağlı olmaqla, əqdin etibarsızlığına dair qanunda nəzərdə tutulan ümumi əsaslarla baxıla bilər.

25. İddiaçı hazırkı tələbində Bakı şəhəri 2 saylı “Asan Xidmət” mərkəzinin notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2018-ci il tarixli ərizəsinin etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. Həmin ərizə ilə o, məhkəmənin icraatında olan iddiasından imtina etdiyini bildirmişdir. İddiaçı bu icraatda həmin ərizənin etibarsız olması barədə tələb irəli sürərək, həmin ərizənin həqiqiliyini mübahisələndirmiş və bunu yazdığı ərizənin mahiyyəti barədə aldadıldığı ilə əsaslandırmış və müvafiq sübutlar təqdim etmişdir. İddiaçının mübahisələndirdiyi həmin ərizə məhkəmə qətnaməsi ilə yaşadığı mənzilə tanınan hüququndan imtinanı və həmin mənzilin başqa şəxsin mülkiyyətinə keçməsinin əsasını təşkil edir. Başqa sözlə desək, iddiaçıya aid mənzilin hüquqi taleyinin həlli məhz iddiaçının mübahisələndirdiyi həmin ərizənin onun iradə ifadəsi olub-olmamasından birbaşa asılıdır. Demək ki, iddiaçının mübahisələndirdiyi ərizə MM-in 324.1-ci maddənin tələbləri baxımından birtərəfli əqddir, MM-in 337-339-cu maddələrinə əsasən isə əqdlər, o cümlədən də birtərəfli əqdlər mübahisələndirilə bilər.

26. Bu baxımdan, rayon məhkəməsinin həmin ərizənin yalnız prosessual sənəd olub, hər hansı maddi hüquqi əhəmiyyət kəsb etməməsi barədə gəldiyi qənaəti asaslı sayıla bilməz. Nəzərdən qaçırmaq olmaz ki, prosessual qaydaların güddüyü başlıca məqsəd maddi hüquqların müdafiə və təmin edilməsindən ibarət olmaqla, həmin hüquqların reallaşmasının üsul və qaydasını nizama salır, başqa sözlə, əsas məqsəd olan maddi hüquqların təmininə xidmət edir. Belə olan halda məlum olur ki, iddiadan imtinaya dair ərizəni hər hansı maddi hüquqi nəticələr doğurmayan, yalnız prosessual hərəkət olaraq qiymətləndirilməsi doğru deyildir.

27. Məhkəmə kollegiyası xüsusi olaraq onu da nəzərə çatdırır ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-5511/2018 nömrəli qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayət təmin edilmiş, hazırkı iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4311/2022 nömrəli, xx.xx.2022-ci il tarixli eyni əsasla iş üzrə icraata xitam verilməsi bartədə qərardadı ləğv olunmuş və mülki iş məhz mahiyyəti üzrə baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilmişdir.

28. MPM-in 399-cu maddəsində apellyasiya instansiyası məhkəməsinin göstərişlərinin məcburiliyi təsbit olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin göstərişlərinin məcburiliyi Birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir.

29. Beləliklə də, artıq yuxarıda qeyd olunduğu kimi, rayon məhkəməsi hazırkı mülki iş üzrə MPM-in 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata, həm də apellyasiya instansiyası məhkəməsinin məcuri göstərişinə baxmayaraq, təkrarən xitam verməkdə haqlı olmamış, nəticədə prosessual hüquq normasının tələblərini pozmuşdur.

30. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli və mahiyyəti üzrə baxılması üçün iş materialları həmin məhkəməyə göndərilməlidir.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.

32. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyrimümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.

33. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

34. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402, maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

qərara aldı:

İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Xətai Rayon Məhkəməsinin 2(011)-2053/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin və mahiyyəti üzrə baxılması üçün iş materialları Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar