Məhkəmə qərarları › İş №2(103)-1313/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1313/2023

25.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1313/2023 25.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və X1 qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: Subroqasiya qaydasında pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X4 ibarət tərkibdə, Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2, Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "subroqasiya qaydasında pul tələbinə dair” mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-6758/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 25 yanvar 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mercedes Benz C200 kompressor” markalı, 99–KF–498 dövlət nömrə nişanlı avtomobil xx.xx.2020- ci ildən xx.xx.2021-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2020-ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır.

2. 2021-ci il yanvarın 16-da Cavabdeh2 etibarnamə olmadan idarə etdiyi “Mercedes Benz C200 kompressor” markalı, 99–KF–498 dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Azneft dairəsində “KİA SORENTO” markalı, 90–FT–098 dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Həmin hadisə ilə bağlı BŞDYPİ-i tərəfindən xx.xx.2021-ci il tarixində İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.1-ci maddələri ilə məsuliyyətə cəlb edilmişdir. BŞDYPİ-in xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən xx.xx.2021-ci il tarixində verilmiş qüsur aktına əsasən hadisə nəticəsində “Kia Sorento” markalı, 90–FT–098 dövlət nömrə nişanlı avtomobillə 2481 manat məbləğində ziyan dəymişdir. İddiaçı xx.xx.2021-ci il tarixində 2481 manat məbləği zərərçəkmiş şəxs X3 ödəmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı "xxxx" ASC Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişinin əvəzi olaraq 2481 manat zərər məbləğinin və 44,81 manat ödənilmiş dövlət rüsumunun müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi belə əsaslandırılmışdır ki, “Mercedes Benz C200 kompressor” markalı, 99–KF–498 dövlət nömrə nişanlı avtomobilə ancaq istifadə etmək hüququ Cavabdeh1 verildiyindən və Cavabdeh2 “Mercedes Benz C200 kompressor” markalı, 99– KF–498 dövlət nömrə nişanlı avtomobili etibarnaməsiz idarə etməsi barədə məlumatlı olmağa borclu idi. Buna görə də iddiaçının subroqasiya hüququ müştərək qaydada həm Cavabdeh2 həm də Cavabdeh1 qarşı yaranır.

5. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)- 6758/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

b) Apellyasiya şikayətinin dəlilləri

6. Qətnamədən iddiaçı "xxxx" ASC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin olunmasını və apellyasiya şikayətinin verilməsinə görə 22,41 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair yeni qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

7. Apellyasiya şikayətində göstərilmişdir ki, icbari qaydada sığortalanmış “MERCEDES BENZ C200 KOMPRESSOR” markalı, 99–KF–498 dövlət nömrə nişanlı avtomobilin idarə edilməsi zamanı Cavabdeh2 təqsirli hərəkətləri nəticəsində digər şəxsə zərər dəymiş, eyni zamanda yol-nəqliyyat hadisəsi baş verən vaxt nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinə uyğun olaraq cərimə edilmiş və iddiaçı avtomobilə dəymiş zərəri ödəyərək, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsi və Mülki Məcəllənin 936.1-ci maddəsinin tələblərinə uyğun olaraq tələbetmə hüququnu əldə etmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

ç) Proses iştirakçılarının izahatı

9. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.

10. Cavabdeh1 apellyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi.

11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə digər cavabdeh iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Müki Məcəlləsi

12. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

13. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

“İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu

14. Maddə 13.4. Sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq sığorta müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur.

15. Maddə 25.1.3. İcbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

19. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

20. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

23. İddiaçı tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

25. Cavabdehin apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, icbari qaydada sığortalanmış “MERCEDES BENZ C200 KOMPRESSOR” markalı, 99–KF–498 dövlət nömrə nişanlı avtomobilin idarə edilməsi zamanı Cavabdeh2 təqsirli hərəkətləri nəticəsində digər şəxsə zərər dəymiş, eyni zamanda yol-nəqliyyat hadisəsi baş verən vaxt nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə ona qarşı subroqasiya hüququ əldə edilmişdir.

26. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi təqdim olunmuş sübutları tam, hərtərəfli araşdıraraq, onlara düzgün hüquqi qiymət vermiş və iddianın təmin edilməməsi qənaətinə gələrkən haqlı olmuşdur.

27. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, yol hərəkəti münasibətlərində avtomobilin idarə edilməsi ilə bağlı təmsilçilik münasibətinin yaranması mümkün deyildir.

28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gədiyi nəticə ilə razılaşaraq qeyd edir ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13.4-cü maddəsinə əsasən “qanuni əsaslar” ifadəsi yalnız etibarnaməni və ya digər yazılı sənədi deyil, avtomobilin istismar edilməsi üçün mülkiyyətçinin şifahi razılığını da nəzərdə tutur. İradənin yazılı və ya şifahi formada ifadə edilməsindən asılı olmayaraq avtomobilin istismarı mülkiyyətçinin iradəsinə uyğun olması kifayətdir ki, qanuni əsas mövcud olsun. Mülki hüquqa görə avtomobil əşyadır və onun idarə edilməsi əşyadan istifadə edilməsi kimi qəbul edilmir. Əgər avtomobilin başqa şəxs tərəfindən idarə edilməsi mülkiyyətçinin razılığına əsasən həyata keçirilirsə, bu o deməkdir ki, mülkiyyətçi ilə həmin şəxsin arasında istifadə müqaviləsi mövcuddur.

29. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi aidiyyatı maddi hüquq normalarına istinad edərək, iddianı təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir.

30. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)- 6758/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar