Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-13/2025 28.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Şirkətinin Cavabdeh qarşı “cavabdehin inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması tələbi barədə” iddiasına dair Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 28 oktyabr 2021-ci il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı Şirkətinin nümayəndəsi X2, Cavabdeh vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. İddiaçı Şirkətin buna səlahiyyəti olan nümayəndəsi Şirkətin adından cavabdehə qarşı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Şirkətin istifadəsinə ayrılmış torpaq sahəsinin daxilində, yəni 3 saylı mədənin 6-cı sahəsində kadastr nömrəsi 16560 olan və xəritədə qeyd edilmiş (395301.**********.082, 395303.***-*******.180, 395293.***-*******.665, 395284.***- *******.620, 395267.***-*******.408, 395267.***-*******.320, 395258.**********.998, 395263.***-*******.489 koordinatlar çərçivəsində), ünvan 1 ünvanda cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilidən cavabdehin çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin - 10 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçı Şirkətə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, “X6 Bi.Vi” Şirkəti. və Dövlət Neft Şirkətinin Ortaq Neft Şirkəti arasında xx.xx.2004-cü il tarixdə “Saziş” imzalanmışdır. Həmin tarixdə Azərbaycan Respublikasının Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən “Saziş” qanun statusunu almışdır. "xxxx" icrası ilə əlaqədar bir sıra rayonların ərazilərinin bəzi hissələri, o cümlədən Binəqədi rayonun inzibati ərazisinin bir hissəsi iddiaçı Şirkətin istifadəsinə verilmişdir. İş üzrə cavabdeh, iddiaçı Şirkətin istifadəsinə olan və "xxxx" icrası ilə əlaqədar olaraq Şirkətin istifadəsinə ayrılmış torpaq sahəsinin bir hissəsini, yəni 3 saylı mədənin 6cı sahəsi daxilində yerləşən torpaq sahəsini zəbt etmiş, orada qanunsuz olaraq tikili inşa etdirmişdir. Həmin tikili Şirkətin ərazisində neft-qaz əməliyyatlarının həyata keçirilməsinə maneə yaratdığından Şirkətin qanunla qorunan hüquqları və Dövlət tərəfindən verilmiş təminatları kobud surətdə pozur. Bu səbəbdən də, cavabdeh həmin tikilidən çıxarılmalı, tikili cavabdehin hesabına sökülməli və tikilinin yerləşdiyi torpaq sahəsi boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılmalıdır. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2021-ci tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir.
4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tikinti aparılmış torpaq sahəsi cavabdehin mülkiyyətində və ya qanuni sahibliyində deyil və buna görə də özbaşına tutulmuş (zəbt edilmiş) hesab edilir, orada aparılmış tikili isə qanunvericiliyə əsasən qanunsuz tikilidir. Hazırkı iddianın təmin edilməsini istisna edən yeganə hal tikilinin və ya torpaq sahəsinin cavabdehin mülkiyyətində və ya qanuni sahibliyində olması və bu hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsidir. Hazırkı vəziyyətdə məhkəmədə belə bir sübutlar müəyyən edilmir. Əksinə sübut edilir ki, torpaq cavabdehin mülkiyyətində və ya qanuni sahibliyində deyil, ona görə də iş üzrə mövcud olan sübutlar əsasında iddianın təmin edilməsini istisna edən hallar yoxdur. c) apellyasiya şikayəti barədə məlumat
5. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olduğundan, işin əsl halları, qanunverciliyin tələbləri diqqətə alınmayaraq qəbul edildiyindən ləğv edilməlidir. Belə ki, cavabdehə məhkəmə prosesləri barədə məlumat verilməmiş, iclas onun iştirakı olmadan keçirilmiş və nəticədə cavabdehin hüquqlarını kobud şəkildə pozan məhkəmə aktı qəbul edilmişdir. Bu səbəbdən vaxtında əsaslı etiraz, əraziyə baxış və ekspertizanın keçirilməsi barədə vəsatət verə bilməmişdir. Bundan başqa nəzərə alınmalıdır ki, cavabdeh sözügedən sahəni abadlaşdıraraq təxminən 40 ildir fasiləsiz və etirazsız ailəsi ilə birgə həmin evdə yaşayır. Bugünə kimi bütün kommunal ödənişlər, vergilər cavabdeh tərəfindən həyata keçirilmiş, onun adıma başqa əmlak qeydiyyata alınmamış, yəni həmişə sözügedən ünvanda yaşamış, bütün həyatımı orada qurmuşdur. Azərbaycan Respublikası "xxxx" MMC tərəfindən “Fiziki və hüquqi şəxslərin mülkiyyətinə aid əmlakın qiymətləndirilməsi və torpaqların inventarlaşdırılmasına dair” xx.xx.2011-ci il tarixli “Hesabat cədvəli” tərtib edilmişdir. Həmin cədvəldə “Tikinti və torpaq sahəsinin baş planı”, “Tikintinin planı”, “Tikintinin təsviri” öz əksini tapmışdır. Cavabdeh evin mülkiyyətçisi olmasa da, uzun müddətdir mülkiyyət hüququndan irəli gələn bütün vəzifələrini həyata keçirir və gözlənti hüququ da mülkiyyət hüququnun tərkib hissəsini təşkil edir. Lakin qeyd edilənləri nəzərə almamış Rayon Məhkəməsi iddianın təmin edilməsi barədə əsassız nəticəyə gəlmişdir. d) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat
7. Cavabdehin vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi.
8. İddiaçı Şirkətin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, şikayətin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına uyğun izahat verdi.
9. Apellyasiya baxışı zamanı Məhkəmə tərəfindən iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilsə də, apellyasiya baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Bu halı işin baxılmasına mane olmadığını nəzərə almış Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. e) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
10. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
11. Belə ki, işdə olan sənədlərdən görünür ki, “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, “X6 Bi.Vi” Şirkəti. və Dövlət Neft Şirkətinin Ortaq Neft Şirkəti arasında xx.xx.2004-cü il tarixdə “Saziş” imzalanmışdır. Həmin tarixdə Azərbaycan Respublikasının Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən “Saziş” qanun statusunu almışdır. "xxxx" icrası ilə əlaqədar bir sıra rayonların ərazilərinin bəzi hissələri, o cümlədən Binəqədi rayonun inzibati ərazisinin bir hissəsi iddiaçı Şirkətin istifadəsinə verilmişdir.
12. Apellyasiya icraatı zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən Məhkəməyə verilmiş 10/2859 nömrəli, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, cavabdeh tərəfindən inşa olunmuş tikilinin yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 901 İİQD nömrəli qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” xx.xx.2004-cü il tarixli Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin coğrafi koordinatları daxilində yerləşir. Baxış zamanı təqdim olunmuş torpaq sahəsinin kənarı boyu, 75 mm-lik neft boru kəmərinin keçdiyi müəyyən edilmişdir. Lakin baxış zamanı həmin boru kəmərinin işlək vəziyyətdə olub-olmadığını müəyyən etməm mümkün olmamışdır. Eyni zamanda, baxış zamanı təqdim olunmuş torpaq sahəsinin daxilində və yaxınlığında göz ilə görünə bilən neft buruğu və neft qurğusu aşkar edilməmişdir.
13. İşdə olan sənələrdən müəyyən edilir və cavabdeh tərəfindən inkar edilmir ki, mübahisəli ev buna müvafiq icazələr olmadan inşa edilmişdir.
14. Cavabdeh apellyasiya şikayətində bildirir ki, o, mübahisəli evdə təxminən 40 ildir fasiləsiz və etirazsız olaraq yaşayır. Bugünə kimi bütün kommunal ödənişlər, vergilər cavabdeh tərəfindən həyata keçirilmiş, onun adıma başqa əmlak qeydiyyata alınmamış, yəni həmişə sözügedən ünvanda yaşamış, bütün həyatımı orada qurmuşdur. Azərbaycan Respublikası "xxxx" MMC tərəfindən “Fiziki və hüquqi şəxslərin mülkiyyətinə aid əmlakın qiymətləndirilməsi və torpaqların inventarlaşdırılmasına dair” xx.xx.2011-ci il tarixli “Hesabat cədvəli” tərtib edilmişdir. Həmin cədvəldə “Tikinti və torpaq sahəsinin baş planı”, “Tikintinin planı”, “Tikintinin təsviri” öz əksini tapmışdır. O, həmin evin mülkiyyətçisi olmasa da, uzun müddətdir mülkiyyət hüququndan irəli gələn bütün vəzifələrini həyata keçirir və gözlənti hüququ da mülkiyyət hüququnun tərkib hissəsini təşkil edir.
15. Məhkəmə cavabdehin bu dəlilini əsassız hesab edir ki. Belə ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır (maddə 180.1.). Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur (maddə 180.2.). Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz (maddə 180.3.). Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər (maddə 180.4.).
16. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa və Nazirlər Kabinetinin 94 saylı, xx.xx.2001-ci il tarixli qərarına görə, neft hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir.
17. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin tələblərinə görə, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Həmin hüquqi rejimlər müvafiq normativ-hüquqi aktlarla tənzimlənir ki, belə npormativ hüquqi aktlara “Neft mədənlərinin neft, qaz və sularının yığımı, nəqli və hazırlanması obyektlərinin texnoloji layihələşdirmə” Qaydalarına əsasən, neft buruğu ilə yaşayış evləri arasında məsafə ən azı 150 metr olmalıdır (maddə 22.; hissə 2.). Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur (maddə 111.; hissə 1.). Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır (maddə 111.; hissə 2.). Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir (maddə 111.; hissə 3.).
18. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, özbaşına mübahisəli tikili iddiaçı Şirkətin istifadəsinə yuxarıda qeyd edilmiş "xxxx" icrası ilə əlaqədar ayrılmış torpaq sahəsində, yəni cavabdehə aid olmayan torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz olaraq inşa etdirildiyindən hesab edilməlidir ki, işə baxmış Rayon Məhkəməsi iddiaçı Şirkətin iddia tələbinin əsaslı hesab edərək, təmin etməkdə haqlı olmuşdur.
19. Apellyasiya şikayətində həmçinin cavabdeh qeyd edir ki, işə baxmış Rayon Məhkəməsi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə ona məlumat verməmişdir.
20. Bununla bağlı Məhkəmə qeyd edir ki, MPM-in 185-ci maddəsinin mənasına görə isə, əgər işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar ediliblərsə, məhkəmə gəlməməyin səbəblərini üzrlü hesab etdikdə işə baxılmasını təxirə salır (maddə 185.3.). Tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır (maddə 185.4.). Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir (maddə 185.5.).
21. İş materiallarından görünür ki, işə baxmış Rayon Məhkəmə iş üzrə cavabdehə məhkəmə baxışı iclaslarının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat vermiş, ona dəfələrlə elektron qaydada və kağız daşıyıcıda “məhkəmə bildirişləri” göndərmişdir. Lakin o, məhkəmə baxışı iclaslarında iştirak etməmişdir.
22. İş materiallarından həmçinin görünür ki, cavabdeh, ona göndərilmiş bildirişi aldıqdan sonra Rayon Məhkəməsinə xx.xx.2021-ci il tarixdə ərizə ilə müraciət edərək, iddianın əsassız olduğunu bildirmiş və mübahisəli torpaq sahəsinə yerində müayinə keçirilməsini xahiş etmişdir.
23. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, işə baxmış Rayon Məhkəmə qanunla onun üzərinə qoyulmuş vəzifəni yerinə yetirmiş, cavabdehin rəsmi qeydiyyatda olduğu ünvana məhkəmə bildirişini göndərmişdir. Cavabdehin müzakirə edilən bu dəlili də əsassızdır. f) apellyasiya baxışının nəticəsi
24. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
25. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
26. Bu baxımdan, Məhkəmə, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
27. Apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.
28. Məhkəmə həmçinin bildirir ki, iddianın təmin edilməsi barədə Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldığından, iddiaçı Şirkət hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.
29. Cavabdehin apellyasiya şikayəti təmin edilmədiyindən o, hazırkı qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.
30. Odur ki, apellyasiya baxışının nəticələrini nəzərə alan, MPM-in 384-ci maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-in 119, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 28 oktyabr 2021-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Apellyasiya icraatı zamanı iş üzrə keçirilmiş ekspertiza tədqiqatının xərci olan 100 (yüz) manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Cavabdeh hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İddiaçı Şirkəti hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.