Məhkəmə qərarları › İş №2(103)-1299/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1299/2023

24.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1299/2023 24.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2(011)-5023/2022 nömrəli qətnaməsindən cavabdehin verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ

1. 20 aprel 2019-cu il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan görünür ki, Cavabdeh İB-nin AKT-01292 nömrəli rəyinə əsasən sayğacın çıxış borusunda deşik aşkar olunmuşdur.

2. 30 dekabr 2020-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan görünür ki, abonentin təbii qazdan sayğacdan kənar qeyriqanuni istifadə etməsi aşkar olunmuşdur.

3. Dəymiş ziyanın bərpasına dair 30 aprel 2019-cu il tarixli tələbnaməyə əsasən, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3/saat orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün, mini qazın maksimal saatlıq qaz sərfi 2,6 m3/saat orta günlük iş rejimi 18 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Hesabata əsasən 4860 kub.m. əlavə sərfiyyat hesablanmışdır.

4. Dəymiş ziyanın bərpasına dair 30 dekabp 2020-ci il tarixli tələbnaməyə əsasən, qaz işlədicilərindən PQ3-ün maksimal saatlıq qaz sərfi 0,8 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 270 gün, mini qazın maksimal saatlıq qaz sərfi 10,75 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 270 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Hesabata əsasən 67392 kub.m. əlavə sərfiyyat hesablanmışdır.

5. Abonentin saldosundan görünür ki, abonent İddiaçı sayğaca müdaxiləyə görə 486 manat, təbii qazdan istifadəyə görə isə 6739,20 manat olmaqla ümumilikdə 7225,20 manat borc hesablanmışdır.

BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT

6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Xəzər rayonu, Mərdəkan qəsəbəsi, M-512 nömrəli sahə ünvanda yerləşən evinə (kod: **********01180) əsassız olaraq hesablanmış 7225,20 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, 15 aprel 2019-cu il tarixdə Cavabdeh İB-nin əməkdaşları tərəfindən iddiaçının istifadəsində olan smart tipli qaz sayğacı çıxarılaraq yenisi ilə əvəz edilmişdir. Yeni sayğacdan bir müddət istifadə etdikdən sonra iddiaçı smart kartından pul tutulmalarının aparıldığını görmüşdür. Bununla bağlı yerli qaz idarəsinə müraciət etdikdə iddiaçıya bildirilmişdir ki, guya iddiaçı tərəfindən qaz sayğacına müdaxilə və təbii qazdan qanunsuz istifadə edildiyi müəyyən olunduğu üçün iddiaçıya iki akt üzrə ümumilikdə 7225,20 manat məbləğində cərimə hesablanmışdır. Sayğaca müdaxilə dedikdə iddiaçıya bildirmişlər ki, guya iddiaçı istifadəsində olan qaz sayğacının daxilində yerləşən çıxış plastmas borusunu deşmiş və buna görə iddiaçıya 30 aprel 2019-cu il tarixdə ******* saylı aktla 486 manat cərimə hesablanmışdır. Qaz sayğacı iddiaçının yaşayış evindən kənarda iddiaçının mühafizə edə bilməyəcəyi yerdə quraşdırılmışdır. Digər tərəfdən sayğac çıxarılarkən sayğacın plombları üzərində olmuşdur. Belə olan halda sayğacın daxilinə müdaxilə etmək qeyri mümkündür. İddiaçı istifadəsində olan qaz sayğacına müdaxilə etməmiş və istifadə etdiyi qazın dəyərini artıqlaması ilə daim ödəmişdir. Cərimənin digər 6739,20 manat hissəsi isə 30 dekabr 2020-ci il tarixli, ******* saylı akta əsasən guya iddiaçı tərəfindən təbii qazdan sayğacdan kənar istifadəyə görə hesablanmışdır. İddiaçı təbii qazdan qanunsuz istifadə etməmişdir. Sədə məntiqlə fikirləşəndə müəyyən etmək olar ki, əgər istehlakçı sayğacdan kənar təbii qazdan istifadə edirsə qanunsuz xətt ləğv ediləndən sonra sayğac vasitəsilə istifadə edilən qaz həcmi artmalıdır. Lakin iddiaçıya məxsus abonent saldosuna baxdıqda aydın görmək olur ki, cavabdeh tərəfindən guya müəyyən edilmiş qanunsuz qaz xətti 30 dekabr 2020-ci il tarixdə ləğv edilmiş amma iddiaçının aylıq sərfiyyatı sayğaca əsasən daha da aşağı düşmüşdür. Belə ki, 2020-ci ilin dekabr ayınadək iddiaçının orta aylıq sərfiyyatı 50-70 manat təşkil edirdi, lakin saxta akt tərtib edildikdən sonra isə sərfiyyatı 20-30 manata düşmüşdür.

8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2(011)- 5023/2022 nömrəli qətnaməsinə əsasən iddia təmin edilmişdir.

9. Qətnamənin əsaslarına görə, iddiaçının evində quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri əsassız hesablandığından, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı qeyd edilən ünvanda qaza görə əsassız hesablanmış borca görə cavabdeh qarşısında məsuliyyət daşımır.

10. Birinci instansiya məhkəməsi tərəfindən Xəzər rayonu Mərdəkan qəsəbəsi M- 512 nömrəli sahə ünvanda yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə yerində müayinə təyin edilmiş, müayinə nəticəsində ünvanda təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar qoşulma halı, eləcə də qoşulmaya xarakterik əlamətlər aşkar edilməmişdir.

11. Məhkəmə gəldiyi nəticəni “Qazdan istifadə qaydalarının” 6.4, 6.5, 6.6-cı bəndlərinə istinadla əsaslandırmışdır.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir.

13. Şikayətin dəlillərinə görə, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol vermişdir. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə birliyin əməkdaşları tərəfindən tərtib olunmuş, daha sonra həmin akt əsasında “Dəymiş ziyanın bərpasına dair” tələbnamə təsdiq edilmişdir. Həmin tələbnamələrə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həçminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Müvafiq olaraq hesablanmış 7225,20 manat dəymiş ziyan könüllü ödəməsi üçün abonentin istehlakçı hesabına yerləşdirilmişdir. Göründüyü kimi iddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə,yəni təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməklə cavabdehə ziyan vurmuşdur. Lakin 1-ci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində kobud səhvə yol vermişdir. Təqdim edilmiş sayğacların saldoları, aktlar, fotoşəkillər sübut qismində araşdırılmamış, onlardan istifadə edilməmişdir. Belə ki, təqdim edilmiş iş üçün mühüm əhəmiyyətə malik olan məlumatları özündə əks etdirən sayğaclar üzrə saldolar, fotoşəkillər, aktlar, ekspertiza rəyi əlaqəli şəkildə araşdırılmamış, yalnız səthi yanaşılan ekspertiza rəyinə istinad edilmişdir. İddiaçı tərəfindən qanunsuz qoşulmanı həyata keçirməməsini təsdiq edən halları sübut edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Cavabdeh olaraq iddia ərizəsinin təmin edilməməsinə dair, onun əsassız olmasına dair kifayət qədər sübutlar (aktlar, faktları təsbitləyən fotoşəkillər, saldo və s.) 1-ci instansiya məhkəməsinə təqdim edilmişdir. Mülki iş ekspertizaya göndərilməmişdir. Yerli baxış həyata keçirilən zaman, qaz xəttində sayğacdan kənar əlavə xətdən istifadə izlərinə rast gəlinməsinə baxmayaraq iddianı tam təmin etmişdir. 3-cü şəxs DQNİ-nin eksperti qismində cəlb olunan Nümayəndə1 məhkəmə iclasında obyektiv hesablama apararaq iddianın qismən təmin olunmasını deməklə dolayı yolnan iddiaçının sayğacdan kənar əlavə xətt vasitəsilə təbii qazı taladığını söyləsə də, məhkəmə onun fikrini nəzərə almamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək, şikayətin təmin olunmasını xahiş etmişdir.

16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı (onun nümayəndəsi) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması; Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür

17. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: 13.9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”: Maddə 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; Maddə 4.6. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; Maddə 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; Maddə 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; Maddə 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir; Maddə 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 100cü maddəsinin 3-cü bəndinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilib, iddianın rədd edilməsi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

22. Apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən prosessual normaların tələblərinin pozulması ilə bağlı dəlillərində bir – birinə zidd olaraq iş üzrə ekspertiza təyin olunmadığı, digər tərəfdən isə “təqdim edilmiş iş üçün mühüm əhəmiyyətə malik olan məlumatları özündə əks etdirən sayğaclar üzrə saldolar, fotoşəkillər, aktlar, ekspertiza rəyi əlaqəli şəkildə araşdırılmamış, yalnız səthi yanaşılan ekspertiza rəyinə istinad edilmişdir.” sözləri qeyd olunmuşdur. Lakin iş materiallarından görünür ki, iş üzrə ümumiyyətlə ekspertiza təyin olunmamış, ekspert rəyi alınmamış və bu barədə cavabdehin nümayəndəsi tərəfindən şifahi formada verilmiş vəsatət rədd edilmişdir. Habuki, Mülki Prosessual Məcəllənin tələblərinə görə tərəflərin təşəbbüsü ilə ekspertizanın keçirilməsi üçün işdə iştirak edən şəxslər tərəfindən yazılı qaydada əsaslandırılmış vəsatət verilməlidir.

23. Şikayətin digər dəlili kimi qeyd olunmuşdur ki, “Yerli baxış həyata keçirilən zaman, qaz xəttində sayğacdan kənar əlavə xətdən istifadə izlərinə rast gəlinməsinə baxmayaraq iddianı tam təmin etmişdir.” Lakin iş materiallarının 69-cu vərəqəsində olan yerli müayinə protokolunda qeyd olunmuşdur ki, “Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsi, M-512 ünvanında yerləşən fərdi yaşayış evində ünvanda təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar qoşulma halı, eləcə də qoşulmaya xarakterik əlamətlər aşkar edilməmişdir”. Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq cavabdehin məhkəmə iclasının, o cümlədən yerində müayinə protokolu ilə tanış olaraq qeydlər vermək hüququ olsa da, bu hüququndan istifadə etməmişdir.

24. Bundan başqa, cavabdeh tərəfindən borcun hansı əsaslarla hesablanması da əsaslandırılmamışdır. Belə ki, 30 aprel 2019-cu il tarixli aktda cihazlar PQ4, kombi göstərilsə də, 2-ci aktda PQ3 və mini qazan qeyd olunmuşdur. Həmçinin, 1-ci aktla hesabat müddəti 90 gün, səfriyyata PQ4 üçün 6 saat, kombi üçün, 18 saat qeyd olunsa da, 2-ci aktda bu göstəricilər müvafiq olaraq 270 gün, PQ3 üçün 24 saat, mini qazan üçün 24 saat göstərilmişdir. Apellyasiya instansiyası məhkəməsində keçirilən iclasda bu xüsusatların araşdırılması məqsədilə şərait yaradılsa da, cavabdehin nümayəndəsi tərəfindən qeyd olunan hallar cavablandırılmamışdır.

25. Şikayətin digər dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdehin qeyri-qanuni, təqsirli hərəkətləri nəticəsində iddiaçıya itirilmiş qazın dəyərinə görə zərər vurulduğunu iddia etsə də, iş materialları ilə iddiaçının belə bir təqsirli hərəkəti müəyyən edilməmiş, bu hərəkətlərin mövcudluğunu təsdiq edəcək hər hansı mötəbər sübut təqdim edilməmişdir.

26. Eyni zamanda, qüvvədə olan qanunvericilik normalarına əsasən, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıyır.

27. Bundan əlavə, iş materiallaına əlavə edilmiş fotoşəkillərin nə vaxt, hansı ünvanda çəkilməsi, qanunsuz qoşulma faktını hansı formada əks etdirdiyi, əgər həqiqətən aktların tətibi zamanı çəkilmişsə hansı fotoşəkilin hansı aktın tərtibi zamanı çəkildiyi və s. hallar müəyyən edilmədiyindən mötəbər sübut kimi qanunuz qoşulma faktını müəyyən edə bilməz.

28. Cavabdeh tərəfindən tərtib edilmiş müvafiq aktlar qanunvericiliyin sadalanan normalarının tələblərinə zidd olaraq, iddiaçı tərəfindən imzalanmamış, aktların hazırlanmasına hal şahidləri cəlb edilməmiş, hər iki akt cavabdehin əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmişdir.

29. Bundan başqa, iş materiallarında olan abonent saldosunu nəzərdən keçirərək görünür ki, aktların tərtib olunduğu dövrlərdən sonra sərfiyyatda artım olmamışdır. Qeyd olunan xüsusat qanuni tərəfdən əsas hesab olunmasa da, daxili inam baxımından tərtib olunmuş aktların düzgün olmadığı qənaətinə gəlməyə əsas verir.

30. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

31. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2(011)-5023/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2(011)-5023/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar