Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1292/2025 28.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh ASC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-4140/2024 nömrəli 23 dekabr 2024-cü il tarixli qərardadından iddiaçının şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh ASC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-4140/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadına əsasən, İddiaçı Cavabdeh ASC-yə qarşı “pozulmuş əlil-istehlakçı hüququnun müdafiəsi və dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmış və İddiaçı göstərilən nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Həmin qərardaddan iddiaçının verdiyi şikayət məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı şikayətində qərardadın ləğv edilməsini və iş üzrə icraata başlanılmasını tələb etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə kənardan cavabdeh Kapital bankın məhkəməyə sifarişi ilə xx.xx.2024-cü ildən icraatda olan ərizəni heç bir əsas olmadan geri qaytarıb. "Elektron məhkəmə" sisteminin məlumatını əlavə edir. Orada yazılıb ki, xx.xx.2024-cü il tarixdə verdiyiniz "Pozulmuş əlil-istehlakçı hüququnun müdafiəsi və dəymiş maddi-mənəvi ziyanın ödənilməsi haqqında iddia ərizəsi Bakı şəhəri, Nizami məhkəməsi tərəfindən xx.xx.2024-cü ildə qeydiyyata alındı və hakim Starə Əliyeva təyin edildi". Bu məlumat Nizami məhkəməsinin açıq-aşkar cavabdehə vəkillik etdiyini, cinayətkar saxtalığını sübut edir. Bundan qabaq da Nizami məhkəməsi verdiyi iddianı itirib. 3 ildən çoxdur Bakı AM-in MK-sının ləğv etdiyi işə yenidən baxılmır. Məhkəmənin bu qərardadda ağzına gələni qeyd etməsi və qəsdən düzgün normativ aktı tətbiq etməməsi kənardan sifarişlə edilir. MPM-in 151.3 maddəsinə görə, məhkəmə iddia ərizəsini daxil olmasından 5 gün müddətində qaytarmayıbsa, yaxud qəbulundan imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Onun ərizəsi məhkəməyə xx.xx.2024-də daxil olub, 27 gündən sonra xx.xx.2024 tarixli qərardadla geri qaytarılıb. Yəni onun iddiası 27 gündür icraatdadır, ona görə geri qaytarılma qərardadı qanunsuzdur və kənardan sifarişin nəticəsidir. Eyni zamanda məhkəmənin qərardadı nağıllar məcəlləsilə əsaslandırılıb. Və Kapital banka xüsusi üstünlük verilib. Onu da deyir ki, Kapital bankın Nizami filialı ona xidmətdən imtina edib, valyuta dəyişməkdən imtina edib, bu bankın Prezident təqaüdünü 6 ay bloklayıb verməməsi istehlakçı hüququnun pozulması kimi qəbul edilməyib. Bəli, bu daha ağır cinayətdir və məhkəmə bilməlidir ki, bankın müştərisi ilə münasibətləri istehlakçı-xidmət qurumu münasibətləridir. Nəyə görə banka üstünlük verilib? Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər (MPM maddə 151.2). Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən, ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Kollegiya qeyd edir ki, İddiaçı cavabdehə qarşı yuxarıda qeyd edilən iddia ərizə ilə məhkəməyə müraciət etsə də, tələblərinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübutlar əlavə etməmişdir. Bununla belə birinci instansiya məhkəməsi tərəfindən mümkünlük iclası təyin edilmiş, lakin iddiaçı bu məsələ ilə bağlı öz etirazını ünvanlayaraq, iclasda da iştirak etməmişdir. Kollegiya qeyd edir ki, ərizə iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə, saat 16:40:47-də imzalanmışdır. “AzeMis” Elektron Məhkəmə İnformasiya Sistəmindən görünür ki, iddia ərizəsi məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixdə saat 16:45-də qeydə alınaraq saat 17:07-də təsadüfi paylanaraq hakim Starə Əliyevanın icraatına verilmiş və hakim tərəfindən xx.xx.2014-cü il saat 10:47-də təhvil alınmışdır. Beləliklə iddiaçının şikayətdə qeyd etdiyi kimi iddia ərizəsinin məhkəmədə 27 gün hərəkətsiz saxlanması faktı inkar olunur. O da qeyd olunmalıdır ki, İddiaçı qeydiyyat ünvanı Nərimanov rayonu, Cavabdeh ASC-nin hüquqi ünvanı isə Nəsimi rayonudur, ona görə də ərizə ərazi aidiyyəti qaydalarına əsasən də Xətai rayon məhkəməsinə aid deyil. Kollegiya hesab edir ki, məhkəmə düzgün nəticəyə gəlmişdir. İddiaçının dəlilləri əsassızdır, belə ki, iddiaçı hazırki şikayətində də işin hallarına heç bir aidiyyəti olmayan məsələləri qeyd edir. Bu kimi dəlillərə məhkəmə münasibət bildirməyi ümumiyyətlə zəruri hesab etmir. Hazırki məhkəmə tərkibinin hakimlərinə ünvanlanmış (Vahid Sadıqov və Sabit Bəhrəmzadə) etiraza münasibətdə kollegiya qeyd edir ki, etirazda Mülki Prosessual Məcəllənin 19 və 20-ci maddələrində göstərilən etiraz üçün hallar qeyd edilmədiyindən, o baxılmamış saxlanılır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-4140/2024 nömrəli 23 dekabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1292/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1292/2025
28.01.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver