Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1285/2023 10.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-nə qarşı mülki iş üzrə (Açar sözlər: borcun silinməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Cavabdeh İB-nin nümayəndəsi Əliyev Rəşad Vaqif oğlunun iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4610/2022 nömrəli, 05 avqust 2022-ci il tarixli qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi. İşin halları
1. İş materiallarından görünür ki, ünvan 1 ünvanında quraşdırılmış qaz sayğacı Mahmud-Zadə Rahilə Məmməd qızının adınadır. Mahmud-Zadə Rahilə Məmməd qızı 2011-ci ildə vəfat etmişdir. Hazırda Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa əsasən, həmin yaşayış evi İddiaçı adınadır. Həmin ünvanda quraşdırılmış qaz sayğacına məxsus Gasrep vərəqindən görünür ki, abonenetin cari borcu 5737,6 manatdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdehnə qarşı – Cavabdeh tərəfindən əsassız olaraq hesablanmış 5737,60 manat borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
3. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçının yaşadığı ünvan 1 ünvanında quraşdırılmış qaz sayğacı Cavabdeh nümayəndələri tərəfindən dəyişdiridikdən sonra iddiaçıya 5737,60 manat cərimə hesablanaraq həmin cəriməni ödəməli olduğu bildirilmişdir. İddiaçı təbii qazdan qeyri-qanuni istifadə etmir və sayğaca dair cavabdehliyi o, daşımır. Buna baxmayaraq həmin ünvanda təbii qazdan istifadəyə görə yaranmış borcları iddiaçı aybaay gecikdiirlmədən ödəmiş və qaz sayğacına hər hansı kənar müdaxilə etməmişdir. Cavabdeh saldosuna əsasən iddiaçının ünvanı üzrə tərtib olunan akt üzrə qaz sərfiyyatına və sayğacın sərfiyyatına görə borc hesablanmışdır. Həmin borc əsassızdır və iddiaçı borcun məhkəmə tərəfindən silinməsini xahiş etmişdir.
4. Birinci instansiya məhkəməsində iş üzrə yerli baxış təyin edilmiş və ünvan 1 ünvanında İddiaçı məxsus fərdi yaşayış evinin yerləşdiyi ünvanda təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar qoşulma halı, eləcə də qoşulmaya xarakterik əlamətlər aşkar edilməmişdir.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4610/2022 nömrəli, 05 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim Lalə Rəhimli) iddianın təmin edilməsi, ünvan 1 ünvanı (Abonent kodu: **********00230) üzrə hesablanmış 5737,60 (beş min yeddi yüz otuz yeddi manat altmış qəpik) manat məbləğində borcun silinməsi, 77,38 (yetmiş yeddi manat otuz səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.4, 6.5, 6.6, 6.7-ci bəndlərinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən Cavabdeh İB apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirdiyi qətnamənin ləğv edilməsinə əsasdır. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş, daha sonra həmin Akt əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə təsdiq edilmişdir. Həmin Tələbnamələrə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həçminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Müvafiq olaraq hesablanmış 5737.60 manat dəymiş ziyan könüllü ödəməsi üçün abonentin istehlakçı hesabına yerləşdirilmişdir. Göründüyü kimi, iddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməklə cavabdehə ziyan vurmuşdur. Lakin 1-ci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində kobud səhvə yol vermişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh İB-nin nümayəndəsi Əliyev Rəşad Vaqif oğlu apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, ekspert rəyi ilə razıdır. Birinci instansiya məhkəməsi tərəfindən borc məbləği hissəsində araşdırma apararkən səhvə yol vermişdir. Belə ki, iddiaçı iddia ərizəsində 5737.60 manat borcun silinməsi tələbi irləi sürülmüş və ona əsassız borc yazıldığını qeyd etmişdir. Halbuki, dəymiş ziyan məbləğ 4 akt üzrə 4032 manat təşkil etmişdir. Qeyd edilən məbləğin 1705.60 manat hissəsi şəxsin debitor borcudur və bu mübahisələndirilməməlidir. İşin bu hissəsi nəzərdə qaçırılmışdır. Eyni zamanda ekspert rəyi də bir daha təsdiq edir ki, istehlakçı sayğacdan kənar xəttlə qazadan istifadə etmiş və nəticədə Cavabdeh İB-yə ziyan vurmuşdur.
11. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş İddiaçı məhkəmənin iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın
12. 6.4-cü bəndinə əsasən, qazlaşdırılmış obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildiyi günədək qazdan istifadəyə görə olan borcunu ödəməli, qaz paylayıcısından borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) qazın alqısatqısına dair yeni müqavilənin bağlanılması üçün qaz paylayıcısına 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən başlayaraq, 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə qaz paylayıcısı arasında müqavilə bağlanılmalıdır.
13. 6.5-ci bəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
14. 6.6-cı bəndinə əsasən, qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qeyd edilən Qaydaların 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
15. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
17. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
18. Maddə 384.0.2 qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
19. Maddə 385 maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
22. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4610/2022 nömrəli, 05 avqust 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh İB-nə qarşı borcun silinməsi tələbinə dair iddiası təmin edilməməlidir.
24. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
25. Hazırkı halda iddiaçı iddia ərizəsində Cavabdeh tərəfindən əsassız olaraq hesablanmış 5737,60 manat borcun silinməsini tələb edir.
26. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərəkən qənaətini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçının yaşadığı ünvanda qaz sayğacından kənar xətt aşkar olduğuna görə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 5737,60 manat məbləğində borc iddiaçıdan tələb edilmiş, lakin göstərilən hal məhkəmə araşdırılması zamanı və ünvana keçirilmiş yerli baxış nəticəsində öz təsdiqini tapmamışdır.
27. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, qaydalara uyğun olaraq cavabdeh tərəfindən ilk dəfə kənar xətt aşkar olunduqda onu ləğv etmək vəzifəsi cavabdehin üzərinə düşür. Məhkəmə aktları qanunsuz hesab edərək, həmin aktlar əsasında hesablanmış borcu əsassız sayır.
28. Məhkmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmır və qeyd edir ki, iddiaçının özünün birinci instansiya məhkəməsinə təqdim etdiyi sənədlər toplusuna qaz xəttinin fotoşəkilləri əlavə edilmişdir. Həmin fotoşəkillərdə (onların üzərində olan qeydlərə əsasən fotoşəkillər müxtəlif tarixlərdə çəkilmişdir) qaz xəttinin üzərində xəttdən kənar birləşdirilmələrin olması açıq aydın görünür.
29. Kollegiya qeyd edir ki, həmçinin birinci instansiya məhkəməsi tərəfindən borc məbləğinin müəyyən edilməsi hissəsində səhvə yol vermişdir. Belə ki, iddiaçı iddia ərizəsində 5737.60 manat borcun əsassız tərtib edilmiş əktlar əsasında hesablandığını qeyd edərək silnməsi tələb etsə də, iş materiallarında olan “abonenet saldosundan” görünür ki, cavabeh təşkilat tərəfindən dəymiş ziyan məbləğ 4 akt üzrə ümumilikdə 4032 manat təşkil etmiş, qalan məbləğ, yəni 1705.60 manat hissəsi şəxsin debitor borcu olmuşdur.
30. Birinci instansiya məhkəməsi cavabdeh təşkilat tərəfindən tərtib olunmuş aktların əsassızlığı qənaətinə gəlsə də, təqdim olunmuş fotoşəkilləri araşdırmamış, orada əks olunmuş halları, o cümlədən fotoşəkillərin iddiaçının istifadəsində olan yaşayış sahəsinə və mübahisəli dövrə aid olmasını tərəflərlə müzakirə etməmiş, onların iş üzrə sübut əhəmiyyətinə malik olub-olmamasına hüquqi qiymət verməmişdir.
31. Apellyasiya icraatı zamanı qeyd edilən halların araşdırılması məqsədi ilə məhkəmə-trasoloji ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 aprel 2023-cü il tarixli, 3/363 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, ünvan 1 ünvana baxış geçirilmiş və tədqiqata təqdim edilən bornun bir-birənə birləşmə sahələrində qaynaq izləri aşkar edilmişdir. Həmçinin təqdim edilən borunun üzərində hər hansı müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz aşkar edilmişdir.
32. Göründüyü kimi, iddiaçı tərəfindən ona məxsus ünvan 1 ünvanıda yerləşən (Abonent kodu: **********00230) mənzildə sayğacdan kənar qaz xəttinə qoşulması faktı təsdiq edilmişdir ki, bu halda tərtib edilmiş 4 aktın əsassız olmasından söhbət gedə bilməz.
33. İş materiallarında olan aktlarla istehlakçının təqsirli hərəkətləri nəticəsində cavadeh təşkilata 4032 manat dəymiş zərərin məbləği müəyyən edildiyindən iddiaçının iddia tələbi əsassızdır və ziyanın əvəzi iddiaçı tərəfindən ödənilməlidir.
34. Həmçinin qeyd edillməlidir ki, abonenet saldosundan görünür ki, silinməsi tələb edilən qalan məbləğ, yəni 1705.60 manat qaz paylayıcısı tərəfindən sayğacının göstəricilərinə əsasən hesablanmışdır. Həmin məbləğ iddiaçı tərəfindən istifadə edilmiş qaz sərfiyyatına görə yaranmış debitor borcu olduğundan hazırkı mübahisənin predmetini təşkil edə bilməz və iddiaçı tərəfindən həmin məbləğ tam ödənilməlidir.
35. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
36. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Bu baxımdan da, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilmə bilməz.
37. Beləliklə məhkəmə kollegiyası qeyd edilənlər üzrə dəyərləndirmə apararaq hesab edir ki, apellyasiya şikayəti əsaslı hesab edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbləri təmin edilməməlidir.
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
39. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
40. Kollegiya hesab edir ki, hazırkı halda iddia tələbi rədd edildiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
41. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 aprel 2023-cü il tarixli, 3/363 nömrəli məktubundan görünür ki, aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat təşkil etmişdir.
42. Kollegiya hesab edir ki, hazırkı halda iddia tələbi rədd edildiyindən iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 65 (altmış beş) manat İddiaçıdan tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.
43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh İB-nin apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4610/2022 nömrəli, 05 avqust 2022ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh İB-nə qarşı borcun silinməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 65 (altmış beş) manat İddiaçıdan tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.