Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1305/2020 30.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şamayev Elşad Yaquboviçin sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X12 oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X7 iştirakları ilə İddiaçı cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə qarşı “bank hesabına mədaxil edilmiş pulun geri qaytarılması, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(006)-3681/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 adına olan bank hesabına mədaxil edilmiş 200 manat pulun (qəbz № BPM**********41) geri qaytarılması, maddi ziyan kimi 500 manat, mənəvi zərər kimi 5000 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 5730 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(006)- 3681/2019 saylı qətnaməsi ilə İddiaçı iddiası rədd edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisə edilən məhkəmə qətnaməsində göstərilmişdir ki, iddiaçı ilə uşağın anası X10 arasında olan nikah Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə pozulmuş, məhkəməyə müraciət edərkən iddiaçı əvvəl boşanma ilə yanaşı aliment tələbi də irəli sürülsə də, daha sonra iddianın həcmini aliment tələbinə dair hissədə azaltmışdır. Göründüyü kimi tərəflər arasında alimentin ödənilməsi ilə bağlı məhkəmədən kənar qaydada razılaşma olmuş, bu səbəbdən, iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim olunmuşdur. Razılaşmaya əsasən həmin alimentin cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Yasamal filialında uşaqlarının birinin, yəni X4 adına açdıqları hesaba mədaxil etməklə verilməsini qərara almışlar. İddiaçının oğlunun adına olan hesabı və həmin hesaba dair kartı problemsiz götürmüş, kartın qüvvədə olduğu 1 il ərzində həmin hesaba yalnız iddiaçı tərəfindən aliment olaraq müxtəlif məbləğlərdə pul vəsaiti qoyulmuş və uşağın anası N.Ramazanova tərəfindən övladlarının qayğılarını həll edilməsinə, onların saxlanmasına sərf edilməsi üçün həmin pul vəsaitləri plastik kart vasitəsilə hesabdan çıxarılmışdır. Lakin məhkəmə Mülki Məcəllənin 36.1-ci maddəsinin 2-ci cümləsinə diqqət etmədən, eləcə də daha əvvəldə özünün qeyd etdiyi “...N.Ramazanova həmin pul vəsaitlərini məxaric edərək övladının qayğılarının həll edilməsinə sərf edilmişdir” ifadəyə məhəl qoymadan tam əsassız və ədalətsiz nəticəyə gəlmişdir. Halbuki, qanunvericilik Mülki Məcəllənin 36.1-ci maddənin birinci cümləsində bir qayda olaraq qəyyumluqda və himayədə olanın gəlirlərinin, o cümlədən ona məxsus əmlakının idarə edilməsindən çatası gəlirlərin idarə edilməsi üçün qəyyumluq və himayəçilik orqanın razılığının tələb olunduğunu müəyyən etsə də, həmin maddənin ikinci cümləsində bu hal üçün istisna müəyyən etmişdir. Həmin istisnadan belə məlum olur ki, qəyyumluqda və himayədə olana çatası gəlirlər, qəyyum və himayəçilik orqanının icazəsi olmadan qəyyum və ya himayəçi tərəfindən onun saxlanması üçün zəruri olan xərclərin ödənilməsi üçün sərf oluna bilər. Bir halda ki, iddiaçının həmin hesaba mədaxil etdiyi vəsait alimentdir (alimentin miqdarı uşaqların saxlanması üçün tələb olunan minimum məbləğlə müəyyənləşir) və həmin vəsait məhkəmənin qərarında da qeyd edildiyi kimi məhz uşağın qayğılarının həll edilməsi üçün sərf olunursa həmin vəsaitin çıxarılmasına qəyyumluq və himayəçilik orqanın razılığı tələb oluna bilməz. Məhkəmə qətnaməsində iddia tələbinin maddi və mənəvi zərərin ödənilməsinə dair hissədə göstərmişdir ki, “... iddiaçı cavabdehin hərəkətləri nəticəsində ona maddi və mənəvi zərərin vurulmasını təsdiq edən hər hansı sübutu təqdim edə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi qeyd olunan hissədə də əsassızdır və təmin edilməməlidir.” İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində bununla bağlı ətraflı məlumat vermiş, habelə iddia ərizəsinə əlavələrdə buna dair kifayət qədər sübut təqdim etmişdir (xx xxxx 2019-cu il tarixdə3 saylı Poliklinikada müayinə edilməsinə dair kartoçkanın əsli və qoyulmuş diaqnozla bağlı yazılmış dərman resepti; xx xxxxxx 2019-cu il tarixdə N.Tusi adına klinikada Uzi-Doppler müayinə edilməyi ilə bağlı sənəd). Belə ki, həmin hadisə vaxtı istər ilkin olaraq oğlunun adına olan hesaba mədaxil etdiyi məbləğin aqibəti, istər oğlunun təhsil aldığı məktəbdə digər sinif yoldaşları arasında pisikməsi, istərsə də ona telefon vasitəsilə imtina olunduqdan, həmçinin rəsmi müraciətinə - qanunla müəyyənləşdirilmiş rəsmi müraciətini heçə sayaraq cavab verilməyəcəyi bildirildikdən sonra qan təzyiqin qalxmış, sağlamlığı pozulmuşdur. Bununla bağlı iddiaçı ərazi üzrə qeydiyyatda olduğum 3 saylı Poliklinikaya müraciət etmişdir. Orada ona “Beyin qan dövranının tranzitor pozulması. Kəskin assmonotik vəziyyət” diaqnozu qoyulmuşdur. Həkim infarktın əlamətlərinin olduğunu və bununla bağlı ürəyinin kardioqramasının çıxardılması ilə bağlı digər həkimə yönləndirmə etmiş və oradan da müayinədən keçmişdir. Sonda dərman resepti yazılmışdır. Bundan əlavə xx xxxxxx 2018-ci il tarixdə böyrəyinin uzi-müayinəsi zamanı aşkar edilən daş da həmin keçirdiyim kəskin əsəb gərginliyi ilə əlaqədar tərpənmiş, xx xxxx 2019-cu il tarixdə kəskin spazma ağrıları olmuşdur. Müvafiq xəstəxanalardan həkim müayinələrdən keçməyimə dair sənədlər təqdim etməyimə baxmayaraq məhkəmə bütün bunları heçə sayaraq həmin sənədlərə hüquqi qiymət verməmiş, onların olmasını belə təkzib etmişdir. Bütün bunların səbəbkarı məhz Bankın qanunsuzluğu, özbaşınalığı, işçilərin qeyri-peşəkarlığı nəticəsində baş vermiş və iddiaçıya mənəvi zərər vurulmuşdur. Mənəvi iztirab və sarsıntıların konkret dəyəri müəyyən olunmayıb və ona vurulan mənəvi və psixoloji zərərin dəyəri pulla ifadə edilməsə də, ən azından bu zərər minimal olaraq 5000 manat həcmində Bankdan iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişlər. Verilmiş suallara cavab olaraq iddiaçı göstərmişdir ki, 2019-cu ilin mart ayı üçün aliment öhdəliyi onun tərəfindən bankdan kənar yerinə yetirilmiş və bu səbəbdən banka ödənilmiş pul vəsaiti ona qaytarılmalıdır. Məhkəmə iclasında cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin etibarnamə əsasında nümayəndəsi X9 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuş X5 məhkəməyə gəlməmiş, lakin notarial qaydada təsdiq olunmuş ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək göstərmişdir ki, keçmiş həyat yoldaşı İddiaçılə qarşılıqlı razılıqları əsasında birgə nikahlarından doğulmuş övladlarının saxlanılması və zəruri xərclərinin ödənilməsi məqsədi ilə (aliment) oğlu X6 adına 2018-ci ilin fevral ayının 20-də “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Yasamal filialında debitor hesab açmış və bununla bağlı bank tərəfindən ona plastik kart verilmişdir. Hesab açılan zaman hər ikisi iştirak etmişlər. Həmin hesaba xx xxxx 2019-cu il tarixdə İddiaçı tərəfindən aliment kimi mədaxil edilmiş 200 manat vəsaiti (Qəbz No**********41) məlum səbəbdən çıxara bilməmişdir. Qeyd olunan vəsait elə həmin mart ayında X8 Quliyev tərəfindən tam ödənilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni iddia tələbinin 200 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasının rədd olunması hissəsində ləğv edilməli və iddianın həmin hissədə təmin olunması barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş üzrə birinci instansiya məhkəməsində toplanmış sübutlarla mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, İddiaçı və X5 arasında bağlanmış nikah Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(004)-6792/2017 saylı qətnaməsi ilə pozulmuş və tərəflərin övladları: xx xxxxxx 2010-cu il təvəllüdlü X4 və xx xxxxxx 2013-cü il təvəllüdlü X3 Nigar Ramazanovanın yanında qalmaları müəyyən olunmuşdur. Həmin qətnamənin məzmunundan müəyyən olunur ki, X5 məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən, nikahın pozulması tələbi ilə yanaşı aliment tələbini də irəli sürmüş, lakin məhkəmə iclasında nümayəndəsi iddia tələbinin həcmini aliment tələbinə dair hissədə azaltmışdır. Beləliklə iş üzrə mübahisəsiz olaraq müəyyən olunmuşdur ki, iddiaçı ilə üçüncü şəxs arasında alimentin ödənilməsi ilə bağlı məhkəmədən kənar qaydada razılaşma olmuş və həmin razılaşmanın şərtlərinə uyğun olaraq tərəflər xx xxxxxx 2018-ci il tarixdə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Yasamal filialına müraciət edərək, bank kartının (plastik kartın) verilməsini xahiş etmişlər. İddiaçı ilə cavabdeh bank arasında iddiaçının övladı X4 adına xx xxxxxx 2018-ci il tarixdə Bank kartlarının alınması və onlardan istifadə edilməsinə dair müqavilə bağlanmışdır. Müqavilənin (plastik kartın) qüvvədə olduğu müddət ərzində iddiaçı həmin plastik kart üzrə hesaba müxtəlif məbləğdə pul vəsaitləri köçürmüş (mədaxil etmiş), N.Ramazanova isə həmin pul vəsaitlərini məxaric edərək övladının qayğılarının həll edilməsinə sərf etmişdir. Nəhayət müəyyən olunmuşdur ki, iddiaçı sonuncu dəfə xx xxxx 2019-cu il tarixdə qeyd olunan plastik kart hesabına 200 manat mədaxil etmiş, lakin plastik kartın qüvvədə olduğu müddət bitdiyindən həmin məbləğin məxaric edilməsi qeyri-mümkün olmuşdur. İddiaçı hesaba köçürülmüş pul vəsaitinin qaytarılması ilə əlaqədar cavabdeh banka müraciət etmiş, lakin sonuncu Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.5-ci və Mülki Məcəllənin 36.1-ci maddələrinə istinad edərək, qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsini təsdiq edən sənəd təqdim olunmadan pulu qaytarmaqdan imtina etmişdir. İddia tələblərinə hüquqi qiymət verən birinci instansiya məhkəməsi həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.5-ci və Mülki Məcəlləsinin 36.1-ci maddəsini tətbiq etməklə hesab etmişdir ki, qəyyumluqda və ya himayədə olan şəxsin gəlirləri qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsi alınmaqla xərclənməlidir. Məhkəmə həmçinin iddia tələbinin dəymiş maddi və mənəvi zərərin ödənilməsi hissəsi ilə əlaqədar qeyd etmişdir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində ona maddi və mənəvi zərərin vurulmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməni qəbul edərkən 200 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya qaytarılması hissəsində iddia tələbini rədd edərkən maddi hüquq normalarını pozmuş, tətbiq etməli olduğu qanun normasını tətbiq etməmiş, onun gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırılmamış, həmçinin qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.5-ci maddəsinə əsasən uşağın əmlakı valideynlər tərəfindən idarə olunarsa, mülki qanunvericiliyə uyğun olaraq onlara himayə altında olan şəxsin əmlakına sərəncam verənlərə dair qaydalar şamil olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 36.1-ci maddəsinə əsasən qəyyumluqda və ya himayədə olan fiziki şəxsin müstəqil surətdə sərəncam verməyə ixtiyarı çatdığı gəlirlər istisna olmaqla, onun gəlirləri, o cümlədən qəyyumluqda və ya himayədə olana onun əmlakının idarə edilməsindən çatası gəlirlər qəyyum və ya himayəçi tərəfindən yalnız və yalnız qəyyumluqda və ya himayədə olanın mənafeləri üçün, həm də qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsi alınmaqla xərclənir. Qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsi olmadan qəyyum və ya himayəçi qəyyumluqda və ya himayədə olanın saxlanması üçün zəruri xərcləri qəyyumluqda və ya himayədə olana onun gəliri kimi çatası məbləğlər hesabına ödəyə bilər. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən məhz Azərbaycan Respublikası Mülki Məcəlləsinin 36.1-ci maddəsinin birinci cümləsinə istinad etmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, yetkinlik yaşına çatmayan şəxsin hesabına valideyni tərəfindən köçürülən pul vəsaitinin təyinatı aliment, yəni uşağın saxlanılması üçün zəruri olan pul vəsaiti olmuşdur. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.3-cü maddəsinə əsasən valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Belə olan halda, məhkəmə kollegiyasının qənaətinə görə mübahisəyə Mülki Məcəllənin 36.1-ci maddəsinin ikinci cümləsi tətbiq olunmalıdır. Həmin cümləyə əsasən isə qəyyumluqda və ya himayədə olanın saxlanması üçün zəruri xərclər qəyyumluqda və ya himayədə olana onun gəliri kimi çatası məbləğlər hesabına qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsi olmadan ödənilə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddiaçı tərəfindən müvafiq ay üçün alimentin köçürülmə yolu ilə ödənilməsi mümkün olmadığı müəyyən edildikdən sonra üçüncü şəxsə tam ödənilməsi həm iddiaçı, həm də üçüncü şəxs tərəfindən bildirildiyindən cavabdeh bank tərəfindən həmin vəsaitin qaytarmaqdan imtinası üçün qanuni əsaslar mövcud deyildir. Odur ki, məhkəmə kollegiyasının mövqeyinə görə birinci instansiya məhkəməsi iddia tələbini iddiaçı tərəfindən yetkinlik yaşına çatmayan oğlu Rafiq Quliyevin bank hesabına köçürülmüş 200 manat pulun qaytarılması hissəsində rədd edərkən düzgün nəticəyə gəlməmişdir. İddia tələbinin maddi və mənəvi zərərin ödənilməsi hissəsinə hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi əsaslı olaraq həmin tələbləri rədd etmişdir. Belə ki, iddiaçı 500 manat maddi ziyanı hesabda 200 manat pulunun qalması, ona 100 manat faiz ödəməsi, hüquqi xidmətlə bağlı 200 manat pul xərcləməsi ilə əsaslandırmışdır. Lakin, həmin hallarla bağlı onun tərəfindən məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçı 200 manatın hesabda qalmasını ziyan kimi tələb etsə də, yuxarıda qeyd olunduğu kimi, həmin pul vəsaitini ayrıca olaraq bankdan tələb etmiş və həmin tələbi məhkəmə kollegiyası tərəfindən əsaslı hesab olunmuşdur. Eyni məbləğin iddiaçı tərəfindən ikinci dəfə ziyan kimi tələb olunmasının isə hər hansı əsası yoxdur. Həmçinin iddiaçı 5000 manat məbləğində mənəvi ziyanı bank tərəfindən ona pulun qaytarılmasından imtinasından sonra psixoloji sarsıntıya məruz qalması, səhhətinin pisləşməsi və eyni zamanda övladının məktəb yoldaşları qarşısında pisiklənməsi ilə əsaslandırmışdır. İddiaçı həmin tələbi ilə bağlı müəyyən tibbi sənədləri təqdim etsə də, məhkəmə kollegiyası hesab edir ki, onun səhhətində olan problemlərin cavabdeh təşkilatın hərəkətləri ilə səbəbli əlaqəsinin olması halı öz təsdiqini tapmamışdır. Əksinə müəyyən olunur ki, iddiaçı cavabdehin imtina məktubunu almamışdan əvvəl, xx xxxxxx 2019-cu il tarixdə N.Tusi adına klinikada Doppler ultrasəs müayinədən keçmiş və hər iki böyrəyində tək-tək mikrolitlərin olması, sol böyrəyində və sol sidik axarında dəyişikliklərin olması, həmin orqanlarda daşların olması müəyyən edilmişdir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı pulun vaxtında üçüncü şəxsə köçürülməməsi nəticəsində azyaşlı övladına mənəvi ziyanın vurulması halına dair məhkəməyə hər hansı sübutu təqdim etməmişdir. Əksinə iddiaçı özü məhkəmə iclasında verdiyi izahatında, habelə üçüncü şəxs məhkəməyə ünvanladığı ərizəsində 2019-cu ilin mart ayı üçün aliment öhdəliyinin icra olunmasını qeyd etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. X11 Məhkəməsi “X1rşı” iş üzrə xx xxxx 2007-ci il tarixli Qərarında göstərmişdir ki, “konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər”. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, “mənəvi zərər” anlayışı insanınanadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habeləəmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenumun mövqeyinə görə mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması və 385.1.4-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qismən əsaslı hesab edildiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun 20 manat hissəsi və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş 15 manat dövlət rüsumunun 10 manat hissəsi cavabdehə aid edilməli və cəmi 30 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(006)- 3681/2019 saylı qətnaməsi qismən, yəni iddia tələbinin X4 adına olan bank hesabına mədaxil edilmiş 200 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasının rədd olunması hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilməklə, qeyd olunan iddia təmin edilsin. İddiaçı tərəfindən yetkinlik yaşına çatmayan övladı X4 adına “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-də olan bank hesabına mədaxil edilmiş 200 (iki yüz) manat, habelə iddiaçı tərəfindən iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumlarının 30 (otuz) manat hissəsi, cəmi 230 (iki yüz otuz) manat məbləğində pul vəsaiti “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-dən tutularaq İddiaçı ödənilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(006)- 3681/2019 saylı qətnaməsi qalan hissədə verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür: Hakim: Elşad Şamayev
Məhkəmə qərarları › İş №2(103)-1305/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1305/2020
30.01.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver