Məhkəmə qərarları › İş №2(103)-1291/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1291/2023

27.03.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1291/2023 27.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X6 (3-cü şəxs qismində Bakı şəhəri 9 saylı notariat ofisi işə cəlb olunmaqla) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və mənzilin ipotekadan azad edilməsi” tələbinə dair iddia ərizəsi üzrə (Açar sözlər: iddia ərizəsi baxılmamış saxlanılmışdır) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X11 (sədrlik edən və məruzəçi), Eyvazov Rafael Əmir oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi Cavabdeh1 iştirakı ilə, İddiaçı X6 (3-cü şəxs qismində Bakı şəhəri 9 saylı notariat ofisi işə cəlb olunmaqla) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və mənzilin ipotekadan azad edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1064/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilən apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi, ev 77, giriş 2, 97 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə X6 adına qeydiyyata alınmışdır.

2. xx.xx.2019-cu il tarixdə Bakı şəhəri 53 notariat ofisində 7E6513 reyestr nömrəli etibarnamədən görünür ki, X3 Zabil Bəhrəm oğluna ona məxsus bütün əmlaka dair sərəncam vermək, satmaq, bağışlamaq, dəyişmək, ipoteka (girov) qoymaq, pulunu almaq, buna dair müqaviləni imzalamaq, adından ərizə vermək və digər hərəkətlər etmək məzmununda səlahiyyətlər vermisdir. Etibarnaməni savadsız olduğu səbəbindən X6 tapşırığı ilə X13 mzalayıb.

3. Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən təsdiq edilmiş 13 iyul 2019-cu il tarixli, 3M-835 reyestr nömrəli Kredit müqaviləsindən görünür ki, borc verən” Cavabdeh1 “borc alan” Cavabdeh2 xx.xx.2019-cu il tarixədək 140000 manat məbləğində pul borc vermişdir.

4. Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən təsdiq edilmiş, “ipoteka saxlayan” Cavabdeh1, “ipoteka qoyan” X12 və “borc alan” Cavabdeh2 arasında bağlanmış 13 iyul 2019-cu il tarixli, 3M-836 reyestr nömrəli İpoteka müqaviləsindən görünür ki, “ipoteka qoyan” X12 (etibarnamə əsasında Cavabdeh3 Bəhrəm oğlu) mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 104.2 kv.m. olan mənzilini 3M-835 saylı Kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə “ipoteka saxlayan”ın xeyrinə ipoteka ilə yüklü etmişdir.

5. Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən verilmiş xx.xx.2020ci il tarixli, 8İ-28 saylı icra qeydindən görünür ki, xx.xx.2019-cu il tarixli 3M/835 reyestr saylı Kredit müqaviləsinə əsasən borc verən Cavabdeh1 borc alan Cavabdeh2 tutulacaq 140000 manat pul məbləğinə tutma xx.xx.2019-cu il tarixli 3M/836 reyestr saylı İpoteka müqaviləsinə əsasən ipoteka saxlayan Cavabdeh1 tələbi ilə X8 məxsus ipoteka predmeti olan ƏMDKnın yanında DƏDRX-nın Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş **********38-05301-093182 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 104,2 kv/m olan mənzildən ibarət əmlaka yönəldilmişdir.

6. "xxxx" MMC-nin hərracın yekunları haqqında Y-10 saylı, xx.xx.2021-ci il tarixli Protokolundan görünür ki, Bakı şəhəri 9 saylı notariat ofisinin xx.xx.2020-ci il tarixli, 8İ-28 saylı icra qeydinə əsasən X9 məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi, ev 77, giriş 2, 97 saylı mənzil ipoteka saxlayan X10 tərəfindən 108375 manata alınmışdır. X10 tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunmuşdur.

7. Daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi, ev 77, giriş 2, 97 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 adına qeydiyyata alınmışdır.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3571/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, iddia tələbi təmin edilərək, Cavabdeh2 iddiaçı Cavabdeh1 məxsus Bakı şəhəri, ünvan 3 ünvanda pasport qeydiyyatdan çıxarılması vəzifəsinin Bakı şəhər Səbail rayon Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.

İş üzə qəbul olunmuş məhkəmə aktları

9. İddiaçı X12 (3-cü şəxs qismində Bakı şəhəri 9 saylı notariat ofisi işə cəlb olunmaqla) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli, reyestrdə 3M-835 № ilə qeyd edilmiş Kredit Müqaviləsi və reyestrdə 3M-836 № ilə qeyd edilmiş eyni tarixli İpoteka Müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə üzrə ipoteka qoyulmuş Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən mənzilin ipotekadan azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, yaşlı olması və ayaqlarında ağrı olması ilə əlaqədar olaraq hərəkət etməsi çətin olduğundan, oğlu Cavabdeh3 xx.xx.2019-cu ildə etibarnamə vermişdir. Oğlu, yəni Cavabdeh3 bundan istifadə edərək, xx.xx.2019-cu ildə həyat yoldaşı cavabdeh X7 ilə birlikdə Cavabdeh1 140000 (yüz qırx min) manat borc pul götürərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi, ev 77, giriş 2, 97 saylı mənzili Cavabdeh1 xeyrinə ipoteka ilə yüklü etmişdir. X2 xx.xx.2019-cu il Kredit müqaviləsinə əsasən borc aldığı 140000 (yüz qırx min) manat pulu xx.xx.2019-cu il tarixə qədər qaytarmağı öhdəsinə götürür. Məlum olmuşdur ki, borcalan Cavabdeh2 borc verən A.B. Abasovaya borcunu qaytara bilmədiyindən, iddiaçı X6 mülkiyyətində olan mənzil Cavabdeh1 mülkiyyətinə keçmişdir. Bütün bu məsələlər xx.xx.2022-ci il tarixdə Cavabdeh1 icra məmuru S.Əhmədovla birlikdə iddiaçıya məxsus mənzilə gələrək mənzilin boşaldılması tələbini irəli sürərkən Suğra Həsənova bunu bilmişdir. Kredit Müqaviləsinin əsassızlığına dair birinci arqumenti ondan ibarətdir ki, borc götürülərkən iddiaçı X6 yuxarıda qeyd edildiyi kimi mülkiyyət hüququ pozulmuşdur. İşin faktiki hallarından da görünür ki, X5 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli Kredit Müqaviləsi üzrə müqavilədə qeyd edildiyi kimi, 140 000 (yüz qırx min) manat borc götürülmüşdür. Girov isə X9 məxsus mənzildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinə görə əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140 və 182-ci maddələrinin müddəalarına uyğun olaraq müəyyən edilir. Hesab edir ki, onlar arasında yazılı Kredit Müqaviləsi imzalanmasına baxmayaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumununun “M.Şahverdiyevanın şikayəti üzrə” xx.xx.2013-cü il tarixli qərarında bu məsələlərə aydınlıq gətirilmiş və birmənalı şəkildə göstərilmişdir ki, təmsilçi Cavabdeh3 özünün maraqlan daxilində deyil, X6 maraqlarından hərəkət etmək səlahiyyətləri verilmişdir. Yuxarıda qeyd etdiyi kimi, xx.xx.2019-ci il tarixli Kredit və İpoteka müqavilələri 9 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən təsdiq edilmiş Kredit Müqaviləsi reyestrdə 3M-835 №, İpoteka Müqaviləsi isə 3M-836 № ilə qeyd edilmişdir. Kredit Müqaviləsi və İpoteka Müqaviləsi mülkiyyətçini əlverişsiz vəziyyətə saldığından və iradə ifadəsini əks etdirmədiyindən etibarsız hesab edilməlidir.

11. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1064/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Bakı şəhəri 9 saylı notariat ofisində təsdiq olunmuş Bakı şəhəri, ünvan 5 ünvana dair X10, İddiaçı və Cavabdeh2 arasında bağlanmış 13 iyul 2019-cu il tarixli, 3M-836 reyestr nömrəli İpoteka müqaviləsinin etibarsız hesab edilməsi və həmin mənzilin ipotekadan azad edilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir.

12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə iclasında sübutların tədqiqi ilə kifayət qədər müəyyən olundu ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış 13 iyul 2019-cu il tarixli kredit müqaviləsi (əsas öhdəlik) Cavabdeh2 maraqlarına uyğun bağlanmışdır. Belə ki, bu müqavilədə borclu təmsil olunan X12 deyil, Cavabdeh2dır. Suğra Həsənovanın mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi, ev 77, giriş 2, 97 saylı mənzilə dair (öhdəliyi təmin edən) ipoteka müqaviləsi də onun etibarnaməsi əsasında Cavabdeh3 tərəfindən həyat yoldaşı Cavabdeh2 kredit müqaviləsi üzrə borc verən Cavabdeh1 qarşısında öhdəliklərinin təmin olunması üçün bağlanmışdır. X20 (təmsil olunan) verdiyi etibarnamədə Cavabdeh3 bu etibarnamə ilə onun maraqlarını üçüncü şəxslər qarşısında təmsil etmək və Cavabdeh3 özünün maraqları daxilində deyil, Suğra Həsənovanın (təmsil olunanın) maraqlarından hərəkət etmək səlahiyyəti vermişdir. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara qiymət verərək, belə nəticəyə gəlmişdir ki, iddia tələbi ipoteka müqaviləsinin etibarsız hesab edilməsi hissəsində əsaslıdır və ona görə də, təmin edilməlidir. İş materiallarından göründüyü kimi, cavabdehlər X10 ilə Cavabdeh2 arasında kredit müqaviləsi bağlanıb və “borc verən” Cavabdeh1 “borc alan” Cavabdeh2 xx.xx.2019-cu il tarixədək 140000 manat məbləğində pul borc vermişdir. İddiaçı tərəfindən kredit müqaviləsinin etibarsız hesab olunması barədə tələb irəli sürülsə də, tələbin həmin hissəsi əsaslandırılmamışdır, məhkəmə iclasında da iddiaçı tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Ona görə də, məhkəmə hesab etmişdir ki, qeyd olunan hissədə iddia tələbi əsassızdır və təmin edilməməlidir.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinə, Mülki Məcəllənin 269, 271.1, 359.1, 362.1, 359.3-cü maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunu “M.Şahverdiyevanın şikayəti üzrə" xx.xx.2013-cü il tarixli qərarına və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1 və 216-220, 217.4-cü maddəsinə istinadla əsaslandırmışdır.

14. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1064/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit və ipoteka müqaviləsinin etibarsız hesab edilərək mənzilin ipotekadan azad edilməsi barədə iddia tələbinə əqdin etibarsızlığı ilə bağlı nəzərdə tutulmuş 1 illik müddətini buraxdığına görə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə iş üçün əhəmiyyətli olan bütün halları düzgün müəyyən etmədən iddianı təmin etmişdir. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə ipoteka müqviləsini etibarsız hesab edərkən ipoteka müqaviləsinin bağlanmasına əsas olmuş etibarnamənin hələ də hansı səbəbdən qüvvədə olmasına hüquqi qiymət verməyərək kobud qanun pozuntusuna yol vermişdir. Bundan başqa etibarnamədə hüquqlarını etibar etmiş şəxs etibar ediləndən heç bir tələbi olmamış, sadəcə ipoteka müqviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. Halbuki, iş üzrə İddiaçı əmlakını ipoteka ilə yüklü edən şəxs onun etibarnamə üzrə nümayəndəsi olan oğlu Cavabdeh3 olmuşdur. Lakin iddia tələbində Cavabdeh3 cavabdeh kimi qeyd edilməsinə baxmayaraq ona qarşı hər hansı bir iddia tələbi irəli sürülməmişdir. İddiaçı iddia ərizəsində ipoteka müqaviləsinin etibarsızılığı ilə bağlı ona məlum olan vaxtın xx.xx.2022-ci il tarix olmasını qeyd etməsinə baxmayaraq bunu təsdiq edən subutunu iş materiallarına əlavə etməmişdir. Bundan başqa İddiaçı Bakı şəhər Yasamal Rayon Məhkəməsinə eyni tələblə müraciət etməsini inkar edən və Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)-550/2020 saylı qətnaməsindən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verdiyi halda hazırki iddia ərizəsində onun əmlakının ipoteka qoyulmasından guya 2022-ci ilin mart ayında xəbər tutmasını heç nə ilə əsaslandıra bilməmişdir. İddiaçı Bakı şəhər Yasamal Rayon Məhkəməsinə iddia verərkən həm özü həm də indi iş üzrə cavabdeh olan gəlini Cavabdeh2 iddiaçı olmuşdular. Bakı şəhər Səbail Rayon Məhkəməsinə verilən iddiada isə Cavabdeh2 cavabdeh kimi qeyd edilmişdir.Lakin ona qarşı hər hansı bir iddia tələbi irəli sürülməmişdir. Bundan başqa İddiaçı iddia tələbində həm ipoteka müqaviləsinin həm də kredit müqaviləsinin etibarsızlığını irəli sürmüşdür. Halbuki, kredit müqaviləsinin İddiaçı heç bir aidiyyəti olmamışdır. Buna baxmayaraq o, kredit müqaviləsinin də etibarsız hesab edilməsinə nail olmaqla dolayısı ilə iş üzrə cavabdeh gəlini Cavabdeh2 maraqlarının təmin edilməsinə nail olmaq istəmişdir. Əlavə olaraq məhkəmədə iddiaçının vəkili və nümayəndəsi Vəkil Cavabdeh2 iş üzrə cavabdeh olduğunu bilə bilə iddiaçının maraqlarından çıxış edərək cavabdehə qarşı iddianın təmin edilməsinə nail olmağa çalışmaq əvəzinə əksinə iş üzrə Cavabdeh2 maraqlarına xidmət edən ərizə və vəsatətlə məhkəməyə müraciət edib kredit müqaviləsindəki imzanın guya Cavabdeh2 məxsus olmasında şübhəli olduqlarından xətşünaslıq ekspertizasının keçirilməsinə nail olmaqla işin qəsdən uzadılmasına və ipoteka predmeti olan mənzilin üzərindəki həbsin götürülməsinin yubadılmasına şərait yaratmışdır. Buradan da belə çıxır ki, əslində iddia formal olaraq verilmiş bir iddiadır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 2.4-cü bəndində qeyd olumuşdur ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Həmin Qərarın 3.1-ci bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla qətnamə yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Qərarın 6.3-cü bəndinə görə məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilibedilməməsinin səbəbləri orada aydın izah edilməlidir. İddiaçı və Cavabdeh2 Cavabdeh1 qarşı Bakı şəhər Yasamal Rayon Məhkəməsinə kredit və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbi barədə iddia ərizəsi ilə müraciət etmişlər və iddia ərizəsi xx.xx.2020ci il tarixdə icraata qəbul edilmişdir. Həmin iddianın da formal olaraq işi uzatmaq xatirinə verib lakin təyin olunmuş məhkəm iclaslarına gəlmədikləri üçün mülki iş baxılmamış saxlanılmışdır. Bu barədə isə xx.xx.2020-ci il tarixdə 2(004)-2732/2022 saylı qərardad qəbul edilmişdir. İddia tələbinə dair etiraz verilərkən bu xüsusatlar barədə məhkəməyə tərəflərindən məlumat verilməsinə baxmayaraq məhkəmə həmin xüsusatları araşdırmaqda maraqlı olmamışdır.

Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar

16. Məhkəmə iclasında Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş edir, izahatında əlavə olaraq bildirir ki, o qalxanabənzər vəzi problemi ilə bağlı müalicə olunub, heç bir ruhi xəstəliyi də yoxdur. Birinci instansiya məhkəməsində bu işə qərəzli yanaşılmışdır. İş qərəzli şəkildə uzadılmışdır. İş üzrə düzgün araşdırılma aparılmamışdır. Vəkil saxta etibarnamə ilə məhkəmələrdə çıxış etmişdir. 4 saylı notariat kontorunda yoxlatdırıb, etibarnamə saxta çıxmışdır. Elektron sistemdə etibarnamə çıxmır. İddiaçı adından Vəkil verilmiş xx.xx.2020-ci il tarixli etibarnamənin “Elektron notariat” informasiya sistemində aşkar edilmədiyi üçün məhkəməyə təqdim edilmiş saxta etibarnamənin kim tərəfindən hazırlandığını müəyyən etmək məqsədi ilə iş üzr xüsusi qərardad qəbul edilməklə iş materiallarının prokurorluğa göndərilməsini xahiş edir.

17. Əvvəlki məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etmiş, izahatında əlavə olaraq bildirir ki, iş üzrə Cavabdeh1 cavabdeh kimi xx.xx.2022-ci il tarixdə Səbail Rayon Məhkəməsinə X26 ərizəsi ilə müraciət etmişdir. Həmin ərəfələrdə Səbail Rayon Məhkəməsinə gələrək X26 apardılan zaman iş üzrə materiallarla tanış olarkən iş materiallarının 85-ci səhifəsində olan və iş üçün mühüm əhəmiyyət kəsb edən ünvan 6i ünvanında qeydiyyatda olan İddiaçı Talif qızının (ŞV: AZE 0*******) ünvan 7 ünvanında qeydiyyatda olan vəkili Vəkil (ŞV: AZE 0*******) verdiyi AR-İİ № 423075 saylı, 18 may 2020-cİ il (on səkkiz may iki min iyirminci il) tarixli Gəncə şəhəri 1 saylı notariat ofisinin xüsusi notariusu X19 tərəfindən təsdiq edilmiş etibarnamənin imza yerininin boş olduğuna diqqət yetirilmişdir. 20 fevral 2023-cü il tarixli, VK-1661/23 №-li vəkil sorğusu ilə vətəndaş İddiaçı adından Vəkil qızma verilmiş xx.xx.2020-ci tarixli, AR-İİ № 423075 saylı etibarnamənin Dövlət Notariat Baş İdarəsinin “Elektron Notariat” İnformasiya Sistemində qeydiyyatının olub olmaması və İddiaçı adından 2019-cu il tarixdən bu günə kimi kimlərin və hansı notariat ofisində etibarnamə verilməsi barədə rəsmi qaydada məlumat verilməsinə köməklik göstərilməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinə müraciət edib. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsininin xx.xx.2023-cü il tarixli, 3-16-5/2-14-1851/23 saylı cavab məktubunda qeyd olunmuşdur ki, “Sözügedən şəxslərin iştirakı ilə xx.xx.2020-ci il tarixdə etibarnamə rəsmiləşdirilməsi barədə məlumat “Elektron Notariat” İnformasiya Sistemində aşkar edilməmişdir. Həmçinin aparılan araşdırma nəticəsində İddiaçı adından xx.xx.2019-cu il tarixdə isə Bakı şəhəri 53 saylı notariat ofisində (etibar edilən Cavabdeh3) etibarnamənin rəsmiləşdirilməsi müəyyən edilmişdir”. “Elektron notariat” X1 alınan çıxarışa əsasən İddiaçı oğlu Namiq Həsənova verdiyi etibarnamə xx.xx.2021-ci il tarixdə qüvvədən düşüb, İddiaçı digər oğlu Cavabdeh3 verdiyi etbarnamə isə xx.xx.2029-cu ilədək qüvvədədir. Odur ki, açıq aydın görünür ki, vətəndaş İddiaçı adından Vəkil verilmiş xx.xx.2020-ci tarixli, AR-İİ M 423075 saylı etibarnamə saxta etibarnamədir. Həmçinin bu məsələdə iştirakı olan şəxslər cinayət hüququnun normasını kobudcasına pozublar. H.Suqra tərəfindən oğlu Cavabdeh3 verdiyi etibarnamədə xüsusi şərtlər və s. qadağalar olmadığından notarius tərəfindən təsdiq edilmiş və 2029-cu ilədək qüvvədə olan səlahiyyətlər daxilində Cavabdeh3 lazımi sənədləşmələri aparmağından hər hansı qanun pozuntusu etməmişdir. Həmçinin orderin verilmə tarixi ilə iddia ərizəsinin verilmə tarixində ziddiyyətlər var. Bu səbəbdən iddia ərizəsinin X6 tərəfindən imza edilməsi məsələsinə aydınlıq gətirilməlidir.

18. Əvvəlki məhkəmə iclasında iddiaçı X6 vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, etibarnəmənin verilməsi zamanı o. iştirak etməyib, sənədlərini iddiaçıya göndərib, o da müvafiq hərəkətlər edib, 2020-ci ildən etibarnamə mövcüddur. İddia ərizəsini iddiaçı özü imzalamışdır, lakin mobil nömrə onundur, hazırda da istifadə edir. Həmçinin, Cavabdeh1 sağlamlığı ilə bağlı sorğu verib. Şifahi məlumata əsasən cavabdeh ruhi dispanserdə qeydiyyatdadır. Etibarnamənin saxtalığı ilə bağlı o, məsuliyyət daşımır. Birinci instansiya məhkəməsi zamanı bu halları qarşı tərəf bildirməmişdir.

19. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər cavabdehlər və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası cavabdehlər və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

20. Azərbaycan Respublikasının Mülki Məcəllənin 362.1-ci maddəsində qeyd edilir ki, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. (Maddə 362.2)

21. Mülki Prosessual Məcəlləsinin 74.2-ci maddəsində qeyd edilir ki, İddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir.

22. Həmin Məcəllənin 149.1-ci maddəsində qeyd edilir ki, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır.

23. Həmin Məcəllənin 259.0.3-cü maddəsində qeyd edilir ki, ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

24. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia ərizəsi baxılmamış saxlanılmalıdır.

25. Belə ki, iddiaçı X12 xx.xx.2019-cu il tarixli, reyestrdə 3M-835 № ilə qeyd edilmiş Kredit Müqaviləsi və reyestrdə 3M-836 № ilə qeyd edilmiş eyni tarixli İpoteka Müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə üzrə ipoteka qoyulmuş Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən mənzilin ipotekadan azad edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

26. İş materiallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, işə birinci instansiya məhkəməsində baxılması zamanı iddiaçı X12 iştirak etməmiş, məhkəmə iclaslarında iddiaçı vəkili Vəkil tərəfindən təmsil olunmuşdur. İş materiallarına Vəkil orderi əlavə edilsə də, təqdim edilmiş etibarnamədə etibar edənin imzası öz əksini tapmamışdır.

27. Belə ki, iş materiallarında olan etibarnamədən göründüyü kimi, iddiaçı X6 adından Vəkil onu bütün məhkəmə instansiyalarında, məhkəmə qərarlarının icrası orqanında, inzibati orqanlarında və digər dövlət strukturlarında təmsil etmək və digər hərəkətlərin yerinə yetirilməsi üçün 18 may 2020-ci il tarixli, AR İİ № 423075 seriyalı etibarnamə verilmişdir. Lakin etibarnamə nəzərdən keçirilərkən müəyyən edilir ki, etibarnamə X12 tərəfindən imzalanmamışdır. İmza yoxdur.

28. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsininin xx.xx.2023-cü il tarixli, 3-16-5/2-14-1851/23 saylı cavab məktubunda qeyd olunmuşdur ki, “Sözügedən şəxslərin iştirakı ilə xx.xx.2020-ci il tarixdə etibarnamə rəsmiləşdirilməsi barədə məlumat “Elektron Notariat” İnformasiya Sistemində aşkar edilməmişdir. İddiaçı adından xx.xx.2019-cu il tarixdə isə Bakı şəhəri 53 saylı notariat ofisində (etibar edilən Cavabdeh3) etibarnamənin rəsmiləşdirilməsi müəyyən edilmişdir.

29. Məhkəmə kollegiyası tərəfindən əvvəlki məhkəmə iclası məhz iddiaçının iştirakının təmin edilməsi və iddia ərizəsindəki imzanın ona məxsus olub olmaması məsələsinə aydınlıq gətirilməsi üçün təxirə salınmışdır. Lakin növbəti məhkəmə iclasında nə iddiaçı, nə də onun vəkili iştirak etməmişdir.

30. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia ərizəsi səlahiyyəti olmayan şəxs tərəfindən imza edildiyi üçün ərizə baxılmamış saxlanılmalıdır. Çünki, iddia ərizəsindəki imzanın iddiaçıya məxsusluğu mübahisələndirilir. İddiaçı tərəfindən Cavabdeh3 verilmiş xx.xx.2019-cu il tarixli etibarnamədən görünür ki, savadsız olduğu səbəbindən X6 tapşırığı ilə etibarnaməni X13 imza etmişdir. Göründüyü kimi, X6 imza etmək qabiliyyəti yoxdur. X12 tərəfindən Vəkil verilmiş etibarnamədə isə iddiaçının imzası ümumiyyətlə mövcud deyildir. Bununla yanaşı iddiaçı məhkəmə iclasında iştirak etməmiş və iddia ərizəsini müdafiə etməmişdir.

31. Məhkəmə kollegiyası Cavabdeh1 tərəfindən verilmiş İddiaçı adından Vəkil verilmiş xx.xx.2020-ci il tarixli etibarnamənin “Elektron notariat” informasiya sistemində aşkar edilmədiyi üçün məhkəməyə təqdim edilmiş saxta etibarnamənin kim tərəfindən hazırlandığını müəyyən etmək məqsədi ilə iş üzrə xüsusi qərardad qəbul edilməklə iş materiallarının prokurorluğa göndərilməsi barədə vəsatətinə münasibətdə qeyd edir ki, hazırkı halda cinayət əlamətlərinin olub-olmadığını müəyyən etmək olmur. Cavabdeh1 işin qeyd edilən hallarında cinayət əlaməti olduğunu hesab edirsə bu halların aydınlaşdırılması ilə bağlı müvafiq hüquq mühafizə orqanlarına müraciət edə bilər.

32. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələbləri pozulmaqla qətnamə qəbul edilmişdir.

33. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 31 mart 2011-ci il tarixli, 3 nömrəli qərarında qeyd edilir ki, “Məhkəmələrin diqqətinə çatdırılsın ki, ərizənin baxılmamış saxlanılması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (bundan sonra “MPM”) müəyyən edilmiş elə prosessual qaydadır ki, həmin qaydaya görə mülki işlər üzrə məhkəmə müdafiəsi hüququ həyata keçirildikdə hüquqi şərait imkan vermədiyi üçün qətnamə qəbul edilmədən məhkəmə baxışı başa çatdırılır...Ərizənin baxılmamış saxlanılması bütün məhkəmə instansiyalarında iddia icraatı və xüsusi icraat işlərinə baxıldıqda qanunvericilikdə müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla tətbiq edilir...Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq məqsədilə yazılı şəkildə ərizə verməklə məhkəməyə müraciət etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 149.1-ci maddəsinə müvafiq olaraq iddia ərizəsi (ərizə, şikayət) müraciət edən şəxsin iradəsini müəyyənləşdirmək üçün şəxsən imza edilməlidir. Azərbaycan Respublikası MPM-nin 259.0.3-cü maddəsinə əsasən ərizənin şəxsən imzalanmaması ərizənin baxılmamış saxlanılması üçün əsasdır. Ərizədə və işdə olan digər sənədlərdə məhkəməyə müraciət edən şəxsin imzasının fərqli olması ərizənin baxılmamış saxlanılması üçün əsas deyildir. Ərizə nümayəndə tərəfindən verildikdə ərizəyə nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə, nümayəndənin işdə iştirak edən fiziki şəxsin yaxın qohumu, hüquqi şəxsin işçisi olduğunu təsdiq edən sənəd və ya vəkil orderi əlavə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması və s. bu kimi səlahiyyətlər nümayəndəyə verilən etibarnamədə xüsusi göstərilməlidir. Həmin qaydaya əməl olunmaması ərizənin baxılmamış saxlanılması üçün qeyd-şərtsiz əsasdır. Məhkəmələrə izah edilir ki, qanunda nəzərdə tutulmuş hallardan başqa şəxslərin hüquq və mənafelərinin, yaxud dövlətin mənafeyinin müdafiəsi üçün şəxsin və ya orqanların ərizələrinə əsasən iş başlanıldıqda həmin şəxslərin ərizələri MPM-nin 259.0.3 maddəsi qaydasında baxılmamış saxlanıla bilməz. Məhkəmələrin diqqətinə çatdırılsın ki, ərizə səlahiyyəti olmayan şəxs tərəfindən verildikdə və bu vəziyyətdə icraata qəbul edildikdə məhkəmə prosesinin sonrakı mərhələlərində iddiaçının özünün bilavasitə iştirak etməsi və iddia ərizəsini yazılı müdafiə etməsi halında MPM-nin 259.0.3-cü maddəsində göstərilən əsasla ərizənin baxılmamış saxlanılmasını istisna edir.”

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.5-ci maddəsinə görə birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.

35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.3, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə R A R A A L D İ:

Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1064/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı X6 (3-cü şəxs qismində Bakı şəhəri 9 saylı notariat ofisi işə cəlb olunmaqla) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “xx.xx.2019-cu il tarixli, reyestrdə 3M-835 № ilə qeyd edilmiş Kredit Müqaviləsi və reyestrdə 3M-836 № ilə qeyd edilmiş eyni tarixli İpoteka Müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə üzrə ipoteka qoyulmuş Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən mənzilin ipotekadan azad edilməsi” barədə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan kasassiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Rafael Eyvazov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar