Məhkəmə qərarları › İş №2(103)-1303/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1303/2024

27.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1303/2024 27.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə; iddiaçı Cavabdeh İddiaçı qarşı mülki iş üzrə (Açar sözlər: borcun silinməsi; dəymiş maddi zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X4 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X1, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı oğlunun iştirakı ilə, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdehnə qarşı «borcun silinməsi» tələbinə dair ilkin, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı «dəymiş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 avqust 2023-cü il tarixli 2(006)-2485/2023 nömrəli qətnaməsindən ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İşin halları

1. Cavabdeh İB-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda müxtəlif tarixlərdə qazdan istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, ünvanda sayğacdan kənar qeyri-qanuni qoşulma faktı müvafiq aktla rəsmiləşdirilmişdir. İddiaçı adına açılmış **********00290 saylı abonent saldosundan abonentin 3.836,16 manat məbləğində borcun hesablandığı görünür.

Birinci instansiya məhkəməsində icraat

2. İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdehnə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Bakı X5 Departamenti tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli akta əsasən ona hesablanmış 3.836,16 manat məbləğində cərimə borcunun Cavabdeh tərəfindən onun **********00290 saylı abunə hesabından silinməsi barədə qətnamə çıxararılması xahiş edilmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, o, ailə üzvləri ilə birlikdə 1988-ci il tarixdən Bakı şəhəri, Nəsimi rayonu, Mirzəağa Əliyev küçəsi, ev 244, 9 saylı mənzildə yaşayır. Ondan başqa iki qardaşı və onları ailə üzvləri də onunla qonşuluqda yaşayır. xx.xx.2012-ci il tarixdə qeyd olunan ünvana smart tipli G4 markalı 1202AQ**********9 nömrəli qaz sayğacı qoyulmuşdur və bununla bağlı 198756 nömrəli akt da tərtib edilmişdir. Uzun müddət həmin sayğac problemsiz olaraq işləmişdir. xx.xx.2023-cü il tarixdə sayğaca baxarkən texniki nasazlıq olduğunu hiss etmişdir. Bu səbəbdən də qaz idarəsinin əməkdaşına zəng edərək bu barədə məlumat vermişdir. Onlar da sabahı gün, yəni xx.xx.2023-cü il tarixdə yaşadığı ünvana gələrək akt tərtib etmişlər və həmin sayğacın istismar müddətinin bitdiyini bildirmişlər. Buna görə də həmin sayğac əməkdaşlar tərəfindən çıxarılaraq əvəzinə Zenner smart tipli G4 markalı, **********441 nömrəli yeni sayğac quraşdırılmışdır. Sayğac yaşadığı mənzilin bayır hissəsində yerləşir. Həmin sayğaca uyğun olaraq da kart təqdim edilmişdir. O, həmin kartı aktivləşdirmək üçün Asan kommunala yaxınlaşdıqda oradakı əməkdaş onun adına 3.836,16 manat məbləğində borc olduğunu qeyd etmişlər. Həmin borcdan xəbərsiz olduğunu bildirmişdi. Orada ona məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixdə ona heç bir məlumat verilmədən sayğaca baxış keçirilmiş və əsassız və qanunsuz olaraq akt tərtib edilmişdir. Hətta qeyd olunan aktda onun guya həmin aktı imzalamaqdan imtina etdiyi barədə də qeydlər edilmişdir. Lakin həmin ünvanda Cavabdehın əməkdaşları tərəfindən gəlinməmişdir. Çəkilən şəkillərin isə kimin tərəfindən çəkilməsi məlum deyildir. Aktda qeyd edilmişdir ki, o, sayğacdan kənar qanunsuz olaraq istifadə etmişdir və qaz idarəsinin əməkdaşları tərəfindən qeyd olunan nöqsan aradan qaldırılmış və xətt qaynaq olunaraq bağlanmışdır. Lakin bu açıq-aşkar yalandır və qaz idarəsinin əməkdaşlarının ona qarşı qurulmuş oyunudur. Qeyd olunan vaxtda onlar orada hər hansı baxış aparıb hər hansı nöqsan aşkar etmiş olsaylı orada yaşayan şəxslərin də bu barədə məlumatı olmuş olardı. Hətta qaynaq aparıldığı da qeyd olunur. Bu cür səs-küyün orada yaşayan heç bir şəxs tərəfindən eşidilməməsi və ya görülməməsi isə mümkün deyildir. Akta əlavə olunmuş şəkillərdən isə dəqiq nəsə görmək mümkün deyildir. Bu şəkillərin ona ümumiyyətlə heç bir aidiyyəti yoxdur. O, qeyd olunan məsələ ilə bağlı Nəsimi rayonu üzrə qaz idarəsinə getmiş və orada qaz idarəsinin rəisi qarşılayaraq heç bir köməklik edə bilməyəcəyini, bunun üçün yalnız məhkəməyə müraciət etməli olduğunu demişdir. Bu səbəbdən də hazırda onun adına yazılmış qanunsuz və əsassız borcun silinməsi tələbi ilə məhkəməyə müraciət edir. Tərəfindən hər ay smart kart vasitəsilə ödəniş edilməklə təbii qazdan istifadə edilmişdir. Təbii ki, kartla ödəniş olunduğu üçün də hesabda olan vəsait bitdikdə avtomatik olaraq təbii qazın verilməsi də dayandırılır. Belə olan halda onun təbii qazdan kartsız istifadə etməsi mümkün də dəyildir və onun tərəfindən sayğacdan kənar da istifadə olunmamışdır.

4. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı tərəfindən iddiaçı Cavabdeh İB-yə 3.831,16 manat məbləğində zərərin və 58,32 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 3.889,48 manat pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı Cavabdeh İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153. VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir.

5. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Nəsimi rayonu ərazisində Cavabdeh İBnin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə bax keçirilərkən Nəsimi rayonu, Mirzağa Əliyev küçəsi, ev 244, mənzil 29 qeydiyyatda olan İddiaçı tərəfindən qaz xəttinə qanunsuz qoşulmaqla təbii qazdan özbaşına istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkəti nəticəsindən irəli gələn hal Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyld olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında 3.836,16 manat məbləğində Cavabdeh İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Həmin zərərdən cavabdeh 5 manat məbləğində ödəniş etmişdir. Beləliklə, cavabdehin Cavabdeh İB-yə ödənilməli borc məbləği hazırda abonentin saldosu üzrə ümumi 3.831,16 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində Cavabdeh İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2485/2023 nömrəli, 28 avqust 2023-cü il tarixli qətnaməsi ilə ilkin iddia tələbi tam təmin edilmiş; qarşılıqlı iddia tələbi isə qismən təmin edilmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında bağlanılmış qazın alğı-satqısı barədə müqaviləyə əsasən qazın dəyəri barədə mübahisəli hallar qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılır və həll edilir. Eyni zamanda müqavilə iştirakçılarının hərəkətləri və ya hərəkətsizliyi nəticəsində dəymiş ziyanın ödənilməsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılır. Yəni dəymiş ziyanın tələb edilməsi yalnız məhkəmə qaydasında iddia qaldırılması yolu ilə qəbul edilmiş müvafiq məhkəmə qərarı əsasında yol verilir. Lakin göründüyü kimi ilkin iddia üzrə cavabdeh birtərəfli qaydada və qanunun tələblərinə zidd olaraq müəyyən etdiyi ziyanı (akt üzrə hesablanmış) birbaşa müqavilədə nəzərdə tutulmamış əsaslarla ilkin iddia üzrə iddiaçının abunə hesabına yazmış və bununla da hüquqdan sui-istifadə etməklə etibarsız hesab olunan hərəkətlə (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.2-ci maddəsinə əsasən) qanunun tələblərini pozmuşdur. Cavabdeh təşkilat alğı-satqı müqaviləsinin tərəfi kimi istehlakçı barəsində dəymiş ziyanın əvəzi kimi abunə hesabına əlavə borc yazmaqla, faktiki olaraq istehlakçı barəsində sanksiya tətbiq etmişdir. Qaz paylayıcısı ilə istehlakçı arasında bağlanmış müqavilədə də qaz paylayıcısının istehlakçı barəsində hər hansı cərimə və istehlakçının təqsirli hərəkətlərinə görə abunə hesabına əlavə borcun yazılması hüququ nəzərdə tutulmamışdır. Həmin müqavilədə qaz paylayıcısının istehlakçının hərəkətlərinə görə dəymiş ziyanın ödənilməsini tələb etmək hüququ müəyyən edilmişdir. Bu isə qaz paylayıcısına istehlakçının abunə hesabına əlavə borcun yazılması hüquququn olması anlamına gəlmir. Akt əsasında ilkin iddia üzrə iddiaçının abunə hesabına dəymiş ziyanın bərpası kimi yazılmış borc qanunun tələbləri pozulmaqla yazıldığı üçün həmin borcun İddiaçı abunə hesabından silinməsi barədə tələb əsaslı hesab edilməlidir.

8. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən sayğacdan kənar qeyri-qanuni olaraq qazdan istifadə etməsi faktı öz təsdiqini tapsa da, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən bu faktın aşkara çıxarılması ilə bağlı hesablanmış əlavə sərfiyyat qismən əsaslı hesab edilməlidir. xx.xx.2022-ci il tarixli akt əsasında dəymiş ziyan kimi götürülmüş hesabat dövrü (günlər) ağlabatan deyil və real hesab oluna bilməz. Belə ki, qarşılıqlı iddia üzrə cavabdehə məxsus mənzildə hər ay baxış keçirilib və müvafiq akt tərtib edilməsinə baxmayaraq, itirilmiş qazın bərpası üçün götürülən müddət 30 gündən artıq müddət olmuşdur. Bu isə məntiqli deyil. Məhkəmə hesab etmişdir ki, həmin hesabat dövrü akt üzrə 30 gün müddətində götürülməsi qanuni hesab edilə bilər.

9. Məhkəmə öz mövqeyini «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə; Azərbaycan Respublikasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 3.1.7, 4.2, 4.8, 4.9, 5.2, 5.4, 5.5, 6.5 və 6.7-ci bəndlərinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri

10. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qətnamədən apellyasiya şikayət verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2485/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəflər arasında bağlanmış qazın alqı-satqısı müqaviləsi üzrə cavabdehin öhdəliklərini pozaraq qaz xəttinə qanunsuz qoşulmaqla maddi zərər vurduğunu nəzərə almamışdır. Cavabdeh tərəfindən istehlak edilən təbii qazın sərfiyyatının istifadə edildiyindən az göstərilməsinə nail olmaq üçün edilən müdaxilə və qeydə alınmadan istehlak edilən təbii qazın dəyərinin tam ödənilməsi üçün istehlakçının məsuliyyət daşıdığını məhkəmə nəzərə almamışdır. Məhkəmə istehlakçının qaz xəttinə qeyri-metal borular vasitəsilə özbaşına qoşulması faktını təsdiqləyən akta əsasən dəymiş ziyan kimi hesablanıb saldosuna əlavə edilmiş borcunu heç bir normaya əsaslanmadan silmişdir. Cavabdeh tərəf qanunsuz qoşulma faktını təsdiq edən sübutları- tərtib edilmiş aktı, fotoşəkilləri, istehlakçının saldosunu məhkəməyə təqdim etmiş və məhkəmə iclasında da bu faktlar təsdiq olunmuşdur. Lakin birinci instansiya məhkəməsi mənzildə istifadə edilən qurğular, günlük qaz sərfini və mənzildə yaşayan sakinlərin sayını nəzərə almadan cavabdehin yalnız əvvəlki aylarda ödənişlərini nəzərə alaraq son bir il ərzində 20 manat dəymiş zərərin hesablanmasını ağlabatan hesab etmişdir. Halbuki həmin aylarda qaz sərfinin az olmasının səbəbi də sayğaca edilən müdaxilə (kənar xətt vasitəsi ilə qoşulma) nəticəsində qaz sərfini qeyd etməməsidir.

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmşdir. Həmçinin qeyd etmişdir ki, o, heç bir zaman qanunsuz olaraq qazdan istifadə etməmişdir. 14.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəkləri barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

15.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 16.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 17.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 18.Məhkəmə kollegiyası ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması, ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın tam təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin həmin hissələrdə, həmçinin birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünün apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin

19.21.1-ci və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 20.1096, 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın

21.4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 22.4.7-ci bəndinə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 23.4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 24.4.9-cu bəndinə görə istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 25.6.5-ci bəndinə görə qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. 26.6.7-ci bəndinə görə qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun

27.6-cı maddəsinə əsasən Qaz qurğularında hər hansı nəzərdə tutulmamış dəyişmələr baş verərsə, bu Qanunun 4-cü və 5-ci maddələrində göstərilən şərtlərin yerinə yetirilməsi məcburidir. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. 28.13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin maddənin 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. 29.13-cü maddəsinin 8-1-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

30.Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə). 31.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə). 32.Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (81-ci maddə). 33.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri).

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

34.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından şikayət qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, ilkin iddia təmin, qarşılıqlı iddia isə rədd edilməlidir.

35. Belə ki, iş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş aktın surətindən görünür ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən iddiaçının yaşadığı ünvanda qazdan istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, ünvanda təbii qazdan sayğacdan kənar istifadə edildiyi halları müəyyən edilmiş, bu səbəbdən abonentin **********00290 saylı hesabına 3.836,16 manat məbləğində borc hesablanmışdır. 36.Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hazırki mübahisədə qarşılıqlı iddianın əsaslı olub-olmaması ilkin iddianın tam təmin və ya rədd edilməsini nəzərdə tutduğundan, ilk öncə qarşılıqlı iddia üzrə hüquqi dəyərləndirmə aparılmalıdır. 37.Beləliklə qarşılıqlı iddia ilə əlaqədar qeyd edilməlidir ki, zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, zərərvuran şəxsin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. 38.“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 2022-ci il mayın 1dən qüvvəyə minmiş 13-cü maddəsinin 8-1-ci bəndinə görə syğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 39.Kollegiya vurğulayır ki, mülki-prosessual qanunvericilik konkret sübut edilməli olan halın yalnız qanunvericilikdə göstərilən sübutetmə vasitəsi ilə təsdiq edilməli olduğunu qeyd edir. Hazırda da “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinin 8-1-ci bəndində də sübut edilməli olan halın, yəni baş vermiş zərərin məhz istehlakçının təqsirli və qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olmasının yalnız göstərilən sübutetmə vasitəsi ilə təsdiq olunmalı olduğu nəzərdə tutulur. Belə ki, qaz paylayıcısının vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etmək hüququ mövcud olsa da, bu hüququn əsaslılığı, istehlakçının qazın talanmasında təqsirli olması faktı müvafiq səlahiyyətli orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildiyi təqdirdə öz təsdiqini tapır. 40.Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının qanunsuz hərəkətlərə yol verdiyi halı yalnız cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş aktlar əsasında təsdiq edilməsi Mülki Prosessual Məcəllənin 81-ci maddəsinin, həmçinin sözügedən qanunun tələblərinə ziddir. Çünki qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 41.Hazırki iddia üzrə müəyyən edilməli halları sübüt etmək yükünü cavabdehin daşıdığını, lakin onun, qeyd edilən halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etmədiyini, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən isə mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamənin yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılmalı olduğunu nəzərə alaraq məhkəmə kollegiyası Qaydaların tələblərinə riayət edilmədən tərtib edilmiş aktın etibarlı olmadığı və beləliklə də əsasında hesablanmış borcun silinməli olduğu qənaətinə gəlir. 42.Beləliklə hazırki mülki iş üzrə zərərin baş verməsi, baş vermiş zərərin məhz iddiaçının təqsirli və qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə müəyyən edilməmişdir. Bundan başqa qeyd edilməlidir ki, fıziki şəxs olan istehlakçının (hazırki halda iddiaçının) qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni cavabdeh Birlik daşıyır. 43.Məhkəmə kollegiyası ilkin iddiaya münasibətdə isə qeyd edir ki, bu iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi qənaəti düzgün olsa da, məhkəmə tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından mübahisələndirilən qətnamə bu hissədə də ləğv edilməli, ilkin iddianın araşdırması qarşılıqlı iddiaya aid hüquqi dəyərləndirmə üzrə aparılmalıdır.

44. Belə ki, birinci instansiya məhkəməsinin mövqeyinə görə, dəymiş ziyanın tələb edilməsi yalnız məhkəmə qaydasında iddia qaldırılması yolu ilə qəbul edilmiş müvafiq məhkəmə qərarı əsasında yol verilir. Lakin göründüyü kimi ilkin iddia üzrə cavabdeh birtərəfli qaydada və qanunun tələblərinə zidd olaraq müəyyən etdiyi ziyanı (akt üzrə hesablanmış) birbaşa müqavilədə nəzərdə tutulmamış əsaslarla ilkin iddia üzrə iddiaçının abunə hesabına yazmış və bununla da hüquqdan sui-istifadə etməklə etibarsız hesab olunan hərəkətlə (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.2-ci maddəsinə əsasən) qanunun tələblərini pozmuşdur. Cavabdeh təşkilat alğı-satqı müqaviləsinin tərəfi kimi istehlakçı barəsində dəymiş ziyanın əvəzi kimi abunə hesabına əlavə borc yazmaqla, faktiki olaraq istehlakçı barəsində sanksiya tətbiq etmişdir. Qaz paylayıcısı ilə istehlakçı arasında bağlanmış müqavilədə də qaz paylayıcısının istehlakçı barəsində hər hansı cərimə və istehlakçının təqsirli hərəkətlərinə görə abunə hesabına əlavə borcun yazılması hüququ nəzərdə tutulmamışdır. Həmin müqavilədə qaz paylayıcısının istehlakçının hərəkətlərinə görə dəymiş ziyanın ödənilməsini tələb etmək hüququ müəyyən edilmişdir. Bu isə qaz paylayıcısına istehlakçının abunə hesabına əlavə borcun yazılması hüquququn olması anlamına gəlmir.

45. Bununla əlaqədar məhkəmə kollegiyası yuxarıda sadalanan normativ-hüquqi aktların məzmununa əsasən qeyd etməyi zəruri sayır ki, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin, yəni uçota alınmayan (müqavilədənkənar) istehlak olunan qazın ödənilməsini qanunvericiliyə uyğun olaraq qanunsuz hərəkətə yol vermiş şəxsdən tələb etməlidir. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma nəticəsində qazın müqaviləsiz istehlakı ilə qaz paylayıcısına vurulmuş zərərin hesablanması şəbəkə obyektlərinin texniki vəziyyətinə əvvəlki nəzarət yoxlanışı tarixindən qazın müqavilədənkənar istehlakı faktı aşkar edilənədək və bu barədə akt tərtib edilənədək olan müddət üçün həyata keçirilir.

46. İstənilən halda, qazdan müqavilədən kənar istifadə etmiş şəxs qanunla müəyyən edilmiş hesablamalara uyğun olaraq onun dəyərini ödəməyə borcludur. Tərəfindən ödəniş könüllü qaydada edilmədiyi təqdirdə, yəni abunəçi istehlak etdiyi qaza görə ödənişdən yayındıqda qaz paylayıcısının pozulmuş hüququnun bərpa edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmış olur. Eləcə də, barəsində tərtib olunmuş aktın qanuniliyini şübhə altına alan, eyni zamanda əsasında hesablanmış zərərin baş verməsində təqsirli olmasını istisna edən abonent, təchizatçıya qarşı yaranmış borcun silinməsi və ya əsassız qaydada silinmiş məbləğin geri qaytarılması barədə məhkəməyə müraciət etmək hüququna malik olur.

47. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qaz paylayıcısının istehlakçı barəsində hər hansı cərimə və istehlakçının təqsirli hərəkətlərinə görə abunə hesabına əlavə borcun yazılması hüququ nəzərdə tutulmadığına dair mövqeyi ilə razılaşmır. Belə ki, şəbəkəyə qanunsuz qoşulma halları aşkar edən qaz paylayıcısı dəymiş zərəri - uçota alınmayan (müqavilədənkənar) istehlak olunan qazın məbləğini hesablamaq, itirilmiş qazın əvəzi kimi abonentin saldosuna əlavə etmək hüququna malikdir və bu qaz paylayıcısının istehlakçı barəsində sanksiya və ya cərimə tətbiq edilməsi anlamına gəlmir.

48. Çünki abonent müvafiq hüquq olmadan qazdan istifadə edərsə, onun hərəkətləri inzibati xəta və ya cinayət kimi tövsif edilə bilər. Lakin istənilən halda, qazdan müqavilədən kənar qanunsuz şəkildə istifadə etmiş şəxs qanunla müəyyən edilmiş hesablamalara uyğun olaraq itirilmiş qazın dəyərini ödəməlidir. Şəxsə münasibətdə həmin əmələ görə sanksiya tətbiq etmək icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanının səlahiyyətlərinə aiddir və abonentin hər hansı formada məsuliyyətə cəlb olunması onu təbii qazdan sayğacdan kənar istifadə etdiyi qazın dəyərini ödəməkdən azad etmir.

49. Beləliklə iş materiallarından göründüyü kimi qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında 3.836,16 manat məbləğində hesablanmış zərərin ödənilməsi barədə məhkəməyə müraciət etmiş, lakin qarşı tərəfin qanunsuz hərəkətlərə yol verdiyinə dair Mülki Prosessual Məcəllənin 81-ci maddəsinin, həmçinin müvafiq qanunun tələblərinə zidd şəkildə müəyyən sübutetmə vasitələri məhkəməyə təqdim etmədiyi üçün məhkəmə kollegiyası tərəfindən qarşılıqlı iddianın rədd edilməsi qənaətinə gəlinir.

50. Qarşılıqlı iddianın əsassız olması ilkin iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırdığından və qarşılıqlı iddia tam rədd edildiyindən ilkin iddianın tam təmin edilməli olmasına dair nəticə də əsaslıdır.

51. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

52. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

53. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, iddianın qiyməti beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2485/2023 nömrəli, 28 avqust 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdehnə qarşı «borcun silinməsi» tələbinə dair ilkin iddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı xx.xx.2022-ci il tarixli, ******* saylı akta əsasən hesablanmış 3.836,16 (üç min səkkiz yüz otuz altı manat, on altı qəpik) manat məbləğində borc onun abunə hesabından (**********00290) silinsin. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdehndən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 58,36 (əlli səkkiz manat, otuz altı qəpik) manat məbləğində pul tutulsun. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı «dəymiş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair qarşılıqlı iddia rədd edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar