Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1291/2025 10.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, 2(003)-223/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: Tərəflər arasında “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən, cavabdeh iddiaçını təbii qazla təmin etmək, iddiaçı isə cavabdeh tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdəsinə götürmüşlər. Müxtəlif vaxtlarda cavabdeh təşkilatın əməkdaşları tərəfindən iddiaçının təbii qazdan qeyri-qanuni istifadə etməsi əsası ilə aktlar tərtib edilmiş, iddiaçıya ümumilikdə aktlar əsasında 13739,0 manat məbləğində borc hesablanmışdır. Hazırda iddiaçı iddia tələbinin təmin olunmaqla hesablanmış borcun silinməsini tələb edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus ünvana Cavabdeh tərəfindən ona (abonent kodu: **********00240) əsassız hesablanmış 12905,0 manat məbləğində borcun həmin hesabdan silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-ci il tarixdə Cavabdeh tərəfindən ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilməklə ona cərimə yazılmışdır. Qeyd etmişdir ki, o, hər ay istifadə etdiyi qazın borcunu vaxtında ödəmişdir. Bununla bağlı müvafiq olaraq Cavabdeh Xəzər rayon şöbəsinə müraciət etmiş, həmin idarənin əməkdaşları tərəfindən ona bildirilmişdir ki, onun tərəfindən kənar xətt çəkilərək qaz sayğacına müdaxilə edilmiş və ona 12905,0 manat cərimə yazılmışdır. Halbuki, iddiaçı heç vaxt qaz sayğacına müdaxilə etməmiş və daim istehlak etdiyi qaza görə borcunu ödəmişdir. Cavabdeh təşkilat qaz sayğacına müdaxilənin onun tərəfindən edilməsini sübuta yetirmədən və heç bir əsas olmadan ona yüksək məbləğdə cərimə hesablamışdır. Müqaviləyə və qanunvericiliyin normalarına uyğun olaraq o, təqsiri olmadan baş vermiş hadisəyə görə də öhdəlik daşımır. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona aktlar üzrə hesablanmış 13739,0 manat borcun silinməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, 2(003)- 223/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi Təzə sahə ev 1, 24 saylı mənzilə məxsus abonent kodu **********00240 (İddiaçı) olan sayğaca hesablanmış 13739,0 manat məbləğində borcun silinməsi və Cavabdehndən 131,22 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, qanunun tələbindən göründüyü kimi akt 2 nüsxədən ibarət olmaqla tərtib olunmalı və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Hazırki iş üzrə cavabdeh tərəfindən qəbul edilmiş aktlar heç bir hüquqi nəticə doğurmayaraq iddiaçı tərəfindən mübahisələndirilməsə də belə, hər bir halda iddiaçının silinməsini tələb etdiyi borc cavabdehin tərtib etdiyi aktların yaratdığı hüquqi nəticədir. Ona görə də bu hal cavabdeh tərəfindən sübut edilməli olan haldır. Məhkəmə qeyd etmişdir ki, cavabdeh təşkilat tərəfindən ziyanın hesablanmasına əsas olmuş 5 aktdan yalnız 3 akt iş materiallarında olsa da, cavabdeh təşkilat tərəfindən tərtib edilmiş həmin 3 akt iddiaçı tərəfindən imzalanmamış, həmin aktlar cavabdeh təşkilatın əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş, həmin aktların tərtib edilməsinə hal şahidləri cəlb edilməmiş və qanunvericiliyin imperativ göstərişinə əməl edilməməklə həmin aktların bir nüsxəsi abonentə təqdim edilməmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, istinad edilən qaydalara uyğun olaraq tərtib edilmiş aktların bir nüsxələrinin cavabdeh tərəfindən iddiaçıya təqdim edilməsi, habelə ondan vurulmuş zərərin tələb edilməsi barədə sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə, abonentin saldosundan görünür ki, iddiaçıya 2018-2023-cü il tarixlərdə 5 müxtəlif akt üzrə ümumilikdə 13739,0 manat borc hesablanmış, həmin borcdan 11340,0 manatı iş materiallarında olan 3 akt üzrə hesablandığı qeyd edilsə də, geriyə qalan 2399,0 manat borca dair heç bir sənəd və sübut təqdim edilməmiş və borcun hansı qaydada və əsasla hesablanması da cavabdeh tərəfindən göstərilə bilməmişdir. Qanunun tələbindən göründüyü kimi akt 2 nüsxədən ibarət olmaqla tərtib olunmalı və aktın bir nüsxəsi istehlaçıya təqdim edilməlidir. Lakin, abonentin saldosunda akt üzrə hesablanmış borcu sübut edəcək müvafiq aktlar ( 2018-ci ilin fevral ayı və 2023-cü ilin iyul ayı) istehlakçıya təqdim edilməmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, zərərin hesablanmasına əsas olmuş aktlar (xx.xx.2023-cü il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli) tərtib edilərkən cavabdeh tərəfindən imzalanması barədə xüsusi qeyd edilməmiş, abonentin və ya ailə üzvlərindən hər hansı bir şəxsin iştirakı təmin edilməməklə aktın bir surəti digər tərəfə təqdim edilməmişdir. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən özünə sərf etdiyi tərzdə təbii qazdan sayğacdan kənar əlavə xətt vasitəsilə istifadə etməklə təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyriqanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarla rəsmiləşdirilmişdir. Belə ki, abonentin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aktlar əsasında, cəmi 13739 manat məbləğində Cavabdeh İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Göründüyü kimi iddiaçının zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməli nəticəsində cavabdehə dəymiş maddi zərər tam həcmdə ödənilməlidir. Lakin birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Təqdim edilmiş sayğacların saldoları, aktlar, fotoşəkillər sübut qismində araşdırılmamış, onlardan istifadə edilməmişdir. İddiaçı tərəfdən isə qanunsuz qoşulmanı həyata keçirməməsini təsdiq edən halları sübut edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Bundan başqa iddiaçıya aid olan abonent koduna hesablanaraq vurulmuş məbləğ iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 1.1. Bu Qaydalar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətləri (qazın alqı-satqı müqaviləsi əsasında), şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtlərini, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtlərini və digər məsələləri tənzimləyir. 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Qazın alqı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun (2 və ya 3 nömrəli əlavələr) bağlanılmalıdır. Fiziki şəxs sənaye qaz qurğularından istifadə etdiyi halda, onunla 3 nömrəli əlavəyə uyğun müqavilə bağlanılır. Hüquqi şəxs və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs məişət qurğularından istifadə etdiyi halda, onunla 3 nömrəli əlavəyə uyğun müqavilə bağlanılır. Bağlanılmış müqavilədə sənaye qaz qurğularına aid bəndlərin müqavilə tərəflərinə şamil edilmədiyi barədə qeyd olunur. 1.4. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Sənaye qaz qurğusu olan istehlakçı qazın alqı-satqı müqaviləsində göstərilən həcmi artırmaq və ya azaltmaq istədikdə o, bu barədə qaz paylayıcısına yazılı müraciət etməlidir. 3.4.1. Özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq istehlakçıya qadağandır. 4.2. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.6. Qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.6. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirildikdən sonra 1 (bir) gün müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli və aktın 1 (bir) nüsxəsi istehlakçıya təqdim edilməlidir. 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. “Qaz təchizatı haqqında” qanun: Maddə 13 (8-ci bənd). Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Maddə 13 (8-1-ci bəndi 2022-ci ilin may ayından qüvvədə olan) Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaları: 5.1. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə isə istehlakçı vəsait ödəməlidir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” ilə müəyyən edilir. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktların surətindən görünür ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı xx.xx.2023-cü il tarixli, ******* saylı xx.xx.2022-ci il tarixli akta əsasən və ******* saylı xx.xx.2022-ci il tarixli akta əsasən abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi müəyyən edilmişdir. İş materiallarında olan paylayıcı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh İstehsalat Biriliyinin Bakı X6 Departamenti ilə istehlakçı İddiaçı arasında bağlanmış “qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı” barədə xx.xx.2023-cü il tarixli AKX-05613xx/xx-2023 saylı müqavilənin surətindən görünür ki, həmin müqavilə paylayıcının müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır. İş materiallarında olan “Qaz paylayıcısı və istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədi barədə” xx.xx.2023-cü il tarixli aktın sürətindən görünür ki, tərəflər arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini qaz paylayıcısı tərəfindən qazın istehlakçıya çatdırılma məntəqəsində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq quraşdırılan qaz sayğacı **********00240 sayla qeydiyyata alınmış abonent kodu ilə abonent İddiaçı aiddir. Beləliklə, işin faktiki halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacına yoxlanış keçirilən zaman təbii qazdan qeyri-qanuni istifadə etməsi əsası ilə aktlar tərtib edilmiş, iddiaçıya ümumilikdə aktlar əsasında 13739,0 manat məbləğində borc hesablanmış, əsası kimi onun tərəfindən kənar xətt çəkilərək qaz sayğacına müdaxilə edilməsi göstərilmişdir. İddiaçı hazirki iddiasinda cavabdeh təşkilat qaz sayğacına müdaxilənin( kənar xəttdən istifadə) onun tərəfindən edilməsini sübuta yetirmədən və heç bir əsas olmadan ona yüksək məbləğdə cərimə hesablamasını, müqaviləyə və qanunvericiliyin normalarına uyğun olaraq təqsiri olmadan baş vermiş hadisəyə görə də öhdəlik daşımamasını göstərmişdir. Birinci instansiya məhkəməsi tərəfindən mülki iş üzrə sayğacdan kənar qazdan qeyri-qanuni istifadə halının olub-olmamasının aydınlaşdırılması məqsədilə ekspertiza təyin edilmiş, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 10 oktyabr 2024-cü il tarixli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı və ona bərkidilmiş giriş-çıxış borusunda (hal-hazırda və əvvəllər), hər hansı kənar müdaxilə nəticəsində yarana bilən zədə, iz (qaynaq izi) və əlavə xətt aşkar edilməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertizanın nəticələrinə əsasən iddiaçı tərəfindən qaz xəttinə qaz sayğacından kənar qeyri-qanuni xətlə qoşulması halı öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarında olan abonentin saldosundan və “Gasrep” proqram təminatından çıxarışdan görünür ki, verilən qaz xətti üzrə **********00240 sayla qeydiyyata alınmış abonent koduna (abonent İddiaçı) 2018-ci ilin fevral ayında 1707,8 manat, 2022-ci ilin yanvar ayında 8229,6 manat, 2022-ci ilin dekabr ayında 2073,6 manat, 2023-cü ilin mart ayında 1036,8 manat və 2023-cü ilin iyul ayında 691,2 manat olmaqla, ümumilikdə 5 akt 13739,0 manat zərər hesablanmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında 3 akt yəni, xx.xx.2022-ci il, xx.xx.2023-cü il və xx.xx.2022-ci il tarixli aktlar mövcuddur, digər iki akt əlavə edilməmişdir. İş materiallarında olan Cavabdeh İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının, görəcəyi işlər barədə 31 mart 2023-cü il, 31 yanvar 2022-ci il tarixli və 30 dekabr 2022-ci il tarixli tələbnamələrindən görünür ki, istehlakçıya məxsus ünvanında itirilmiş qazın bərpası üçün hesabatlar aparılmış və müvafiq olaraq 11340,0 ((8640 m3 +17280 m3+68580 m3) x 0,12 manat = 11340,0) manat zərər hesablanmışdır. Bu səbəbdən iddiaçının abonent hesabına hesablanmış 13739,0 manat məbləğində borcun silinməsi barədə birinci instansiya məhkəməsinin nəticəsini məhkəmə kollegiyası qanunauyğun hesab edir. Belə ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmanın mövcud olması, mülki iş üzrə ekspertiza keçirilməməsi və işin həqiqətinə nail olunmaması barədə şikayətin dəlilləri öz təsdiqini tapmamışdır. Həmşinin də iş üzrə ekspert rəyini şübhə altına alan və ala biləcək hər hansı halla bağlı cavabdeh tərəf hər hansı sübut təqdim etməmişdir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, hazırki halda cavabdeh tərəfindən tərtib edilmiş aktların qəbul edilməsi üçün əsas olmuş halları, aktın və hesablanmış borcun doğruluğunu sübut etmək vəzifəsi bu aktları qəbul etmiş orqanın üzərinə düşdüyündən və həmin aktların qəbul edilməsi üçün əsas olmuş hallar, eləcə də həmin halların mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmədiyindən həmin aktlar üzrə hesablanmış zərər də istehlakçı tərəfindən ödənilə bilməz. Belə olan halda məhkəmə kollegiyası cavabdeh tərəfindən aktlarda göstərilən müdaxilənin məhz iddiaçı tərəfindən edilməsini təsdiq edən hər hansı sübutun məhkəmələrə təqdim edilməməsi aktlarda əks olunan halları həqiqətə uyğun olmayan hallar kimi qiymətləndirir və iddiaçının mübahisələndirdiyi borcun itirilmiş qazın məbləğinə görə yaranmış borc olmasına dair apellyasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi üzrə sübutetmə yükünün Cavabdeh İB-nin üzərində olması nəzərə alınmaqla cavabdeh tərəfindən nə birinci instansiya məhkəməsində, nə də apellyasiya şikayəti üzrə işə baxılan zaman müvafiq borc məbləğinin əsaslı və qanuni olmasını təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı cavabdeh tərəf bildirmişdir ki, aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdə açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Məhkəmə kollegiyası istinad edilən fotoşəkillərlə təqdim edilmiş ekspert rəyin araşdıraraq belə nəticəyə gəlir ki, hazırki vəziyyətdə sayğaca müdaxilə edilməklə sayğacdan qeyri-qanuni istifadə edilməsi hallarının müəyyən edilməsi xüsusi bilik etdiyindən eləcə də bu halı, yəni iddiaçı tərəfindən sayğacdan kənar təbii qazdan istifadə edilməsini təkzib edən ekspertiza rəyini şübhə altına alan hər hansı əsas müəyyən edilmədiyindən, birinci instansiya məhkəməsinin mövqeyi düzgün olmuşdur. Bundan başqa kollegiya qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Hazırki işdən isə müəyyən edilir ki, 31 mart 2023-cü il və 20 dekabr 2022-ci il tarixli aktlar tərtib edilərkən bir nüsxəsini qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim edilməsi barədə cavabdeh tərəfindən hər hansı bir sübut təqdim edilməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçının (istehlakçının) qazın talanmasında təqsirli olmasının həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilməsi barədə hər hansı sübut olmalıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, zərərin hesablanmasına əsas olmuş xx.xx.2022-ci il tarixli akt tərtib edilərkən iddiaçı tərəfindən imzalanması barədə xüsusi qeyd edilməmiş, abonentin və ya ailə üzvlərindən hər hansı bir şəxsin iştirakı təmin edilməməklə aktın bir surəti digər tərəfə təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 3.1.7-ci bəndinə əsasən, qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Həmin Qaydaların 6.5 və 6.7-ci bəndlərinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Göründüyü kimi akt 2 nüsxədən ibarət olmaqla tərtib olunmalı və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Lakin, abonentin saldosu üzrə hesablanmış borcu sübut edəcək aktlar ümumiyyətlə istehlakçıya təqdim edilməmişdir. Beləliklə işin sadalanan halları ilə müəyyən edildiyi kimi iddiaçıya 2018-2023-cü il tarixlərdə 5 müxtəlif akt üzrə ümumilikdə 13739,0 manat borc hesablanmış, həmin borcdan 11340,0 manatı iş materiallarında olan 3 akt üzrə hesablandığı qeyd edilsə də, qalan 2399,0 manat borca dair heç bir sənəd və sübut təqdim edilməmiş və borcun hansı qaydada və əsasla hesablanması da cavabdeh tərəfindən göstərilə bilməmişdir. Kollegiya tərəfindən cavabdeh tərəfə zərərin hesablanmasında istinad edilmiş, lakin iş materiallarında olmayan digər iki aktın təqdim edilməsi təklif edilsə də, təqdim edilməmişdir. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, apellyator şikayətində məhkəmənin Bakı Kommersiya, Xətai və Xəzər rayon məhkəmələrində mülki işlərin olmasını araşdırmamasına dair dəlilləri ilə bağlı qeyd edir ki, iş materiallarında Xəzər rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(003-208/2024 saylı qətnaməsində tərəflərin hazırki işdə olan tərəflərlə eyni olmasına baxmayaraq həmin iş üzrə ”Azəriqaz” İstehsalat Birliyinin iddiasında istinad edilən halların bu işə aiddiyatı olmamışdır. Bakı Kommersiya və Xətai rayon məhkəmələrində baxılması qeyd edilən işlər üzrə qərarlar iş materiallarında mövcud deyildir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Bununla da məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, 2(003)- 223/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. . Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Sabit Bəhrəmzadə Vahid Sadıqov