Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1300/2024 22.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" açıq səhmdar cəmiyyətinin cavabdehlər X2 və Cavabdeh1 qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: sığorta ödənişi, subroqasiya hüququ, iddia müddəti) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə "xxxx" ASC-nin X2 və Cavabdeh1 qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında geri qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. X4 məxsus 2012-ci il buraxılışlı, ** BT *** dövlət nömrə nişanlı “X17” markalı avtomobil xx.xx.2012-ci il tarixli MİB-1298/12 saylı sığorta şəhadətnaməsi əsasında "xxxx" ASC tərəfindən “Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası üzrə” sığortalanmış, sığortanın bitmə tarixi xx.xx.2015-ci il, sığorta obyektinin dəyəri 19 000 manat, sığorta məbləği xx.xx.2012-ci il tarixindən xx.xx.2013-cü il tarixinədək olan dövr üçün 19 000 manat, şərtsiz azadolma məbləği avtomobilin tam məhv olması halı üçün sığorta məbləğinin 15%-i olaraq müəyyənləşdirilmişdir.
2. 05.12.2012-ci il tarixdə X8 ilə "xxxx" ASC arasında “MİB-1298/12 saylı sığorta şəhadətnaməsi”nə 1 saylı Əlavə imzalanmış, sığortalanmış avtomobili idarə etmək səlahiyyəti olan şəxslərin siyahısına X9 əlavə edilmişdir.
3. X2 məxsus olmuş “Daewoo Tico” markalı ** FJ *** dövlət nömrə nişanlı avtomobil xx.xx.2012-ci il tarixdə etibarnamə əsasında Cavabdeh1 tərəfindən idarə olunarkən X5 idarə etdiyi “X17” markalı avtomobillə toqquşmuş, nəticədə “X17” markalı avtomobilə ziyan dəymişdir.
4. ** BT *** dövlət nömrə nişanlı “X17” markalı avtomobil X9 tərəfindən etibarnaməsiz idarə olunmuşdur.
5. Bakı şəhəri Nizami RPİ İŞ-nin müstəntiqinin 09 fevral 2013-cü il tarixli qərarı ilə Cavabdeh1 barəsində cinayət işinin başlanması rədd olunmuş, bununla belə müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsi onun təqsirindən baş vermişdir və əməlində İnzibati Xətalar Məcəlləsinin 151.2-ci maddəsinin tərkibi vardır.
6. Həmin qərarda həmçinin göstərilmişdir ki, ** BT *** dövlət nömrə nişanlı “X17” markalı avtomobil X9 tərəfindən etibarnaməsiz idarə olunduğundan, onun əməlinda İnzibati Xətalar Məcəlləsinin 152.1-ci maddəsinin tərkibi vardır və müvafiq tədbir görülməsi üçün qərarın surəti Nizami RPİ-nin DYPŞ-nə göndərilməlidir.
7. "xxxx" ASC-nin eksperti R. Məmmədovun və sığortalı X3 tərtib etdikləri xx.xx.2013-cü il tarixli aktda göstərilmişdir ki, “X17” markalı avtonəqliyyat vasitəsi yolnəqliyyat hadisəsi nəticəsində tam məhv olmuş hesab edilmişdir.
8. "xxxx" ASC-nin eksperti R. Məmmədovun və sığortalı X3 tərtib etdikləri xx.xx.2013-cü il tarixli “Qəzaya uğramış avtomobilin qalıq hissəsinin qiymətləndirilməsi” aktında göstərilmişdir ki, yol nəqliyyat hadisəsindən sonra avtomobilin qalıq hissəsinin dəyəri 3323,04 manat məbləğində müəyyən olunmuşdur.
9. “Daewoo Tico” markalı ** FJ *** dövlət nömrə nişanlı avtomobilin sahibinin mülki məsuliyyəti "xxxx" ASC tərəfindən sığortalanmışdır.
10. Cavabdeh2 tərəfindən xx.xx.2009-cu il tarixdə Cavabdeh1 “Daewoo Tico” markalı avtomobilə dair sərəncam vermə hüququnu da nəzərdə tutan 30 il müddətli etibarnamə verilmişdir.
11. "xxxx" ASC-nin “Sığorta hadisələrinin tənzimlənməsi departamenti”nin direktoru tərəfindən təsdiq edilən “Zərərin hesablanması aktında” göstərilmişdir ki, “X17” markalı avtomobilə xx.xx.2013-cü il tarixdə baxış keçirilmiş, avtomobilə 17 390 manat məbləğində ziyan dəydiyi müəyyən olunmuşdur.
12. 17 oktyabr 2013-cü il tarixli sığorta aktında göstərilmişdir ki, sığorta predmeti tam zərərə uğramış hesab edildiyindən, 19 000 manat sığorta məbləğindən MİB-1298/12 saylı sığorta şəhadətnaməsində razılaşdırılmış 15% şərtsiz azadolma məbləği – 2850 manat və sığortalının avtomobilin qalıq hissəsini özündə saxlamaq istəyi nəzərə alınaraq, xx.xx.2013-cü il tarixdə keçirilmiş baxış nəticəsində avtomobilin qalıq hissəsinin dəyəri kimi müəyyən edilmiş 3323,96 manat məbləği çıxılaraq sığorta ödənişi 12 826,96 manat müəyyənləşdirilmişdir. Bu məbləğ faydalanan "xxxx" ASC-nin Mərkəzi filialının xx.xx.2013-cü il tarixli məktubuna əsasən, sığortalının "xxxx" ASC-nin Mərkəz filialında olan hesabına köçürüləcəkdir.
13. "xxxx" ASC tərəfindən 12 826,96 manat sığorta ödənişi xx.xx.2013-cü il tarixdə X3 "xxxx" ASC-nin Mərkəz filialında olan hesabına köçürülmüşdür.
14. “X17” markalı avtomobilə dəymiş zərərə görə ödənilmiş 12 826,96 manat məbləğində sığorta ödənişinin 4091 manat hissəsi “Daewoo Tico” markalı avtomobilin sürücüsünün məsuliyyətini icbari qaydada sığortalamış "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə ödənilmişdir.
15. "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixdə X6 və Cavabdeh1 məktub ünvanlanmış, 12 826,96 manat məbləğində sığorta ödənişinin 8735,96 manat məbləğində olan hissəsinin "xxxx" ASC-yə geri ödənilməsi tələb edilmişdir.
16. Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, “X17” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2012-ci il tarixdən X3 adına qeydiyyatdadır, avtomobilin istifadə edilməsi ilə bağlı sonuncu dəfə xx.xx.2019-cu il tarixdə etibarnamə verilmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
17. "xxxx" açıq səhmdar cəmiyyəti (iddiaçı) Cavabdeh1 və Cavabdeh2 (cavabdehlər) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (məhkəmə və birinci instansiya məhkəməsi) müraciət edərək, 8735,96 manat sığorta ödənişinin, 107,36 manat məbləğində dövlət rüsumunun və 0,4 manat xidmət haqqının əvəzinin, yəni cəmi 8843,72 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
18. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh2 məxsus olmuş “Daewoo Tico” markalı **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2012-ci il tarixdə Cavabdeh1 tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş, nəticədə "xxxx" ASC-də avtokasko risklərindən sığortalanmış “X17” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə maddi zərər dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Bakı şəhəri Nizami RPİ-nin müstəntiqi Abdulla Cəlilli tərəfindən araşdırma aparılmış və xx.xx.2013-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Qərara əsasən Cavabdeh1 hadisənin törədilməsində təqsirli bilinmiş, əməlində cinayət tərkibi olmadığından onun barəsində materiallar AR İXM-in 152.1-ci maddəsinə əsasən inzibati tənbeh tədbirlərinin görülməsi üçün Nizami RPİ-nin DYPŞ-ə göndərilmişdir. Hadisə nəticəsində “X17” markalı avtomobilə dəymiş zərərlə bağlı "xxxx" ASC tərəfindən 12 826,96 (on iki min səkkiz yüz iyirmi altı manat doxsan altı qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Nəqliyyat vasitəsi hadisə nəticəsində tam məhv olmuş hesab edilmiş, avtomobilin qalıq hissəsinin dəyəri 3323,04 (üç min üç yüz iyirmi üç manat dörd qəpik) manat məbləğində müəyyən edilmişdir. “X17” markalı avtomobilə ümumilikdə 17 390 (on yeddi min üç yüz doxsan) manat məbləğində ziyan dəymişdir. Hadisə törədilən vaxt Cavabdeh2 məxsus olmuş “Daewoo Tico” markalı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyəti "xxxx" ASC tərəfindən sığortalanmış, “X17” markalı avtomobilə dəymiş zərərə görə "xxxx" ASC tərəfindən ödənilmiş 12 826,96 (on iki min səkkiz yüz iyirmi altı manat, doxsan altı qəpik) məbləğində sığorta ödənişinin 4091 (dörd min doxsan bir) manat məbləğində olan hissəsi "Daewoo Tico” markalı sürücüsünün məsuliyyətini icbari qaydada sığortalamış "xxxx" ASC tərəfindən "Bakı Sığorta” ASC-yə ödənilmişdir.
19. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək iş yükünün çoxluğu ilə əlaqədar olaraq məhkəmə iclaslarında iştirak edə bilmədiklərini qeyd etmiş, işə onların iştirakı olmadan baxılmasını və iddianın tam təmin olunmasını xahiş etmişdir.
20. Cavabdeh1 məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) Vəkil iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, avtombilə dəymiş zərər şişirdilmişdir və qəza nəticəsində avtomobilin yararsız vəziyyətə düşməsi şübhəlidir. Sığorta şirkəti tərəfindən Cavabdeh1 vaxtında məlumat verilməmiş, hadisədən uzun müddət keçdikdən sonra məhkəməyə müraciət olunmuşdur. Hesab edir ki, iş üzrə digər cavabdeh Ayaz Cabarzadə məsuliyyət daşımalıdır.
21. Cavabdeh1 nümayəndəsi (vəkili) iddia müddətinin tətbiq olunması ilə bağlı ərizə də vermiş, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
22. Məhkəmənin hazırlıq iclasında iştirak edən cavabdeh Ayaz Cabarzadə iddia ilə razı olmadığını bildirmiş, iddia ərizəsinə etirazını və iddia müddətinin tətbiqi ilə bağlı ərizəsini təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Ərizədə həmçinin qeyd olunmuşdur ki, “Daewoo Tico” markalı avtomobil 2009-cu ildə Cavabdeh1 satılmışdır və buna görə hadisə ilə bağlı həmin şəxs məsuliyyət daşıyır.
23. Məhkəmənin təyinatı əsasında tədqiqat aparan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyində göstərilmişdir ki, “..."xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2013-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla “X17” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 16 846 manat müəyyən edilmişdir”.
24. Birinci instansiya məhkəməsinin 06 noyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia təbəbinin qismən təmin olunması, Cavabdeh1 8735,96 (səkkiz min yeddi yüz otuz beş manat doxsan altı qəpik) manat məbləğində sığorta ödənişinin, 107,36 (yüz yeddi manat, otuz altı qəpik) manat məbləğində dövlət rüsumunun və 0,4 (qırx qəpik) manat xidmət haqqının əvəzi olmaqla, cəmi 8843,72 (səkkiz min səkkiz yüz qırx üç manat yetmiş iki qəpik) məbləğində pulun tutulub "xxxx" ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə, yəni digər Cavabdeh2 münasibətdə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 150 (yüz əlli) manatın Cavabdeh1 tutulub Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
25. Məhkəmə öz qənaətini aşağıda göstərildiyi şəkildə əsaslandırmıdır:
25.1. Hazırkı mübahisə üzrə iddia müddəti olaraq ümumi iddia müddəti, yəni 10 illik müddət tətbiq edilməlidir. Ümumi iddia müddətinin tətbiq edilməsi üçün müddətin başlama vaxtı ilə bağlı tərəflər arasında fikir ayrılığı mövcuddur. İddiaçı sığortaçı olaraq kasko sığorta müqaviləsi üzrə baş vermiş sığorta hadisəsinə görə sığortalıya 17 oktyabr 2013-cü il tarixdə sığorta ödənişini vermişdir. Hazırkı iddia reqres öhdəliklərlə bağlı olduğundan iddia müddətin axımı əsas öhdəliyin icra olunduğu vaxtdan, yəni 17 oktyabr 2013-cü il tarixdən hesablanmalıdır. İddiaçı tərəf isə 10 il müddət bitməmiş, yəni 01 fevral 2023-cü il tarixdə iddia ilə məhkəməyə müraciət etmişdir. Bununla da iddiaçı iddia müddətini ötürməmişdir. 25.2. İş materialları ilə müəyyən olunur ki, yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh1 təqsirli bilinmişdir. Baş vermiş sığorta hadisəsinə görə "X17” markalı avtonəqliyyat vasitəsinə dəymiş maddi zərərlə bağlı "Bakı Sığorta” ASC tərəfindən 12 826,96 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Sığorta ödənişi Cavabdeh1 təqsirli hərəkəti nəticəsində törədildiyindən iddiaçının subroqasiya hüququ yaranmışdır. Ona görə də iddiaçı subroqasiya hüququndan istifadə edərək iddia irəli sürməkdə haqlı olmuşdur. 25.3. Subroqasiya qaydasında tələb olunan məbləğ ilə bağlı qeyd olunmalıdır ki, iddiaçı tərəfindən təqdim edilmiş sübutlara əsasən "X17” markalı avtomobilə 17 390 manat zərər vurulduğu göstərilmişdir. xx.xx.2023-cü il tarixli 9/4291 saylı məhkəməəmtəəşünaslıq ekspertizası rəyi ilə köhnəlmə faizi nəzərə alınmadan qeyd olunan zərərin məbləği təsdiq olunur. "xxxx" ASC tərəfindən sığortalıya ödənilmiş 12 826,96 manat məbləğdən "Atəşgah Sığorta” ASC tərəfindən icbari sığorta qaydasında ödənilmiş 4091 manat çıxıldıqdan sonra yerdə ödənilməmiş 8735,96 manat zərər qalır. Qeyd olunan məbləğ iddiaçının tələb etdiyi məbləğlə uyğun gəlir. 25.4. Qəzadan sonra avtomobilin yararlılığı ilə bağlı yaranmış ziddiyyətlə bağlı isə məhkəmə qeyd edir ki, sığorta ödənişi sözügedən avtomobilə dəymiş faktiki zərərə görə hesablanmışdır. Avtomobilə isə həqiqətən də göstərilən məbləğdə zərər dəyməsi iş materialları ilə sübut olunur. İddiaçı tərəfindən verilmiş həmin sığorta ödənişi subroqasiya qayasında tələb olunduğundan, sözügedən qəza nəticəsində avtomobilin təmirə yarasız vəziyyətə düşüb-düşməməsi iddia tələbinin əsaslılığına təsir göstərmir. 25.5. Yol-nəqliyyat hadisəsi vaxtı Cavabdeh1 yüksək təhlükə mənbəyi olan "Daewoo Tico” markalı **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobili qanuni əsasla idarə etmiş, digər Cavabdeh2 isə həmin avtomobilin mülkiyyətçisi olmuş və avtomobili etibarnamə əsasında Cavabdeh1 vermişdir. 25.6. Bununla bağlı məhkəmə belə nəticəyə gəlir ki, yol-nəqliyyat hadisəsi baş verən zaman yüksək təhlükə mənbəyi olan avtomobil qanuni əsaslarla Cavabdeh1 istifadəsində olduğundan, həmçinin onun təqsirli olması sübuta yetirildiyindən, həmin mənbənin vurduğu zərərə görə cavabdehlərdən yalnız Cavabdeh1 məsuliyyət daşımalıdır.
26. Gəldiyi nəticənin hüquqi əsaslandırması üçün məhkəmə, Mülki Məcəllənin 21-ci, 372.2-ci, 377.4-cü, 373.1-ci, 936.2-ci, 936.5-ci, 1108.1-ci maddələrinə istinad etmişdir.
27. Qətnamədən Cavabdeh1 nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin maddi hüquq normalarını düzgün tətbiq etmədiyi, qanunu yanlış təfsir etdiyi, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmadığı, iddia müddətinin ötürülmüş olmasını nəzərə almadığı, sığortalanmış avtomobilə 17 390 manat ziyan dəydiyinin sübuta yetirilmədiyi, sığortalıya 12 826,96 manat ödənildiyinə dair sübut təqdim edilmədiyi, hadisədən 10 il sonra iddia qaldırmaqla iddiaçının subroqasiya hüququndan sui-istifadə etdiyi arqumentləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinə qarşı yazılı etiraz
28. "xxxx" ASC-nin nümayəndəsi tərəfindən apellyasiya şikayətinə qarşı yazılı verilmiş, qətnamənin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur.
Apellyasiya baxışı, izahatlar
29. Cavabdeh1 məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddiaçının əvvəlki məhkəmə iclasında iştirak edən nümayəndəsi isə şikayətin əsassız olduğunu bildirmişdir.
30. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh X7 məhkəməyə gəlməmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
31. Maddə 1.1. Bu Məcəllənin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdir.
32. Maddə 1.2. Bu Məcəllənin vəzifələri aşağıdakılardır: ... mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək.
33. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
34. Maddə 199.1. Borclu öhdəlik üzrə tələblərin yeni kreditora güzəşt edildiyi barədə bildirişi aldığı məqamda ilkin kreditora qarşı malik olduğu etirazları yeni kreditorun tələbinə qarşı irəli sürə bilər.
35. Maddə 202. Hüquqlara və tələblərə mülkiyyət hüququnun əldə edilməsi qaydaları qanuna, məhkəmənin və ya digər səlahiyyətli dövlət orqanının qərarına əsasən həyata keçirilən tələbin güzəştinə də müvafiq surətdə tətbiq olunur.
36. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
37. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
38. Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir.
39. Maddə 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.
40. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
41. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
42. Maddə 377.4. Reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır.
43. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.
44. Maddə 904.1. Sığorta məbləği sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin son həddidir.
45. Maddə 904.2. Sığorta məbləği icbari sığorta üzrə icbari sığorta qanunları ilə, könüllü sığorta üzrə sığorta müqaviləsi ilə müəyyənləşdirilir.
46. Maddə 922. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır.
47. Maddə 923.1. Sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir.
48. Maddə 923.2. Sığorta hadisəsinin baş verməsi barədə sığortaçıya məlumat vermiş sığortalı və ya sığorta olunan şəxs, həmçinin faydalanan şəxs bu Məcəllənin 923.1-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli dövlət orqanlarına həmin hadisə barədə xəbər verməmişdirsə sığortaçı qeyd olunan orqanları bu hadisə barədə dərhal məlumatlandırmalıdır.
49. Maddə 923.3. Sığortalı və ya sığorta olunan tərəfindən sığortaçının sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırmasından asılı olmayaraq sığortaçıya bu barədə məlumatlandırılmış səlahiyyətli dövlət orqanı xəbər verməlidir.
50. Maddə 923.4. Bu Məcəllənin 923.1-ci maddəsində üzərinə məlumatlandırma vəzifəsi qoyulan şəxslərdən başqa digər şəxslər, o cümlədən səlahiyyətli dövlət orqanları və müvafiq hallarda zərərçəkən tərəfindən də sığorta hadisəsinin baş verməsi haqqında hər hansı vasitə ilə sığortaçıya xəbər verilməsi sığorta hadisəsi barədə məlumatlandırılma hesab edilir.
51. Maddə 925.1. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir.
52. Maddə 925.2. Sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir.
53. Maddə 925.3. Sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır.
54. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.
55. Maddə 927.1. Əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsə dəyən real zərərin miqdarından çox ola bilməz.
56. Maddə 931. Bir sığorta hadisəsi üzrə dəyən zərərin və (və ya) yaranan itkilərin əvəzinin ödənilməsi üçün iki və ya daha çox sığorta müqaviləsi ilə bir və ya bir neçə sığortaçının öhdəlikləri yarandıqda əvvəlcə icbari sığorta müqavilələri üzrə sığorta ödənişləri verilməlidir. Bu zaman könüllü sığorta müqaviləsi bağlamış sığortaçı sığortalı (sığorta olunan və ya faydalanan şəxs) qarşısındakı öhdəliklərini öz istəyi ilə icbari sığorta müqaviləsi bağlamış sığortaçıdan əvvəl yerinə yetirə bilər.
57. Maddə 933.1. Sığorta ödənişi aşağıdakılardan hər birinin mövcud olduğu halda həyata keçirilir: 933.1.1. sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbi; 933.1.2. sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd; 933.1.3. icbari sığorta qanunlarında və müvafiq sığorta qaydalarında nəzərdə tutulan, sığorta ödənişinin verilməsi üçün tələb olunan digər sənədlər.
58. Maddə 934.1. Bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir.
59. Maddə 935.1. Sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir: 935.1.1. bu Məcəllənin 923.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olması; 935.1.2. bu Məcəllədə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, sığortalının, müvafiq hallarda zərərçəkənin müvafiq hadisənin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi, habelə hadisə ilə birbaşa səbəb əlaqəsində olan qəsdən cinayət törətməsi; 935.1.3. müqavilə və ya icbari sığorta qanunları ilə hərbi risklərin sığortalanması nəzərdə tutulmadıqda hadisənin baş verməsinin hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən halların nəticəsi olması; 935.1.4. sığortalının sığortalanmış əmlaka dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görməməsi; bu zaman sığorta ödənişindən o həcmdə imtina edilə bilər ki, sığortalı mümkün tədbirləri görmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı; 935.1.5. zərər dəymiş əmlakın sığortaçıya təqdim edilməsi ilə bağlı bu Məcəllənin 925.5-ci maddəsinə riayət edilməməsinin sığortaçını zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum etməsi; 935.1.6. bu Məcəllənin 935.2-ci maddəsi nəzərə alınmaqla, sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması; 935.1.7. əmlakın sığortası üzrə sığortalı, sığorta olunan və ya faydalanan şəxsin zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli olan şəxsdən alması; zərərvuran zərərin əvəzini qismən ödəmiş olduqda sığorta ödənişindən ödənilmiş məbləğ həcmində imtina edilir. 935.1.8. baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi.
60. Maddə 936.1. Subroqasiya hüququ, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
61. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
62. Maddə 1114. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
63. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
64. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
65. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
66. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
67. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
68. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
69. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
70. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
71. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının iddianın təmin olunmasına, həmçinin ekspertiza xərcinin apellyatordan tutulmasına dair hissədə yoxlanılması təşkil edir. Belə ki, qətnamə iddiaçı tərəfindən mübahisələndirilməmişdir və bu səbəblə iddia tələbinin təmin olunmayan hissəsi apellyasiya baxışının predmeti deyildir.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
72. İşin hallarından görünən odur ki, iddiaçının tələb hüququ mübahisəli olmasa da, cavabdeh digər əsaslarla yanaşı, həm də iddia müddətinin ötməsinə istinad etmişdir.
73. Buna görə də kollegiya ilk növbədə, iddiaçının iddia müddətini ötürübötürmədiyi ilə bağlı məsələyə qiymət verməyi zəruri hesab edir.
74. İddia müddəti (onun tətbiqi) cavabdehə aid hüquq olmaqla, ona yönəlmiş iddiadan müdafiə olunmaq imkanı təmin edir. Bu səbəbdən iddia müddəti məhz cavabdehin verdiyi ərizə əsasında tətbiq olunur. Bununla da cavabdehə imkan yaradılır ki, mövcud öhdəliyə görə məhkəmə qərarı ilə təqib olunmaqdan (əmlakı ilə məsuliyyət daşımaqdan) azad olsun. Başqa sözlə, iddia müddətinin keçməsi tələb hüququnun özünü deyil, onun məhkəmə qaydasında realizəsi imkanını aradan qaldırır. Bu baxımdan iddia müddəti qanunla cavabdehə verilən özünümüdafiə vasitəsidir (§ 36, 37, 39).
75. Qanunda ayrı-ayrı tələblər üçün xüsusi iddia müddətləri nəzərdə tutulsa da, ümumi iddia müddəti on il təşkil edir (§ 38).
76. İddia müddətinin axımının başlanması və başa çatması anının düzgün müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir.
77. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır (§41, 42).
78. Vahid məhkəmə təcrübəsini formalaşdıran Azərbaycan Respublikası Ali Məhkəməsinin mövqeyi ondan ibarətdir ki, subroqasiya tələbi üzrə iddia müddətinin axımı sığorta ödənişinin verildiyi andan hesablansa da, bu müddət mülki hüquq pozuntusunun (deliktin) törədildiyi tarixdən keçən on illik ümumi iddia müddətindən artıq ola bilməz (2(102)-46/2024 saylı iş üzrə xx.xx.2024-cü il tarixli Qərar).
79. Həmin mövqeyə görə, “ümumi iddia müddəti (on il) mülki hüquqi tələblərin məhkəmə qaydasında təqib edilməsinin mümkün olduğu son müddətidir (mütləq müddət). Mülki hüquq pozuntusu (delikt) üzrə qanunda xüsusi müddət nəzərdə tutulmadığından bu əsasa söykənən tələblər üzrə də on illik iddia müddəti tətbiq olunur. Belə ki, deliktin törədildiyi tarixdən etibarən on il keçmişdirsə həmin qanunazidd əmələ görə iddia müddəti ötmüş hesab edilir. Bu müddətin aşılması mümkün sayılmır, axımı sonradan başlamış iddia müddətləri də on ilin tamamında başa çatır. Bu baxımdan reqres tələb üzrə iddia müddətinin axımının əsas öhdəliyin icrası anından başlanması delikt üzrə ümumi iddia müddətinin aşılmasına əsas verə bilməz. Odur ki, ilkin kreditorun tələb hüququndan istifadə edən sığortaçının birtərəfli hərəkəti (sığorta ödənişini sonradan ödəməsi, yaxud hansısa səbəbdən gecikdirməsi) borclunun müdafiə vasitəsi olan on illik ümumi iddia müddətini onun zərərinə artıra bilməz (məsələn, sığortaçı ödənişi hadisənin və zərərin baş verməsindən 9 il sonra ödəməklə borclunun yararlana biləcəyi ümumi iddia müddətini 19 ilə uzada bilməz). Əks yanaşma, yəni deliktin törədildiyi vaxtdan on il keçəndən sonra (iddia müddətini tətbiq edən) borclunun təqib edilməsi, başqa sözlə, borclunun qeyrimüəyyən müddətə məhkəmə çəkişməsi təhdidi altında qalması ümumi iddia müddətini mənasız edərdi. Belə vəziyyət bu institutun mahiyyəti və məqsədi ilə uzlaşmır”.
80. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu 3 iyun 2013-cü il tarixli qərarında göstərmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.
81. Subroqasiya hüququ sığorta ödənişini almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu tələb hüququnun qanuna əsasən sığortaçıya keçməsindən irəli gəlir.
82. Ali Məhkəmənin formalaşdırdığı təcrübəni əsas götürən kollegiya hesab edir ki, ilkin kreditorun zərər vuran şəxsə qarşı tələb hüququ on illik iddia müddəti ilə məhdudlaşırsa, yəni borclu ilkin kreditor qarşısında delikt törətdiyi tarixdən on il ərzində təqib olunmaq öhdəliyi daşıyırsa, yeni kreditora keçən həmin tələb üzrə müddət bundan artıq ola bilməz.
83. Əks yanaşma “heç kəs özündə olandan artığını başqasına verə bilməz” prinsipinə, borclunun ilkin kreditora qarşı malik olduğu etirazları yeni kreditora qarşı da irəli sürmək hüququna dair Mülki Məcəllənin 199.1-ci və 202-ci maddələrinə zidd olardı (§ 34, 35).
84. O da nəzərə alınmalıdır ki, mülki hüquq münasibətlərinin iştirakçıları özlərinin birtərəfli hərəkətləri ilə başqa şəxslərin vəziyyətini ağırlaşdıra bilməzlər. Bu səbəbdən mülki dövriyyənin azadlığında üçüncü şəxslərin hüquqlarına xələl gətirilməməsi, eləcə də mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə olunması Mülki Məcəllənin məqsəd və vəzifələri kimi nəzərdə tutulmuşdur (§ 31,32).
85. Məhkəmə tərkibi vurğulayır ki, mülki hüquq normaları yuxarıda göstərilən ümumi prinsiplərə, məqsəd və vəzifələrə zidd şəkildə tətbiq edilə bilməz.
86. Hazırkı işdə müəyyən edilən odur ki, mülki hüquq pozuntusu cavabdeh tərəfindən 26 dekabr 2012-ci il tarixdə törədilmiş, iddia isə 01 fevral 2023-cü il tarixdə qaldırılmışdır.
87. Belə olan halda qanunla müəyyən olunmuş on illik ümumi iddia müddəti ötmüş, cavabdeh bu barədə yazılı ərizə vermişdir. Bu hal iddianın rədd edilməsi üçün əsasdır.
88. Birinci instansiya məhkəməsi isə qeyd olunanları nəzərə almamış, göstərilən maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iş üzrə düzgün olmayan qətnamə çıxarmışdır. Halbuki, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (§ 66).
89. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1310/2023 saylı iş üzrə 06 noyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni “Cavabdeh1 8735,96 (səkkiz min yeddi yüz otuz beş manat doxsan altı qəpik) manat məbləğində sığorta ödənişinin, 107,36 (yüz yeddi manat, otuz altı qəpik) manat məbləğində dövlət rüsumunun və 0,4 (qırx qəpik) manat xidmət haqqının əvəzi olmaqla, cəmi 8843,72 (səkkiz min səkkiz yüz qırx üç manat yetmiş iki qəpik) məbləğində pulun tutulub "xxxx" ASC-yə ödənilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 150 (yüz əlli) manatın Cavabdeh1 tutulub Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi” hissəsində ləğv olunsun. İddia tələbi həmin hissədə də təmin edilməsin. Ekspertiza tədqiqatlarının dəyəri olan 150 (yüz əlli) manat "xxxx" ASC-dən alınaraq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid olunsun. Qətnamədən "xxxx" ASC tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə