Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1316/2022 29.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, iddiaçının vəkili Nümayəndə və cavabdehlər Cavabdeh2, Cavabdeh3 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi» MMC-yə və Azərbaycan Respublikası ƏMK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək Y-115 saylı hərracın yekunları barədə protokolun, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi, baqışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Süleymanova, iş № e-2(009)-607/2021) iddia təmin edilmiş, "xxxx" MMC-nin Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi, 501 A saylı bağ sahəsinə dair Y- 115 saylı, xx.xx.2019-cu il tarixli hərracın yekunları barədə protokolu etibarsız hesab edilmiş və həmin protokol əsasında xx.xx.2020-ci il tarixdə Cavabdeh2 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilmiş, Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış 4Ə-1427 saylı reyestrində qeydə alınmış xx.xx.2020-ci il tarixli bağışlama müqaviləsi etibarsız hesab edilmiş və Cavabdeh3 adına verilmiş xx.xx.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişlər. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 14 noyabr 2017-ci ildə X2 ilə Cavabdeh2 arasında kredit müqaviləsi bağlanılmışdır. Həmin müqavilə tamamilə saxta qanunsuz əməllərini pərdələmək üçün Vasif Hacıyev tərəfindən 9 saylı Notariusun işçiləri ilə əlbir olaraq saxta şəkildə tərtib olunmuşdur. Həmin müqaviləyə əlavə olaraq İddiaçı aldatmaq yolu ilə İpoteka müqaviləsi rəsmiləşdirilmişdir. Həmin notariusun işçiləri barədə cinayət işi hal-hazırda istintaqda davam edir. Hacıyev Vasif də həmçinin beynəlxalq axtarışdadır. İddiaçı ümumiyyətlə nə Cavabdeh2, nə də ki, Hacıyev Vasifi tanımır, onu etibarnamə vermə adı ilə notariusa aparıb sənədlərə qol çəkdirmişlər. Daha sonra Hacıyev Vasif və notarius işçilərindən hüquq mühafizə orqanlarına şikayət verilmiş, həmin şikayətlə bağlı, eləcə də digər başqa şəxlərə etdikləri əməllərə görə barələrində cinayət işi açılmışdır. İddiaçı həmin ipoteka qoyulan evdə (Bakı şəhəri,Sabunçu rayonu Vişnyovka-2 Bağ sahəsi 501A saylı bağ evində) qeydiyyatda olmaqla daim yaşayır, 20 dekabr 2020-ci ildə evinə gəldikdə evə kiminsə girdiyi məlum olmuşdur. Həmin hadisəni oğurluq hadisəsi kimi bilib polisə şikayət etmişdir. Polisi gözlədikləri vaxt polis formasında bir şəxs evə gəlib həmin şəxsə hadisə barədə danışan zaman həmin şəxs evin onun olduğunu, evə o girdiyini bildirmişdir. Daha sonra 14-cü polis bölməsinin əməkdaşları gələrək həmin şəxsləri 14-cü Polis bölməsinə aparmışdır. Daha sonra 17 yanvar 2021-ci ildə evə gəldikdə həyət qapısının dəyişildiyini görmüşdür ki, bu da heç bir məntiqə sığmayan bir şeydir, çünki əgər oğru girirsə hansı məntiqlə həyət qapısını dəyişərdi. Tərəfindən polis çağırılmış, hadisə yerinə gələn polislər həmin evə girən şəxslərlə danışmışdır. Daha sonra polislər tərəfindən onlara bildirilib ki, həmin şəxslərin evə dair sənədləri var. Sənədlər təqdim etmələrini tələb etdikdə onlara hərracın yekunları barədə protokolu təqdim etmiş və bildirmişlər ki, evə dair öz adlarına çıxarış almaq üçün Daşınmaz Əmlakın Dövlət Reyster Xidmətinə müraciət ediblər. Həmin hərracın yekunları barədə yekun protokola baxdıqda məlum olur ki, notariusun xx.xx.2018 il tarixli icra qeydi və Suraxanı İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli sifariş məktubu əsasında hərracda satılmışdır. Həmin hərracda əmlak tam qanunsuz saxta sənədlər əsasında satılmış hərracın yekunların barədə protokol tərtib olunmuşdur. Həmin keçirilmiş hərraclardan İddiaçı ümumiyyətlə xəbəri olmamışdır. Bununla bağlı 20 dekabr 2020-ci ilədək həmin şəxslərdən İddiaçı heç bir bildiriş, heç bir məlumat və ya hər hansı bir yazılı və ya şifahi xəbər gəlməmişdir. İpoteka müqaviləsinə əmlakın dəyəri 90000 göstərilsə də, hərracın yekun protokolundan görünür ki, əmlakın ilkin satış qiyməti 17000 manat müəyyən olunub. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi qənaətinə gələrkən hərracın keçirilməsi barədə bildirişlərin mübahisəli bağ sahəsini ipoteka qoyan İddiaçı göndərilməməsini iş materiallarına sonradan əlavə edilmiş olan Suraxanı rayon icra şobəsi tərəfindən verilmiş icra işi materiallarına (icraata başlamaq haqqında qərar və bildiriş, tələbin könüllü icrası barədə bildiriş, əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyi, icraata xitam verilmesinə dair qərar ve s.) sübut kimi istinad etmişdir. Halbuki, həmin sənədlər məhkəmə iclasında tanış olmaq üçün cavabdehlərə təqdim edilməli, digər sübutlarla birlikdə araşdırılmalı ve bu barədə cavabdehlərin fikri soruşulmalı idi. İcra işi materialları məhkəmə iclasında araşdırılmadığına və tədqiq olunmadığına görə sübut əhəmiyyətinə malik deyildir. Müqavilənin etibarsızlığı ilə bağlı isə iddia müddəti ötürülmüş, bu barədə məhkəməyə ərizə təqdim edilsə də, məhkəmə bunu nəzərə almamışdır. Cavabdehlər məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdilər və təmin olunmasını xahiş etdilər. İddiaçının vəkili apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin iş üzrə 03 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İş materiallarından görünür ki, Cavabdeh2 xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən X1 80.000 AZN manat məbləğində borc vermişdir. xx.xx.2017-ci il tarixli ipoteka müqaviləsi ilə İddiaçı mülkiyyətində olan ünvan həmin kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsində ipoteka predmetinin dəyəri tərəflərin razılığı ilə 90 000 manat müəyyən edilmişdir. Bakı şəhəri 9 saylı notariat kontorunun 8i-1260 saylı xx.xx.2018-ci il tarixli icra qeydinə əsasən tutma ipoteka predmetinə yönəldilmiş və "xxxx" MMC tərəfindən ipoteka predmeti olan mübahisəli mənzil Suraxanı rayon İcra Şöbəsinin sifarişi əsasında hərraca çıxarılmışdır. Mənzilin ilkin satış qiyməti 17000 manat müəyyən edilmiş, lakin hərracda ipoteka saxlayan Cavabdeh2 tərəfindən 13770 manata əldə edilmişdir. Hazırda mübahisəli bağ sahəsi Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı bundan əvvəl ipoteka müqaviləsini məhkəmə qaydasında mübahisələndirmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin olunmaqla qeyd edilən ipoteka müqaviləsi etibarsız hesab edilsə də, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddia rədd olunmuşdur. Hazırda iddiaçı cavabdeh "xxxx" MMC tərəfindən mülkiyyətində olan bağ sahəsinin hərracda bazar dəyərindən çox aşağı qiymətə satıldığını, eyni zamanda keçirilən hərracdan xəbəri olmadığını və hərrac təşkilatçısı tərəfindən hərracın keçirilməsi ilə bağlı ona hər hansı məlumat verilmədiyini bildirərək hərracın və onun nəticələrinin etibarsız hesab edilməsi barədə tələb irəli sürmüşdür. Cavabdehlər isə iddiaya etiraz edərək ipoteka predmeti olan torpaq sahəsinin qiymətinin müqavilədə tərəflərin razılaşması ilə 90000 manat müəyyən edilsə də, həmin qiymət təkcə torpaq sahəsinin deyil, fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə qiyməti olduğunu, Cavabdeh2 torpaq sahəsində yerləşən fərdi yaşayış evini gördüyünə görə 90000 manata razılaşdığını, hərracda isə torpaq sahəsinin dəyərinin ekspertiza keçirilərək 17000 manat müəyyən edildiyini, iddiaçı tərəfindən əqdin etibarsızlığını mübahisələndirmə müddətinin ötürüldüyünü bildirmişlər. Birinci instansiya məhkəməsi iddianı əsaslı sayaraq təmin etmişdir. Məhkəmə müəyyən etmişdir ki, hərracın təşkilatçısı tərəfindən mübahisəli bağ sahəsinin mülkiyyətçisi, yəni ipoteka qoyan İddiaçı təsdiq etmə üsulu ilə müvafiq bildiriş göndərilməyib və ümumiyyətlə, mülki iş materiallarında bildirişlərin ipoteka qoyana göndərilməsini özündə ehtiva edən heç bir mötəbər yazılı sübut yoxdur. Cavabdeh tərəfindən təqdim edilmiş bildirişlərdən isə onların iddiaçıya çatdırıldığı təsdiq olunmur. İddiaçı hərracın keçirilməsindən məlumatsız olub və bağ sahəsinin hərraca çıxarılmasına dair keçiriləcək ilkin və təkrar hərraclarda iştirakı təmin edilməyib. Məhkəmə həmçinin iddiaçı tərəfindən hərracın etibarsız hesab edilməsi barədə tələb irəli sürmək üçün bir illik müddətin ötürülmədiyi qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni hüquqi cəhətdən «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun (köhnə redaksiyaya, yəni 28 dekabr 2018-ci olan dəyişikliyə qədər) 35.1.1, 36, 38.1, 38.2, 41.1, 41.4, 44-cü, Mülki Məcəllənin 354.1, 354.2, 373, 415.2, 41.6.1, 416.2-ci maddələri və s. ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası aşağıdakılara görə apellyasiya şikayətinin dəlillərini əsassız sayır. “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsi hərracın təşkilatçısının üzərinə hərracın keçirilməsinə dair ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərmək öhdəliyini qoyur. Lakin hazırkı işdə olan materiallarla Hərrac Mərkəzi tərəfindən həmin öhdəliyin yerinə yetirilməsi təsdiqlənmir. Belə ki, işə baxan məhkəmə tərəfindən mübahisəli əmlakın açıq və təkrar hərracı barədə iddiaçıya bildiriş göndərilibgöndərilməməsi barədə sorğu verilmiş, "xxxx" MMC-nin müvafiq cavab məktubu ilə belə bir bildirişin göndərilmədiyi müəyyən edilmişdir. Bununla da iddiaçı hərracın keçirilməsində iştirak etmək, icra icraatının tərkib hissəsi olan həmin mərhələdə əmlakın ilkin satış qiymətini mübahisələndirmək, yaxud əmlakı hərracdan əldə etmək imkanlarından məhrum olmuş, nəticədə onun əmlakı real dəyərindən əhəmiyyətli dərəcədə aşağı qiymətə tələbkar tərəfindən əldə edilmişdir. Halbuki “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə müvafiq olaraq icra icraatı üzrə tərəflərin icra zamanı əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, mülki qanunvericilik, o cümlədən, ipoteka haqqında qanunvericilik hərrac zamanı ipoteka predmetinin yenidən qiymətləndirilməsini və hərraca daha yüksək ilkin satış qiyməti ilə çıxarılmasını qadağan etmir. Nəzərə alınmalıdır ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən məhkəmənin üzərinə həmin əmlakın ilkin satış qiymətini müəyyən etmək vəzifəsi qoyan “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsi məhz ipoteka qoyanın mənafelərinə xidmət etməklə, əmlakın real dəyərindən aşağı qiymətə satılmasının qarşısını alır və ipoteka qoyanın əmlakının satılması zamanı onu sui-istifadə hallarından qoruyur. Bununla yanaşı, müəyyən səbəblərdən hərracın keçirilməsi mərhələsində əmlakın yeni qiymətləndirməsi zərurəti ortaya çıxa bilər. Buna misal olaraq məhkəmə aktının qəbul edilməsindən uzun müddətin keçməsi, əmlakın yerləşdiyi ərazidə onun bazar dəyərinə əhəmiyyətli təsir edən infrastruktur dəyişikliklərinin baş verməsi və s. halları göstərmək olar. Belə hallar mövcud olduğu təqdirdə heç şübhəsiz ki, ipoteka saxlayanın hərrac barədə məlumatlı olması və yenidən qiymətləndirmə keçirilməsi barədə məsələ qaldırmaq imkanına malik olması vacib əhəmiyyət daşıyır. İşin mübahisəsiz və texniki pasporta əsasən müəyyən olunmuş hallarından görünür ki, fərdi yaşayış evi 2 mərtəbəli olmaqla ümumi sahəsi 246,2 kv.m-dir. Torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydə alınmış olsa da, həmin torpaq sahəsində yerləşən fərdi yaşyış evi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Fərdi yaşayış evi ipoteka predmeti olan torpaq sahəsinin üzərində yerləşdiyindən və bu baxımdan ondan ayrılmaz olduğundan mübahisəli torpaq sahəsi hərracda satılarkən onun üzərindəki ev də tələbkarın sahibliyinə keçmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, 5,7 sot sahəyə malik torpaq sahəsinin və üzərindəki 246,2 kv.m sahəyə malik təmirli fərdi yaşayış evinin 17000 manat qiymətləndirilərək hərracda 13770 manata satılması ağlabatan olmamışdır. İşin apellyasiya baxışı zamanı ünvan ünvanında yerləşən ümumi sahəsi 0.057 ha olan torpaq sahəsinin ayrılıqda və üzərində yerləşən tikililərlə birlikdə xx.xx.2019-cu il tarixə dəyərinin müəyyən olunması üçün ekspertiza keçirilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 18 iyul 2022-ci il tarixli, 10/1841 saylı rəyi ilə fərdi yaşayış evinin 2019-cu ilə olan orta bazar qiymətlərinə uyğun ümumi dəyərinin təqribən 246200 manat məbləğində, 10 faiz azalma əmsalı tətbiq edilməklə isə likvid dəyərinin təqribən 221580,0 manat məbləğində olduğu, eləcə də bağ sahəsi ərazilərinə yaxın yerləşən torpaq sahələrinin 2019-cu ilə olan orta bazar qiymətlərinə uyğun ümumi dəyərinin təqribən 34200,0 manat (5,7 sot x 6000) məbləğində, 10 faiz azalma əmsalı tətbiq edilməklə həmin torpaq sahəsinin likvid dəyəri təqribən 30780,0 manat məbləğində olduğu müəyyən edilmişdir. Rəy kifayət qədər əsaslandırılmış, onun məlumatlarını şübhə altına almaq üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmeti hərracda real dəyərindən dəfələrlə aşağı qiymətə satışa çıxarılmaqla ipoteka qoyanın mülkiyyət hüququna ziyan vurulmuşdur. Bu baxımdan birinci instansiya məhkəməsi hərracın yekunları barədə protokolu etibarsız hesab edib həmin protokol əsasında Cavabdeh2 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı ləğv etməkdə haqlı olmuşdur. Həmçinin məhkəmə Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli bağışlama müqaviləsini etibarsız hesab etməkdə və Cavabdeh3 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı ləğv etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası bu qənaətə gələrkən Cavabdeh3 Cavabdeh2 oğlu olduğunu, bütün məsələlərdən əvvəlcədən məlumatlı olduğunu, bağışlama müqaviləsinin əvəzsiz əqd olduğunu, həmin əqd üzrə hər hansı vəsait ödənilmədiyini və s. halları nəzərə alır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı əqdin əsas səmti və yönümü hüquqi nəticə əldə olunmasından ibarətdir. Hüquqi nəticəyə səbəb olmaq üçünsə əqdin etibarlı olması tələb edilir. Əqd etibarlı olduqda gözlənilən hüquqi nəticə əmələ gəlir. Əqd isə ancaq müəyyən tələblər əsasında etibarlı ola bilər. Sivilistika doktrinasında əqdin etibarlı olması şərtləri dörd qrupa bölünüb: əqdin subyekt tərkibinə aid edilən şərt (yəni əqdi bağlamış şəxslər həmin əqdi bağlamaq üçün fəaliyyət qabiliyyətinə malik olmalı), əqdin məzmununa aid olunan şərt (yəni bağlanmış əqd qanuni olmalı, qanunvericiliyin tələblərinə uyğun gəlməlidir), əqddə iradə və iradə ifadə etmənin vəhdətinə aid edilən şərt (tərəflər nə istədiklərini və bunun üçün nə etdiklərini aydın dərk etməlidir), əqdin formasına aid edilən şərt (yəni, bağlanmış əqd şifahi, sadə yazılı və ya notarial qaydada təsdiqlənməli olmasına riayət edilməlidir). Bu şərtlərin hamısı olduqda bağlanmış əqd etibarlı olur və iştirakıçıları üçün hüquqi nəticələr doğurur. Lakin göstərilən şərtlərdən birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşılır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirsə də, cavabdehlər həmin iddiaya etirazlarını əsaslandırdıqları faktları sübut edə bilməmişlər. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin iş üzrə 03 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1316/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1316/2022
29.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver