Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1290/2023 02.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı mülki iş üzrə (Açar sözlər: aktın etibarsız hesab edilməsi və borcun silinməsi) Bakı şəhəri, 02 fevral 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın etibarsız hesab edilməsi və borcun silinməsi” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3002/2022 saylı, 01 noyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Sovxozu sahəsində yerləşən 0001 nömrəli evin, 0194 nömrəli mənzili (fərdi yaşayış evi) iddiaçının istifadə və sahibliyindədir. İddiaçı ilə cavabdeh arasında bağlanmış müvafiq müqaviləyə əsasən həmin ev cavabdeh tərəfindən elektrik enerjisi ilə təchiz edilmiş və iddiaçıya **********10194 nömrəli abonent kodu verilməklə, ötürülən elektrik enerjisinin hesablanması məqsədi ilə evin xarici tərəfində müdaxilə imkanı olmayan elektrik lövhəsində elektrik sayğacı quraşdırılmışdır.
2. Cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən həmin sayğaca keçirilmiş baxış nəticəsində xx.xx.2022-ci il tarixdə, NDM seriyalı, 029415 nömrəli və onun əsasında xx.xx.2022-ci il tarixli akt tərtib edilmişdir. Aktda sayğacın “A” faza xəttindən axan yükü qeyd etmədiyi, fərdi yaşayış evinə məxsus elektrik sayğacının dövlət möhürünün və alt örtük qapağının möhüründə müdaxilə izlərinin olduğu, sayğacın “A” fazasına quraşdırılmış uzaqdan idarə olunan qurğunun (gerkon) aşkar olunduğu göstərilmiş, həmçinin, sayğacın yenisi ilə əvəz edilməsi, çıxarılmış sayğacın bütün parametrlərinə laboratoriya şəraitində rəy verilməsi barədə göstəriş əks olunmuş, habelə hesablama aparılmaqla 1.379,17 manat məbləğində maddi zərərin vurulduğu təsbit edilmişdir.
3. İş materiallarında olan və birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş 1 ədəd CD diskdə əks olunmuş görüntülərə əsasən iddiaçının ünvanında quraşdırılmış sayğaca birinci bir nəfər şəxs tərəfindən bir müddət ərzində baxış keçirilir, həmin şəxs getdikdən bir müddət sonra üç nəfər şəxs yaxınlaşaraq yenidən iddiaçının ünvanına quraşdırılmış sayğaca baxış keçirir və mobil telefon vasitəsi ilə video çəkiliş aparır.
4. İş materiallarında olan (tərəflər həmin görüntülərlə tanışdır) 1 ədəd CD diskdə əks olunmuş videogörüntülərə əsasən iddiaçının ünvanına quraşdırılmış sayğaca bir nəfər şəxs tərəfindən bir ədəd kiçik ölçülü aparat vasitəsilə baxış keçirilir, həmin şəxs baxış vaxtının xx.xx.2022-ci il tarixdə olmasını bildirərək sayğac məlumatlarını yoxlayır və sayğacın “A” faza xəttindən keçən yükün qeyd etmədiyini, sayğacın dövlət möhürünə və alt qapaq möhürünə müdaxilə olduğunu qeyd edir.
Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, NDM seriyalı, 029415 nömrəli aktın etibarsız hesab edilməsi və onun abunə hesabına (abonent kodu 0**********10194) hesablanmış 1.379,17 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC tərəfindən ünvan 1 ünvanı üzrə **********10194 saylı abonent hesabına qanunsuz və əsassız olaraq 1.379,17 manat məbləğində borc hesablanmışdır. Həmin ünvanda işıq ödənişləri tam vaxtında ödənilmiş və hər hansı kənar müdaxilə olmamışdır. Lakin buna baxmayaraq, əsassız olaraq borc hesablanmışdır. Sayğacda pozuntu halının məhz istehlakçı tərəfindən yarandığına dair hər hansı mötəbər sübut yoxdur. Ona görə də, göstərilən qüsura görə abonentin məsuliyyət daşıdığı müəyyən oluna bilməz. Belə məsuliyyət olmadığı halda isə həmin akta əsasən abonentə əlavə ödəniş hesablana bilməz. Mənzildən kənarda quraşdırılmış sayğacın qüsurlarına görə məsuliyyət enerji təchizatı müəssisəsinin üzərindədir.
7. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3002/2022 saylı, 01 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, "xxxx" ASC tərəfindən cavabdeh İddiaçı barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, NDM seriyalı, 029415 nömrəli aktın etibarsız hesab edilməsi, "xxxx" ASC tərəfindən cavabdeh İddiaçı məxsus abunə hesabına (abonent kodu 0**********10194) hesablanmış 1.379,17 manat məbləğində borcun silinməsi, "xxxx" ASC-dən 33,79 manat məbləğində dövlət rüsumunun alınaraq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim X3).
8. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, xx.xx.2022ci il tarixli, NDM seriyalı, 029415 nömrəli aktın tərtib edilməsinə əsas olmuş hallar müəyyən edilmədiyindən və həmin akt qanunvericilikdə nəzərdə tutulmuş qaydada tərtib edilmədiyindən etibarsız hesab edilməli və həmin akt əsasında iddiaçının abonent hesabına hesablanmış 1.379,17 manat məbləğində borc silinməlidir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 217.4-cü maddələrinə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”na istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 28 iyul 2022-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları abonent İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına (abonent kodu 0**********10194) baxış keçirmiş, baxış zamanı sayğacın qoşulma sxeminin səhv olduğu və kənar mənbədən 0 xətti verməklə sayğacın dövrədən kənarlaşdırıldığı aşkar edilmişdir. Aşkar olunmuş faktla bağlı cəmiyyətin əməkdaşları tərəfindən NDM seriyalı, 029415 saylı akt tərtib edilmiş və bu barədə abonentə məlumat verilməsinə baxmayaraq, aktın tərtib edilməsində abonent və ya onun nümayəndəsi iştirak etməmişdir. Bu səbəbdən də "xxxx" ASC-nin əməkdaşları tərəfindən EEİQ-nin tələblərinə uyğun olaraq aşkar edilmiş pozuntu faktı videoçəkiliş vasitəsi ilə qeydə alınmışdır. "xxxx" ASC-nin Akt komissiyasının Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərə dair qərarına əsasən itirilmiş elektrik enerjisinin dəyəri 1.379,17 manat məbləğində müəyyən edilməklə abonentin 0**********10194 nömrəli abunə haqqında məlumatına daxil edilmiş və yaranmış borcun ödənilməsi üçün abonentin ünvanına müvafiq bildiriş göndərilmişdir. Hesab edirlər ki, qeyd edilən akt qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş və akta əsasən hesablanmış itirilmiş elektrik enerjisinin dəyəri iddiaçı tərəfindən ödənilməlidir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
13. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, təmin edilməsini xahiş etdi.
14. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə apellyasiya şikayətinə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanunun 11-ci maddəsinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi istilik enerjisinin dəyərini sayğacın göstəricilərinə (sayğac yalnız binanın istilik şəbəkəsinə qoşulma nöqtəsində quraşdırıldığı halda isə bu Qanunun 11-ci maddəsinin birinci hissəsində göstərilən istilik enerjisindən istifadə qaydalarına) əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik və istilik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik və istilik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.. “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir; 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1-ci maddəsinə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın: 1.1-ci bəndinə əsasən elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrikqəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxsdir. Abonent (əsas istehlakçı) - elektrik qurğuları enerjitəchizatı müəssisəsinin şəbəkələrinə qoşulmuş və elektrik enerjisinin alqı-satqı müqaviləsini enerjitəchizatı müəssisəsi ilə bağlayan istehlakçıdır. Məişət abonenti (əhali) - yaşayış binalarının mənzillərində, yataqxanalarda, yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır; 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçınmın, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir; 7.7-ci bəndinə əsasən bu Qaydaların 7.4-cü, 7.5-ci və 7.6-cı (məişət abonenti istisna olmaqla) bəndlərində göstərilən hesablaşma elektrik sayğaclarının, həmçinin hesablaşma elektrik sayğaclarını (ölçü transformatorları vasitəsilə qoşulduqda) qidalandıran ikinci dövrələrin və ölçü transformatorlarının qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə cavabdehlik onların quraşdırıldığı elektrik qurğusunun (elektrik naqilinin) mülkiyyətçisinin üzərinə düşür; 7.10-cu bəndinə əsasən yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki istismarda olan hesablaşma elektrik sayğacları enerji təchizatı müəssisəsinin vəsaiti hesabına çıxarılaraq, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında quraşdırılmalıdır. Yeni yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin elektrik sayğacları yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır; 7.11-ci bəndinə əsasən yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur; 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz; 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir; 8.17-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır; 8.17-1-ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır; 8.17-2-ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.
Apellyasiya baxışının hədləri
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
16. Hazırkı apellyasiya şikayətində qətnamənin tam ləğv olunması və iddianın rədd edilməsi xahiş olunduğundan, qətnamə bütövlüklə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.
18. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, bu sahəni tənzimləyən qanunvericilikdə hesablaşma elektrik sayğaclarının quraşdırılması, onların işlək vəziyyətdə saxlanılmasına nəzarət edilməsi, istehlakçı, o cümlədən məişət abonenti tərəfindən həmin sayğaclarının zədələnməsi (plombun qoparılması, baxış şüşəsinin sındırılması, gövdəsinin zədələnməsi və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), habelə sayğacdan kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulması hallarının müəyyən edilməsi, rəsmiləşdirilməsi, zərərin hesablanması, eyni zamanda istehlakçının bu prosesə cəlb edilməsi qaydası təsbit edilmişdir. Bununla belə, bu işlərin görülməsini təmin edən, o cümlədən sayğacın işlək vəziyyətdə saxlanılmasına və elektrik enerjisindən düzgün istifadə edilməsinə nəzarət edən enerji təchizatı müəssisəsinin əməkdaşları bu sahədə hər hansı pozuntular aşkar etdikdə bunun səbəblərini qanunvericiliyin tələblərinə uyğun araşdırmalı və rəsmiləşdirməlidir. Bu zaman pozuntular bilavasitə istehlakçının təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində yaranmasını sübut etmək vəzifəsini də məhz enerji təchizatı müəssisəsi daşıyır. Əks halda, pozuntunun istehlakçı tərəfindən yol verilməsinə dair aparılmış hər hansı rəsmiləşdirmə hüquqi nəticə etibarı ilə etibarsız, bunun nəticəsi olaraq, istehlakçıya hesablanmış zərər məbləği isə əsassız olacaqdır.
19. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Sovxozu sahəsində yerləşən 0001 nömrəli evin, 0194 nömrəli mənzili (fərdi yaşayış evi) iddiaçının istifadə və sahibliyindədir. İddiaçı ilə cavabdeh arasında bağlanmış müvafiq müqaviləyə əsasən həmin ev cavabdeh tərəfindən elektrik enerjisi ilə təchiz edilmiş və iddiaçıya **********10194 nömrəli abonent kodu verilməklə, ötürülən elektrik enerjisinin hesablanması məqsədi ilə evin xarici tərəfində müdaxilə imkanı olmayan elektrik lövhəsində elektrik sayğacı quraşdırılmışdır. Cavabdehin əməkdaşları tərəfindən həmin sayğaca keçirilmiş baxışın nəticəsi olaraq xx.xx.2022-ci il tarixdə tərtib edilmiş NDM seriyalı, 029415 nömrəli aktda sayğacın “A” faza xəttindən axan yükü qeyd etmədiyi, fərdi yaşayış evinə məxsus elektrik sayğacının dövlət möhürünün və alt örtük qapağının möhüründə müdaxilə izlərinin olduğu qeyd edilmiş və iddiaçıya 1.379,17 manat zərər məbləği hesablanmışdır. Bununla belə, sayğacda aşkar edilmiş pozuntuların iddiaçı tərəfindən yol verilməsi qənaətinə gəlinməsinə baxmayaraq, cavabdehin əməkdaşları tərəfindən bu barədə aktın tərtib edilməsində iddiaçının iştirakının təmin edilməsi üçün ümumiyyətlə hər hansı tətbir görülməmiş və aktda əsassız olaraq “mənzildən çıxan olmadı” məzmunlu qeyd aparılmışdır. Bu hal iş materiallarında olan CD diskdə əks olunmuş görüntülərlə də öz təsdiqini tapır. Nəticədə iddiaçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaq və ya onu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququndan məhrum edilmişdir. Digər tərəfdən aktda sayğacın bütün parametrlərinə laboratoriya şəraitində rəy verilməsi göstərişi əks olunsa da, bu göstərişə də əməl edilməmiş və sayğacın laboratoriya şəraitində müayinə edilməsi təmin edilməmişdir. Hüquqi nəticə etibarı ilə elektrik enerjisindən istifadə edilməsi, o cümlədən sayğacın fəaliyyəti ilə bağlı aşkar edilmiş pozuntular bu sahəni tənzimləyən qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmiləşdirilməmiş, bu prosesdə iddiaçının iştirakı təmin edilməmişdir. Bu səbəbdən aktın tərtib edilməsinə əsas olmuş halların məhz iddiaçının təqsiri nəticəsində baş verməsi sübuta yetirilmiş kimi qəbul edilə bilməz. Məhkəmə tərəfindən aparılmış araşdırma zamanı da belə bir hal müəyyən edilməmişdir. Bu da öz növbəsində iddiaçı barəsində tərtib edilmiş aktın etibarsız hesab edilməsini, habelə akta əsasən hesablanmış zərər məbləğinin silinməsini şərtləndirir. Eyni zamanda, nəzərə alınmalıdır ki, elektrik enerjisindən elektrik sayğacdan kənar istifadə edilməsi, həmin dövrlərdə sərfiyyatın az olması ilə nəticələnməlidir. Lakin iddiaçıya aid abunə haqqında hesabdan çıxarış məlumatlarına əsasən son bir neçə il, o cümlədən aktın tərtib edildiyi aydan əvvəlki bir neçə ay ərzində təxminən eyni həcmdə (xx.xx.2022-ci il – 20,80 manat, xx.xx.2022-ci il – 18,16 manat, xx.xx.2022-ci il tarixdə - 16,96 manat, xx.xx.2022-ci il tarixdə - 22,48 manat) sərfiyyat qeydə alınmışdır. Əksinə, aktın tərtib edildiyi ayda sərfiyyat əvvəlki iki aya münasibətdə daha yüksək olmuşdur. Bu halın mövcudluğu da öz növbəsində iddiaçının elektrik sayğaca müdaxilə etməsini, elektrik enerjisindən sayğacdn kənar istifadə etməsini, habelə sayğacın zədələməsini istisna edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın qiymətini nəzərə almaqla hazırki mülki iş üzrə ödənilməli olan dövlət rüsumunun məhz 33,79 manat məbləğində müəyyən edilməsi və iddiaçının istehlakçı olaraq dövlət rüsumunu ödəməkdən azad edildiyindən həmin məbləğdə dövlət rüsumunun cavabdehdən tutularaq dövlət gəlirlərinə alınması barədə qənaəti ilə də razılaşır.
20. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır.
21. Hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğundan və aktın etibarsız hesab edilməsi nəticəsində məhz beş min manatdan az məbləğ silindiyindən qətnamədən kassasiya şikayəti verilə bilməz.
22. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ: . Cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3002/2022 saylı, 01 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.