Məhkəmə qərarları › İş №2(103)-1313/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1313/2024

14.02.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1313/2024 14.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi (maraqlı şəxs: Nəsimi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası) ərizəsi üzrə (Açar sözlər: şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli qətnaməsindən maraqlarına toxunulan şəxs Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 14 fevral 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. 21 yanvar 2004-cü il təvəllüdlü X6 müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir. Əlilliyin səbəbi kimi ümumi xəstəlik qeyd edilmiş və ona “qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, Dərin kəmağıllıq, idiotiya, kobud nitq, davranış və hərəkət-dayaq aparatının pozuntusu ilə. Daimi kənar şəxslərin himayəsinə ehtiyacı var. İQ 10” diaqnozu qoyulmuşdur.

Birinci instansiya məhkəməsində icraat

2. Ərizəçi (maraqlı şəxs: Nəsimi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası) ərizə ilə məhkəməyə müraciət edərək, övladı xx.xx.2004-cü il tarixdə anadan olan X4 psixi qüsurlarına görə hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında olmadığından fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi övladı xx.xx.2004-cü il tarixdə anadan olan X8 anadan gəlmə birinci qrup əlildir. Belə ki, diaqnozu “ciddi davranış pozuntusu, dərin kəmağıllıq, idiotiya, kobud nitq davranış və hərəkət-dayaq aparatının pozuntusu”dur və daimi kənar şəxslərin himayəsinə ehtiyacı vardır. Xəstəliyi nəticəsində X8 öz hərəkətlərinin mənasını başa düşmür, hərəkətlərinə rəhbərlik edə bilmir, özünü saxlamaq qabiliyyətində deyil. X2 məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilərsə, bu zaman ərizəçi onun üzərində qəyyum təyin oluna bilər. Əgər Ərizəçi övladı X6 qəyyum təyin olunarsa, qəyyum kimi ona veriləcək yardım uşağı saxlamaqda maddi cəhətdən bir az da olsa kömək edəcək.

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim G.Abidova, iş № 2(006)-3127/2022) ərizə təmin olunmuşdur.

5. Məhkəmə belə qənaətə gəlmişdir ki, xx.xx.2004-cü il tarixdə anadan olmuş X8 psixi qüsurlarına görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında olmadığından fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8, 34.2-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Rza Hüseynovun atası Maraqlı şəxs2 maraqlarına toxunulan şəxs kimi birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və ərizənin rədd olunmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ərizəçi Məmmədtağı qızı ərizəsində guya övladının bütün maddi və mənəvi ehtiyaclarını qarşılayır, amma əslində övladı X6 bu günə kimi ana nənəsi Firəngiz Paşayeva baxır. Hesab edir ki, sözügedən məhkəmədə onun iştirakı olmadan işə baxıldığı üçün ərizəçi sui-istifadə edərək öz maraqlarına uyğun izahat vermişdir. Halbuki, məhkəmə bir ata kimi onu da işə cəlb etməli idi.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları 10.İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün saydı. Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

11. Maddə 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. 12.Maddə 34.2. Fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir.

Apellyasiya baxışının hədləri

13.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə maraqlarına toxunulan şəxs tərəfindən mübahisələndirildiyindən və ərizə təmin edildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

15.Məhkəmə kollegiyası aşağıdakılara görə apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. 16.Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatın verilməsi sənədinə əsasən X6 müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir. Əlilliyin səbəbi kimi “qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, dərin kəmağıllıq, idiotiya, kobud nitq, davranış və hərəkət-dayaq aparatının pozuntusu ilə. Daimi kənar şəxslərin himayəsinə ehtiyacı var. İQ 10” diaqnozu qoyulmuşdur. 17.Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 xx.xx.2022-ci il tarixli 2331 saylı rəyində xx.xx.2004-cü il təvəllüdlü X5 dərin əqli gerilik aşkar olunması, onda qeyd olunan “dərin əqli gerilik” nəticəsində hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmaması və X4 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli olması qeyd edilmişdir. 18.Bundan əlavə, apellyator övladının psixi qüsurlarına görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında olmadığını mübahisələndirməmişdir. 19.Apellyasiya şikayətinin dəlilləri isə uşağa ərizəçinin deyil, başqa şəxsin baxdığı ilə əsaslandırılmışdır. 20.Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. 21.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz. 22.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Maraqlarına toxunulan şəxs Maraqlı şəxs2 apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar