Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1293/2022 19.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X3 və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı, Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “əsassız hesablanmış borc məbləğinin silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2610/2021 saylı, 26 oktyabr 2021-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müqaciət edərək, Cavabdeh ASC tərəfindən qanunsuz olaraq onun Binəqədi rayonu 7 mikrorayon 3126 məhəllə ünvanında su hesabına (102635) 01.02.2016-cı il tarixə hesablanmış 2174,94 manat cərimə borcunun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, Binəqədi rayonu 7 mikrorayon 3126 məhəllə ünvanında ət satışı ilə məşğul olur. Azərsu ASC Binəqədi rayon Sukanalı idarəsi tərəfindən onun barəsində 01.02.2016-cı il tarixdə akt tərtib olunaraq güya onun sayğacdan kənar qoşulması aşkar olunduğu üçün ona 2174,94 manat əsassız olaraq cərimə borcu yazılmışdır. Lakin həmin ərazidə işləyən şəxslərə məlumdur ki, həmin əlavə xətt ona aid deyildir. Su xətti onun işlədiyi yerin yan tərəfində yerləşən ərzaq mağazasına aiddir. Cərimənin yazılması barədə o, yalnız 2021-ci ilin yanvar ayında aktın surətini alarkən məlumatı olmuş və məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2610/2021 saylı, 26 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Qətnamədən Cavabdeh ASC-nin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunması, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumunun iddiaçıdan cavadehin xeyrinə tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektə baxış keçirilən zaman sayğacdan kənar bir ədəd d-15 mm-lik boru vasitəsi ilə sudan qeyri-qanuni istifadə faktı aşkar edilmişdir. Bu barədə 06.05.2017-ci il tarixli 07426 saylı akt tərtib edilmiş, faktı təsdiq edən video çəkiliş aparılmışdır. Belə ki, Cavabdeh ASC-yə maddi ziyan dəymiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il tarixli, 17 iyul 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydalarının” 4 nömrəli əlavəsinə uyğun aparılan hesablama ilə həmin ziyanın məbləğinin 2174,94 manat olması müəyyən edilmişdir. Ziyanın ödənilməsi iddiaçıya təklif olunmuşdur. İddiaçı həmin məbləği ödəməkdən imtina etmişdir. Məhkəmə qətnamə qəbul edərkən, təqdim edilmiş video görüntüyə, obyektin yerləşdiyi əraziyə baxış keçirmədən, yalnız iddiaçının mülahizələrinə əsaslanaraq qətnamə çıxarmışdır. Məhkəmə qeyd olunan faktlara hüquqi qiymət verməyərək asassız qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin olunmasını xahiş etmişdir. Həmçinin, nümayəndə etiraf etmişdir ki, birinci instansiya məhkəməsinə aktın yazılmasına əsas olmuş sənədlər və videogörüntü təqdim olunmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərsu ASC-nin MXD-07426 saylı inventar aktının surətindən müəyyən olunur ki, istehlakçı fiziki şəxs İddiaçı 7 mkr, E.Məlikov küçəsi 2A ünvanında sayğacdan kənar d=15 mm-lik rezin boru ilə sudan qeyri-qanuni istifadə etməsi aşkar edilmişdir. İddiaçı aktı imza etməkdən imtina etmişdir. İş materiallarında olan Azərsu ASC-nin 01.02.2016-cı il tarixli aktının surətindən müəyyən olunur ki, istehlakçı fiziki şəxs İddiaçı 7 mkr, E.Məlikov küçəsi 2A ünvanında istifadə etdiyi su sayğacının işlək vəziyyətdə olması, sayğacdan kənar d=15 mm-lik rezin boru ilə sudan qeyri-qanuni istifadə edilməsi aşkar edilmişdir. İddiaçı aktı imza etməkdən imtina etmişdir. İş materiallarında olan Azərsu ASC-nin istehlakçı fiziki şəxs İddiaçı təqdim etdiyi hesabatdan müəyyən olunur ki, ünvan 3 ünvanında qanunsuz qoşulma nəticəsində sudan qeyri-qanuni istifadəyə görə vurulan 1098 m3 miqdarında su itkisinə görə İddiaçı 2174,94 manat ziyan hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10\3699 saylı 20.09.2021-ci il tarixli rəyindən müəyyən olunur ki, baxış zamanı ət mağazasına daxil olan giriş xəttinin yerüstü hissəsində kənar xətt aşkar edilməmişdir. Azərsu ASC-yə məxsus ümumi paylayıcı su xətti və sayğacın giriş xətti yeraltı çəkildiyinə görə xətlərin üzərində kənar qoşulmanın olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Ət mağazasının su sayğacına daxil olan giriş xəttinin üzərində kənar qoşulma aşkar edilmədiyinə, həmçinin Azərsu ASC-yə məxsus ümumi paylayıcı su xətti və sayğacın giriş xətti yeraltı çəkildiyinə görə xətlərin üzərində kənar qoşulmanın olubolmamasını müəyyən etmək mümkün olmadığına görə Azərsu ASC-yə vurulmuş ziyanın müəyyən edilməsinə dair sual üzrə tədqiqat aparılmamışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Azərsu ASC-nin əməkdaşları fiziki şəxs İddiaçı Binəqədi rayonu 7-ci mkr, 3126 məhəllə ünvanında sudan qeyri-qanuni istifadə etməsinə dair akt tərtib edib 01.02.2016-cı il tarixə vurulan ziyana görə 2174,94 manat hesablayaraq istehlakçıdan tələb etsələr də, iş üzrə keçirilən ekspertiza tədqiqatı ilə iddiaçının istifadəsində olan ət mağazasının su sayğacına daxil olan giriş xəttinin üzərində kənar qoşulmanın aşkar edilmədiyi müəyyən edilmişdir. “Su təchizatı və tullantı suları haqqında” qanunun 30-cu maddəsinin 1-ci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Bundan başqa “Sudan istifadə” qaydalarının 2.1.5-ci maddəsinə əsasən istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcmini smart-kart tipli olmayan suölçən cihazın göstəricilərinə əsasən, suölçən cihaz quraşdırılmadıqda isə bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq müəyyənləşdirmək STKM-in vəzifələrinə aiddir. Həmin qaydaların 7.2-ci maddəsinə əsasən STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər. “Sudan istifadə” qaydaları istehlakçıların hüquqlarına həsr olunmuş 5.1.5-ci maddəsinə əsasən verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək hüququ var. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası bildirir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ümumilikdə apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. Apelyator nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına yuxarıda qeyd olunan arqumentlərinin yoxlanılmasına əsas verəcək heç bir sübut, daha dəqiq aktın yazılmasına əsas olmuş sənədlər və videogörüntü təqdim olunmamışdır. Kollegiya qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Ona görə də, məhkəmə kollegiyası Mülki-Prosessual Məcəllənin 384.0.1-ci maddəsində müəyyən olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, qətnamə dəyişdirilmədən, apellyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə isə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2610/2021 saylı, 26 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-1293/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1293/2022
19.01.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver