Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-12924/2019 21.11.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X2 və X5 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı Cavabdeh1 MMC-yə və Cavabdeh3 qarşı “müqavilələrin etibarsız hesab edilməsi, qeyri-yaşayış sahələrinin istifadə və sahibliyə verilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 MMC-yə (MMC) və Cavabdeh3 qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, MMC-nin təsisçisi Cavabdeh2la Cavabdeh3 arasında Bakı şəhəri, Nərimanov rayonu, Akademik H.Əliyev küçəsi, 945-ci məhəllədə inşa edilmiş 18 mərtəbəli yaşayış binasının 1 girişli A bloku hesab edilən 2-ci mərtəbəsində yerləşən 2 saylı 73 kv.m və 3 saylı 68 kv.m olan qeyri-yaşayış sahələrinin alqı-satqısına dair bağlanmış xx.xx.2017-ci il tarixli xx.xx.2017 saylı və xx.xx.2017-ci il tarixli xx.xx.2017 saylı müqavilələrin etibarsız hesab edilməsi, həmin qeyri-yaşayış sahələrinə mülkiyyət hüququnun tanınması, qeyri-yaşayış sahələrinin istifadəsinə və sahibliyinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Akademik H.Əliyev küçəsi, 945-ci məhəllədə inşa edilmiş 18 mərtəbəli yaşayış binasının 1 girişli A bloku hesab edilən 2-ci mərtəbəsində yerləşən 2 saylı, ölçüsü 73 kv.metr və 3 saylı, ölçüsü 68 kv.metr olan qeyri-yaşayış sahələri ilə bağlı onunla Cavabdeh1 MMC-nin təsisçisi Cavabdeh2 arasında xx.xx.2016-cı il tarixdə 03-02 saylı və xx.xx.2016-cı il tarixdə 03-03 saylı müqavilələr bağlanmış, 73 kv.metr sahəli qeyri-yaşayış sahəsi 204 400 manata, 68 kv.metr sahəli qeyri-yaşayış sahəsi 190 400 manata ona satılmış, tərəfindən hər iki obyektin dəyəri MMC-yə tam ödənilmişdir. Cavabdeh2 sonradan ona təklif etmişdir ki, həmin iki obyekti ona versin və əvəzində Şamaxı rayonunun, Şiş kəndində inşa edilmiş fərdi yaşayış evini (villa) tam təmirli şəkildə öz mülkiyyətinə götürsün. Təkliflə razılaşmış, bununla bağlı aralarında xx.xx.2017-ci il tarixli akt tərtib edilmiş, lakin Cavabdeh2 həmin razılaşmanı yerinə yetirməmişdir. Sözügedən razılaşmanın yerinə yetirilməməsi ilə əlaqədar aralarında məhkəmə mübahisəsi olmuş, Tərtər Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddiası qismən təmin olunaraq qeyri-yaşayış sahələri ilə bağlı alqı-satqı müqavilələri bağlanmış hesab edilmişdir. Sonradan bilmişdir ki, MMC həmin qeyri-yaşayış sahələrini Cavabdeh3 Səlahəddinə də satmış, onunla xx.xx.2017-ci il tarixdə xx.xx.2017 saylı, xx.xx.2017-ci il tarixdə xx.xx.2017 saylı müqavilələr bağlanmışdır. Halbuki Cavabdeh3lə müqavilələr bağlanarkən qeyri-yaşayış sahələri onun sahibliyində olmuş, beləliklə də səlahiyyətsiz şəxslər onun əmlakına dair qərar vermişlər. Eyni zamanda müqavilələrdə obyektin dəyəri göstərilməmiş, məbləğ ödənilməmiş və ödəniş çeki olmamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 MMC ilə Cavabdeh3 arasında bağlanmış xx xxxxxxxx 2017-ci il tarixli xx-xx-2017 saylı və xx xxxxxxxx 2017-ci il tarixli xx-xx-2017 saylı müqavilələrin qismən, müvafiq olaraq Bakı şəhəri, Nərimanov rayonu, Akademik H.Əliyev küçəsi, 945-ci məhəllədə inşa edilmiş 18 mərtəbəli yaşayış binasının 1 girişli A bloku hesab edilən 2-ci mərtəbəsində yerləşən 2 saylı 73 kv.m və 3 saylı 68 kv.m qeyri-yaşayış sahələrinin təhvil verilməsinə aid hissədə etibarsız hesab olunması, həmin qeyri-yaşayış sahələrinin İddiaçı istifadəsinə və sahibliyinə verilməsi, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur. Həmin qətnamədən Cavabdeh3 apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələblərinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin mühüm əhəmiyyəti olan bütün faktiki halları tam araşdırmadığı, tərəflər arasında olan münasibətləri aydınlaşdırmadığı, MMC-nin və İddiaçı birləşərək əmlakları ondan almaq istədiklərini, Şahların müqavilələri ləğv olunduqdan sonra onunla müqavilələr bağlandığını nəzərə almadığı, maddi və prosessual hüquq normalarının tələblərini pozduğu arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən Cavabdeh3 apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, MMC-nin, xüsusilə də onun təsisçisi Cavabdeh2 qardaşı X1 xeyrinə iş icraçısı olaraq gördüyü işlər, o cümlədən Şamaxı rayonunda iki ədəd fərdi yaşayış evini inşa etməsi müqabilində həmin qeyri-yaşayış sahələri ona verilmiş, müvafiq müqavilələr bağlanaraq əmlaklar müqavilələrin bağlandığı tarixdən onun istifadə və sahibliyinə keçirilmişdir. MMC-nin öz adamı olan İddiaçı onun müvəqqəti yoxluğundan istifadə edərək əmlakları ələ keçirmişdir və MMC ilə əlbir olaraq əmlakları ondan almağa çalışırlar. Qeyri-yaşayış sahəsindən imtina etməsinə dair ərizəni, ona başqa əmlakların verilməsi vəd olunduğuna və aralarında bu barədə razılıq əldə edildiyinə görə yazmış, lakin nəticədə aldadılmışdır. İddiaçı və MMC-nin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı etdiyi şikayətlər əsasında artıq Bakı şəhər prokurorluğunda cinayət işi başlanmışdır və araşdırma zamanı həqiqət ortaya çıxacaqdır. Məhkəmə iclaslarında iştirak edən İddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 MMC-nin nümayəndəsi X3 apellyasiya şikayətinin əsassız olduğunu bildirərək izahatında göstərmişdir ki, mübahisəsi gedən qeyri-yaşayış sahələri MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli 03- 02 saylı və 03-03 saylı alqı-satqı müqavilələri əsasında adı çəkilən şəxsin istifadə və sahibliyinə verilmiş, əmlakların müqavilə üzrə müəyyən edilmiş dəyəri onun tərəfindən tam olaraq ödənilmiş, bundan sonra qeyri-yaşayış sahələri ilə bağlı Cavabdeh3lə xx.xx.2017-ci il tarixdə xx.xx.2017 saylı və xx.xx.2017 saylı müqavilələr bağlanmışdır. Cavabdeh3lə müqavilələr bağlanmasına səbəb, onun MMC-nin tapşırığı əsasında müəyyən işlər görməli olması olmuş, lakin vəd edilmiş işlər yerinə yetirilmədiyindən əmlakların ona təhvil verməsi baş tutmamışdır. Birinci instansiya məhkəməsinin mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etdiyi X4 lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəməyə gəlməmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın qismən təmin olunması ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni iddiaçı ümumiyyətlə mübahisələndirməyərək, əksinə onun qüvvədə saxlanılmasını xahiş etmiş, Cavabdeh3 (apellyator) isə məhz sözügedən hissədən şikayət vermişdir. Başqa sözlə, iddia tələblərinin təmin olunmayan hissəsi, o cümlədən müvafiq qərardadla iddia üzrə icraata xitam verilən hissə apellyasiya baxışının predmeti deyildir. Kollegiya izahatları bu kontekstdə dinləyərək, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi iddianın qismən təmin olunmasına dair hissədə ləğv edilməli və iddianın həmin hissədə də təmin olunmaması barədə qətnamə çıxarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməli olduğu qənaətinə gələrkən iş materiallarında olan və İddiaçıla Cavabdeh1 MMC arasında bağlandığı irəli sürülən xx xxxxxxx 2016-cı il tarixli 03-02 saylı və 03-03 saylı müqavilələrin, həmçinin eyni tarixli maliyyə arayışlarının surətlərinə əsaslanmış, həmin müqavilələrə görə Bakı şəhəri, Nərimanov rayonu, Akademik H.Əliyev küçəsi, 945-ci məhəllədə inşa edilmiş 18 mərtəbəli yaşayış binasının 1 girişli A bloku hesab edilən 2-ci mərtəbəsində yerləşən 2 saylı, ölçüsü 73 kv.metr və 3 saylı, ölçüsü 68 kv.metr olan qeyri-yaşayış sahələrinin İddiaçı satıldığı, əmlakların dəyərinin onun tərəfindən ödənildiyi, lakin MMC-nin öz öhdəliklərini yerinə yetirməyərək əmlakları sonradan Cavabdeh3 satdığı nəticəsinə gəlmişdir. Kollegiya ilk olaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının təqdim etdiyi sənəd surətlərini mötəbər sübut kimi qəbul etməkdə haqlı olmamışdır, çünkü Mülki Prosessual Məcəllənin 89-cu maddəsinə əsasən yazılı sübutlar – “iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir”. Bu baxımdan kollegiya həmin sənəd surətlərinə qiymət verməyi ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Nəzərə alınmalıdır ki, Cavabdeh3 tərəfindən iddiaçının istinad etdiyi müqavilələrin artıq ləğv olunduğu və məhz bundan sonra onunla müqavilələr bağlandığı irəli sürüldüyündən sözügedən sənədlərin əsli həm İddiaçı, həm də Cavabdeh1 MMCdəntələb edilmiş, lakin onların məhkəməyə təqdim edilməsi təmin olunmamışdır. Digər tərəfdən qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada kollegiyanın qənaətinə görə, hətta müvafiq müqavilələrin əsli təqdim edilsəydi belə, iddiaçının irəli sürdüyü faktiki halların onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşdığı qənaətinə gəlmək mümkün olmazdı; belə ki, işin müəyyən olunmuş hallarına əsasən Cavabdeh1 MMC və onun təsisçisi Cavabdeh2 ilə İddiaçı arasında xx xxxxxxxx 2017-ci il tarixdə “mülkiyyətin dəyişdirilməsi barədə akt” tərtib edilmiş, həmin akta əsasən İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Akademik H.Əliyev küçəsi, 945-ci məhəllədə inşa edilmiş 18 mərtəbəli yaşayış binasının 1 girişli A bloku hesab edilən 2-ci mərtəbəsində yerləşən 2 saylı 73 kv.m və 3 saylı 68 kv.m olan qeyriyaşayış sahələrini Cavabdeh2 verməyi, əvəzində Şamaxı rayonunun Pirqulu qəsəbəsində inşa edilmiş və təmirə başlanmış 2 mərtəbəli həyətyanı evi öz mülkiyyətinə qəbul etməyi öhdəsinə götürmüş, Cavabdeh2 Pirqulu qəsəbəsindəki sözügedən evi xx xxxx 2018-ci il tarixinə qədər tam təmirli vəziyyətdə ona təhvil verməyə zəmanət vermiş, xx xxxxxxxx 2017-ci il tarixdə isə mübahisəsi gedən qeyri-yaşayış sahələrinin Cavabdeh3 satılması barədə MMC ilə sonuncu arasında müqavilələr bağlanmışdır. Göründüyü kimi, hətta iddiaçı ilə müvafiq müqavilələrin həqiqətən də bağlanmış olduğu qəbul edilsə belə, onların sonradan qarşılıqlı razılıq əsasında ləğv edildiyi və bundan sonra əmlakların Cavabdeh3 satıldığı nəticəsinə gəlinməlidir; bu isə o deməkdir ki, İddiaçı hazırkı apellyasiya baxışının predmeti olan iddia tələblərini irəli sürməyə subyektiv hüquq sahibi deyildir – çünkü Mülki Məcəllənin tələblərinə görə, öhdəliyə tərəflər arasında mövcud olmuş ilkin öhdəliyin eyni şəxslər arasında digər predmet və ya icra üsulu (novasiya) nəzərdə tutan başqa öhdəliklə əvəz edilməsi haqqında tərəflərin razılaşması ilə xitam verilir (maddə 531.1). Başqa sözlə, xx.xx.2017-ci il traixindən etibarən İddiaçıla MMC arasında tamamilə yeni öhdəlik münasibətləri yaranmış, mübahisəsi gedən qeyri-yaşayış sahələrinə münasibətdə onun hər hansı hüququ qalmamışdır. Bu qənaətə gələrkən kollegiya xüsusilə nəzərə alır ki, iş materiallarından iddiaçı ilə MMC arasında tərtib olunmuş xx xxxxxxxx 2017-ci il tarixli aktın MMC-nin adı çəkilən təsisçisinin müvafiq öhdəliyini (Şamaxı rayonunun Pirqulu qəsəbəsində inşa edilmiş və təmirə başlanılmış 2 mərtəbəli yaşayış evinin xx xxxx 2018-ci il tarixinə qədər tam təmirli vəziyyətdə təhvil verilməsi öhdəliyini) yerinə yetirməməsi səbəbindən xx xxxx 2018-ci il tarixdə onların öz aralarındakı növbəti razılaşma əsasında ləğv edildiyi aydın olur; Cavabdeh3lə müqavilələr isə məhz xx xxxxxxxx 2017-ci il tarixli aktın qüvvədə olduğu, yəni iddiaçının istinad etdiyi müqavilələrin artıq ləğv edildiyi dövrdə bağlanmaqla, MMC-nin (yaxud onun təsisçisinin) İddiaçı qarşısında yaranmış yeni öhdəliyini icra etməmiş olması, sonuncuya, Cavabdeh3lə bağlanmış müqavilələri mübahisələndirmək hüququ vermir. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas təşkil edir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.3-cü maddəsinə görə isə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1437/2019 saylı iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni iddianın qismən təmin olunaraq Cavabdeh1 MMC ilə Cavabdeh3 arasında bağlanmış xx xxxxxxxx 2017-ci il tarixli xx-xx-2017 saylı və xx xxxxxxxx 2017-ci il tarixli xx-xx-2017 saylı müqavilələrin qismən, müvafiq olaraq Bakı şəhəri, Nərimanov rayonu, Akademik H.Əliyev küçəsi, 945-ci məhəllədə inşa edilmiş 18 mərtəbəli yaşayış binasının 1 girişli A bloku hesab edilən 2-ci mərtəbəsində yerləşən 2 saylı 73 kv.m və 3 saylı 68 kv.m qeyri-yaşayış sahələrinin təhvil verilməsinə aid hissədə etibarsız hesab olunması, həmin qeyri-yaşayış sahələrinin İddiaçı istifadəsinə və sahibliyinə verilməsi hissələrində ləğv edilsin. İddia tələbləri həmin hissələrdə də təmin olunmasın. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri onları ödəmiş tərəflərin özlərinə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-12924/2019
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-12924/2019
21.11.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver